Xalq rəssamı Natiq Əliyevin
Ədalət obrazı
Bəşər tarixinin canlı şahidi olan heykəl nümunələri min illərdən üzü bəri yaradılıb. Təsadüfi deyildir ki, heykəltəraşlıq - insanın nəcib əməllərini, şərəf və şöhrətini əsrlər boyu yaşadan ən gözəl sənət növlərindən biri sayılır. Heykəltəraşlıq əsərlərində, əsasən, müsbət obrazlara təsadüf edirik. Rəssamlığın sahələri olan rəngkarlıq, heykəltəraşlıq, qrafika, dekorativ olan tətbiqi sənət bu gün daha da inkişaf edərək bir çox tanınmış şəxsiyyətlərin yetişməsinə səbəb olub. Azərbaycan heykəltəraşlığında Ömər Eldarov, Fuad Əbdürrəhmanov, Cəlal Qaryağdı, Tokay Məmmədov, İbrahim Zeynalov, Mirəli Mirqasımov, Zivər Məmmədova və digər ünlü isimlər öz əsərləri ilə heykəltəraşlıqda müəyyən zirvəni fəth ediblər. Tanınmış heykəltəraşlardan biri də Azərbaycanın xalq rəssamı Natiq Əliyevdir. Natiq Əliyev Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, daha sonra isə V.Muxina adına Sankt-Peterburq Ali Rəssamlıq Məktəbini bitirib.
Natiq Əliyevin yaratmış olduğu Əlağa Vahidin abidəsi bir çox məziyyətlərinə görə heykəltəraşlıqda böyük bir hadisə hesab edilir. 1990-cı illərdə yaradılmış adıçəkilən heykəl Azərbaycan heykəltəraşlığı üçün böyük əhəmiyyət daşıyır. Tutumlu abidənin tək portretlə ifadə olunması və obrazın üzərinin təsvirlərlə örtülməsi Azərbaycan heykəltəraşlığında bu vaxta qədər rast gəlinmədiyi üçün Natiq Əliyevin sənət əsəri ilkliyə imza atıb.
Natiq Əliyevin müəllifi olduğu abidələrdən biri də dahi rumın bəstəkarı Corc Eneskunutuncdur. 2004-cü ildə ulu öndər Heydər Əliyevin Kiyevdə abidəsinin ucaldılması da onun yaradıcılığının məhsuludur. Şəkinin Kiş kəndində məşhur Norveç səyyahı Tur Heyerdalın şərəfinə qoyulmuş tunc heykəlin də müəllifi Natiq Əliyevdir. Memorial heykəltəraşlıq Natiq Əliyevin yaradıcılığında daha geniş yer tutur. Memorial heykəltəraşlığa daha çox 1987-ci ildən sonra başlayan Natiq Əliyevin yaratdığı bu səpkili əsərləri arasında paytaxtın müxtəlif binalarını bəzəyən Məmməd Səid Ordubadi (1987), Abdulla Şaiq (1988), Xurşidbanu Natəvan (1989), Cəlil Məmmədquluzadə (1992), general-leytenant Hüseyn Rəsulbəyov (1993), Afiyəddin Cəlilov (1994), akademik Lətif İmanov (1995), Şövkət Ələkbərova (1996), İlyas Əfəndiyev (1997), Mirvarid Dilbazi (2004), Əli Tudə (2005), Cabir Novruz (2006), dövlət xadimi Nəsrulla Nəsrullayev (2006), Zeynal Cabbarzadə (2007) ünvanlı xatirə lövhələrini, eləcə də Fəxri xiyabanda qərarlaşan İlyas Əfəndiyev (1996), Həqiqət Rzayeva (1998), Cabir Novruz (2003), Bəşir Səfəroğlu (2005) və Osman Mirzəyevin (1992) məzarüstü abidələrini qeyd etmək olar. Natiq Əliyev Sovet dönəmində Respublika Gənclər Mükafatının laureatı (1989) olub. 2000-ci ildə isə Rəssamlar İttifaqının "Sultan Məhəmməd” mükafatına layiq görülüb. O, heykəltəraşlıq sahəsində qazandığı uğurlara görə Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi "Zirvə” mükafatına (2008) layiq görülüb. Sənət uğurlarına görə 2002-ci ildə ona Azərbaycan Respublikasının “Əməkdar rəssamı”, 2005-ci ildə isə “Xalq rəssamı” fəxri adları verilib. O, 2008-ci ildə Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü seçilib, akademiyanın "Dostoynomu" medalına layiq görülüb. Bu il isə Şöhrət ordeninə layiq görülüb. Natiq Əliyev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında dərs deyir.
Natiq Əliyevin yaradıcılığında yer alan hər bir heykəl onun gərgin əməyini əks etdirir. Böyük əməyin və fitri istedadın bəhrəsi olan heykəllərdə Natiq Əliyevin yaratmış olduğu obrazlar canlıdır, yaşayır, danışır. Onların canlı obrazını yaradan müəllif özüdür. Natiq Əliyevin yaratmış olduğu obrazlardan biri də Azərbaycan aşıq sənətində, eləcə də Qazax aşıq mühitində böyük xidmətləri olmuş, ustad aşıq Ədalət Nəsibovun (2018) abidəsidir. Abidə olduqca uğurlu alınıb.
Ü. Hacıbəyli aşıq sənətinin yayılmasında mühitin böyük təsirini göstərərək yazır: "Aşıq ifaçılıq məharətini sxolastik mühitdə öyrənmir: onu təmiz hava, yaşıl çəmən, çöl çiçəklərinin ətri, uca dağlar, geniş tarlalar, quşların cəh-cəhi, çayların şırıltısı ilhama gətirir, aşıq əsl azad rəssamdır". Üzeyir Hacıbəylinin fikirlərini yazmağım təsadüf deyil. Müəllif sanki hər iki sənət sahibini eyniləşdirib. Aşıq təmiz havada, yaşıl çəməndə, əsl azad rəssamdırsa, azad rəssam da azadlığını təmiz havadan, uca dağlardan, yaşıl mənzərədən alır. Ötən ilin sentyabr ayının 15-də dünyadan köçən ustad aşıq Ədalət Nəsibovun (1939-2017) abidəsinin ucaldılmasının Natiq müəllimə həvalə olunması olduqca doğru addım idi.
Adama elə gəlir ki, rəssam nə qədər azad olsa da, yaradacağı heykəlin müəllifini tanımalı, onun xarakterini duymalı, bütün xüsusiyyətlərinə bələd olmalıdır. Və bu obrazı yarada bilmək üçün azadlığından keçərək gerçək mənzərə yarada bilməlidir. Aşıq Ədalət Nəsibov çağdaş dövrün aşıqları arasında ilahiliyə qovuşması, haqq aşığı olması ilə seçilən ustad aşıq idi. Aşığı həyatda canlı görməyən Natiq Əliyev ustad aşığı başdan-ayağa olduğu kimi yaradıb. Türk ruhundan yaranan saz daim türk döyüşkənliyini vəsf edir. Saz türkün möhtəşəm döyüşkənlik ruhunu ifadə edir. Bu, türkün yenilməz ruhunun sunulmasıdır. Natiq Əliyev türkün yenilməz ruhunu ustad aşığın ruhunda cəmləşdirib. Türkün döyüşkənliyini əxz etdirən sazı olduğu kimi yaradıb. Xalq ruhunu özününkü bilən, onunla nəfəs alan, yaradıcılığının mayasını bundan tutan aşıq Ədalət, şübhəsiz, ciddi bir mənəvi bulaqdan su içdiyi üçün həmişə özünü ruhən güclü sayıb. Əsərdə bu güc, bu qüvvət Ədalət obrazına yaraşan şəkildə heykəlləşib, heykəlləşdiyi qədər də yaddaşlara köçüb. Qazax bölgəsinin ruhunun cilalanmasında saz qədər yaxından iştirak edən, insanların ruhunu cilalayan bir mənəvi qüdrət soraqçısı yoxdur. Sazın ruhundan yarananı saz həmişə yaşadır. Natiq Əliyev Qazax mahalı üçün simvolikləşən sazın heykəlini də ucaltmağı yüksək peşəkarlıqla bacarıb. Bölgədə sazın ulusal inanc, nəfəs səviyyəsində yaşamasının, ömürləşməsinin nəticəsidir ki, saz insanı son nəfəsində, hətta basdırılarkən də müşayiət edib. Aşıq Ədalətin göyə qaldırdığı saz heykəldə də uca tutulub, göyə qaldırılaraq ilahiləşdirilib. Çünki Aşıq Ədalət sazı çalanda ruhu bu dünyadan uçub göylərə ucalırdı. Yalnız ifa tamamlananda ustad göydən yerə enirdi, yenidən real həyata dönürdü. Bu zaman o sanki yuxudan ayılırdı. Bu möhtəşəm əsərdə, Aşıq Ədalət obrazında yurda-ulusa, onun mənəvi zənginliyinə sevgisi bütün cəhətləri ilə öz ifadəsini tapıb. Onun xarakteri, üz cizgiləri, jest və mimikaları, barmaq imkanları, saza verdiyi ruhu, öz fəlsəfiliyi ilə əks olunub. Üzündəki sərtliyi, gözündəki məsumluğu, hərdən acı olması, hərdən də uşaq kimi kövrəlməsi, bəzən qəddar görünməsi, bəzən yumağa dönməsi, sinəsindəki söz yükü-dastan yükü, barmağındakı haqq vergisi, yaddaşındakı neçə-neçə ustadnamələr cəmləşərək Natıq Əliyevin sənətkarlığı sayəsində heykəlləşib. Ustadlığın zirvəsi, ustadların ruhu bütövlükdə Aşıq Ədalət obrazında xalqa təqdim olunub. Aşıq Ədalətin heykəlində neçə-neçə ustad aşığın simasını görmək olur. “Bir ustad necə olmalıdır” sualına əsərdə Natiq Əliyev yaratmış olduğu möhtəşəm heykəllə "bax belə olmalıdır" cavabını çox kəskin verib. Bütövlükdə ustad aşığı həyatda görənlər də, görməyənlər də onun yaşam boyunca necə xarakterdə insan olduğunu duya bilir, həyatda ona yaxınlaşa bilməyənlər indi onunla, hətta söhbətləşir də. Natiq Əliyev ustad aşığın obrazında həm də ölümsüzlüyü bir daha sübut etmiş oldu.
Gələcək işlərində Xalq rəssamı, heykəltəraş Natiq Əliyevə uğurlar diləyirik.
İlhamə Qəsəbova,
Filologiya üzrə fəlsəfə doktoru, dosent
Palitra 2018.- 20 noyabr.- S. 13.