“Erməni dilinin yarısı
türk və fars sözlərindən ibarətdir”
(əvvəli
ötən sayımızda)
Prof. İ.Abbaslı həm də tarixi kəsimlərin doğurduğu qənaətlərə üz tutmağın aktual məsələ olduğunu vurğulayaraq onların bir sıra mətləblərə aydınlıq, aşkarlıq gətirəcəyini qeyd edir.
Qeyd edək ki, tarix boyu Azərbaycan dilinin gözəlliyi erməni alimlərinin diqqətini cəlb edib. İki fakta nəzər salaq: Erməni yazıçısı, maarifçi, demokrat və pedaqoq Xaçatur Abovyan ərəb və fars dillərinə müsəlmanlar arasında hörmətin onların mömin və mütəəssirliyindən irəli gəldiyini qeyd edərək Azərbaycan dilini xüsusi vurğulayır: “Amma özünün poetikliyi, səslənməsi və axıcılığına görə tatar (Azərbaycan-İ.A.) qrammatik baxımdan bütün dillər arasında yeganə dildir”.
Digər fakt: “Bizim yeni dilimizin (aşxarabar-İ.A.) yarısı türk (Azərbaycan- İ.A.) və fars sözləridir.... onların dili bizim millətin ağzına o qədər dadlı gəlmişdir ki, ermənilər öz dillərini buraxıb nəğmə, nağıl, zərb-məsəlləri türkcə (azərbaycanca-İ.A.) deyir, səbəbi? Çünki buna adət etmişlər” kimi nümunələrdən erməni aliminin dilimizə münasibəti açıq-aydın hiss olunur.
İ.Abbaslının sözügedən kitabında Xaçatur Abovyanın dilimizlə yanaşı, şifahi söz sənətimizə, konkret olaraq bayatılara münasibəti də diqqətdən qaçmır: “Bayatıları o məqsədlə yazmışam ki, məclisdə çörək üstə türklərin (azərbaycanlıların ─ İ.A.) söylədiyi belə şeylərdən qoy ermənilər də ermənisayağı desin ki, az-çox dilləri şirinləşsin. Heç nə dili o qədər şirinləşdirmir, nəinki nəğmə və şeir. Ümidvaram ki, camaat daha yaxşısını düzəldəcək”.
Tanınmış erməni yazıçısı, pedaqoq Qazaros Ağayanın da bayatılarımızla bağlı fikirləri maraq doğurur. O yazır: “Ozamankı nəğmələrdən ən başlıcası və yayılmış olanı bayatılardır. Elə nəğmələr vardır ki, onu ancaq aşıqlar bilir, elələri də vardır ki, onları aşıq olmayanlar da bilir və oxuyurlar, lakin bayatını hamı bilir, böyüklər də, kiçiklər də, qadınlar da, kişilər də. Öz kədərlərini, çətin vəziyyətlərini, qüssələrini, qayğılarını bayatılarla ifadə edirlər, öz sevgilərini, arzularını, həsrətlərini bayatılarla bildirirlər, öz şikayətlərini, müraciətlərini, etirazlarını bayatılarla ifadə edirlər, öz ölülərinin matəmini bayatılarla saxlayırlar, ən nəhayət, hər növ fikir və duyğularını bayatılarla ifadə edirlər”.
Qeyd edək ki, bu kitabda erməni aşıqlarının doğma dilimizdə yazıb-yaratmalarını da təsdiq edən faktlar üzə çıxır. XIX əsrin sonu, XX əsrin əvvəllərində yaşamış din xadimi, folklor toplayıcısı, naşir Tridat Yepis Balean “Erməni aşıqları” kitabında aşıqların istifadə etdikləri alətlərin adlarını sadaladıqda saz, santur, kaman, yaxud kamança, bağlama kimi musiqi alətlərimizi qeyd etməsi, eyni zamanda oxuduqları şeirlərin adlarının (qoşma, dastan, qələndər, müstəzad-qələndər, müxəmməs-qələndər, divani, qəzəl, rübai-divani, müsəddəs-divani, səmayi və s.) da türkcə olmasını vurğulaması danılmaz faktlardır. Digər bir tanınmış folklor toplayıcısı və naşiri Geğam Tarverdiyanın toplama zamanı üzləşdiyi həqiqətlər də gözdən qaçmır: “Mənim topladığım erməni aşıqlarının müəyyən hissəsi tamamilə azərbaycanca şeir söyləmişdir. Qalan aşıqların əksəriyyəti isə öz əsərlərini Azərbaycan və erməni dillərində yaratmışdır. Yalnız ermənicə şeir qoşan aşıqların sayı 20-25-dən artıq deyildir”.
Prof. İ. Abbaslının adıçəkilən əsərində dilimizdəki bəzi atalar sözlərinin erməniləşdirilmiş variantları da nəzərə çarpır. “Kefi konne, kyandı kyoxvini”, “Bir ıli u pir ıli” və “Hasan keçal, keçal Hasan” erməni atalar sözlərinin “Kef sənindir, kənd koxanın”, “Bir olsun, pir olsun”, “Ya Həsən keçəl, ya keçəl Həsən” kimi Azərbaycan atalar sözlərinin erməniləşdirilmiş variantı olması erməni folklorşünası, akademik A.T.Qanalanyanın “Atalar sözü” toplusundan bəlli olur. Erməni folklorşünası öz fikrini bir daha təsdiq edərək yazır: “Misal gətirilən hər üç atalar sözü ermənilər və azərbaycanlıların birgə yaşadıqları (Qarabağ, Zəngəzur və s.), yaxud Azərbaycanla həmsərhəd olan yerlərdə yazıya köçürülmüşdür, bir də onunla təsdiq etmək olar ki, həmin atalar sözlərində olan kənd, bir, pir (yaxşı, sədaqətli) sözləri və Həsən xüsusi adı ermənicədə ayrıca işlədilmir və azərbaycancadan gəlir”.
Bu cür etiraflar İ.Abbaslının əsərində saysız-hesabsızdır. Göründüyü kimi, erməni ziyalıların söylədiyi bu inkarolunmaz fakt və həqiqətlər dilimizin, folklorumuzun, ədəbiyyatımızın zənginliyini, əsrarəngizliyini, möhtəşəmliyini göstərməklə mədəni irsimizin erməni mədəniyyəti üzərindəki hakimliyini və təsirini bir daha sübut edir. Bunu biz deyil, onlar özləri açıq-aşkar etiraf edirlər. Bizə isə bu həqiqətləri ─ İ.Abbaslının arayıb araşdırdığı Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq qalır.
- Bildiyimiz kimi,
siz də Folklor İnstitutunda çalışırsınız
və atanızdan gələn bu ənənəni layiqli bir
şəkildə davam etdirirsiniz. Özünüz haqda
oxucularımıza məlumat verməyinizi xahiş edirəm.
- Mən ixtisasca filoloqam. Azərbaycan Dillər Universitetinin ingilis dili üzrə bakalavr, Xarici və ölkə xalqları ədəbiyyatı (İngilis və Amerika ədəbiyyatı) üzrə magistr pilləsini qırmızı diplomla bitirmişəm. Təxminən 9 il özəl məktəblərin birində İngilis dili müəllimi kimi çalışmışam. Amma ailədən, qandan-kökdən gələn ənənənə məni folklora bağladı. Belə ki, 2007-ci ildə AMEA-nın Folklor İnstitutunun doktoranturasına daxil oldum və 2012-ci ildə “Azərbaycan lətifələrinin regional xüsusiyyətləri” mövzusunda dissertasiya müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi aldım. Hazırda “Qarabağ folklor mühitinin tipologiyası” mövzusunda dissertasiya üzərində çalışıram.
- Hal-hazırda
Folklor İnstitutunda çap olunan əsərlərdə sizin
də əməyiniz var. Apardığınız tədqiqatlardan,
nəşr etdirdiyiniz kitablardan və ya nəşrə
hazırladığınız əsərlərdən
söhbət açardınız.
- “Azərbaycan lətifələrinin regional xüsusiyyətləri” adlı monoqrafiyam 2012-ci ildə işıq üzü görüb. Bundan başqa, institutumuzda nəşr olunan bir çox kitabların tərtibçisiyəm. “Güney Azərbaycan folkloru” seriyasının I və II cildləri bizim tərtibimizlə həyata vəsiqə qazandı. “Azərbaycan folklorunun ilkin nəşrləri seriyası”ndan Hümmət Əlizadənin “Azərbaycan el ədəbiyyatı (Nağıllar)” kitabını, İsrafil Abbaslının Koroğlu ilə bağlı araşdırmalarının cəmləndiyi “Koroğlu: Nə var, nə yox?” və onun xatirələrinin, haqqındakı yazıların toplusu olan “Nurlu ömürdən xatirələr” kitabını, eləcə də “Vəli Xuluflu-120”, “Ceyhun Hacıbəyli-125”, “Rza Vəlilov-70” kitablarını tərtib etmişəm. Bu yaxınlarda isə tərtibçisi, qeyd, şərh və izahların müəllifi olduğum, AMEA Folklor İnstitutu ilə SOCAR-ın birgə layihəsi əsasında nəşr olunmuş “Molla Nəsrəddin lətifələri” kitabımız elmi ictimaiyyətə təqdim olundu.
- Bir gənc alim
kimi gələcək planlarınız da bizlər
üçün maraqlıdır.
- AMEA Folklor İnstitutunun 1994-cü ildən nəşrinə başladığı və sayı 20 cildi keçən “Azərbaycan folklor antologiyaları”nın yalnız bir cildinin ─ V cildin Qarabağın şifahi söz sənətini əhatə etməsi, eyni zamanda bölgə ilə bağlı bir neçə toplunun nəşri bu sahədə ilk addım olsa da, bu zəngin torpağın elə özü kimi də zəngin folklorunu ehtiva etməyə yetməzdi. Məhz bu məqsədlə AMEA Folklor İnstitutu 2012-ci ildə tarixi bir missiya həyata keçirərək “Qarabağ folklorunun toplanması, sistemləşdirilməsi və araşdırılması” üzrə xüsusi layihə hazırlamış və bir çox əməkdaşın birgə iştirakı ilə onun icrasına başlamışdır. Layihə çərçivəsində 10 cildi əhatə etməsi nəzərdə tutulan “Qarabağ: folklor da bir tarixdir” adı altında çoxcildliklərin nəşrinə start verilmişdir. Artıq adıçəkilən çoxcildliyin 10 cildi nəşr olunub və elmi ictimaiyyətin sərəncamına verilib. Bu layihə üzrə yerinə yetirilməsi vacib olan bir sıra vəzifələr qarşıya qoyulub ki, onları xatırlatmağı vacib sayırıq. Bu vəzifələrə Qarabağ bölgəsinə və bu bölgədən olan məcburi köçkünlərin kompakt yaşadığı yerlərə folklor ezamiyyətlərinin təşkil edilməsi və toplama işlərinin aparılması; toplama materiallarının sistemləşdirilməsi və arxivləşdirilməsi; toplanmış materialın dəyərləndirilməsi ilə bağlı seminar, konfrans və simpoziumların keçirilməsi; toplanmış materiallarla bağlı tədqiqat mövzularının müəyyənləşdirilməsi və elmi araşdırmaların aparılması; toplanmış nümunələrdən ibarət topluların nəşrə hazırlanması; mərasimləri, xalq oyun və tamaşalarını, musiqi folklorunu əks etdirən videomaterialların hazırlanması və s. aiddir.
Qarşıya qoyulan vəzifələrin çox hissəsinin az bir zaman kəsiyində uğurlu şəkildə həyata keçirilməsi artıq Qarabağ folkloru ilə bağlı geniş elmi araşdırma aparmağın zəruriliyini və aktuallığını təmin edir. Bu gün ərazisinin 20%-dən çoxunun işğal edildiyi, bir milyondan artıq əhalisinin qaçqın düşdüyü bir ölkənin düşmən tapdağı altında qalan torpaqlarının şifahi söz sənətini toplamaq, onu elmi müstəviyə çıxarmaq Qarabağla bağlı aparılan siyasətin əsas prioritetlərindəndir. Çoxəsrlik tarixə söykənən Qarabağın Azərbaycan folklor xəritəsində öz yeri və mövqeyi var. Əcdadlarımızın ilk yaşayış məskəninin Qarabağ ərazisində olması, əsilli-köklü və elitar təbəqənin bu bölgədə cəmlənməsi zəngin şifahi söz sənəti irsindən xəbər verir. Həm mövzu genişliyinə, həm məzmun rəngarəngliyinə, həm də spesifik çalarlılığına görə Qarabağın folklor mühiti Azərbaycan folklor xəritəsində əvəzsiz və böyük rol oynayıb. Biz də hal-hazırda “Qarabağ folklor mühitinin tipologiyası” mövzusunda tədqiqat aparırıq. Elmi jurnallarda, ölkəmizdə və xaricdə keçirilən konfranslarda, simpoziumlarda vaxtaşırı mövzu ilə bağlı məqalə və məruzələrlə iştirak edirik.
- Sonda
oxucularımıza sözünüz...
- Sizə, qəzetinizin bütün əməkdaşlarına, eləcə də oxucularınıza mənalı xoş günlər diləyirəm. Hər zaman bol oxucu sevgisi ilə əhatələnəsiniz.
Söhbəti qələmə
aldı:
Mahmud Əyyublu
AAB-nin
üzvü
Palitra 2018.- 3 oktyabr.- S.15.