Daşkənddə Xalq artisti Firudin
Səfərovun 85 illiyi qeyd
edilib
Özbəkistanda Azərbaycan və Özbəkistanın Xalq artisti, dövlət mükafatı laureatı, Əlişir Nəvai adına Özbəkistan Dövlət Opera və Balet Teatrının baş rejissoru, Firudin Səfərovun 85 illiyi geniş qeyd edilib.
Bu məqsədlə Opera və Balet Teatrında təşkil olunan möhtəşəm yubiley tədbirində Özbəkistanın dövlət nümayəndələri, mədəniyyət, incəsənət sahəsində tanınmış simaları, Azərbaycan səfirliyinin, Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin əməkdaşları, yerli azərbaycanlılar fəal iştirak ediblər.
Özbəkistan Mədəniyyət Nazirliyinin nümayəndəsi Müqəddəs Axmedcanova və SSRİ Xalq artisti Yaqub Əhmədov Firudin Səfərovun həyat və yaradıcılığı haqqında danışaraq onun rejissor kimi 40 illik fəaliyyətinə nəzər salaraq Daşkənd teatrında ölməz əsərlər yaratdığını qeyd ediblər.
Firudin Səfərovu 85 illik yubileyi münasibətilə təbrik edən Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev onun yarım əsrdən çoxdur ki, istedadlı opera rejissoru kimi öz parlaq istedadı ilə Azərbaycan və özbək xalqlarına xidmət etdiyini bildirib. Səfir vurğulayıb ki, tanınmış rejissor öz istedadı ilə xalqlarımız arasında sarsılmaz körpü yaradıb. Diplomat deyib ki, Firudin Səfərov dünya azərbaycanlılarının Bakıda keçirilmiş qurultaylarının iştirakçısı olduğunu və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə “Tərəqqi” medalına layiq görüldüyünü söyləyib.
Hüseyn Quliyev yubilyara səfirliyin fəxri fərmanı və “Qarabağ xanəndələri” albomumu təqdim edib.
Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin sədri Firdovsi Hüseynov F.Səfərovun rejissor kimi fəaliyyətindən danışıb, onun Özbəkistanda tanınmış azərbaycanlı kimi xüsusi xidmətlərini qeyd edib.
Sonra Firudin Səfərovun səhnələşdirdiyi Cüzeppe Verdinin “Aida” operası nümayiş etdirilib, tamaşa anşlaqla keçib.
Qeyd edək ki, Firudin Səfərov uzun illər Azərbaycan Dövlət Opera və Balet Teatrında çalışmış və bacarıqlı rejissor kimi çoxsaylı opera tamaşalarına quruluş vermişdir. Opera sənətimizə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun “Leyli və Məcnun”, “Koroğlu”, Vasif Adıgözəlovun “Natavan” operaları və başqa əsərlərlə silinməz izlər qoymuşdur.
Onun Özbəkistandakı fəaliyyəti dövlət tərəfindən daim yüksək qiymətləndirilmiş, Özbəkistan Dövlət Konservatoriyasında sənətkar yüzlərlə peşəkar kadrların hazırlanması və onların sənət aləmində uğur qazanmasına daim dəstək olub.
Tural
Palitra 2018.- 21 noyabr.- S.13.