İsmayıl Kazımov: “Dildə
məcburiliyə köklənən qaydalar mütləq
gözlənilməlidir”
Norma ədəbi dili səciyyələndirən və sistem halına salan kateqoriyadır. Norma dildə məcburiliyə köklənən qaydalardır və həmin qaydaların məcmusu dilin sistemini təşkil edir. Norma - dildə eyni vaxtda mövcud olan nitq variantlarından öz funksiyasını ən nümunəvi şəkildə yerinə yetirmə baxımından fərqləndirilərək seçilir və işlədilir. Norma dəyişkəndir. Dil özü də sosial hadisə olaraq, cəmiyyətin - o dildə danışanların dəyişməsi ilə əlaqədar daima dəyişməkdədir. Dil normasının dəyişkənliyi nəticəsində belə bir durum yaranır ki, müəyyən zaman kəsiyində eyni bir hadisə, əşya və s. ifadə etmək üçün bir yox, bir neçə ifadə üsulu meydana gəlmiş olur.
Bu kimi suallara cavab vermək üçün AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İsmayıl Kazımova müraciət etdik.
- İsmayıl müəllim, bu gün Azərbaycan dilinin müasir vəziyyətindən söhbət açardıq. Bununla yanaşı, rəhbərlik etdiyiniz “Müasir Azərbaycan dili” şöbəsində görülən işlər haqqında məlumat versəniz yaxşı olardı.
- Azərbaycan
dili Azərbaycan xalqının milli dilidir. Eyni
zamanda həmin dil Azərbaycan Respublikasının rəsmi
dövlət dilidir. Dilimiz öz mahiyyətinə
görə indi dünyanın ən zəngin milli dillərindən
biri sayılır. Bu dilin özünəməxsus
gözəlliyi və ahəngi var. Azərbaycan dili, öncə,
xoş avaz yaradan səslər sisteminə, zəngin və rəngarəng
söz ehtiyatına, tam sabitləşmiş qrammatik
quruluşa malikdir.
Azərbaycan dilinin vəziyyəti son dövrlərdə
daha çox müzakirə obyektinə çevrilib. Bunun səbəbi
dövlətimizin ana dilinə, onun işləkliyinə
qayğı və hörməti ilə bağlıdır.
Dövlətimiz vətəndaşlarımızı
ana dilini sevməyə, onun saflığı uğrunda həmişə
mübarizə aparmağa çağırır. Mütəmadi olaraq dövlət
başçısı dil haqqında, dilçilik elmini daha da
inkişaf etdirmək barədə müvafiq qərarlar qəbul
edir, fərman və sərəncamlar imzalayır. AMEA-nın Dilçilik İnstitutu olaraq həmin qərarları,
göstərişləri yüksək səviyyədə həyata
keçirməyə çalışırıq. Bu məqsədlə institutda vaxtaşırı tədbirlər
keçirilir ki, dilimizin saflığı, təmizliyi hər
zaman qorunsun.
“Müasir Azərbaycan dili” şöbəsi institutun ən
aparıcı şöbəsidir. Bir neçə ildir ki, şöbə
əməkdaşlarının köməyi ilə «Azərbaycan
dilinin funksional qrammatikası», «Azərbaycan dilçiliyi
müntəxəbatı», «Azərbaycan dilinin semantikası və
ikinci nominasiya məsələləri», «Azərbaycan dilində
nitq etiketləri» kimi çox lazımlı kitabları nəşr
etdirib. Azərbaycan dilinin durğu işarələri
qaydaları və prinsiplərini hazırlamışıq.
«Azərbaycan dilinin durğu işarələri
sistemi» adlı kitab redaktə olunur.
Son illər isə şöbə əməkdaşları
4 cildlik akademik qrammatika üzərində işləyir. Artıq sovet
dövründə istifadə olunan qrammatika kitabları
köhnəldiyi üçün biz istəyirik ki, linqvistika
elminin ən son nailiyyətləri əsasında bu cildləri
hazırlayıb çap edək. Bu işləri
görmək üçün şöbə əməkdaşları
ilə yanaşı, digər universitetlərdən, başqa
şöbələrdən ciddi mütəxəssisləri də
cəlb etmişik. Artıq əsərin
fonetika və fonologiya hissəsi hazırdır və redaktə
işləri aparılır. Əsərin
II cildini leksikologiya məsələlərinə həsr
etmişik. Hazırda bu istiqamətdə
yazılar tamamlanmaq üzrədir. Həmin
hazırlanan əsərdə yeniliklər çoxdur. Yeniliklər fonetikanın, fonologiyanın yeni
yaranmış sahələrini əhatə edir (fonomorfologiya,
fonosintaksis, morfonologiya, fonotaktika, fonoüslubiyyat və s.).
Akademik qrammatikanın tələbləri fərqlidir,
hər şeydən əvvəl, bu tələblərə
ciddi şəkildə əməl edirik. Biz
Rusiyada və Tatarıstanda yazılmış akademik qrammatika
təcrübəsindən istifadə etməyə
çalışırıq. Ona görə
ki, onların akademik qrammatikaları çoxdan hazırdır
və elmi ictimaiyyətə, tədrisə təqdim olunub.
-
Günümüzdə senzuranın, qadağaların aradan
qaldırılması ilə bağlı kitab nəşri
xeyli çoxalıb. Bəzi nəşrlərdə ciddi
korrektə və redaktəyə ehtiyac hiss olunmaqdadır. Çox zaman da nəşriyyatlar bunlara biganə
yanaşaraq kitabları necə gəldi çap edirlər.
Beləcə, istər-istəməz dilimizin
gözəlliyi, aydınlığı bu kitablarda da pozulur və
oxucuların zövqünü oxşaya bilmir, daha doğrusu,
dil biliklərini zədələyir. Bu məsələyə
münasibətinizi bilmək istərdim.
-
Ümumiyyətlə, imla, yazı sistemimizdə, həmçinin
də kitablarda dil və nitq qüsurları ilə
qarşılaşmaq olur. Hiss olunur ki, yalnız müəlliflər
kitabları özləri oxuyub mətbəəyə göndərirlər.
Əslində, müəlliflə yanaşı,
digər şəxslər də bu əsərləri oxumalı,
orada aşkar olunan səhvləri islah etməlidirlər.
Bu sarıdan ciddi nöqsanlarımız var və
bununla belə, nəşriyyatlar bu cür kitabları çap
edirlər. Sözün düzü, təyin
olunmuş redaktorlar həmin əsəri oxumurlar. Əsər bir neçə gözdən keçməlidir.
Təcrübə göstərir ki,
başqaları əsəri oxuyarkən qüsurları tez
görə bilir; bu çox vacib məsələdir. Kitab mədəniyyəti bu yolla yaxşılaşa
bilər. Redaktor ikinci müəllifdir.
Müəllif bir yana, heç redaktorlara da
məvacib, zəhmət haqqı verilmir ki, bu iş tələb
olunan səviyyədə qurulsun.
Bir çox dilçilər mətndə yalnız
orfoqrafik səhvləri axtarır, digər qüsurları
ayırd edə bilmirlər. Mən təklif edərdim
ki, Dilçilik İnstitutunda elmi mətnlərin korrektə və
redaktəsi ilə məşğul olan qrup yaradılsın,
şöbələrin nəzdində. Bu
işlərə həmin qrup nəzarət etsin. Bu istiqamətdə təkcə kitablar deyil, qəzet
və jurnallarda, saytlarda da ciddi nöqsanlar baş alıb
gedir. Bu gün nəşriyyatlarda
savadlı, peşəkar redaktorlar çox azdır. Redaktorun gözündən heç bir səhv
yayınmamalıdır.
Bakı Dövlət Universitetində nəşriyyat
işi və redaktəetmə ixtisası fəaliyyət
göstərir. Bu sahə ilə bağlı mütəxəssislər
hazırlanır, amma nəticədə yenə də mətnləri
ciddi redaktə edə bilmirlər.
- Zamanın tələbinə görə
ümumtəhsil və ali məktəb dərslikləri,
dərs vəsaitləri təzələnir. Həmin
mənbələrdə dil normalarının pozulduğu mətnlərə
rast gəlinir. Bunun qarşısı bu
gün alınırmı və ya bu yöndə hansı
işlər görülür?
-
Doğrudur, ümumtəhsil məktəblərində dərsliklər
həm quruluş, həm də məzmun etibarilə dəyişib.
Universitet dərslikləri isə köhnə dərsliklərin
hələ də təsiri altındadır, məsələn,
təhsilin magistratura pilləsi üçün dərsliklərimiz,
demək olar ki, yoxdur. Müəllim necə
gəldi, özü proqram tutur və dərsi keçir, bu da
yaxşı nəticə vermir.
İndiki Azərbaycan dili dərsliklərində biliklər
mətnlər vasitəsilə verilir. Mətn dedikdə mənası,
məqsədi, strukturu, kompozisiyası, qrammatik və
kommunikativ bütövlüyü olan cümlələr,
abzaslar birliyi başa düşülür. Mətn vasitəsilə biliklərin verilməsi və
onun müvəffəqiyyəti son illər Azərbaycan dili dərslərində
tətbiq olunmaqdadır. Bu baxımdan, biz hər
hansı bir bədii, publisistik, elmi mətnlərlə müəyyən
biliklərin aşılanması təcrübəsini təhlil
etmək fikrindəyik.
Müasir dövrdə Azərbaycan dilinin tədrisində
ən aktual məsələ şagirdləri (I - XI sinif) mətn
üzərində çalışdırmaq, onların tədqiqatçılıq
bacarığını, elmi-mədəni
dünyagörüşünü bu yolla inkişaf etdirməkdən
ibarətdir.
Mətn nəzəriyyəsindən bəhs edən
çoxsaylı araşdırıcılar da göstərmişlər
ki, müxtəlif növ biliklərin mətn vasitəsilə
verilməsi, mətni anlama prosesində biliklərin konseptual təşkili,
ünsiyyət şəraitində müəyyən biliyin
ötürülməsi çox mürəkkəb və
mübahisəli məsələnin tərkib hissəsi kimi
diqqəti cəlb edir.
Bizə elə gəlir ki, «bilik bazası» mətnin
içindədir. Zənnimcə, bilik bazasının əsasını
bir sıra komponentlər təşkil edir ki, bu günün Azərbaycan
dili dərsləri və dərsliklərində bu tələb
gözlənilir. XI sinfin “Azərbaycan dili” dərsliyi əsasında
həmin komponentləri 2 yerə bölmək münasibdir: 1)
mətndə dil haqqında biliklər; 2) mətndə dilxarici
biliklər. Dil haqqında biliklər
dilçilik elminin sahələri, yəni dilin fonetik, leksik,
semantik, qrammatik səviyyələri üzrə
özünü göstərən sistemdir. Dilin işlənməsi qaydaları haqqında biliklərdir.
Nitq mübadiləsi prinsipləri haqqında
biliklərdir. Dilxarici biliklər isə mətndə
özünə yer etmiş kontekst və situasiya, adresat
haqqında biliklər (adresatın qarşıya qoyduğu məqsəd
və planlar, danışan haqqında, şərait barədə
təsəvvür və s. ümumi fonda məlumat
(bizi əhatə edən xarici aləm, orada baş verən
hadisə, durum, hərəkət və proseslər haqqında
biliklər).
Əlbəttə,
dərsliklərdə yer alan mətnləri
hərtərəfli mənimsəmək, anlamaq çətinliyi
vardır. Doğrudan da, hər hansı bir yeni situasiyanın mətndə
anlaşılması, öncə, yaddaşda ona yaxın, bir az oxşar olan situasiyanı tapmağa gətirib
çıxarır. Biz mətn vasitəsilə
yeni məlumatları təhlil etmək, qavramaq
üçün artıq yaddaşımızda əvvəllər
toplanmış təcrübəyə müraciət etməli
oluruq. Axı heç də hamı bilmir
ki, mətnlərin bilik əldə etmək üçün dərk
edilməsində istifadə olunan metodik strategiyalar əksər
hallara əvvəldən proqramlaşdırılmır, onlar
dil daşıyıcılarının (bu dildə
danışanların) şüurlu nəzarətindən kənarda
qalır.
İstənilən dərslik hazırlanarkən o
kitabın dil redaktoru olmalıdır. Əsərdə, adətən,
digər redaktor olur, amma dil redaktorunun olması da mütləqdir.
Son illərdə ümumtəhsil məktəblərində
tədris olunan kimya fənni üzrə olan dərsliklərin
dil üzrə redaktoruyam. Bu addımın
özü olduqca yaxşıdır. Təhsil
Nazirliyi son vaxtlar bu addımı müəyyənləşdirib
ki, mətnlər təmiz olsun, dil qüsurları olmasın və
şagirdlərimiz keyfiyyətli və mükəmməl təhsilə
yiyələnsinlər. Oxucular bir dərsliyi
oxuyarkən orada qrammatik – üslubi baxımdan müəyyən
səhvlərlə qarşılaşanda mətndəki mənanı
anlaya bilmirlər. Belə olanda şagirdin
elmə marağı da azalır. Bu
baxımdan, dil redaktoru bütün dərsliklərdə
olmalıdır.
- İctimaiyyəti
hazırda ciddi narahat edən məsələlərdən biri
də dilimizdə işlənən lüzumsuz alınma
sözlərdir. Bu gün
lazımsız alınma sözlərin dilimizdə milli
qarşılığı işlədilirmi? Dilimiz söz yaratma qabiliyyətinə malikdirmi?
-
Alınma sözün milli qarşılığını
arayıb-axtarmaq çətin bir prosesdir, amma bu çox vacib
şərtlərdəndir. Hər bir dildə
söz və terminləri seçə bilmək prinsipləri
mövcuddur. Belədir ki, dillərdən
biri öz milli sözünü seçir, digəri isə
seçmir, başqa dillərdən sözü, termini
hazır şəkildə alır və istifadə edir.
Alınma sözlərin milli
qarşılığının (dildə milliləşmə
prosesi) müəyyənləşdirilməsinin özünəməxsus
xüsusiyyətləri vardır. Bu, öncə, dillərin
müəyyən qanunauyğunluqları, imkanları çərçivəsində
baş verir. Milli
qarşılığı tapıb işlətmək
yalnız sözdə deyil, əməldə də həyata
keçirilməlidir. Məsələn, son illər
dilimizdə bir çox sözlərin milli
qarşılıqları müəyyənləşdirilib və
uğurla müxtəlif sahələrdə istifadə
olunmaqdadır: period (dönəm), peysac (görünüm),
qarantiya (inanca), ənənə, tradisiya (gələnək),
harmoniya (uyum), genosid (soyqırımı), analoq (bənzər),
alternativ (seçənək), aspekt (yön), analiz
(çözüm) və s.
Həmin milli qarşılıqlar mətbuatda da işlənmək
statusu qazana bilib. Amma, bəzən görünür ki, eyni
mətndə bunların hər biri işlədilir,
sözün milli qarşılığı kölgədə
qalır. Bu prosesi gücləndirmək
lazımdır. Dilimizə vaxtilə
keçmiş ərəb-fars sözlərinin bəziləri
milli sözlərimizlə əvəzlənməlidir. Eləcə də rus və Avropa dillərindən
alınmış söz və terminləri imkan daxilində
milliləşdirmək lazımdır.
Əlbəttə, Azərbaycan dili öz potensialı
hesabına daha çox sözlər, ifadələr
yaratmışdır. Linqvistik nöqteyi-nəzərindən
dilimizdə söz yaradıcılığının semantik,
morfoloji, sintaktik və sözalma üsullarından geniş
istifadə olunur. Dilimizdə yeni söz və
terminlərin meydana çıxması elmi biliyin və dilin
leksik sisteminin inkişafı ilə bağlıdır. Müasir dövrümüzdə də söz və
ifadə yaratmaq zərurəti yeni-yeni anlayışların
meydana çıxması ilə şərtlənir. Yeni yaranmış anlayış müəyyən
anlayışlar sisteminə daxil olur və həmin sistemdə
öz yerini tutur.
- Yazıçı və şairlərimiz,
eləcə də alimlərimiz hazırda dildə işlənən
alınma sözlərin milli qarşılığını əks
etdirəcək bir lüğətin yoxluğundan şikayətlənir
və əziyyət çəkirlər. Bu sahədə
Dilçilik İnstitutu hansı addımlar atır?
- Həqiqətən
də, verdiyiniz sual mühüm əhəmiyyət
daşıyır. Bizdə əcnəbi söz
və terminlərin milli qarşılığını əks
etdirən lüğətlər, demək olar ki, yoxdur. Bu aspektdə xüsusi lüğətlər
hazırlanmalıdır.
-
Çox zaman dövri mətbuatda qələm sahibləri
sözün həqiqi və məcazi mənasını dərk
etməkdə çətinlik çəkirlər. Yəni dildə və ədəbiyyatda olan bədii
təsvir və ifadə vasitələrinə düzgün əməl
olunmur. Bu isə dilin, öz növbəsində
leksik-semantik normalarının pozulmasına səbəb olur…
-
Sözün əsas həqiqi mənası bilavasitə bu və
ya digər əşya, hadisəni adlandırmaq
üçün işlənir və məhz buna görə də
ona dilçilikdə çox vaxt nominativ (adlandırma) məna
deyilir. Nominativ məna sözün başqa mənaları,
xüsusən, məcazi mənası üçün əsas
verə bilər. Belə ki, həmin
söz zərurət nəticəsində başqa əşya
və ya hadisələri də adlandırmaq üçün
işlədilir. Bu isə assosiasiyanın nəticəsində
mümkün olur. Bəzən yazarlar
assosiativ əlaqəni qura bilmirlər, sözün həqiqi və
məcazi mənaları arasında uzaq və ya yaxın əlaqələri
müəyyənləşdirməkdə çətinlik
çəkirlər. Heç bir vaxt
unutmamalıyıq ki, sözün yaşadığı və
dəyişdiyi atmosfer nitq atmosferidir. Hörmətli
qələm əhli bilməlidirlər ki, bunu nəzərə
almadan sözün təbiətini aydınlaşdıra bilmərik.
Müşahidə olunan məna təhrifləri
bu şərtə əməl etməməkdən irəli gəlir.
-
Hazırda bölgələrimizdə yaşayan və ciddi bədii
yaradıcılıqla məşğul olan el şair və
yazıçıları fəaliyyət göstərirlər.
Onların əsərləri əksər hallarda
öz hesablarına çap olunur və tez-tez oxucularla
görüşürlər. Bu qələm
sahiblərinin bəziləri dilin normalarını bilmədən
yaradıcılıq nümayiş etdirirlər ki, biz bunu
onların əsərlərindən aydın
görürük. Bu istiqamətdə rəhbərlik
etdiyiniz şöbədə hansı işlər
görülür və təklifləriniz maraqlı
olardı.
- Bölgələrimizdə
yaşayıb-yaradan şair və
yazıçılarımız daha istedadlı olurlar. Gözəl kənd həyatı, şəhər həyatının
cansıxıcı mühitindən kənarda onlar daha
yaxşı yazıb-yaradırlar. Yazıçılar
Birliyində bölgələrdən gələn şairlərin
(məsələn, Mingəçevirdən tanınmış
şair İsmayıl İmanzadə, Cəlilabaddan şair Vəliulla
Novruz və b.) əsərlərinin müzakirəsində
iştirak etmişik. Təkliflərimizi
vermişik. Bundan əlavə, şöbədə
bədii əsərlərin dili və üslubu istiqamətində
tədqiqatlar aparılır. Bu baxımdan,
prof. İ.Kazımovun Ağarəhimin bədii əsərlərinin
dili və üslubuna aid yazdığı kitabları, dos.
N.Hacıyevanın tədqiqatlarını
nümunə göstərə bilərik. Bu
təhlillərdə, əlbəttə, bədii dil
qüsurları da göstərilir və onların aradan
qaldırılması yolları çözülür.
-
Üslub səhvləri digər səhvlərlə müqayisədə
nitqdə geniş yer alır. Bu haqda nə demək
- Şifahi
nitqimizdə bolar.u norma (üslubi norma) sərbəst
olduğundan tez-tez pozulur. Bu zaman sintaktik normaya əməl
olunmur, cümlələrin işlənməsində
ardıcıllığa riayət edilmir, sintaktik vahidlər
bir-biri ilə uyuşmur, əlaqəlilik itir.
Az-çox yazanlar bilməlidirlər ki, dildən-dilin
bütün vasitələrindən məqsədəuyğun
istifadə etmək lazımdır. Çalışmaq
lazımdır ki, qısa, aydın, səlis
danışıb-yazaq. Bizə elə gəlir ki, nitqdə
və mətndə daha çox özünü göstərən
üslub səhvləri dil vahidlərinin məqsədəuyğunluq
əsasında seçilməməsinin, məqsədin istiqaməti
və xarakteri ilə üzvi surətdə bağlı ola bilməməyin və hətta onunla təyin
olunanın başa düşülməməsi nəticəsində
meydana çıxır. Qələm sahibləri
və yaxud danışanlar dil vahidlərinin bütün məqsədlər
baxımından daha əlverişli olanlarını seçmək
üçün sinonim sözlərin quruluş
formalarının bir-birinə olan nisbətini,
qarşılaşdırılması, əvəzlənməsi
qayda və prinsiplərini bilmələri çox vacib elementlərdəndir.
- Hazırda nəşriyyatlarda
xarici ölkə ədəbiyyatının maraqlı nümunələri
tərcümə olunaraq yayılır. Bu kitabları biz
satışda da görürük. Həmin tərcümələrdə
dilimizin normaları qorunurmu? Belə kitabların
çapına nəzarət mexanizmi mövcuddurmu?
- Bu gün tərcümə ölkələr, xalqlar və mədəniyyətlər arasında mübadilə, anlaşma və kommunikasiya körpüsü yaratma rolunu oynayır. Tərcümə bu gün qloballaşan dünyanın insanları arasında əsas vasitəçi funksiyasını yerinə yetirir. Müşahidələr göstərir ki, bir çox bədii əsərin tərcüməsində adekvatlıq (tərcümənin semantik və ünsiyyət cəhəti) təmin edilmir. Tərcümənin ümumi keyfiyyəti aşağı səviyyədə olur. Tərcümə edilmiş bəzi ədəbiyyat nümunəsinin yenidən tərcümə etmək zərurəti ortaya çıxır və s. Hiss olunur ki, müasir bədii tərcümə zamanın, sosial-siyasi quruluşun əsas təbliğat vasitəsi kimi də çıxış edə bilmir, uyğun ideoloji, mədəni təsirlərdən kənarda qalır. Bəzi mütərcimlər məxəz dildəki söz və ifadələrin hədəf dildəki ekvivalentlərini (qarşılıqlarını) tapmaqda müəyyən çətinliklə üzləşirlər. Halbuki Azərbaycan dilinin ifadə imkanları genişdir, bircə, zəhmətə qatlaşmaq, yeni söz və ifadələr yaratmağa da cəhd etmək lazımdır.
Söhbəti qələmə
aldı:
Mahmud Əyyublu
Palitra.-2018.-22 noyabr.-S.25.