Şeirdə yüksək
obrazlılıq, bədii duyum və
orijinallılıq olmalıdır
Etibar Vəliyevin poeziya dünyası bədii bənzətmələrlə yanaşı, bədii-fəlsəfi fikirlərlə də zəngindir ki, bu da şairin təbinin, ilhamının güclü olmasının təsdiqidir. Şeir o zaman oxucuya xoş gəlir ki, orada yüksək obrazlılıq, bədii duyum və orijinallılıq mövcuddur. Poeziya incilərində nə qədər dərin məzmun kəsb edən sözlər işlənirsə, insanın hiss və duyğularına təsir edən fikirlər öz əksini tapırsa, bu, şairin şan-şöhrətinin artmasına səbəb olur. Şeirdə nəzəri biliklərin qorunması da vacibdir. Əksər el şairlərinin yaradıcılığında nəzəri biliklərin pozulduğunun şahidi oluruq, amma bəzi qüvvətli el şairlərində nəzəri biliklər mükəmməl şəkildə qorunur. Etibar Vəliyev yaradıcılığını incələdikcə görürük ki, onun şeirlərində Azərbaycan dilinin qayda-qanunlarına, ədəbiyyat nəzəriyyəsinin tələblərinə ciddi riayət olunur. Şairin yaradıcılığında məhəbbət, ailə, təbiət, insan, Vətən və digər mövzulara müraciət olunması Etibar Vəliyevin ciddi ədəbi yaradıcılıqla məşğul olmasının göstəricisidir.
İndi isə şairin yaradıcılığından seçdiyimiz şeirləri oxucularla bölüşürük:
Sirr
Hər naxışın sehri olmaz,
Naxış sirri, ilməsində.
Şair
odur, varsa sehri
Cümləsində, kəlməsində.
Sonu yoxdur kələklərin,
Sirri vardır
fələklərin.
Bir hikmət var, mələklərin
Yazmasında, silməsində.
Göy deyilsə, yer deyilsə,
Tək deyilsə,
bir deyilsə.
O İlahi sirr deyilsə,
Nə sirr var ki, bilməsində.
Dəydi
Bircə
dəfə ox atmışdım,
Mənim oxum daşa dəydi.
Gecə
bəd yuxu görmüşdüm,
Gerçək oldu, başa dəydi.
Oynu düz qura bilmədim,
Tərpəndim, dura bilmədim,
Hədəfi vura bilmədim,
Yandan keçdi,
boşa dəydi.
Rəvan
söylədim sözümü,
Göstərdim yanan közümü.
Bircə
dəfə mən gözümü,
Gözə vurdum, qaşa dəydi.
İşıq olub nur saçmışdım,
Qəmdən, qüssədən qaçmışdım.
Mən sevgiyə əl açmışdım,
Gözdən axan yaşa dəydi.
Sənsiz
Kim nə deyir, yalan deyir,
Sənsiz yaşaya bilərəm.
Səninlə çəkdiyim yükü,
Sənsiz daşıya bilərəm.
Bir az yüküm
ağır olar,
Bir az belim
büküləcək.
Həsrətdən çuxura düşən
Gözüm yola dikiləcək.
Bir az küskün,
bir az bədbin,
Bir az hallı
görünərəm.
Bəxtəvərlərin gözündə,
Mən zavallı
görünərəm.
Qəhər tutar boğazımı,
Bir az səsim
bəm olacaq.
Üzdə gülüb danışsam
da,
Gözlərimdə nəm olacaq.
Başıma qar kimi yağan,
Külüm közümdən düşəcək.
Sənsiz
güldən qoxu gəlməz,
Çiçək gözümdən düşəcək.
Gedəsən
Dərd
əlindən bulud kimi,
Boşalıb, dolub gedəsən.
Özün özünə ağlayıb,
Saçını yolub gedəsən.
Bir gün düzələsən
yola,
Yaşın ötə, ömür dola.
Nə ağrı, nə acı ola,
Gül kimi solub gedəsən.
Cütlüklər verə qol-qola,
Qonaq gələ, mağar dola,
Ölüm də toy kimi ola,
Sən hazır
olub gedəsən.
Məclis
ola, yas
olmaya,
Göz ağlaya,
yaş olmaya.
Qalası
miras olmaya,
Varını bölüb gedəsən.
Halını pozma, ay lələ,
Son qonağın gələr
hələ.
Qapına
Əzrail gələ,
Üzünə gülüb gedəsən.
Hər gün Xuda günü
gələ,
Bir gün vida günü gələ.
Ruhun cüda günü gələ,
Sonra da ölüb gedəsən.
Sənə görə
Məni
imtahan etmə, ay gözümün işığı,
Bilirsən ki, sınaqdan çıxaram
sənə görə.
Bu can evi nədir
ki,
mən qurduğum binadır,
Bilirsən ki, yıx desən,
yıxaram sənə
görə.
Sənə aşiq olanda, baxmadım ki,
yaşına.
Gəl üzərlik yandırım,
duz çevirim başına.
Gör necə vurulmuşam kirpiyinə,
qaşına,
Özümü eşq oduna yaxaram sənə görə.
Ocaqda ad
sönməsə,
yanan közə gəlmərəm.
Özüm söz sərrafıyam,
şirin sözə
gəlmərəm.
Məndən nigaran olma,
qorxma, gözə gəlmərəm,
Yaxama gözmuncuğu
taxaram sənə görə.
Mən ki vəfa görmədim,
bu boş,
fani dünyadan,
Əvvəli bir an olan, sonu
ani dünyadan.
Bilirəm can alandı,
mən o cani dünyadan
İstədim üz çevirəm,
baxaram sənə görə.
Aldanmadım dünyanın qızılı,
qaş-daşına,
O nə vaxt qıymayıb
ki,
məzlumun göz yaşına?!
Boş dünyanı qaxaram dolu dünya başına,
Vallah, vallah qaxaram,
qaxaram sənə görə.
Gəl səninlə barışım
Küsülü adamların fikri
qarışıq olur,
Unut olub keçəni, gəl səninlə barışım.
Hər küsülü məqamın
sonu barışıq
olur,
Unut olub keçəni, gəl səninlə barışım.
Dünya
oyun oynayır,
səni oynuna almaz,
Oynayanda
yıxılsan,
səni qoynuna almaz.
Günah
şeytan yüküdü,
heç kim boynuna almaz.
Unut olub keçəni, gəl səninlə barışım.
Daha bəhsəbəhs ilə
yaşamaq istəmirəm,
Yaram qaysaq bağlayıb,
qaşımaq istəmirəm.
Məndə günah varsa da,
daşımaq istəmirəm.
Unut olub keçəni, gəl səninlə barışım.
Göy üzündə dumanın
sonu bitir yağışla,
Mən yağdım, sən də yağdın,
selə düşən
axışla.
Mən səni bağışladım,
sən də məni bağışla,
Unut olub keçəni, gəl səninlə barışım.
Mahmud Əyyublu
AAB-nin üzvü
Palitra 2018.- 29 noyabr.- S. 15.