“Yeddi
gözəl” sərgisi Moskvada
açılıb
Noyabrın
20-də Moskvadakı Ümumrusiya Xalq və Dekorativ-Tətbiqi
Sənəti Muzeyində “Yeddi gözəl” sərgisi
açılıb.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərginin açılış mərasimində iştirak edib.
Sərgi Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Xalça Muzeyinin təşkilatçılığı, ölkəmizin Rusiyadakı səfirliyinin dəstəyi ilə keçirilir.
Sərginin açılış mərasimində çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva deyib : “Bu gün biz “Yeddi gözəl” sərgisinin açılışını edirik. Sərginin konsepsiyası XII əsr dahi Azərbaycan şairi Nizami Gəncəvinin poeması və dünya şöhrətli bəstəkar Qara Qarayevin baleti əsasında qurulub. Bu gün siz miniatürləri, xalçaları və zinət əşyalarını görə biləcəksiniz. Ekspozisiya, həmçinin Azərbaycan klassik musiqisi, klassik rəqslər və müasir incəsənət elementləri ilə zənginləşdirilib. Sərgiyə gələn tamaşaçılar yeddi gözəl və Bəhram şah əfsanəsinin sehrinə dalacaqlar. “Yeddi gözəl” poeması Şərq poeziyasının ən yaxşı nümunələrindən biridir. Poemanın dərinliyi, fəlsəfi aləmi xalçalar, kitab miniatürləri proyeksiyaları, dekorativ tətbiqi sənət nümunələri və instalyasiyalar vasitəsilə təqdim olunur. “Yeddi gözəl” baletinə həsr olunmuş və bu gün tamaşaçılara təqdim olunan arxiv materialları çox qiymətli tarixi arayışlardır. Bu gün siz qədim afişalar, baletin proqramları, fotoşəkillər vasitəsilə informasiya əldə edə bilərsiniz. “Yeddi gözəl” sərgisinin açılışı olduqca əhəmiyyətlidir. Çünki dahi Nizaminin əsərləri Azərbaycan ədəbiyyatının böyük bir dövrünü əhatə edir.
Əziz dostlar, müddətsiz yaradıcılıq göylərin bizə göndərdiyi nemətdir. O, insana daha da yaxşı olmaqda, öz qəlbinin dərinliklərinə varmaqda və ən ali qüvvə olan sevgini özü üçün açmaqda kömək edir.
Mən bu imkanı
yaratdığına görə Yelena Titovaya təşəkkürümü bildirmək
istəyirəm. Sərgi üzərində işləyən
hər kəsə təşəkkür edirəm. Bu gün bizimlə olduğunuz üçün
hamınıza minnətdaram”.
Ümumrusiya Xalq və Dekorativ-Tətbiqi Sənəti Muzeyinin direktoru Yelena Titova
çıxış edərək bildirib
ki, muzeyin Azərbaycandan
olan həmkarları ilə çox yaxşı əlaqələri var. Heydər Əliyev Fondu
və Azərbaycan Xalça Muzeyi ilə xüsusilə səmimi münasibətlərinin
olduğunu diqqətə çatdıran Y.Titova deyib: ““Yeddi gözəl” şərqsayağı zərif,
dərin fəlsəfi mənaya və valehedici
dizayna malik sərgidir.
Sərgidə müasir texnologiyalar,
zəngin tarix, rəssamların
ustalığı əksini tapıb. Sərgi
salonlarının əksəriyyəti Qara
Qarayevin yaradıcılığına həsr
olunub. Onun “Yeddi gözəl” baleti nadir əsərdir. Lakin sərgi
təkcə balet haqqında deyil, onun konsepsiyası daha genişdir. Ekspozisiya böyük Azərbaycan
eposu - XII əsr dahi
Azərbaycan şairi və filosofu Nizami Gəncəvinin
poemasına əsaslanır”.
Y.
Titova sərginin təşkilinə görə Heydər
Əliyev Fonduna, Azərbaycan Xalça Muzeyinin əməkdaşlarına
və bu işdə əməyi olan hər kəsə təşəkkürünü
bildirib.
Son aylarda Moskvada Azərbaycana həsr olunmuş bir neçə əhəmiyyətli tədbirin keçirildiyini xatırladan Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib: “Bu yaxınlarda - oktyabr ayının ortalarında Moskva meriyası ilə üzbəüz mərkəzi meydanda “Azərbaycanın payıq sovqatları” sərgisi açılmışdı. Beş gün ərzində sərgini 70 mindən çox adam ziyarət etdi. Dünən Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) böyük Azərbaycan mütəfəkkiri İmadəddin Nəsiminin büstünün açılışı, Moskva Dövlət Universitetində “Nəsiminin mənəvi irsi orta əsrlər Şərqinin tarixi-mədəni kontekstində” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib. Bu gün bu gözəl muzeydə, özü özlüyündə muzey olan bu nadir binada “Yeddi gözəl” sərgisi açılır”.
Tədbirlərin təşkilinə görə Heydər Əliyev Fonduna təşəkkürünü ifadə edən diplomat deyib: “Bütün bu tədbirlər Heydər Əliyev Fondunun dəstəyi sayəsində ərsəyə gəlib. Mən, həmçinin bu tədbirlərin təşkilində fəal iştirakına və yardımına görə Leyla xanıma minnətdarlığımı bildirmək istəyirəm. Nəsiminin xatirə abidəsinə görə xüsusi təşəkkür edirəm. Bu abidə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (MDBMİ) kimi bir universitetdə qoyulub. Universitetə gələn hər yeni nəsil Nəsimi haqqında daha çox məlumat əldə edəcək. Bugünkü tədbirə gəldikdə isə sərgi iki xalqın və ölkənin həyatında əlamətdar hadisədir. Mən sizin hamınıza xoş ovqat arzu edirəm ki, bu sərgi xatirələrinizdə qalsın”.
Qeyd edək ki,
sərginin ekspozisiyasının konsepsiyası XII əsr dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Yeddi
gözəl” poeması və Azərbaycanın dünya şöhrətli bəstəkarı
Qara Qarayevin
eyniadlı baleti əsasında qurulub. Layihədə Azərbaycan mədəniyyəti
xalça, zərgərlik və miniatür sənəti, müasir
incəsənət, klassik musiqi
və rəqsin sintezində təqdim olunur.
Ekspozisiya Heydər
Əliyev Fondu, Azərbaycan Xalça Muzeyi və Azərbaycan
Musiqi Mədəniyyəti Dövlət Muzeyinin eksponatlarından ibarətdir. Sərgi
məkanı ziyarətçini Bəhram şah
və yeddi gözəl haqqında əfsanəyə
aparır. Azərbaycan mədəniyyətində mühüm rol oynayan bu ədəbi əsərin
fəlsəfi aləmi xalça, kitab miniatürləri proyeksiyası, dekorativ-tətbiqi
sənət əşyaları və instalyasiyalar
vasitəsilə canlandırılır.
Sərgi məkanı ziyarətçini Bəhram
şah və yeddi
gözəl haqqında əfsanəyə aparacaq.
Azərbaycan mədəniyyətində mühüm
rol oynayan bu ədəbi əsərin fəlsəfi aləmi
xalça, kitab
miniatürləri proyeksiyası, dekorativ-tətbiqi sənət
əşyaları və instalyasiyalar vasitəsilə
canlandırılacaq.
Sərgidə nümayiş olunan “Miniatür” instalyasiyasını Azərbaycan rəssamı Rəşad Ələkbərov XVI əsrə aid “Kitab oxuyan gənc” Təbriz miniatürü əsasında yaradıb. Kompozisiyanın ideyası hər bir ziyarətçini qədim nağıl və əfsanələr aləminə aparan illüziya portalının yaradılması üzərində qurulub. Burada tamaşaçıların gözü önündə Nizaminin poeması canlanır. “Kitab oxuyan gənc” miniatürünü I Şah Təhmasib dövründə səfəvi rəngkarlığının zirvəsi sayılan Sultan Məhəmmədin yaratdığı bildirilir və bu əsər Parisdə V.Veverin kolleksiyasında qorunur.
Qara Qarayevin Nizami Gəncəvinin poeması əsasında yazdığı “Yeddi gözəl” baletindən səhnələr, həmçinin həmin tamaşaya aid arxiv materialları da sərginin ekspozisiyasına daxildir. Ziyarətçi burada özünü balet məkanında görür: onu Nizami qəhrəmanlarını canlandıran balerinalar əhatə edir.
Sərgi 2019-cu il fevralın 3-dək davam edəcək.
Qeyd edək ki,
Heydər Əliyev Fondu dahi
Azərbaycan şairi Nizami
Gəncəvinin yaradıcılığının
yaşadılması və dünyada
tanıdılması istiqamətində bu
günədək bir sıra layihələr
həyata keçirib. Bunların
sırasında Gəncədə Nizami Gəncəvi
Muzeyinin yaradılmasını, Fransa və onun
regionlarında şairə həsr olunan sərgi
və konfransların təşkilini, Romada
Nizami Gəncəvinin abidəsinin
ucaldılmasını, Sankt-Peterburqda Nizami Gəncəvi bağının
yaradılmasını, Nizami Gəncəvinin
“Xəmsə”sinin yeni formatda – “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi
gözəl” və “İskəndərnamə”
poemalarının Azərbaycan dilində ilk
dəfə bir kitab
şəklində nəşr olunmasını və digər
layihələri qeyd etmək olar.
Tural
Palitra 2018.- 22 noyabr .- S.4.