Daşkənddə “Azərbaycan Dövlətçiliyi Tarixi” muzeyinin açılışı olub

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) yenidənqurmadan sonra “Azərbaycan Dövlətçiliyi Tarixi” muzeyinin açılışı olub.

Muzeyin yenidənqurmadan sonra açılışı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Azərbaycanın yenidən müstəqillik əldə etməsinin 27-ci ildönümünə həsr edilib.

Tədbirdə Özbəkistanın aparıcı muzeylərinin rəhbərləri və əməkdaşları, “Özbəkistan – Azərbaycan” Dostluq Cəmiyyətinin rəhbərliyi, Daşkənddəki ali məktəblərin tələbələri, yerli azərbaycanlılar, jurnalistlər iştirak ediblər.

Əvvəlcə iştirakçılar Mədəniyyət Mərkəzinin foyesində “100 yaşlı Cümhuriyyətimiz” adlı fotosərgiyə baxıblar.

AMM-nin direktoru Samir Abbasov dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqının öz qədim tarixi, maddi-mədəniyyət abidələri, zəngin adət-ənənələri, ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə fəxr etdiyini qeyd edib. O, ulu öndər Heydər Əliyevdən sitat gətirib: “Biz öz keçmişimizlə, milli dəyərlərimiz, adət-ənənələrimiz və böyük tariximizlə qürur duyuruq”.

Xalqın mövcudluğunun əsas göstəricisi onun tarixi, mədəniyyəti, dili, ədəbiyyatı, adət-ənənələri olduğunu qeyd edən direktor qədim köklərə malik Azərbaycan xalqının əsrlərboyu öz maddi və mənəvi irsini, milli dəyərlərini qoruyub saxladığını vurğulayıb və muzeyin ölkəmizin təbliği istiqamətində gələcək rolundan danışıb.

Özbəkistan Milli Elmlər Akademiyasının Dövlət Tarix Muzeyinin (DTM) direktoru, professor Cənnət İsmayılova muzeyin yenidənqurmadan sonra açılmasını tarixi hadisə adlandırıb və qardaş Azərbaycan, onun dövlətçiliyi, tarixi, ənənələri haqqında məlumat almaq istəyən hər bir şəxs üçün muzeyin mükəmməl informasiya mənbəyi olduğunu qeyd edib. O, muzeyin yeni eksponatlar, kompozisiyalarla zənginləşdirildiyini də vurğulayıb.

“Özbəkistan – Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov, Özbəkistan Qadınlar Komitəsinin baş eksperti Cəmilə Şermuxamedova böyük dövlətçilik ənənələrinə malik olan, Qafqazın mirvarisi sayılan Azərbaycanla Özbəkistan arasında dostluq əlaqələrindən danışıblar. Onlar Azərbaycanın həm tarixi, həm də zəngin mədəniyyəti ilə cəlbedici olduğunu, Özbəkistanda böyük maraq və sevgi yaratdığını qeyd ediblər.

Muzeydə dünyada ən qədim insan yaşayış məskənlərindən biri olan Azıx mağarası, Qobustan – qədim insan yaşayış məskəninin, Bakı şəhərində yerləşən İçərişəhər abidələr kompleksinin, İrəvan şəhərindəki Göy məscidin, habelə Azərbaycanın Qarabağ bölgəsində yerləşən tarixi abidələrin maketləri xüsusi maraqla qarşılanıb.

Qeyd edək ki, muzeydə “Ənənəvi Azərbaycan kəndlisinin evi” adlı guşədə gündəlik istifadə edilən əşyalar, əmək alətləri, çoxsaylı eksponatlar və kompozisiyalar nümayiş etdirilir.

İştirakçılara məlumat verilib ki, muzeydə ən qədim dövrlərdən müasir dövrə qədər Azərbaycan dövlətləri - Manna, Midiya, Azərbaycan tarixinin şanlı səhifəsi - Səfəvilər imperiyası, Azərbaycan Xalq Cümhuriyyəti və müstəqil Azərbaycana aid tarixi xəritələr, habelə müstəqillik əldə etdikdən sonra ölkəmizin həyata keçirdiyi nəhəng layihələrə dair guşələr yaradılmış, milli musiqi alətlərimiz, geyimlərimiz, qədim və müasir pul əsginaslarımız, habelə dövlət rəmzlərimiz ayrıca olaraq sərgilənir.

Azərbaycanın son illər əldə etdiyi nailiyyətlər, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dünyanın ən nəhəng layihələrindən olan - Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, Bakı-Tbilisi Ərzurum qaz, Bakı – Tbilisi – Qars dəmiryolu layihəsi və s. haqqında muzeydə xüsusi bölmə yaradılıb.

Deyilib ki, muzeyə tez-tez Daşkənddəki ali və orta məktəblərin tələbələri üçün ekskursiyaların təşkil olunacağı nəzərdə tutulub.

Daha sonra DTM və AMM arasında əməkdaşlığa dair Memorandum imzalanıb. Memorandumda tərəflər xalqlarımızın tarixi, milli mədəniyyətinin təbliği, habelə bu istiqamətdə birgə layihələrin, tədbirlərin, sərgilərin təşkili və s. məsələlər öz əksini tapıb.

Tural         

Palitra.-2018.-2 oktyabr.-S.13.