“Dövlət Dağlıq
Qarabağ münaqişəsinin beynəlxalq hüquq
normaları əsasında həll olunması istiqamətində
siyasətini davam etdirir”
Dövlət
Komitəsində Xocavənd rayonunun işğal günü ilə
əlaqədar anım tədbiri keçirilib
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Xocavənd rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 26-cı ildönümü ilə əlaqədar sentyabrın 29-da anım tədbiri keçirilib. Tədbirdə Dövlət Komitəsinin sədri, sədr müavinləri, departament və şöbə rəhbərləri, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin üzvləri, Xocavənd rayonundan olan ziyalılar, “SABAH” qrupunun xocavəndli tələbələri və Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Çanq-gyunun oğlu Van Kim iştirak ediblər. Torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət Komitəsinin sədri Rövşən Rzayev tariximizin ağrılı səhifələrinin heç zaman unudulmayacağını qeyd edərək, Xocavənd rayonun işğalına səbəb olan amillərdən söz açıb, müstəqilliyin ilk illərində Azərbaycanda ictimai-siyasi böhranın hökm sürdüyünü, səriştəsiz və səbadsız hakimiyyətin respublikanın ərazisinin və əhalisinin təhlükəsizliyini qoruya bilmədiyini diqqətə çatdırıb. Xocavənd rayonunun azərbaycanlılar yaşayan kəndlərinin qəhrəman sakinləri özünümüdafiə qüvvələri yaradaraq uzun müddət düşmənə müqavimət göstərsələr də, 1992-ci il oktayabrın 2-də erməni silahlıları rayonu işğal ediblər. Onların 1992-ci ilin fevral ayında rayonun Qaradağlı kəndində törətdikləri kütləvi qırğın isə Qarabağda xalqımıza qarşı ilk soyqırımı kimi yaddaşlara əbədi həkk olunub və dünya birliyi tərəfindən hələ də öz hüquqi qiymətini almayıb.
Xocavənddən didərgin düşmüş əhalinin diqqət və qayğı ilə əhatə olunmasının Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra mümkünləşdiyini vurğulayan komitə sədri bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə güclənən və qüdrətlənən müstəqil dövlətimizin həm məcburi köçkünlərin problemlərinin həlli, həm də torpaqlarımızın işğaldan azad edilməsi üçün ardıcıl və təsirli tədbirlər həyata keçirdiyini bildirib. Qeyd edilib ki, bu il Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının və Bakının işğaldan azad edilməsinin 100 illiyi münasibətilə keçirilən iki möhtəşəm hərbi parad ölkəmizin gücünü və dövlətimizin qətiyyətini, ərazi bütövlüyümüzün bərpası üçün bütün imkanlara malik olduğumuzu bir daha göstərdi. Bununla belə, Azərbaycan münaqişənin dinc vasitələrlə həllinə tərəfdardır və sülh razılaşmasının əldə edilməsi, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması üçün səylərini əsirgəmir. O da qeyd edilib ki, digər məcburi köçkünlər kimi, xocavəndlilərin də normal həyat şəraiti ilə təmin olunması məsələsini Birinci vitse-prezident Mehriban Əliyeva şəxsən nəzarətdə saxlayır və bu məqsədlə zəruri tədbirlər görür.
Tədbirdə Beyləqan rayonu ərazisində yerləşən Xocavənd qəsəbəsində məcburi köçkünlərin məşğulluğunun təmin edilməsi üçün Koreya Respublikasının Azərbaycandakı səfirliyinin həyata keçirdiyi layihə barədə də məlumat verilib. Bildirilib ki, “Arı mənim işimdir” adlandırılan layihə çərçivəsində Xocavənd sakinlərindən bir qrupuna arıçılıqla məşğul olmaq imkanı yaradılıb və bu ildən həmin arıçılıq təsərrüfatında bal hasilatına başlanılıb. Anım mərasimində xocavəndli arıçıların ilk məhsulu nümayiş etdirilib və tezliklə bu təsərrüfatın rayonun işğaldan qurtarılacaq ərazilərinə köçürüləcəyinə inam ifadə olunub.
Dövlət Komitəsinin sədri Rövşən Rzayev arıçılıq təsərrüfatının yaradılması layihəsində fəal iştirakına görə Van Kimə təşəkkürünü bildirib və ona xatirə diplomu təqdim edib. Van Kim diplomat ailəsinin üzvü kimi, Azərbaycanda gördüyü qonaqpərvərlikdən danışıb, zəhmətkeş və bacarıqlı xocavəndlilərlə birgə işin uğurlu nəticə verməsindən məmnunluğunu bildirib.
Tədbirdə Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Xocavənd rayon şöbəsinin sədri, rayon ziyalılarının nümayəndələri, “SABAH” qrupundan olan xocavəndli tələbərlər çıxış edərək torpaqlarımızın azad edilməsi üçün Azərbaycan dövlətinin apardığı məqsədyönlü və ardıcıl siyasətin tezliklə nəticə verəcəyinə, xalqımızın qələbə gününü də qeyd edəcəyinə böyük ümid və inam bəslədiklərini deyiblər. Sonda Xocavənd rayonunun işğalından bəhs edən filmin nümayişi olub.
“Danışıqlar prosesində Azərbaycanın prinsipial mövqeyi birmənalı şəkildə ifadə edilir”
Yeri gəlmişkən, eyni gün Bakıda Qarabağ mitinqi keçirilib. Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib ki, Azərbaycan dövləti Ermənistanın işğalçı siyasəti nəticəsində meydana çıxmış Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunması istiqamətində qətiyyətli mövqeyini və siyasətini davam etdirir. Onun sözlərinə görə, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar zəruri addımlar atılır: “Danışıqlar prosesində Azərbaycanın prinsipial mövqeyi birmənalı şəkildə ifadə edilir. Azərbaycan dövləti bütün diplomatik imkanlardan və beynəlxalq tribunalardan istifadə edərək Dağlıq Qarabağ münaqişəsinin həllinin zəruriliyini daim diqqət mərkəzində saxlayır. Bununla yanaşı, Azərbaycan Ordusunun gücləndirilməsi – ölkəmizin hərbi qüdrətinin daha da artırılması istiqamətində məqsədyönlü fəaliyyət uğurla davam etdirilir. Paytaxt Bakıda keçirilən son iki möhtəşəm hərbi parad ən müasir silahlarla təchiz edilmiş Azərbaycan Ordusunun qüdrətini bir daha nümayiş etdirdi. Digər tərəfdən, qaçqın və məcburi köçkünlərin problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, müharibə veteranlarına, şəhid ailələrinə yüksək diqqət və qayğı göstərilməsi Azərbaycan iqtidarının Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə və onun nəticələrinin aradan qaldırılmasına olan münasibətini əks etdirir. Bütövlükdə isə Azərbaycan iqtidarı və xalqı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində sıx birlik nümayiş etdirir”.
YAP İcra katibinin müavini onu da diqqətə
çatdırıb ki, istənilən insan Qarabağla
bağlı mətbuatda, televiziyada, sosial şəbəkələrdə
və müxtəlif informasiya resurslarında fikir bildirə
bilir: “Biz bunu, xüsusilə Azərbaycan Ordusunun Aprel
döyüşləri və Naxçıvan əməliyyatında
düşmənin təxribatçı hərəkətlərinə
layiqli cavab verməsi və mühüm qələbə
qazanması zamanı da müşahidə etdik. Belə olan
halda, bəzi “siyasi oyunbazlar”ın “Qarabağ mitinqi” adı
altında Dağlıq Qarabağ münaqişəsinin həlli
məsələsinə deyil, şəxsi münasibətlərini
aydınlaşdırmağa həsr etdikləri, öz
maraqlarını təmin etmək üçün vasitəyə
çevirdikləri mitinq keçirməsi Azərbaycan cəmiyyəti
tərəfindən haqlı narazılıq və etirazla
qarşılandı. Digər tərəfdən, vaxtilə
“Qarabağ kartı” ilə hakimiyyət uğrunda çirkin
mübarizə aparanların, Azərbaycanın strateji
baxımdan əlverişli rayonlarını,
Laçını, Şuşanı və Kəlbəcəri
satanların, Xocalı soyqırımından hakimiyyətə
gəlmək üçün istifadə edənlərin,
dövlət çevrilişlərində iştirak edənlərin,
Azərbaycanda hərc-mərcliyin – xaosun yaranmasına cəhd
göstərənlərin mitinqdə iştirakı olduqca
gülünc və paradoksaldır. Həmin şəxslər
mitinqdə Qarabağ məsələsini manipulyasiya vasitəsinə
çevirərək Azərbaycan hakimiyyətini ittiham edən,
üstəlik, mitinqin mövzusuna aidiyyəti olmayan absurd fikirlər
səsləndirdilər. Onlar, guya, Qarabağ məsələsi
üçün toplaşmışdılar, amma “Qarabağ kartı”
vasitəsilə olmayan nüfuzlarını artırmaq məqsədilə
Azərbaycan dövləti və iqtidarı əleyhinə
fikirlər ifadə etməklə mitinqi primitiv “siyasi şou”ya
çevirdilər. Əlbəttə, Azərbaycan cəmiyyəti
bu cür antimilli şəxslərin xalqımızın və
dövlətimizin mənafeyinə zidd fikirlərini,
mövqeyini ikrah hissi ilə qarşılayır. Azərbaycan
vətəndaşları bu şəxslərin əqidəsinə,
xalqa və dövlətə münasibətinə
yaxşı bələddir. Belələri konkret olaraq
Dağlıq Qarabağ probleminin həlli məsələsində
ermənilərlə eyni mövqedən çıxış
edirlər, erməni təbliğat maşınının
absurd tezisləri və iddialarını səsləndirirlər.
Əgər belə olmasaydı, mitinqdə onların ittiham
xarakterli fikirlərinin ünvanı – hədəfi Azərbaycan
dövləti və hakimiyyəti deyil, bilavasitə təcavüzkar
Ermənistan olardı. Onlar bu məsələdə
torpaqlarımızı işğal altında saxlayan təcavüzkar
Ermənistanı yox, Azərbaycan dövlətini və
iqtidarını hədəfə çevirməyə
çalışmaqla milli maraqlara zidd mövqedə
olduqlarını bir daha nümayiş etdirdilər”.
Fuad Hüseynzadə
Palitra.-2018.-2 oktyabr.-S.11.