Sönməz Abbaslı:
“Atamın gəncliyi doğulduğu İrəvan şəhərinin
arxivlərində keçdi”
Folklor xalqın taleyində mühüm rol
oynayan bir sahədir. Xalq folklor nümunələrini illərlə,
əsrlərlə vaxt sərf edərək yaradır və gələcək
nəsillərə ötürərək onu yaşatmağa
çalışır. Bir xalqın folkloru nə qədər
zəngindirsə, həmin xalq da bir o qədər zəngin tarixə,
ədəbiyyata malikdir. Bu baxımdan, folklorumuzun toplanması,
öyrənilməsi, tədqiqi hər zaman alimlərimizi
maraqlandırıb. Bu sahəyə XIX - XX əsrlərdən
başlayaraq böyük maraq yaranmışdır. Məhz bu
səbəblə də xalq arasından folklor nümunələri
toplanmış və irihəcmli kitablar çap edilmişdir.
Əlbəttə ki, bu sahədə fədakar alimlərin əməyi
təqdirəlayiqdir. Qonşu xalqlarla bağlı folklor əlaqələrinin
öyrənilməsinə hər zaman maraq olub. Bu sahədə
mərhum alimlərimizdən olan İsrafil Abbaslının əməyi
xüsusilə vurğulanmalıdır. Məhz bu səbəblə
də alimin qızı, AMEA-nın Folklor İnstitutunun Klassik
folklor şöbəsinin aparıcı elmi işçisi,
filologiya üzrə fəlsəfə doktoru, dosent Sönməz
Abbaslı ilə olan müsahibəni təqdim edirik:
- Sönməz
xanım, İsrafil Abbaslının Azərbaycan folklorunun
inkişafında müstəsna xidmətləri var. Bu gün
də dəyərli alimin xidmətləri xatırlanır. Bu
baxımdan, öncə atanızın təhsilindən
söhbət açardınız.
- Atam İsrafil İsmayıl oğlu Abbaslı 1938-ci ildə qədim türk-oğuz yurdu İrəvan şəhərində ziyalı ailəsində anadan olub. Orta təhsilini şəhər Azərbaycan orta məktəbində alıb və atası İsmayıl Mirzə oğlu Abbasov Böyük Vətən müharibəsində iştirak edərək 1942-ci ildə cəbhədə həlak olub. O, 1942-ci ildən şəhər və kənd məktəblərində həyatı boyu dil-ədəbiyyat müəllimi işləmiş anası Həqiqət Abbas qızı Salmanovanın himayəsində yaşayıb. 1945-ci ildə Vedibasar rayonu Qaralar kəndindəki 7 illik məktəbin 1-ci sinfinə qəbul olur və 1948-1954-cü illərdə İrəvan şəhər S.M.Kirov adına Azərbaycan orta məktəbində təhsilini davam etdirir. 1954-1955-ci illərdə ilk əmək fəaliyyətinə Vedibasarın Qaralar kənd məktəbində kitabxanaçı kimi başlayıb. 1955-1960-cı illərdə İrəvan Dövlət Pedaqoji İnstitutunda təhsil almış və institutun Tarix-filologiya fakültəsini bitirib. 1960-cı ildən Bakı şəhərində məskunlaşıb. 1961-1963-cü illər Bakı şəhər Nərimanov rayonundakı 1 saylı fəhlə-gənclər məktəbində dil-ədəbiyyat müəllimi işləyib. 1963-cü ildən Azərbaycan Milli Elmlər Akademiyası Dil və Ədəbiyyat İnstitutunun Sovet ədəbiyyatı və Folklor şöbələrində baş laborant işləyib. Daha sonra Folklor şöbəsində kiçik elmi işçi kimi fəaliyyətə başlayıb.
1966-cı ildə filologiya elmləri namizədi alimlik dərəcəsinə yiyələnib. 1986-cı ildə Folklorşünaslıq ixtisası üzrə doktorluq dissertasiyası müdafiə edib və 1987-ci ildən Nizami adına Ədəbiyyat İnstitutunda Folklor şöbəsinin müdiri vəzifəsində çalışıb. 1998-ci il AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Folklor Elmi-Mədəni mərkəzində Folklor şöbəsinin və 2003-cü ildən isə AMEA Folklor İnstitutunun “Azərbaycan folkloru” şöbələrinin müdiri vəzifələrini icra edib.
- İsrafil
müəllim çalışdığı dövrlərdə
dəyərli kitablar ərsəyə gətirib, ədəbiyyatşünaslığımıza
və folklorşünaslığımıza öz töhfələrini
verib. Bu gün də alimin əsərləri mütaliə
edilir. Atanızın ağır əməyi sayəsində ərsəyə
gələn əsərlərdən söhbət
açardınız.
- Bəzən deyirlər ki, “Hər dəfə alim öləndə bir kitabxana yanıb kül olur”. Bəzən də “İnsan ölür, insanlıq qalır, alim ölür, alimlik qalır”, “Alimlər ölmür. Onlar Allahın hüzurunda şəhid dərəcəsindədirlər” deyirlər. Hər halda, artıq xatirəyə dönən, həm insanlığın, həm də alimliyin zirvəsini fəth etməyi bacaran, ömrünün 50 ilindən artıq bir dövrünü Azərbaycan Milli Elmlər Akademiyasının divarları arasında keçirən, heç vaxt saflığını itirməyən, ömrünün 75-ci baharında həyatla əbədi vidalaşan filologiya elmlər doktoru, professor İsrafil Abbaslı da adını tarixdə yaşayacaq nəhəng folklorşünaslar cərgəsinə yazdıra bildi. O, Azərbaycanı qarış-qarış gəzərək, şifahi söz sənəti incilərini topladı, onlara əbədi ömür qazandırdı. Demək olar ki, bütün gəncliyini doğulduğu İrəvan şəhərinin arxivlərində keçirən bu cəfakeş insanın elmə gəlişi və pillə-pillə yüksəlişi gərgin əməyinin nəticəsində mümkün oldu. İ.Abbaslı yaşadığı müddətdə fasiləsiz yazıb-yaratdı, fundamental problemlərə və mövzulara toxundu, onu yaşadacaq, xatırladacaq bir sərvət - irs qoyub getdi. Prof. İ.Abbaslının ən böyük xidmətlərindən biri onun İrəvan şəhərinin arxiv, fond və kitabxanaları ilə bağlılığıdır. O, Azərbaycan xalqının maddi-mənəvi mədəniyyətinin ermənidilli mənbələrdə araşdırılmasının mühüm problemlərdən olduğunu qeyd edib. Əsərlərində erməni qaynaqlarında Azərbaycan folklorunun öyrənilməsi problemlərinə toxunub və erməni dilinə mükəmməl yiyələnmiş İ.Abbaslı erməni əlifbası ilə yazıya alınmış mənbələri araşdıraraq elmə məlum olmayan mətnləri üzə çıxarıb. İ.Abbaslı həm də Moskva, Tbilisi və Bakının arxiv və fondlarında axtarışlar aparıb. İ.Abbaslının “Azərbaycan folkloru XIX əsr erməni mənbələrində”, “Azərbaycan dastanlarının yayılması və təsiri məsələləri”, “Azərbaycan həqiqətləri” və s. kitablarında, eyni zamanda silsilə məqalələrində bu məsələlər geniş şəkildə öz əksini tapıb. İ.Abbaslının “Azərbaycan dastanlarının yayılması və təsiri məsələləri” adlı monoqrafiyası Azərbaycan dastanşünaslığına böyük bir töhfədir. Ermənilərin qeydə aldığı materialları üzə çıxarmaq alimin Azərbaycan folkloruna böyük xidməti hesab oluna bilər. Qeyd edək ki, tədqiqatın ərsəyə gəlməsi üçün alim bir neçə gərgin işi üzərinə götürmüşdür: O, həm bu materialları təhrifə yol vermədən oxumuş, üzünü köçürmüş, həm də mətnşünas kimi transkripsiya, transliterasiyası ilə məşğul olub. İ.Abbaslı müxtəlif dövrlərdə erməni əlifbası ilə yazıya alınmış Azərbaycan dastanlarını, eyni zamanda xalq romanlarında dastan şeirlərini üzə çıxarıb. İ.Abbaslı əlyazmalarda saxlanan folklor materiallarının ümumi mənzərəsini verməklə kifayətlənməmiş, həm Azərbaycan dilində olan dastanları, nəsr hissəsinin azərbaycanca, şeirlərinin ermənicə qələmə alındığı dastanları, nəsr hissəsi ermənicə, şeirlərinin isə azərbaycanca yazıya alındığı dastanları və tamamilə erməni dilində yazılmış dastanları üzə çıxarıb. İ.Abbaslı uzun illər “Koroğlu” dastanının tədqiqi ilə məşğul olub. İlk dəfə “Koroğlu” eposunun Paris nüsxəsini (Aleksandr Xodzko variantını) çapa hazırlayıb, kitaba yazılmış ön söz, qeyd və şərhlər onun adı ilə bağlıdır. Eyni zamanda eposun H.Əlizadə variantının təkrar nəşrlərində xüsusi əməyi olub. Dastanın 25 qoldan ibarət mətnini isə prof. Bəhlul Abdulla ilə birgə 2000-ci ildə rus dilində nəşr edərək elmi ictimaiyyətə təqdim ediblər. Alimin son illər nəşr olunmuş ikicildlik “Folklorşünaslıq axtarışları” kitabında folklorumuzun müxtəlif məsələləri öz həllini tapır. İrəvan arxivlərindən Qövsi Təbrizinin “Divan”ı, Bəhul Bəhcətin “Qaçaq Nəbinin tarixi” əsərinin nəşrləri onun gərgin əməyinin nəticəsidir. Təbii ki, “Folklorşünaslıqda İ.Abbaslı kim idi?” - sualına, şübhəsiz ki, yaxın gələcəkdə onun tədqiqatçılıq fəaliyyəti tədqiq edilərək, diqqətlə araşdırılaraq ətraflı cavab tapılacaq.
-İsrafil
Abbaslının Folklor İnstitutunda fəaliyyəti də
oxucularımız üçün maraqlı olar.
- İsrafil müəllimin Folklor İnstitutunda fəaliyyətinin bünövrəsi AMEA-nın Ədəbiyyat İnstitutundakı Folklor şöbəsi ilə başlayır. Belə ki, o, 1987-ci ildən Nizami adına Ədəbiyyat İnstitutunda Folklor şöbəsinin müdiri seçilib, həmin ildən İnstitut Elmi Şurasının və eyni zamanda Müdafiə Şurasının üzvü olub, hazırda Folklor İnstitutu kimi fəaliyyət göstərən Folklor Elmi - Mədəni mərkəzinin yaranmasının təşəbbüsçüsü və təşkilatçılarından biri olub, ömrünün sonuna kimi AMEA Folklor İnstitutunun Klassik folklor şöbəsinin müdiri olub. İ.Abbaslı Folklor İnstitutunun nəşrinə başladığı “Azərbaycan folklorunun ilkin nəşrləri” seriyasından bir çox qiymətli kitabların həyata ikinci kəs vəsiqə qazanmasına yardım edib.
Alim elmi dərəcəsi olan kadrların hazırlanmasında bilavasitə iştirak edib, filologiya üzrə (folklorşünaslıq ixtisası) 1 doktorluq, 16 namizədlik dissertasiyasının elmi rəhbəri olub, uzun illər Azərbaycan Respublikası Prezidenti yanında AAK-nın folklorşünaslıq üzrə eksperti kimi fəaliyyət göstərib.
- İsrafil
müəllimin “Azərbaycan həqiqətləri” kitabı bu
gün xüsusi aktuallıq kəsb edir. Bu haqda
oxucularımıza məlumat verməyinizi xahiş edirik.
- İ.Abbaslının erməni ədəbi mənbələri əsasında hazırladığı “Azərbaycan həqiqətləri (erməni ədəbi mənbələrində)” kitabı həm öz dilimizdə, eləcə də türk, rus və ingilis dillərinə tərcümə edilərək çap edilib və bütün dünyaya yayılıb. Bu kitabda Azərbaycan dili, ədəbiyyatı, folkloru, musiqisi barədə erməni ziyalılarının etirafları əksini tapıb. Bu baxımdan, “Azərbaycan həqiqətləri” Azərbaycan elminin və mədəniyyətinin inkişafı üçün qiymətli xəzinə hesab edilə bilər. İ.Abbaslının “Azərbaycan həqiqətləri” kitabı inkarolunmaz faktlarla zəngindir. Bu kitabda erməni mədəniyyətinin, erməni dilinin formalaşmasında Azərbaycan-türk dilinin əhəmiyyətli rolu önə çəkilir. Arakel Təbrizli, Xaçatur Abovyan, Mikayıl Nalbandyan, Qazaros Ağayan, Ovanes Tumanyan, Arakel Babaxanyan, Manuk Abeqyan, Avedik İsaakyan, Qurqen Boryan və digərlərinin Azərbaycan dili, Azərbaycan folkloru ilə bağlı söylədikləri faktlar diqqətə çatdırılır. Prof. İ.Abbaslı kitaba “Müəllifdən” başlıqlı yazısında elmi, ictimai-siyasi durumun əksər daşıyıcılarına bəlli olan bu elmi, bədii, publisistik mülahizələrin tarixi reallıqların axarında formalaşdığını qeyd edərək yazır: “Əlbəttə, ermənidilli məxəzlərdən - tarixi xronikalardan (V-XVIII ə.) tutmuş ayrı-ayrı yüzilliklərə aid əlyazmalarına, “xalq kitabları”na, onlarla şair və yazıçıların əsərlərinə, elm və din xadimlərinin araşdırmalarına qədər Azərbaycan türkləri və onun mədəni-mənəvi irsi ilə bağlı söylənilmiş mülahizələri bir toplu çərçivəsinə sığışdırmaq mümkün deyil. Bu nəşrdə isə Azərbaycan mənəvi mədəniyyətinin təsir gücü və yayılma çevrəsini müəyyənləşdirən obyektiv və məntiqi mülahizələr, tezislər və bütün bunları özündə toplayan etiraflar sistemləşdirilmişdir”.
(ardı var)
Söhbəti qələmə
aldı:
Mahmud Əyyublu
AAB-nin
üzvü
Palitra.-2018.-2 oktyabr.-S.15.