Bir daha ustad şair İsa Cavadoğlu haqqında...

Hər saat, hər zaman şeir yazılmır,

Bir də görürsən ki, yaranıb gəlir.

Ürək ovsunlayan bir mələk kimi

Yuyunub, geyinib, daranıb gəlir.

 

Oxucularla yanaşı, günümüzün yazarları da yeni əsərlərin yazılmamağından, təkrarlılıqdan, plagiatdan kifayət qədər narazılıq edirlər. Onların şikayətlərində əsaslı və əsasız səbəblər var. Həqiqətən, yeni oxunaqlı əsərlər yazılmır və bunun təsiri ilə oxucular ədəbiyyatdan küsür. Bunlara baxmayaraq, biz hazırda səlis qələm sahiblərinə rast gəlirik.

Ədəbiyyat insanı tərbiyə edən mühüm bir vasitə kimi həyatımızın ayrılmaz tərkib hissəsi olmalıdır. İnsanları ədəbiyyat tərbiyə edir ki, bu da onlarda insani keyfiyyətlərin aşılanmasına səbəb olur. Elə bu səbəbdəndir ki, ədəbiyyatı bizə 11-ci sinfə kimi tədris edirlər.

Cəmiyyətimizdə bədii əsərin insan düşüncəsinə təsiri böyükdür. Bu səbəbdən də çalışıb insanlar arasında ədəbiyyatı təbliğ etmək, onlara bədii əsərləri sevdirmək lazımdır. Hər bir fərdə bədii əsəri oxumaq mədəniyyətini təbliğ edərək, beləcə, toplumda mədəni inkişafa nail olunmalıdır. Əslində, inkişaf etmiş cəmiyyətlərdə ədəbiyyat insanlar tərəfindən sevilir və bədii əsərlər mütaliə edilir.

Günümüzün yazarları çalışıb böyük, irihəcmli yazıları, kitabları ilə yox, daha səlis, yığcam kitabları ilə oxucularla mütəmadi görüşməlidirlər. Bu yolla onlar yaratdıqları obrazlar vasitəsilə öz fikirlərini, duyğu və həyəcanlarını bədii əsərin gücü ilə oxuculara çatdırmalıdırlar. Bəzən isə yazarların oxucuları ilə tez-tez görüşünün şahidi oluruq ki, bu da, zənnimcə, ədəbiyyatı korlayır. Axı tez bir zamanda ərsəyə gələn əsərdə yüksək bədii keyfiyyət olmur. Yazarlar çalışıb ömürləri boyu 5-6 əsərlə oxucuları ilə görüşməlidirlər ki, ərsəyə gətirdikləri əsərlər oxucu rəğbəti qazansın. Tarix də bizə bu töhfəni verir.

Ədəbiyyatın sevdirilməsində, yaşadılmasında ailələrin üzərinə böyük məsuliyyət düşür. Bu sahədə tək məktəb və ali təhsil müəssisələrini günahlandırmaq olmaz. Ailələrimizdə də yeri gəldikdə nöqsanları qabartmaq və həll yollarını axtarmaq lazımdır. Yəni hər bir ailənin özünün sevimli yazıçı və şairi olmalıdır.

Kitab sevgisi bizlərə uşaq yaşımızdan aşılanmalı və valideynlərimiz, müəllimlərimiz tərəfindən isə bu sevgi daha da təbliğ edilərək yaşadılmalıdır. Kitabsız həyatı təsəvvür edə bilmirəm. Kitab tərbiyədir. Gəncləri bu tərbiyədən uzaqlaşdırmaq olmaz. Hər bir ailənin öz şəxsi kitabxanası olmalıdır. Bu ənənə yaradılaraq qorunub saxlanmalıdır.

Tarix sübut edir ki, böyük şairlər el-obada yaşayan, onlar içərisində daim ünsiyyətdə olan şəxslərdən yetişir. Xalq da bu insanları tarixdə daha çox yaşadır və hafizələrində əsrlərdən-əsrlərə daşıyırlar. Bu sırada ustad aşıqlarımızın və el şairlərinin adlarını çəkə bilərik.

Elin-obanın içərisində ömür sürmüş, böyük bir kəndin ədəbi mühitinin layiqli yaradıcısı, onun təbliğatçısı və yaşadıcılarından biri olan şair İsa Cavadoğlu Tovuz rayonun Əyyublu kəndində ədəbi proseslərin inkişafında misilsiz rolu olan bir şəxsiyyət kimi tarixləşir. Şadam ki, bu tarix yazan, tarixləşən insanla eyni əsrdə yaşadım, onunla ünsiyyətdə oldumonun zəngin elmindən, təcrübəsindən bəhrələndim. Gələcək əsrlərdə İsa Cavadoğlu yaradıcılığına müraciət edəcək oxucu və tədqiqatçılar onun haqqında yazdığım məqalələrdən, söhbət açacaqlar ki, bir tədqiqatçı kimi bu, ruhumun şad olmasına əsas verəcəkdir. Adətən, nəhəng insanların adları çəkilərkən onların dövrlərində yaşayan, onlarla sıx ünsiyyətdə olan qələm sahibləri də yad edilir.

Bəzən təəssüf hissi ilə qeyd etmək istərdim ki, tarixi şəxsiyyətlərə zamanında qiymət verməkdə çox zaman gecikirik. Tarix özü şəxsiyyətlə ünsiyyətdə olub, onu öz ağuşuna alaraq gələcək tarixlərə aparır ki, yəqin insanın buna gücü çatmır deyə, bu problemlə üzləşirik. Şair İsa Cavadoğlunun zəngin yaradıcılıq irsi mənə deməyə əsas verir ki, o bu günlə yanaşı, gələcəyin şairidir.

İsa Cavadoğlu yaradıcılığında hər zaman xoş əhvali-ruhiyyə varşair şeirləri vasitəsilə oxucularını firavanlığa, xoş gələcəyə səsləyir. Bu, şairin təbiəti, insanları sevməsindən irəli gəlir. Bir dəfə şairlə olan söhbətlərimizdə dedi ki, uca Allah bəndəsini yaratdıqdan sonra ona danışmağı, yazmağı öyrətdi ki, yaratdıqlarını vəsf edə bilsin. Və buna şair hər zaman inandığını vurğulayaraq xoş əhvali-ruhiyyəli şeirlər yazdığını dedi. Elə bu, şairin böyüklüyündən xəbər verir. Şairin aşağıdakı şeiri fikirlərimizi tamamlayır:

Gördüm

Könlümün arzusu budur əzəldən

Dünyanı həmişə firavan görüm.

Gündüzü günəşli, ətirli, mehli,

Gecəni sehrli çırağban görüm.

 

Yaxşılıq yaşasın, qol-budaq atsın,

Yamanlıq daş olub sulara batsın.

Dostlar yeni-yeni dostluq yaratsın,

Dostumu dostuma mehriban görüm.

 

Gedir ülviyyətə şeir qatarım,

Orda müsafirdir nəcib dostlarım.

Dostluqdur, ay İsa, bağım, baharım,

Dostları daima ucalan görüm.

Şair şeirlərini yazarkən hər zaman bədii sözün qüdrətindən istifadə edib hiss, həyəcan duyğularını oxuculara çatdırmağa çalışıb. Hər zaman öz fikirlərinin şeir vasitəsilə gələcək nəsillərə çatdırılmasına üstünlük verən şair elə bu səbəbdəndir ki, yaradıcılığında ən çox qoşma gəraylılara üstünlük verib. Amma şeir şəkillərinin digər növlərindən - təcnis, bayatı, qəzəl, beşlik, altılıq s. şeir şəkillərindən istifadə edib. Yenə söhbətlərimizin birində daha çox qoşmalara müraciət etməyinin səbəbinə aydınlıq gətirdi. Belə ki, şair fikirlərini şeirin bu şəklində daha müfəssəl izah etdiyini vurğuladı.

Şair şeirlərində gözəl bədii lövhələr yaradaraq oxucu zövqünü oxşayır. Onun şeirlərində mükəmməl poetik cizgilər verilir söz axıcılığı səlis şəkildə işlənir. Şeirlərini oxuyan oxucu onun təsirindən bir müddət ayrıla bilmir bu da bir daha onu İsa Cavadoğlu yaradıcılığına qayıtmağa əsas verir.

Duyğu

Heyranam dünyanın gözəlliyinə,

Yaradan gözəl cahan yaradıb!

Görüb duyduğumuz mindi, milyondu,

Neçə milyonunu nihan yaradıb?!

 

Çəməni, çiçəyi, bağımı deyim?

Yaşılı, əlvanı, ağımı deyim?

Aranı, yaylağı, dağımı deyim?

Çox sirri gizlədən ümman yaradıb.

 

Hər canlı danışır öz «lisanında»,

Bülbül cəh-cəh vurur gülün yanında.

Nədir cuşa gələn onun qanında?!

Duyub düşünməyə insan yaradıb.

 

Ən zərif hisdir sevib-sevilmək,

Sevdiyin gözəllə üz-üzə gəlmək,

Bir oğrun baxışla ürəyi bilmək

Eşqi-məhəbbəti pünhan yaradıb!

 

Düşündü İsa da ömrü boyunca,

Duyğular, arzular dünyadan uca.

İnsan kam alırmı ondan doyunca?!

Nədənsə beşgünlük mehman yaradıb.

Şair bu gün də şeirlər yazır. Həmin ruh, təb şairdən uzaq durmur. Yazdığı şeirlər bir-birindən orijinallığı ilə seçilir. Onun şeirlərində olan obrazlılığa hər bir şairdə rast gələ bilmirik. Bu gün qələm sahibləri də onun yaradıcılığının böyüklüyünü qəbul edirbir çoxları onu özlərinin ustadı hesab edərək qocaman sənətkardan bəhrənirlər.

Mahmud Əyyublu

AAB-nin üzvü

Palitra.-2018.-27 noyabr.-S.15.