“Bütün
məsuliyyət Ermənistan tərəfinin üzərinə
düşür”
Azərbaycan ərazisi daha çox minaların təsirinə məruz qalmış ölkələrdən biridir. Bu haqda Piyadalar Əleyhinə Minaların Qadağan olunması uğrunda Beynəlxalq Kampaniyanın "Landmine Monitor Report 2018" hesabatında deyilir (Trend).
Hesabatda bildirilir ki, hazırda 164 ölkə “Piyadalar əleyhinə minaların istifadəsi, ehtiyatının toplanması, istehsalı və ötürülməsinin qadağan olunması və onların məhv edilməsi” haqqında Konvensiyanın üzvüdür. Cənubi Qafqaz ölkələrinin də daxil olduğu 33 dövlət bu Konvensiyaya qoşulmayıb. Yalnız bir ölkənin – Myanmanın hökumət qüvvələrinin minalardan istifadə etdiyi qeydə alınıb. Azərbaycan, Əfqanıstan, Anqola, Bosniya-Herseqovina, Kamboca, Çad, Xorvatiya, İraq, Tayland və Türkiyə ərazisi daha çox minaların təsirinə məruz qalmış ölkələr sayılır (100 kv.km-dən çox).
Sənəddə deyilir ki, Azərbaycan Respublikası minaların qadağan olunmasını nəzərdə tutan Konvensiyaya qoşulmayıb. Rəsmi olaraq bildirilib ki, ölkə bu Konvensiyanın məqsədlərini, o cümlədən minaların tamamilə qadağan olunmasını dəstəkləyir, ancaq özünün ərazi bütövlüyünün pozulması səbəbindən “Piyadalar əleyhinə minaların istifadəsi, ehtiyatının toplanması, istehsalı və ötürülməsinin qadağan olunması və onların məhv edilməsi” haqqında Konvensiyaya qoşula bilmir. Azərbaycan Respublikası təcavüzə məruz qalmasına baxmayaraq, yeni minaların qoyulmasını dayandırıb. Bu səbəbdən də Azərbaycan yalnız Ermənistanla münaqişə həll olunduqdan sonra bu Konvensiyaya qoşula bilər. Buna baxmayaraq Azərbaycan bu Konvensiyaya dəstəyini bildirdiyini göstərməkdədir. Azərbaycan 2005-ci ildən başlayaraq BMT-nin Baş Assambleyasında bu müqavilənin universalizasiyasına yönəlib və hər il keçirilən səsvermədə qətnamələrin lehinə səs verir.
Azərbaycanda rəsmi olaraq 2,439 nəfər mina /müharibənin təhlükəli qalıqlarından zərər çəkib
Azərbaycan dəfələrlə bildirib ki, piyadalar əleyhinə mina istehsal və ixrac etmir. Mina ehtiyatı sovet dövründən qalmadır. Rəsmi şəxslər bildiriblər ki, 1994-cü ildən konfliktin açıq fazası dayandıqdan sonra piyadalar əleyhinə minalardan istifadə edilmir. Azərbaycan piyadalar əleyhinə minalardan gələcəkdə də istifadə etmək fikrində deyil, ancaq bunu istisna etmək də olmaz.
2017-cı ilin sonuna Azərbaycanda rəsmi olaraq 2,439 nəfər mina/müharibənin təhlükəli qalıqlarından zərər çəkib, onlardan 383 nəfər ölüb və 2056 nəfər yaralanıb. 2017-ci ildə Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinə 3 mülki şəxsin minalardan zərər çəkdiyi barədə məlumat daxil olub. Bunlardan 2 nəfər həlak olub, 1 nəfər yaralanıb.
Ümumilikdə hesabat dövründə 47 ölkədə 7239 nəfərin mina və partlamamış sursatlardan zərər çəkdiyi bildirilir ki, bunun da 2793 nəfəri həlak olub. Qeydə alınmış qurbanların 87%-i mülki şəxslərdir ki, onların da 47%-ni uşaqlar və 13%-ni qadınlar təşkil edir. Ümumilikdə "Landmine Monitor Report" 1999-cu ildən indiyədək 122 min insanın mina və partlamamış sursatlardan zərər çəkdiyini qeydə alıb ki, bunun da 86 min nəfəri yaralanıb.
Donor ölkələr və ərazisində minaların olduğu ölkələr (10 milli hökumət) tərəfindən beynəlxalq səviyyədə 771,5 milyon ABŞ dolları minalarla mübarizə proqramlarına sərf olunub. Bu vəsaitin 98,3 milyon dolları ərazisində minaların olduğu ölkələrin milli hökumətlərinin payına düşür. Ümumilikdə keçən hesabat dövrü ilə müqayisədə 203,6 milyon dollar çox vəsait ayrılıb.
Son hesabatda bildirilir ki, 38 ölkənin ərazisində və 3 qeyri-dövlət ərazisində minaların məhv edilməsi əməliyyatları aparılıb. Hesabat dövründə 128 kv.km ərazi minalardan təmizlənib. 168 min ədəd piyada əleyhinə və 7500 ədəd tank əleyhinə mina məhv edilib. Son beş ildə 832 kv.km ərazi təmizlənib, 1,1 milyon ədəd piyada əleyhinə və 66 min ədəd tank əleyhinə mina məhv edilib.
Hesabat dövründə 500 min ədəd mina, ümumiyyətlə isə Konvensiya imzalandıqdan sonra ehtiyatlarda olan 54 milyon ədəd mina məhv edilib. 41 ölkə mina istehsalını dayandırdığını bildirib, yalnız 11 ölkədə istehsal hələ də qalmaqdadır.
Yeri gəlmişkən, analitik Ehtiram Aşırlı “Trend”ə deyib ki, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “rəhbər”i kimi özünü təqdim edən Bako Saakyanın Rusiyaya qanunsuz səfərində əsas məqsəd qondarma rejimin legitimliyi üçün danışıqlar aparmaqdır. O qeyd edib ki, son günlər B.Saakyan “fəallığı” ilə diqqət çəkməkdədir. Belə ki, Fransa və ABŞ-a reallaşdırdığı səfərlərdən sonra son olaraq Rusiyaya səfər edib: “Təbii ki, burada ilk diqqət çəkən məqam Saakyanın ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə səfər etməsidir. Maraqlıdır ki, ABŞ keçmiş Sovet İttifaqı ərazisindəki digər qanunsuz rejimlərin nümayəndələrinə viza vermir. Məsələn, 2014-cü il aprelin 12-də Birləşmiş Ştatlar Krımın “yüksək rütbəli” nümayəndələrinə sanksiyalar tətbiq edib. Amma, nədənsə, bu, Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin “başçısı” Saakyana şamil olunmur. Belə bir qadağa Fransada da var. Xüsusilə Cənubi Osetiya, Abxaziya, Krım və Dnestryanı bölgələrdən olan şəxslərə Fransa ərazisinə daxil olmağa icazə verilmədiyi halda, bu qadağa Saakyana aid olunmur. Bundan əlavə, Fransanın ondan artıq şəhərinin merləri Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər edərək işğal altındakı şəhərlərimizlə “qardaşlaşma” sazişləri imzalayıblar. Lakin Korsikada separatizmə qarşı sərt və kəskin siyasət aparan rəsmi Paris Azərbaycanın ərazi bütövlüyünün pozulmasına xidmət edən hallara göz yumur və separatçıların qarşısını almaq məqsədilə heç bir tədbir görmür”.
Analitik vurğulayıb ki, B.Saakyanın Fransa və ABŞ-a səfərinin əsas məqsədi qondarma rejimin legitimliyinə nail olmaq və danışıqlar masasında “dövlət” kimi təmsil olunmaqdır:
“Bu səbəbdən də son səfərini Qafqazda əsas aktor olan Rusiyaya edib. Təbii ki, burada da ilk məqsəd qondarma rejimin legitimliyi üçün danışıqların aparılmasıdır, digər tərəfdən, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə səfərlər reallaşdırmaqla Azərbaycan hökumətində “narahatlıq” yaratmaq düşüncəsidir. Xüsusilə Rusiya-Azərbaycan əlaqələrinin yüksək səviyyədə olduğu bir vaxtda belə bir səfərin reallaşdırılması ayrı bir məna kəsb edir. Ələlxüsus Ermənistanda növbədənkənar parlament seçkilərinə hazırlıq getdiyi və Rusiya ilə Ermənistan münasibətlərində gərginliyin, soyuqluğun davam etdiyi bir vaxtda belə bir səfərin reallaşdırılması baş nazir vəzifəsini icra edən Nikol Paşinyana sətiraltı mənaları geniş olan bir mesajdır. Yaxın zamanlarda separatçı Saakyan tərəfindən bölgədə və cəbhədə vəziyyəti gərginləşdirə biləcək addımlar görə bilərik. Həmçinin Saakyan tərəfindən Paşinyanı narahat edəcək bir neçə açıqlama səsləndirilə bilər”.
E.Aşırlının sözlərinə görə, B.Saakyanı ən çox narahat edən amil N.Paşinyanın yenidən baş nazir seçiləcəyi və parlamentdə üstünlük əldə edəcəyi təqdirdə “Qarabağ klanı”nın mövqeyinin zəifləməsi və bu hadisələrin fonunda onun qondarma rejimdəki gələcəyi ilə bağlıdır: “Saakyan çox gözəl anlayır ki, Paşinyan Ermənistanda parlamentdə üstünlüyü ələ aldıqdan sonra qondarma rejimdə də eynisini etməyə çalışacaq və köhnə rejimin qalıqlarını oradan da təmizləmək istəyəcək. Xüsusilə də Qarabağ məsələsinin taleyi ilə bağlı narahat olan “Qarabağ klanı” Saakyanın bütün səylərini dəstəkləyəcək. Bütün bunları görən Paşinyan isə Azərbaycana qarşı təhdid xarakterli açıqlamalar verməklə “Qarabağ klanı”nı və Saakyanı yumşaltmağa çalışacaq”.
Xatırladaq ki, bu məsələ ilə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi bəyanat yayıb: “Qondarma rejimin “rəhbəri”nin ATƏT-in Minsk qrupu həmsədr ölkələrinə səyahəti münaqişə üzrə vəziyyətin gözlənilməz inkişafına gətirib çıxara bilər. Belə olacağı təqdirdə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür”.
Fuad Hüseynzadə
Palitra 2018.- 27 noyabr.- S.11.