İlkin Əsgər: “İndiki əsərlərin bir qismindən zövq almaq olmur”

Azərbaycan dili bizim varlığımızdır. Onu qorumaq, qayğısına qalmaq, yaşatmaq və gələcək nəsillərə olduğu kimi çatdırmaq hər birimizin müqəddəs borcudur. Dil xalqın milli sərvətidir. Hər birimiz bu dilin sayəsində bir-birimizlə ünsiyyət qururuq. Onun saflığını saxlamaq, xarici ünsürlərdən qorumaq lazımdır. Bu sahədə çalışan alimlərlə yanaşı, hər bir fərd də ciddi səy göstərməlidir. Əsrlərdir dilimiz tarixi inkişaf yolu keçib və bu doğma dilimizdə yazıçılar, şairlər mükəmməl əsərlər yazılıblar. Necə ki, fikirlərimizi şair İ.Cavadoğlu öz şeirində ifadə edir:

Ana dilim

Mənim ana dilim-dinim, imanım,

Qədim əcdadımın sədası, dilim!

Mənim ana dilim-şəhdi-zəbanım,

Anamın ən şirin laylası dilim!

Mənim ana dilim-ürəyim, odum,

Ey tarım, kamanım, qopuzum, udum.

Vaqifim, Füzulim, Dədə Qorqudum,

«Şur»umun, «Cəngi»min mayası dilim!

Mənim ana dilim-zər həmayilim,

Dağ üstə dağ qoyan gücə qailim.

Nəsimim, Sabirim, Şah İsmayılım,

Mənim şeir dilim, siyasi dilim!

Mənim ana dilim-abı kövsərim,

Qılıncım, qalxanım, hökmüm, kəsərim,

Bayatım, dastanım, minbir əsərim,

Sirli tariximin aynası dilim!

Mənim ana dilim-Bakım, Zəncanım,

Təbrizim, Kərküküm, türk soylu qanım.

Qafqazın günəşi Azərbaycanım,

Qızıl dan yerinin ziyası dilim!

 

Mənim ana dilim-keçmişim, ulum,

Sonsuz gələcəyə uzanan yolum.

Sən adlı vətənin qurbanı olum,

Ana vətənimin anası dilim!

Mənim ana dilim-qibləm, məbədim,

Özündən özünə ərmağan dedim,

Heç mində birini deyə bilmədim,

Ey ulu xalqımın zəkası dilim!

İndi isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi İlkin Əsgərlə olan müsahibəmizi təqdim edirik:

- Yazıçı və şairlərin günümüzdə yazılan əsərlərini oxuduqca orada dilimizin qayda-qanunlarının pozulduğunun şahidi oluruq. Yazılan kitablarda bu cür halların başvermə səbəbindən söhbət açardıq.         

- Demək olar ki, bədii üslub həmişə dilin formalaşmasında aparıcı olub. Müasir Azərbaycan dilinin də tarixən təkmilləşməsində, inkişaf etməsində bədii üslubun, görkəmli şair və yazıçıların, onların yazdığı əsərlərin böyük xidmətləri olub. Lakin müasir ədəbi proses haqqında bu fikirləri rahatlıqla işlətmək olmur. Çünki bədii əsər təbii hissiyyatın məhsulu olmalıdır. Bu da ədəbi dil normalarının pozulmasına səbəb ola bilir. “Şairə ilhamdan maya gərəkdir”. Süni yaradılan əsər də bal arısına verilmiş şirədən alınan bal kimidir. Zor gücünə yazılan əsərlərin dili də qüsurlu olur. Ona görə qələmlə zarafat etmək olmaz. Üstəlik, bəzi yazarlar postmodernist əsər adı altında dilmizi “şumlayır”. Əksərən sünilik, dəbdəbə xətrinə edilən, “novatorluq”, qarşılığı olan alınma sözlər işlətməklə dilin leksik qatını zədələmiş olur. Düşünmürəm ki, belə əsərlərin oxucusu çox olsun. Belə əsərlər müvəqqətidir. Elə bilirəm müasir ədəbi proses tarixi ədəbi prosesə çevriləndə indiki əsərlərin bir hissəsindən əsər-əlamət qalmayacaq. Əlbəttə, bədii əsərin dilində varvarizmin, vulqarizmin, neologizmin, dialekt sözün, alınma sözün işlənməsi təbii haldır. Fikir verin, M.F. Axundovun, M. Cəlilin, M.Ə.Sabirin, H.Cavidin, S.Vurğunun, M.Cəlalın, B.Vahabzadənin dilində bu tip sözlər necə gözəl işlənib, Nəsiminin dilincə demiş olsaq, ruhi-rəvan bağışlayır, oxucunun estetik zövqünü oxşayır. Ancaq indiki əsərlərin bir qismindən bu zövqü almaq olmur.

- Axı kitablarda yer alan bu cür səhvlər gələcək oxucularda dil biliklərinin pozulmasına səbəb olacaq. Bu baxımdan, nəşriyyatlar öz üzərinə düşən öhdəlikləri yerinə yetirə bilirlərmi?

- Bu işi tam nəşriyyatın öhdəliyinə buraxmaq olmaz. Müəllif də məsuliyyətini dərk edib can yandırmalıdır, oxumalı, redaktə etməlidir. Təəssüf hissi ilə qeyd edirik ki, əksər nəşriyyatlar da bu işə biganə qalır. Kitab da qalır redaktor və rəyçilərin mütaliəsinə.

- Bəzən şəxsi obyektlərdə xarici alınma sözlərdən çox istifadə edilir və ya obyektə elə bir ad verilir ki, bu ad da öz növbəsində dilimizin korlanmasına səbəb olur.

- Demək olar ki, bu məsələ bu gün ən aktual müzakirə mövzusudur. Əslində, Konstitusiyamızda da müvafiq maddə var. Sadəcə olaraq, buna əməl etmək lazımdır. Reklam xatirinə dilimizə böyük zərbələr vurulur. Burada təkcə alınmalar deyil, çoxlu sayda orfoqrafik, fonetik, qrammatik normanın tələblərinin pozulduğunu da müşahidə etmək mümkündür. Şübhəsiz ki, 1 noyabr 2018-ci il tarixli “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən yaradılacaq Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi bu işdə müvafiq işlər görəcək. Əminik ki, yeni yaradılacaq Monitorinq Mərkəzi dilin saflığının qorunması istiqamətində mühüm addımlar atacaq.

- Çox zaman dövri mətbuatda və əsasən də internet mediasında dil normalarının pozulmasının şahidi oluruq. Bunun üçün bir dilçi alim kimi hansı təklifləriniz var?

- Tamamilə dolğun müşahidədir. Özü də bu sahədə xeyli boşluqlar var. Bir məqamı da qeyd edək ki, bu il Mətbuat Şurasının Monitorinq qrupunun üzvüyəm. Buna görə də bilavasitə belə faktlarla tez-tez qarşılaşırıq. Hazırda Monitorinq qrupu 15 qəzet və 5 sayt olmaqla KİV-in və sosial medianın dili üzərində monitorinq aparır. Demək olar ki, qrup işini yekunlaşdırmaq üzrədir. Mətbual dilində bütün norma pozuntularına rast gəlmək mümkündür. Bu səhvlərin eləsi var ki, diqqətsizlikdən qaynaqlanır. Durğu işarələri isə tam sərbəst şəkildə təyinatına uyğun olmayan şəkildə işlədilir. Çox güman ki, bu kimi monitorinqlərin hesabına bu norma pozuntularını müəyyən qədər aradan qaldırmaq olar.

- Hazırda ölkə rəhbərimizin də bu istiqamətdə mühüm sərəncam və fərmanları var. Qəbul olunan bu qanunların əhəmiyyətindən danışardınız.

- Bütün hallarda bu fərman və sərəncamlar dilin inkişafına böyük töfhə verəcək. Yuxarıda qeyd etdiyimiz kimi, 1 noyabr 2018-ci il tarixində imzalanmış “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı bu sahədə atılmış ən uğurlu addımlardın biridir. Şübhəsiz ki, bu fərman “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 2013-cü il 9 aprel tarixli sərəncamın məntiqi davamı kimi çıxış edir. Belə başa düşürəm ki, bu fərman Dövlət Proqramının icrasını və icrasına nəzarəti gücləndirəcək. Təsadüfi deyil ki, Dövlət Proqramındakı bəzi məsələlər “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında da öz əksini tapıb. Bütün bunlar göstərir ki, dövlətimiz dil siyasətini uğurla həyata keçirir. Ən əsası da bu işi Prezident xüsusi olaraq nəzarətdə saxlayır. Dövlət başçısının bu sahədə gördüyü işlər, etdiyi çıxışlar onu deməyə əsas verir ki, Azərbaycan dövləti Azərbaycan dilinin lüğət tərkibinin milliliyinin qorunub saxlanmasında, onu yad təsirlərdən mühafizə etməkdə maraqlıdır.

- Maraqlıdır ki, ali məktəblərdə tədris prosesində tələbələr Azərbaycan dilini necə mənimsəyirlər?

- Düşünürəm ki, bu məsələdə nikbin danışmaq olar. Çalışmaq lazımdır ki, tələbələr Azərbaycan dilini sevgi ilə öyrənsinlər. Sevgi ilə, maraqla öyrənilən dərs yaddan çıxmır. Elə bilirəm tələbələrimiz də Azərbaycan dilini həm bir təlim fənni kimi, həm də doğma dilimiz kimi çox sevirlər. Üstəlik, auditoriyada dinləyici olanda fikir mübadiləsi aparmaq da rahat olur. Bir növ, çoşub daşırsan. Ən əsası da adam özü dərsdən zövq alır, yorulmur. Dərs maraqlı, təbii, elmi alınanda yorulmursan, əksinə, mənəvi cəhətdən rahatlıq tapırsan. Auditoriyada tələbələrin verdiyi suallar, qoyulmuş problem ətrafında müzakirələr zamanı səsləndirdikləri fikirlər onu deməyə əsas verir ki, tələbələrimizin böyük əksəriyyəti dildə gedən prosesləri, mətbuatda, internet resurslarında dil haqqında gedən yazılardan xəbərdardırlar. Düzdür, demək olmaz ki, tələbələrin hamısı ədəbi dil normalarını pozmur. Ən əsası, məsələnin mahiyyətini başa düşdükdən sonra, özləri də tədricən ədəbi dil normalarını gözləməyə cəhd edirlər. Ancaq bununla yanaşı, leksik norma səviyyəsində qüsurlar özünü daha çox göstərir. Bacardığımız qədər bunları da aradan qaldırmağa çalışırıq. Çox yaxşı haldır ki, təkcə Filologiya fakültəsinin tələbələri deyil, eyni zamanda digər fakültələrin tələbələri də bu məsələyə həssaslıqla yanaşırlar.

- Dil canlı bir orqanizmdir. Bu baxımdan, onda hər zaman canlanma müşahidə olunur və bunu təbii qarşılamaq lazımdır. Günümüzdə xarici sözlərin milli mənşəli sözlərlə əvəzlənməsi istiqamətində hansı tədbirlər həyata keçirilir?

- Bax bu məsələdə bir az ehtiyatlı olmaq lazımdır. Alınma sözləri milli sözlərimizlə əvəz etmək bütün hallarda səmərə vermir. Bəzən dilə bunun xeyrindən çox, zərəri dəyir. Bu istiqamətdə müəyyən işlər görülür, lüğətlər, kitablar, məqalələr yazılır, konfranslar təşkil olunur. Bununla yanaşı, bu əvəzlənmə məsələsi hələ də aktual olaraq qalır. Təəssüf ki, bəzən dilimizdəki alınma sözləri süni şəkildə milli sözlərimizlə əvəzləmə meyilləri də özünü göstərir. Üstəgəl, hər alınma sözü də əvəzləməyə ehtiyac yoxdur. Azərbaycan dilində elə alınma sözlər var ki, türk sözlərindən daha işləkdir, işlənmə tezliyi yüksəkdir. Eyni zamanda dilimizdəki alınma sözlərin arasında elələri də var ki, onları bütün parametrlərinə görə bizim sözlərdən fərqləndirmək olmur. Təsəvvür edin ki, dilimizdə minlərlə belə söz var. Bu sözlər balacadan böyüyə kimi hamı tərəfindən başa düşülüb işlədilirsə, qəbul olunursa, bunları dəyişməyə, daha doğrusu, əvəzləməyə nə ehtiyac var? Lap tutaq ki, süni şəkildə əvəzlədik, bu bizə nə verəcək? Dilimiz nə qazanacaq? Bilirsinizmi, dildə oturuşmuş sözləri yerindən oynatmaq olmaz. Əsrlərlə dilimizdə işlənən sözləri birdən-birə əvəzləmək mümkün deyil, heç buna ehtiyac da yoxdur. Əvəzlənmə daha çox ssssss olan sözlərə qarşı aparılmalıdır. Ona görə ki, söz keçib dildə işləklik hüququ qazandıqdan, lüğətə, kitaba düşdükdən sonra, onu çıxartmaq mümkünsüz olur. Bu mənada belə alınma sözlərə, xüsusən də yersiz alınma sözlərə vaxtında müdaxilə etmək lazımdır. Ümumişlək sözə çevrilib qəbul olunmuş alınma sözlərə toxunmaq olmaz.

Söhbəti qələmə aldı:

Mahmud Əyyublu

Palitra  2018.- 21 noyabr.- S.15.