Xalq el şairlərinin yaradıcılığına daha çox müraciət edir

Cəfərli Abdulla Həmid oğlu 1963-cü ilin mart ayında Zəngəzur mahalının Nüvədi kəndində doğulub. Ali təhsillidir və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. İki kitabı işıq üzü görüb.

Hər əsrdə şeir bizim ünsiyyət dilimiz olub. Ulu əcdadlarımız atalar sözü və məsələləri, hikmətli sözləri şeir dili ilə ifadə etmişlər. Bu gün də həmin ənənə davam etməkdədir. Şairlərin dillərində xalq arasında gəzən, ürəkdən-ürəyə köçən hikmətli bəndlər, beytlər, misralar xalq yaradıcılığının davamıdır. Həmişə xalq el şairlərinin yaradıcılığına daha çox müraciət edib. Bu da el şairlərinin xalq içərisindən yetişməsi, xalqla ünsiyyətdə olmasından ibarətdir.

Günümüzdə el şairləri yaşayır və onlar gözəl poetik nümunələr yaradırlar. Belə şairlərdən biriAbdulla Cəfərlidir. Abdulla Cəfərli yaradıcılığında məhəbbət mövzusu, xüsusilə diqqəti cəlb edir. Şeirlərində məhəbbətin saf təsviri poetik cizgilərlə verilib. Onun şeirlərini oxuduqca ülvi sevginin gücünü bir daha başa düşürük.

İndi isə şairin yaradıcılığından seçdiyimiz şeirləri təqdim edirik:

Daşa yazıram

Çaylar, sellər kimi dənizə axdım,

Dönüb şimşəklərə göylərdə çaxdım.

Sonuolacaq, hələ bilmirəm -

İsmini qəlbimdə başa yazıram.

 

Uydum xəyallara, sona çatmadım,

Sənsiz ayılmadım, sənsiz yatmadım.

Yorulmadım, qəmə, yasa batmadım,

Qara gözə, qara qaşa yazıram.

 

Ürək sənsizlikdən yenə deyindi,

Köhnə xatirələr danışdı, dindi.

Biri iki görən sərxoşam indi,

Sadə sözləri qoşa yazıram.

 

Gecə , gündüz səni düşündüm,

Sənsiz qala-qala sənə büründüm.

Qismətim beləymiş, mən daha söndüm,

Alın yazısıymış, boşa yazıram.

 

Ürəyimdə olan adını pozdum,

Adının üstünə başqa ad yazdım.

Nakam sevgimizin qəbrini qazdım,

İsmini əlimlə daşa yazıram.

Nəmli gözlərin

Dost-tanışlar yenə məni qınayır,

Həyat imtahanla hər gün sınayır.

Qaysaqlamış köhnə yaram qanayır,

Yadıma düşdükcə nəmli gözlərin.

 

Dəli-divanəyəm, yalqızam indi,

Ayrılığa, bilməm kimlər sevindi.

Könlümün yanıqlı kamanı dindi,

Yadıma düşdükcə nəmli gözlərin.

 

Yəqin ki, yuxuna yenə gəlirəm,

Sevib-sevilmişəm bunu bilirəm.

Gizlin-gizlin axan yaşı silirəm,

Yadıma düşdükcə nəmli gözlərin.

 

Divardan asılır hələ o şəkil,

Əl uzanır, ürək söyləyirçəkil”.

Hara baxıramsa, özünə çəkir,

Yadıma düşdükcə nəmli gözlərin.

 

Sən mənim açılan nurlu sabahım,

Dağ-daşı yandırır bugünkü ahım.

İllər sonra bildim nədir günahım,

Yadıma düşdükcə nəmli gözlərin.

Dönməyəcək

Ötüb getdi neçə sənə,

Bir dönüb baxmadın mənə.

Daha gəlmə bu məskənə,

O zamanlar dönməyəcək.

 

Kimə qalıb, bizə qala,

Həyat salır haldan-hala.

Hey addım atsan da dala,

O zamanlar dönməyəcək.

 

Yetər mənə bu qədəri,

Unutmuşam dərdi-səri.

Ayırdım xeyirdən şəri,

O zamanlar dönməyəcək.

 

Bütün gözəllər solacaq,

Sevinc, göz yaşı olacaq.

Dünya özü qocalacaq,

O zamanlar dönməyəcək.

Elə bilirdim

Sevirəm deyirdi, mən sevirdim,

Duyğumu, ruhumu ona verirdim.

Ağlımı başımdan atıb gedirdim,

Mən elə bilirdim, tək sevdasıyam.

 

Dərdimə-sərmə şərik bilirdim,

Yolunda can verib, min yol ölürdüm.

Sirrimi paylaşıb, sirri bölürdüm,

Mən elə bilirdim, tək sirdaşıyam.

 

Göz yaşı tökərək inandırmışdı,

Yalan danışmışdı, bağışlanmışdı.

Qəlbində mənə bir dünya qurmuşdu,

Mən elə bilirdim, tək dünyasıyam.

 

İçimdə qalmışdı azacıq güman,

Alsa da başımı hər gün sis, duman.

Deyirdim dönəcək-mənəm son liman,

Mən elə bilirdim, tək dəryasıyam.

Yaquta bənzər

İnsan yalqızdırsa, otağı məzar,

Yatağı bəzəkli tabuta bənzər.

Gecəsi ağrılı, gündüzü səssiz,

Özü-öz içində məbuda bənzər.

 

Canında hey ağrı-əzab inləyər,

Susanda da öz səsini dinləyər.

Dərdi-qəmi çox həvəslə çinləyər,

Özü-öz içində məsuda bənzər.

 

Payıza bənzəyər, solub, saralmış,

Alovlar içində yanıb qaralmış.

Ağacdan yonulmuş, köksü yarılmış,

Yanıqlı bir saza, bir uda bənzər.

 

Atası, anası, qardaşı olsa,

Dərdindən anlayan sirdaşı olsa.

Dolmuş bulud kimi yağıb boşalsa,

İnsanlar içində yaquta bənzər.

Sevinirmi?

Mən deyim, düşün sən ,

Yaşıllıqda gəzəndə,

Gülü, otu əzəndə,

Çəmənlər sevinirmi?

 

Məst eyləyir çoxunu,

Yetən alır qoxunu,

İtirəndə şuxunu,

Gül-çiçək sevinirmi?

 

Görən yada salanda,

Ağlayanlar olanda,

Solu-sağı dolanda,

Ölülər sevinirmi?

 

Hər gün əlində fərman,

Almaq üçün gəzir can,

Can tapıb alan zaman,

Əzrayıl sevinirmi?

Qismətim

Bütün ahlarını üstümə tökdü,

Gözəl yuvamızı dağıtdı, sökdü.

Sanki dörd yanıma qaranlıq çökdü,

Ağrılı gecələr oldu qismətim.

 

Ruhumu oxşayan şirin sözünü,

Günəşə bənzəyən odlu gözünü.

Söndürdü qəlbimi, aldı közünü,

Ocağın külüdür, soldu qismətim.

 

İncə təbəssümü, səsi yad oldu,

Bu sevən könlümü qəm-qüssə doldu.

Ömrümün baharı payıztək soldu,

Sol yanı boş qalmış qoldu qismətim.

 

Dağ başına bəyaz qarı gətirdim,

Sevgini qəlbimdə özüm bitirdim.

Qisməti-taleyi gözdən itirdim,

Enişli, yoxuşlu yoldu qismətim.

 

İndi dünya boşmu, yoxsa dolumu,

Sənsizlik dəyişdi həyat yolumu.

Unutdum ölümü, seçdim olumu,

Hələ yaşayacam, boldu qismətim.

Çarə sənsən

Bağlanıb əlim-qolum,

Boşalıb sağım-solum,

Bitib, tükənib yolum,

Dərdimə çarə sənsən.

 

Sənli günlərim hanı,

Kimlər vurdu aranı,

Dön, qaytaraq o anı,

Dərdimə çarə sənsən.

 

Gözü ala, dili bal,

Yanağında qara xal,

Sən qoymadın məndə hal,

Dərdimə çarə sənsən.

 

Könlüm bir qəmli kaman,

Sənsiz bu halım yaman,

Söyləmə, keçdi zaman,

Dərdimə çarə sənsən.

 

Toplayıb təqdim etdi:

Mahmud Əyyublu

AAB-nin üzvü

Palitra  2018.- 23 noyabr.- S. 13.