Ağasəf
İmran
Son görüşlər
Ona
demişdilər ki, boğazında xərçəng
xəstəliyi var. Amma bunu ailəsindən gizlədirdi. O
özünə yer tapmırdı, darıxırdı və
vurnuxurdu. Bəlkə də buna “əcəl vurnuxması”
demək olardı. Onu tək qoymaq olmazdı...
Axşamüstü
idi, işdən evə təzəcə
qayıtmışdım. Mənə zəng vurdu:
- Salam,
müəllim - dedi, vaxtın varsa, gəl bir nərd oynayaq.
-
Gəlirəm, - dedim.
Evdən
çıxanda mətbəxə göz gəzdirdim və
əlimə bir banka albalı mürəbbəsi keçdi.
Onu özümlə götürdüm.
Həyətdə
məni qarşıladı.
- Dedim ki,
bir balaca ayaqlarım açılsın. Həm də
dükandan bir-iki şey almalıyam,-deyərək
salamlaşdı.
Dükana
dəyib evə qalxdıq. Əvvəlcə məni eyvana
dəvət elədi. Buradakı şkafda müxtəlif
mürəbbə bankaları yan-yana
düzülmüşdü.
-
Görürsən, qoz mürəbbəsindən qarpız
mürəbbəsinə qədər nə desən var. Amma
sənin gətirdiyin albalı mürəbbəsini stola
qoyacağam. Atalar deyib ki, dost payı şirin olar,-deyə,
zarafata başladı.
İkimiz
birlikdə çay hazırladıq, dəm hazır olanda limon
və stəkanları gətirdi:
-
Çaysız nə nərd? Çayımızı
içə-içə nərdimizi oynayaq, sonra yemək
işinə baxarıq.
- Hə...
keçən dəfə, o biri evinizdə, eyvanın
altında saldığın bağçada məni yaman uddun.
Bəlkə, bu dəfə mən o məğlubiyyətin
əvəzini çıxdım, - deyərək, zarafatla
nərd oynamağa başladıq.
Söhbətlərimizə
zarafatlar da qatıb 3 tas nərd oynadıq. Deyib güldük.
O durub televizoru açdı: - “yaxın yola yük
daşımaq” vaxtıdır, - dedi. O, yalnız mənimlə
söhbətlərində bu ifadəni işlədərdi.
Çünki bu söhbəti ilk dəfə mən ona
danışmışdım. Belə ki, sürücü olan
qohumlarımdan biri demişdi ki, şoferlərin jarqon
ifadələrində “yaxın yola yük daşımaq” -
“yemək” deməkdir. Axşamdan başlanan
söhbətlərimiz, oyunlarımız və
yeyib-içməyimiz gecə saat birə işləmiş
tamamlandı. Mən onunla sağollaşdım və evə
qayıtdım. Təzə evində, onunla çox yaxın
olmasa da, qonşu idik.
Bir
həftə keçmişdi. Şənbə günü
iş günü olmadığından,
həyətimizdəki ağacların arasında
gəzişirdim. Mobil telefonuma zəng gəldi. O idi:
-
Müəllim, gəlsənə şəhərdən
çıxaq.
-
Paltarımı dəyişib yola çıxıram, - deyib
razılıq verdim.
Magistral
yola yenicə çıxmışdım ki, maşın
qarşımda dayandı. Tək deyildi. Qardaşı
yanında idi. Sükan arxasında özü oturmuşdu.
Salamlaşdıq. Maşına oturanda soruşdum:
- Hara
gedirik?
-
Sumqayıta...Deyirlər, orada bir yerdə yaxşı
yeməklər verirlər. Həm də mənim bir
işçim gələcək.
-
Bəlkə, bizim müəllim dostumuzu da dəvət
edək. O da Sumqayıtda yaşayır,- dedim.
Mənim
mobil telefonumu alıb özü danışdı və hara,
necə gəlmək lazım olduğunu izah etdi.
Biz
artıq kafeyə çatmışdıq. Onun işçisi
kafenin həyətində bizi qarşıladı. Oturduq.
Sifarişimizi verdik. Yeyib-içməyimiz gəldi.
Söhbət edə-edə yeməyə
başlamışdıq ki, müəllim dostumuz da gəlib
çıxdı. Xeyli söhbətləşdik,
yeyib-içdik, deyib-güldük və həqiqətən,
vaxtın necə keçdiyini bilmədik. Ona da bu lazım idi.
Vaxtı keçirmək və xəstəlik barədə
düşünməmək! Axşam düşəndən
sonra evə qayıtdıq. Mən magistral yolda
düşdüm ki, maşın bizim qazılmış yolda
palçığa batıb qalmasın.
Çiskin
yağış var idi.
- Qoy
səni aparım evə qədər, maşın batsa da,
qoyaram qalar orada, özümüz qısa yolla piyada gedərik
evə,-deyə israr etdi.
- Yox!
Ən yaxşısı, mən özüm piyada
gedərəm və arxayın olaram ki, siz də rahat evə
çatdınız,- deyə etiraz etdim və
xudahafizləşib ayrıldıq.
*
Novruz
bayramının günü idi. Günorta çağı
ondan zəng gəldi:
-
Müəllim, evdəsənsə gəlim,
şəhərdən çıxaq.
- Gəl, -
dedim, - amma magistralda gözlə. Bilirsən ki, bizim yol
xarabdır.
Razılaşdıq.
Mən magistrala çıxanda o məni maşınında
gözləyirdi. Bu dəfə tək idi. Salamlaşdıq.
- Haraya
gedirik? –deyə soruşdum.
-
Hələ gedək, yolda baxarıq. Münasib yerdə
düşərik.
Şamaxıya
çatdıq. Bir azdan Ağsu aşırımını da
ötdük. İsmayıllı meşələrinə
yaxınlaşdıq. Söhbətimiz şirin idi deyə,
məsafəni və vaxtı hiss etmədik. Bir istirahət
guşəsinə çatanda maşını
həyətə sürdü və gecə qalmaq
üçün imkan olub-olmadığını soruşdu.
Var,-dedilər və xidmətçilər bizi
kotteclərdən birinə apardılar. Bura iki otaqlı,
bütün rahatlığı təmin edən kottec idi.
Xidmətçi cavan oğlan açarı bizə
verəndə - nə vaxt getmək istəsəniz
bağlayıb gedə bilərsiniz,-dedi.
- Burada
nərd oynamağın öz ləzzəti var,- dedim.
- Zəng
vur, qoy nərdi gətirsinlər,-dedi.
Sonra gedib
maşının qapısını açdı və musiqi
ətrafa yayıldı. Bu, mənə hədiyyə
edilmiş, mənim sözlərimə yazılmış
mahnılar və şeirlərin disketi idi. Aşıq və
xanəndə mənim “Türk oğlu türkəm”
şeirimə yazılmış mahnını oxuyurdu.
-
Bilirsən,- dedi,-lap uşaqlıqdan, bəlkə də
ömrüm boyu nə isə axtarırdım, amma tapa
bilmirdim. Sən demə, sənin yazdığın bu şeiri
və bu mahnını axtarırmışam.
Həmişə
qəlbimdə Basarkeçər nisgili olub. Bu sözlər
və bu mahnı qəlbimi elə doldurub ki, sanki o nisgili
unutmuşam. Sənə minnətdarlıq etmək
istəyirəm. Sən qəlbimin səsinə səs
veribsən. Bilmirəm öz fikrimi necə
çatdırım?!
Onun
gözləri dolmuşdu. Mən də kövrəldim...
- Mən
bunu öz qəlbimin səsi ilə yazmışam. Sənin
də xoşun gəlirsə, demək, qəlbimizdə
yaxınlıq var.
Biz
qucaqlaşdıq. Bu, qarşılıqlı
təşəkkür idi.
-
Deyəsən, daha heç bir qorxum yoxdur... Gəl qayıdaq
geriyə. Evdə nigarançılıq olmasın, - dedi.
Maşına
oturub geriyə döndük. Yolda söhbət eləmirdik.
Mənim şeirlərim və bu şeirlərə
yazılmış mahnılar səslənirdi. Hər ikimiz
qulaq asırdıq. Gəlib çatdıq. Düşdüm.
O maşını tərpətdi, bir-birimizə əl etdik.
Bilmirəm nə səbəbdən, onun arxasınca xeyli
baxdım. Maşın gözdən itdi...Mən isə
hələ də baxırdım...
O, artıq
həyatda deyil...
Ağasəf
İmran
Palitra 2018.-
5 oktyabr.- S.15.