Qloballaşma şəraitində milli dəyərlərimizin
qorunması
Bu gün Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlətin qurulduğu bir vaxtda xalqımızın min illər boyu bizə irs qoyduğu milli-mənəvi dəyərlərin inkişafının tədqiqi cəmiyyətimizin gələcək inkişafı üçün müstəsna əhəmiyyət kəsb edir. İkinci dəfə müstəqillik əldə etmiş Azərbaycanda dini və milli köklərə qayıdış, milli tariximizə həqiqi və obyektiv baxış, dilimizin saflığı uğrunda mübarizə əldə olunmuş nailiyyətlərin ən başlıcasıdır.
Azərbaycan gündən-günə müasirləşən və dünya birliyinə sürətlə inteqrasiya edən ölkədir. Təbii ki, müasir dünyanı öz əhatə dairəsinə alan və sürətlə davam edən qloballaşma prosesləri bizim də ölkədən yan keçməyib. Hazırda vəziyyət elədir ki, istəsək də, istəməsək də, qloballaşma hərəkatından, mədəni inteqrasiya prosesindən kənarda qala bilmərik. İndi demokratik dövlət və sivil cəmiyyət quruculuğu yolunda artıq bağlı qapı arxasında ənənəvi prinsiplərlə yaşamaq mümkün deyil. Bu mənada, qapıların açılması bir tərəfdən yaxşıdır, amma bu açıq qapılardan müsbət təmayüllərlə yanaşı, mənfi meyllər, lazımi məlumatlarla bərabər zərərli informasiyalar, insanların mənəviyyatına mənfi təsir edən televiziya verilişləri da daxil olur. Məhz buna görə də, bu gün mətbuat azadlığı prinsiplərimiz olsa da, indi artıq senzuranı əvəz edəcək mədəni-mənəvi senzuraya ciddi ehtiyac duyulur. Qloballaşmanın müsbət təmayüllərini əxz etməklə yanaşı, ənənələrimizə sədaqət və milli kimliyimizi qorumaq prinsipindən çıxış etməliyik. Qloballaşma şəraitində öz milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, milli özünəməxsusluğu, milli çalarları gözləmək və onlara bir daha sahib çıxmaq əsas məsələlərdən biridir. Hər bir ölkə və xalq üçün onun milli dəyərləri hər şeydən üstün tutulmalı və digər xalqların milli-mədəni dəyərləri ilə ziddiyət təşkil etməməlidir. Biz bu prosesin humanist və tolerant məcrada inkişafına çalışmalı, milli mədəniyyətimizin aşınma və tənəzzüldən hifz olunması yönündə öz bacarığımızı ortaya qoymalıyıq.
Akademik Ramiz Mehdiyev dövlətin bu sahədə strateji planının olmasını mütləq şərt hesab edərək qeyd edir ki, “İstər təhsil sistemi, istər gənclərin mədəni-mənəvi həyatı elə bir mühit yaradımalıdır ki, bu mühitin xarici təsirlərə qarşı reaksiya qabiliyyəti güclü olsun”. Akademikin fikrincə, qarşıda əsas iki vəzifə vardır: birincisi, insanların mədəni-mənəvi kamillik və iradəsini yüksəltmək istiqamətində iş görmək və bu məqsədlə təhsil sisteminin, tədris proqramlarının yenidən nəzərdən keçirilməsinə ehtiyac vardır. İkincisi, insanların yaşadığı mədəni-mənəvi mühit saflaşmalıdır, mənəvi mədəniyyət problemləri sistemli şəkildə həll olunmalıdır.
Yaşadığımız çağda fərd olaraq hər birimizin üzərinə düşən müəyyən vəzifə və öhdəliklər vardır. Həmin o öhdəliklərdən biri də yüzilliklər boyunca bu ərazilərdə formalaşdırdığımız və bu gün də keyfiyyət paketinə çevrilən milli-mənəvi dəyərləri qorumaq və gələcək nəsillərə çatdırmaqdır. Milli dəyərlər daha çox millətin özünə xas olan, millətin öz keçmişi ilə bütünləşib günümüzə daşınan milli ideologiya, milli tarix, milli dil, dinimiz, milli mədəniyyət, milli incəsənət, milli ədəbiyyat, multikulturalizm siyasəti, milli özünüdərk və s. bu kimi dəyərlərdir. Mənəvi dəyərlər dedikdə isə həm milli, həm də universal dəyərlər (ata-anaya, böyüyə-kiçiyə hörmət, torpağa və ailəyə bağlılıq, ictimai rəyə hesablanmış əxlaq kodeksi, insanların xeyirxah, azad fikirli olması, ədalət hissi və s.) nəzərdə tutulur. Mənəvi dəyərlər milli dəyərlələrlə müqayisədə daha əhatəli qavram olmaqla bütün dünyanın ortaq dəyəridir.
Azərbaycanın milli-mənəvi və əxlaqi dəyərlərinin ümumbəşəri ideyalarla zənginləşməsində ümummilli lider Heydər Əliyevin böyük rolu vardır. H.Əliyev özünün bütün həyat və fəaliyyətini Azərbaycançılıq ideyasının milli şüurda qərarlaşmasına, milli-mənəvi dəyərlərimizin möhkəmlənməsinə həsr etmiş, bu sahədə misilsiz xidmətlər göstərmişdir. Milli dəyərlərimizə dərindən bələd olan görkəmli dövlət xadimi Heydər Əliyev xalqımıza xas olan adət-ənənələrimizi yaşatmağı, təbliğ etməyi tövsiyə edirdi. Ümummilli liderin milli-mənəvi xəzinəmiz olan, tarixən formalaşan və müasir dövrümüzə gəlib çatan milli adət və ənənələrimiz, dini inanclarımız ilə bağlı söylədiyi fikirlər bu gün öz təsdiqini tapır və gələcəklə yaxından səsləşir.
Müasir Azərbaycanda demokratik prinsiplərin bərqərar olması, hüquqi dövlətin formalaşması, dövlətimizin qlobal beynəlxalq aləmə inteqrasiyası şəraitində dinin, xüsusilə İslamın mədəniyyətə təsirinin öyrənilməsi mühüm nəzəri və praktiki əhəmiyyət kəsb edir. Bu mənada Azərbaycanda milli əxlaqın formalaşmasına təsir edən səbəblər içərisində dini-mədəni dəyərlərin xüsusi rolu olduğunu qeyd etmək yerinə düşər. Hazırki milli-mənəvi dəyərlərimizin formalaşmasında dini dəyərlərin müstəsna əhəmiyyəti olmuşdur. XIV əsrlik bir dövrdə İslamın Azərbaycanda qəbul olunması əlbəttə ki, öz təsirini xalqımızın adət və ənənələrində göstərməlidir. Burada İslam milli dəyərlərin inkişafı üçün nəinki maneçilik yaratmamış, əksinə milli-mənəvi dəyərlərin inkişafına zəmin hazırlamışdır. Müasir cəmiyyətdə isə dini etiqad azadlığı hər bir vətəndaşın konstitusiya hüquqlarının ayrılmaz tərkib hissəsidir. Bütün Qafqazın Şeyxi, Şeyxülislam Hacı Allahşükür Paşazadənin sanballı tədqiqat əsəri olan “Qafqazda İslam” monoqrafiyası dini dəyərlərimizi milli dəyərlərimizlə öyrənmək baxımından olduqca əhəmiyyətlidir. Əsərdə müəllif İslam dini dəyərlərinin mükəmməlliyi və dərinliyi barədə fikirlərini bölüşərək qeyd edir ki, bu dəyərlər bir sıra müsəlman xalqların milli-mənəvi dəyərlərinin daha da təkmilləşməsinə səbəb olmuş, onun tərəqqi tapması istiqamətində mühüm rol oynamışdır.
Bəşər mədəniyyəti tarixinin araşdırılması sahəsindəki qazanılmış təcrübələr sübut edir ki, insanların mənəviyyatı, əxlaqi normaları və baxışları ilə bağlı olan milli-mənəvi dəyərlərin yaradıcısı xalqdır. Xalqımızın əldə etdiyi nailiyyətlər milli sərvətimiz olan mənəvi dəyərlərimizin istifadəsini, bəşəri dəyərlərin tərkib hissəsi kimi inkişafını və inteqrasiyasını təmin edir. Azərbaycan xalqı azad və suveren dövlət quraraq, mədəni-iqtisadi islahatlar aparmaqla öz milli-mənəvi dəyərlərinə qayıdır, demokratik ölkələrin təcrübələrindən istifadə edir. Tarix boyunca bəşəri dəyərlərə himayədarlıq etmək kimi ülvi və qüdsi bir missiyanı öz çiyinlərinə götürüb onu layiqincə təmsil etmək də xalqımızın ən bariz keyifiyyətlərindəndir. Bu mənada xalq-dövlət birliyinin və din-dövlət münasibətlərinin məntiqi davamı olaraq bu gün Azərbaycan müxtəlif mədəniyyətlərin beşiyi və multikultural mərkəz kimi dünyaya tolerantlıq mesajları verir. Beynəlxalq araşdırma qurumu “Pew Research Center” tərəfindən 2012- ci ildə aparılan “Dünya müsəlmanlararı: birlik və fəqlilik” adlı sorğunun nəticələrinə görə, Azərbaycan məzhəblərarası tolerantlığa görə müsəlman ölkələri arasında birinci yerdə qərarlaşıb. Ölkə başçısı cənab İlham Əliyevin 2016-ci ili “Multikulturalizm” və 2017-ci ili isə “İslam Həməryliyi” ili elan etməsi bir daha onu göstərdi ki, Azərbaycan təkcə region üçün deyil, eyni zamanda dünya üçün bir tolerantlıq örnəyidir. Bir dövlətin sərhədləri çərçivəsində müxtəlif mədəniyyətlərin qorunması, inkişafı və təbliğinə yönəlmiş demokratik və humanist dövlət siyasəti olan multikulturalizm də həm universal, həm də islami dəyərlər yönündən ölkəmizdə praktiki zəmində özünə çox əhəmiyyətli mövqe qazanmışdır. Nəticə etibarilə ölkəmiz çoxmədəniyyətli, çoxkonfessiyalı sosial-mədəni harmoniyanın tənzimləndiyi etnoqrafik muzey halına gəlmişdir.
İnsan hüquq və azadlıqlarının təmin olunmasını ali məqsəd hesab edən dövlətimizdə dini etiqad azadlığının gerçəkləşməsi mexanizmi, cəmiyyətdə müəyyən yer tutan dini təşkilatların, din xadimlərinin cəmiyyətin mənəvi durumunun kamilləşməsi və saflaşmasındakı rolunun, dini-mədəni dəyərlərin qorunmasının təkzibolunmazlığı təbliğ olunur. Cənab Prezident İlham Əliyevin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması haqqında sərəncamı onun Heydər Əliyevin mükəmməl siyasi kursuna sadiqliyini bir daha təsdiq etdi. Fondun əsas məqsədi ölkəmizdə yaşayan müxtəlif dini inanclara sahib olan vətəndaşlarımız arasında mövcud olan tolerantlığın gücləndirilməsi, vətəndaşlarımızda, xüsusən də dindarlarda dövlətə inamın və dövlətçiliyimizə dəstəyin formalaşdırılması, dini konfessiyaların dəstəklənməsini, mənəvi dəyərlərin qorunması və inkişafını, bu sahəyə dövlət dəstəyininin güclənmsini təmin etməkdir. Belə bir tarixi şəraitdə bu fondun yaranması mənəvi dəyərlərimizin təbliği və inkişafı sahəsində çox böyük əhəmiyyət kəsb edəcək.
Bu gün də mənəvi dəyərlərimizin qorunub saxlanılması və inkişaf etdirilməsi müstəqil respublikamızın mədəni siyasətinin əsas vəzifələrindən biridir. Bu mənada Azərbaycan dövləti öz daxili və xarici siyasətini yeni tarixi şəraitə, müasir tələblərə uyğun olaraq, milli-mənəvi dəyərlərimizə istinad edərək həyata keçirir. Müstəqilliyimizin əldə olunmasından sonra həyata keçirilən tədbirlər milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması üçün böyük zəmin yaradır. Bu gün Azərbaycanda aparılan bütün islahatların kökündə milli-mənəvi dəyərlərin qorunmasına üstünlük verilir, yüksək texnologiyalar, dünya standartları fövqündə milli çalarların qabardılmasına diqqət yetirilir. Bu hər yerdə: təhsildə, mədəniyyətdə, məişətdə, memarlıqda, şəhərsalmada, texnologiyalarda və s. özünü göstərir. Ölkə Prezidenti cənab İlham Əliyev iştirak etdiyi bütün açılış tədbirlərində vətəndaşların nəzərinə çatdırır ki, tikinti işlərində həmişə milli ornamentlərin gözlənilməsi önə çəkilməlidir.
Bizə aid dəyərlərin tarix səhnəsində canlı qala bilməsi üçün bu mənəvi nümunələri sözdə deyil, özdə sevməli, tətbiq etməli və yaşatmalıyıq. Mahiyyətində mənəvi dəyərlərə çağırış olan və insanlarımızın, xüsusilə gənclərimizin müəyyən mənada “zədələnmiş intellekt”inə müsbət təsir edən maarifləndirici tədbirlər mütəmadi təşkil olunmaldır. Ümumiyyətlə, müsbət çalarlarla əxz olunmuş mənəvi dəyərlərin yaşaması xalqın tolerantlığından xəbər verir. Bu dəyərlərin təbliğ müddəti ilə yayım coğrafiyası bizim təmsil yükümüz və milli özündərkindən asılıdır. Nə Cəfər Cabbarlının “Sevil” dramındakı Məmmədəlibəy kimi heç kimi bəyənməyən, dünyada mədəniyyət adına ancaq arağın var olduğunu düşünən, nə də beyni orta əsrlərin qaranlıq dolu xurafat və mövhumatı ilə şarj olunmuş adamlar bu dəyərlərə heç cür fayda verə bilməzlər. Bu məsuliyyət yenə də sağlam düşüncəli, təhsilli, humanist və vətənpərvər gənclərin üzərinə düşür.
Tacəddin
Sadıqov
Azərbaycan
Respublikasının Dini Qurumlarla
İş üzrə Dövlət Komitəsinin
tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu "Media və mənəvi
dəyərlər" mövzusunda məqalə
müsabiqəsinə təqdim edilir
Palitra 2018.- 21 noyabr.- S.12.