Xalq yaradıcılığında deyişmələr xüsusi yer tutur

Xalq yaradıcılığında, ələlxüsus aşıq yaradıcılığında deyişmələr xüsusi yer tutur. Deyişmə hər iki tərəfin dərin biliyinin, yüksək təbinin göstəricisi olmaqla yanaşı, xalq arasında poeziyanın ən çox maraqla qarşılanan sahələrindən biri kimi əsrlərlə yaddaşlarımıza hopmuşdur. Bu gün ustad aşıqlarımızdan biri, aşıq poeziyası şəkillərində nümunəvi şeirlər yazan, ifaları ilə bizləri şad edən ünlü-sədalı aşıqlarımızdan biri də Aşıq Haşım Qubalıdır. Onun sənətitək yaradıcılığı da bizlər üçün qiymətli və əzizdir. Aşıq poeziyası şəklində şeirlər yazan, xalq yaradıcılığının inkişafına səbəb olan, tanınmış qadın şairlərimizdən biri də Əfşan Yusifqızıdır. Aşıq Haşım Qubalı və Əfşan Yusifqızının şeirlərini sosial şəbəkədən və çap olunan kitablarından maraqla oxumuşam və hər iki şairin ilhamı, təbi haqqında, az da olsa, məlumatlıyam. Onların şeirlərində olan bədiilik, obrazlılıq, poetik duyumluluq oxucularla yanaşı, tədqiqatçıların da diqqətindən kənar qalmır. Şeirləri hər iki şair çox şirin, anlaşıqlı və təbii yazır. Onların yaradıcılığında olan bu təbiiliyi biz hər iki söz sərrafının deyişmələrində də görə bilərik.

İndi isə Aşıq Haşım Qubalı və Əfşan Yusifqızının deyişmələrini təqdim edirik:

Kimə görə qayıtdın?

Aşıq Haşım Qubalı

Şairsən, darıxan çoxdu səninçün,

Səni sevən cəmə görə qayıtdın?

Dostlarına, yoxsa verib getdiyin,

Qüssə, kədər, qəmə görə qayıtdın?

 

Əfşan Yusifqızı

Bilməz idim bu qədər sevilirəm,

Məni sevən cəmə görə qayıtdım.

Arxamca nigaran boylananların

Gözündəki qəmə görə qayıtdım.

 

Aşıq Haşım Qubalı

Səni Mübarizə yazıb yaradan,

Ömrü boyu yaşayınız mehriban.

Pərdələrdə özünə yer tapmayan,

Hansı yalqız simə görə qayıtdın?

 

Əfşan Yusifqızı

Dedilər, bir Ozan özü inləyir,

Həsrət bayatısı, sözü inləyir.

Mizrabı inləyir, sazı inləyir,

İnildəyən simə görə qayıtdım.

 

Aşıq Haşım Qubalı

Sözlərini sevənlərin sayı çox,

Sözlərində ariflərin payı çox.

Yazanların söz adlanan yayı çox,

Vüsal adlı dəmə görə qayıtdın?

 

Əfşan Yusifqızı

Sözlərimə qiymət verən dostların,

Hərdən mənə töhmət verən dostların.

Sevgisini nemət verən dostların,

Sevincində dəmə görə qayıtdım.

 

Aşıq Haşım Qubalı

Bir az ögeyləşib səsim, avazım,

Sinəmə yatmamış dil açdı sazım.

Haşımam, soruram, ay Əfşan qızım,

İndi sən de kimə görə qayıtdın?

 

Əfşan Yusifqızı

Ustadımın hər könüldə yeri var,

Hər sözünün çəkisi, dəyəri var.

Əfşan qızının sənə dəyəri var,

İndi bil ki, sənə görə qayıtdım.

 

Görmüşəm

Əfşan Yusifqızı

Dünyaya göz açıb gəldiyim gündən,

Qəm, qüssə görmüşəm, kədər görmüşəm.

Elə çətinliklər çəkib ki, başım,

Alnıma yazılan qədər görmüşəm.

 

Aşıq Haşım Qubalı

Ay Əfşan, oxudum yazdıqlarını,

Bu mövzuda neçə əsər görmüşəm.

Kişi var evində müqəvva kimi,

Kişi var sözündə kəsər görmüşəm.

 

Əfşan Yusifqızı

Halımı dərdlilər çox yaxşı anlar,

Həyatda az gördüm mən yaxşı anlar.

Çoxuna eylədim çox yaxşılıqlar,

Əməyim zay olub, hədər görmüşəm.

 

Aşıq Haşım Qubalı

Qaçan yıxılmağa baxmaz, demişlər

Göl dolmasa, suyu axmaz, demişlər,

Hər yetən, adamı yıxmaz, demişlər,

Çoxlarını yıxıb nəzər, görmüşəm.

 

Əfşan Yusifqızı

Arzu xəyallarım heç oldu mənim,

Bütün ümidlərim puç oldu mənim.

Etdiyim etiraf gec oldu mənim,

Yazdığımdan daha betər görmüşəm.

.

Aşıq Haşım Qubalı

Abad olmaz heç vaxt Allah uçuran,

Qismətlə, qədərlə yoxdu bacaran.

Söz var ət tökəndi, iştah qaçıran.

Söz var dillərdə gəzər, görmüşəm.

 

Əfşan Yusifqızı

Məhəbbət yolunda divanə olub,

Sevgi badəsindən məstanə olub.

Bir odun eşqilə pərvanə olub,

Həsrəti vüsala sipər görmüşəm.

 

Aşıq Haşım Qubalı

Haqq incələr, amma üzülən deyil,

Hər dodaqdan şəkər süzülən deyil.

Dünya biz deməklə düzələn deyil,

Dost küsəndə könül bezər görmüşəm.

 

Əfşan Yusifqızı

Əfşan, gəz yurdunu diyarbədiyar,

Gör ki, sənin kimi çox bəxti kəm var.

Şükür elə Tanrıya, olsun sənə yar,

Həyatda çoxun dərbədər görmüşəm.

 

Aşıq Haşım Qubalı

Haşımam, səbir edək, gəl dözək, Əfşan,

Tək bizlər deyilik həsrətdən yanan.

Zülmət gecələri yola saldıqdan

Sonra gəlib nurlu səhər görmüşəm.

 

Dəyərdən düşüb

 

Əfşan Yusifqızı

Əvvəllər kişilər edirdisə ov,

İndi yüyən çəkir handa dəlisov.

Özün tanımayan çapır qovhaqov,

Kişi at belində yəhərdən düşüb.

 

Aşıq Haşım Qubalı

Dünya dəyişilib, aləm qarışıb,

Saf məhəbbət, sevgi nəzərdən düşüb.

Verdiyi söz üstə durmur insanlar,

Elə bil sədaqət kəsərdən düşüb.

 

Əfşan Yusifqızı

Hanı ötən günlər, ötən o çağlar,

Onda seçilərdi qaradan ağlar.

İndi pul gücünə yıxılır dağlar,

Pəhləvan cüssəsi hünərdən düşüb.

 

Aşıq Haşım Qubalı

Çoxları gözləmir namus, qeyrət, ar,

İndi sənət var, sənətkar.

Yüngüllük elədi bəzi aşıqlar,

El gözündən, inan, səhərdən düşüb.

 

Əfşan Yusifqızı

Min haram qatılıb şəkər-noğluna,

Qurbanlıq kəsilən ehsan toğluna.

Bir mənlik qalmışdı insan oğluna,

O da yavaş-yavaş dəyərdən düşüb.

 

Aşıq Haşım Qubalı

Yaşa hünərinlə muradına çat,

Qalmasın gözündə bir arzu murad.

Xıdır-Zindəyə əbədi həyat,

Zəm-zəm adlı Abi-kövsərdən düşüb.

 

Əfşan Yusifqızı

İnsan xainliklə şimşək çaxandan,

İldırım həsrətlə gendən baxandan.

Süni ağaclarda meyvə çıxandan,

Bar verən ağaclar bəhərdən düşüb.

 

Aşıq Haşım Qubalı

Yanağının rəngi Göyçayda narda,

Saf eşq harda varsa, vəfa da orda.

Sən Bakıdasan, Günəş baharda,

Şəfəq bu dünyaya Xəzərdən düşüb.

 

Əfşan Yusifqızı

Əfşan, təmiz addır indi ucalıq,

Səni qorxutmasın, əsla, qocalıq.

Ömrün qismətinə düşən acılıq,

Nisgildən, möhnətdən, kədərdən düşüb.

 

Aşıq Haşım Qubalı

Sevib ayrılanda, aşıq, buna döz,

Bir görüş sinəndə qoydu alov, köz.

Haşımla Əfşanın arasında söz

Sənətdəki zərdən, gövhərdən düşüb.

Toplayıb tərtib etdi:

Mahmud Əyyublu

AAB-nin üzvü

Palitra.-2018.-27 noyabr.-S.13.