Ömür yolundan keçən
illər
Əllinci ilin baharı... Təbiətin qəribə qanunları var. İlk dəfə, hər təzə baharla birlikdə təbiət öz libasını dəyişir. Sonra yay, qızılı payız, qarlı qış və yenə də bahar doğulur. Fəsillər də insan kimi dəyişir, bir-birini əvəz edir. Ömrünün otuz ilə yaxın dövrünü ədəbiyyata həsr edən, 49 bahara əlvida deyib 50-ci baharını yaşayan Əli Cəfəroğlu üçün sevincli ildir, - desək, yanılmarıq. Əli müəllim özünü xoşbəxt insan sanır və bu xoşbəxtliyi də belə stimullaşdırır: “Xoşbəxtliyin də pillələri var. Ən yaxşı pillə xoşbəxtlik zirvəsidir. Burda insan özünü cənnətdə hiss edir, halal yolla qazanılanda. Bir qələbə əldə etdikdə və ya həyatda bir sevincli xəbər eşitdikdə özünü xoşbəxt sanırsan. Lakin bu hələ əsl xoşbəxtlik deyil. Xoşbəxtliyi insan özü əldə etməlidir. Bu işdə əql, bacarıq, mərdlik, dözümlülük, səbirli olmaq kimi xüsusiyyətlər insanın ən yaxşı köməkçiləridir...” (“Zirvəyə doğru”, B., 2003, səh.128).
Ən gözəl insani keyfiyyətləri özündə cəmləşdirən nasir, publisist, ictimaiyyətçi olan Ə.Cəfəroğlunun həyat salnaməsinə, ömür yolundan keçən illərə qısa da olsa səyahət edək. Bu yolda əlimizdən tutub bizə bələdçilik edən kitablarının sonundakı xronologiya və “Zirvəyə doğru” kitabına yazdığı “Ön söz”, yazıçı Anarın göndərdiyi təbrik məktubu oldu...
4 iyul 1968-ci ildə ziyalı ailədə doğulub. Məktəb illərindən ədəbiyyata, musiqiyə, idmana həvəs göstərib. N.Gəncəvi, M.Füzuli, H.Cavid, S.Vurğun, N.Hikmət, İ.Əfəndiyev, C.London, V.Hüqo kimi söz kəhkəşanlarının əsərlərini oxumağı çox sevib, onlardan bəhrələnib. Dahi ingilis alimi, fizik İsaak Nyuton demiş: “... Mən ona görə dahiyəm ki, özümdən öncə dahilərin çiynində dayanmışam.”
Qazax-Ağstafa bölgəsi öz dahiləri, generalları, ziyalıları ilə fəxr edib. Bu baxımdan, əyalətdə yaşayan ədəbi-bədii mühit arasında özünəməxsus layiqli yer tutan yazarlardan biri oldu Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Əli Cəfəroğlu Əliyev. Son dövr ədəbi mənzərəsində boy göstərən yazıçılar sırasında Əli müəllimin də öz payı var. “Ulduz”, “Elm və həyat”, “Göyərçin”, “Mədəni maarif” jurnallarında, “Azərbaycan gəncləri”, “Bakı”, “Kaspi”, “Ədəbiyyat”, “Ağstafa” və s. qəzetlərdə əsərləri, mənsur şeirləri dərc olunub. İkinci dərəcəli dövlət qulluqçusu olmaqla rayonda bir çox məsul vəzifələrdə çalışmışdır. Hazırda Ağstafa Rayon Təhsil Şöbəsində aparıcı məsləhətçi vəzifəsində çalışır. Ədəbiyyatımıza “Atam - mənim xoşbəxtliyim”, “Zirvəyə doğru”, “Həkimin arzuları”, Səksən beş ilin baharı”, “Dənizçinin səyahəti”, “Aforizm çələngi” kimi töhfələr bəxş edib. Hekayələri Türkiyə, Özbəkistan, Qazaxıstan, Özbəkistan kimi ölkələrdə nəşr olunub. Harun ər-Rəşidin qardaşı - ərəb tarixçisi Əl-Məsudinin əsərini rus dilindən tərcümə etmişdir. Qüdrətli sənətkarımız, AYB-nin sədri, yazıçı Anar Əli Cəfəroğlunu istedadlı yazar kimi qiymətləndirmişdir. Bu layiqli ada Əli müəllim gərgin əmək və zəhmətin bəhrəsi ilə nail olub.
Yazıçının yazı dili səlis, rəvan, poetik ifadələrlə zəngindir. Həqiqət gerçəkliyi ilə ifadə olunan bütün yazılarında öz dəst-xətti, öz üslubu və orijinallığı aydın seçilir. Onun “Çinar və taxta parçası” adlı hekayəsi ümumtəhsil məktəblərinin rus bölmələrinin VIII sinifləri üçün 2015-ci və 2017-ci illərdə nəşr edilmiş “Azərbaycan dili” dərsliyinə salınıb. Qoz ilə çinar ağacının söhbəti çox maraqlı və sadədir. Qoca çinarın kəsilmiş qoz ağacının məişətdə taxta kimi lazım olmasından, ona necə təskinlik verməsindən, qayğı göstərməsindən söhbət açılır.
Uşaq dünyası başqa bir aləmdir. Uşaqlar üçün yazmaq, onları düşündürmək, tövsiyəli hekayə və nağıllarla zövqlərini oxşamaq çox çətindir. Əli müəllim uşaq hekayə və nağıllarına yaradıcılığında geniş yer vermişdir. Onun “Çöl ördəyinin məsləhəti”, “Qış və yay”, “Çoban iti və canavar”, “Pisliyin cəzası”, “Qarışqa gücü”, Gül və qız” (nağıl-povest), “Qabların bəhsi” kimi uşaq əsərləri vardır. Bu əsərlərdə dahi sənətkar M.Füzulinin alleqorik əsərlərindən, H.Ziyanın yaradıcılıq incilərindən bəhrələnsə də, heç kəsi təqlid etməmişdir.
Fəlsəfə elmləri doktoru, ədəbiyyatşünas alim Gülxani Pənahın bu sözlərini yada salmaq yerinə düşərdi: “Əli Cəfəroğlu əyalətdə yaşayır... Yazıçı elə yazıçıdır... istər şəhərdə yaşasın, istərsə də kənddə... İstedad qızıl kimidir. Harada olsa parlayacaq. Onun yaradıcılığında ən önəmli yeni nəslin vətənpərvərlik ruhunda tərbiyə amalıdır...”
Bu amal, bu ruhda yazılan əsərlər yetərsaydır. Mən ədəbiyyatçı deyiləm. Bir oxucu kimi fikirlərimi sizinlə bölüşmək istəyirəm. Əli müəllim qələmini epik növün bir çox janrlarında sınamışdır. Mən onun “Zirvəyə doğru” povestində erməni əsirliyində işgəncələrə məruz qalmış zabitin fədakarlığını, “Milli Qəhrəman” povestində vətənpərvərlik, əzmkarlıq, dözümlülük göstərən vətən oğullarının şücaətini gördüm. Bunları bizə Ə.Cəfəroğlunun qələminin gücü göstərdi. “Dənizçinin səyahəti” povestində yazıçı və tarixçi, etnoqraf kimi Avropa və Asiya ölkələrinin tarixi və mədəniyyəti haqqında məlumatlarla oxucularını zənginləşdirmişdir. “Assuriyalılar” povestində assuriyalıların başına gələn bəlalardan bəhs etmişdir.
“Aforizm çələngi” kitabı haqqında öz mülahizələrim vardır. Öz qaynar söz çeşməsini toplayıb oxucularının ixtiyarına vermək mühüm və başlıca keyfiyyətdir. Bəlkə də tanrının verdiyi istedad paylarındandır. Əli müəllimin bu fəaliyyəti H.Əlizadənin, V.Xuluflunun, H.Zeynallı kimi folklorşünas alimlərin gördükləri böyük işlərin bir hissəsini yadıma saldı. Bir çox istedad sahibləri yaradıcılıqlarında işlətdikləri dəyərli sözləri ipə-sapa düzüb çap etdirirlər. Bu baxımdan, akademik Budaq Budaqov, “Kredo” qəzetinin baş redaktoru Əli Rza Xələfli, gözəl şairimiz S.Vurğun və H.Arif ədəbi məktəbinin ən ali mərtəbəsində iri addımlayan sevimli şairimiz Barat Vüsal, el-obamızın ləyaqətli, xeyriyyəçi qızı, dilçi alim Salatın Əhmədli və başqalarını göstərə bilərik. Kitabda 22 bölümdə verilən bu ensiklopedizmlərin hər birində bir hikmət var. Belə kitablar ailə quran qızlarımıza cehiz kimi verilməlidir. Bu sözlər dil zənginliyimiz, rəvanlıq və gözəlliyimizdir. Belə incilərdən gənclərimiz də yararlansalar, xeyirli və faydalı olar. R.Rza mükafatı laureatı, şairə Güləmail xanım kitaba yazdığı ön sözündə istedad sahibi olan Əli müəllimin yaradıcılıq sferasını belə dəyərləndirmişdir: “Adətən, aforizmlər antik dövrdən bu yana böyük filosofların, mütəfəkkirlərin, yazıçıların, dövlət xadimlərinin çıxışlarından tərtib olunub. Ə.Cəfəroğlunun müxtəlif mövzular üzrə qruplaşdırılmış hikmətli sözləri, maraqlıdır ki, bir-birini təkrar etmir, hər biri fikri, ideyanı, dünyagörüşünü əks etdirir və bu ifadələr sırf müəllifin öz yaradıcılığının məhsuludur”.
Güləmail xanımın bu fikrindən sonra söz deməyə ehtiyac duymuram.
Amma onun “Səksən beş ilin baharı” adlı kitabı haqqında bəzi iradlarım vardır. Əli müəllimin kitablarında mövzuların əksəriyyəti xatirə-memuar yazılardır. Neçə-neçə nəslin şəcərəsidir. “Atam – mənim xoşbəxtliyim” də “Ata yolu”, “Mənim əslim-köküm”, “Əliyev İbrahim Seyidəli oğlu”, “Əliyev Cəfər İbrahim oğlu”, “Ata həsrəti”, “Həkimin arzuları”, “Səksən beş ilin baharı” və başqa nümunələri göstərə bilərik. Bu yazılara geniş yer verməsinin səbəbini düşündüm və fikirlərimin cavabını onun sanballı kitablarına ön söz yazmış eloğlumuz, mərhum şair Müzəffər Şükürün, şair, AYB-nin mətbuat rəhbəri olmuş mərhum Ədalət Əsgəroğlunun, yazıçı-publisist Firdovsi Heydərlinin səmimiyyətdən irəli gələn yazılarında tapa bildim. Gəlin, bu sözlərə bir də diqqət yetirək...
“Əli Cəfəroğlunun babasını, atasını yaxşı tanıyıram. Müasir həyatımızın təməl daşlarının qoyulmasında onun babası mərhum İbrahim Seyidəli oğlunun da zəhməti az olmayıb. Onun oğlu – Əli Cəfəroğlunun rəhmətlik atası Cəfər Əliyev öz səmimiyyəti, xeyirxahlığı ilə Ağstafada yaxşı tanınırdı. Əli Cəfəroğlu da onların bir ləpəsidir. Əminəm ki, bu ləpə dalğaya çevriləcək, xalqımızın həyatında xeyirli, faydalı işlərilə seçiləcəkdir.” (“Atam – mənim xoşbəxtliyim”, B., 2002, M.Şükür, səh.3-4).
“Əsərlərindən də anlaşılır ki, Əli Cəfəroğlu ailəcanlı insandır, həm də sələfləri, onu əhatə edən doğmaları ilə fəxr edir. Oxucuya elə gəlir ki, Ə.Cəfəroğlu məhz ailəsinin salnaməsini yazmaq üçün yazıçılıq yolunu seçib... Nümunəvi ailədə böyüyüb, ləyaqətli valideynlərin övladıdır. Ailədə gördükləri, yaşadıqları həyatında iz buraxıb.” (Ədalət Əsgəroğlu)
“Səksən beş ilin baharı” kitabı mənim üçün çox dəyərlidir. Kitab nəfis tərtibatla verilmişdir. 94 səhifəlik bu kitabda tarix və etnoqrafiyadan, xatirə-albomdan, Dəmirçiyevlər haqqında qısa xronologiyadan bəhs olunur. Hörmətli Firdovsi müəllim bu nəslə olan hörmət və ehtiramını “Ön söz”ündə səmimiyyətlə qələmə almışdır. 85 yaşlı səbəbkar haqqında geniş təfsilat vermişdir. İsgəndər kişinin soy-kökü bir tarix, bir etnoqrafiyadır. Ona söz ehtiyatı lazım deyil. Belə qənaətə gəlirik ki, hələ deyilməmiş sözlər qalıb ürəklərdə. Bu böyük nəsildən nə qədər yazılsa da, azdır. Belə qəbildən olan kitablar yetərsaydır. Məsələn, İsmayıl Umud, Xətayə Xasməmmədova, Fəridə Ləman, Salatın Əhmədli kimi söz xiridarlarımız neçə-neçə soy-kökü olan nəsillərə aid kitabları bizlərə ərməğan edib.
Dəmirçiyevlər haqqında ikinci cild çap olunarsa, yazıçı karyerasına çox uğur gətirər. Çünki bu kitabda adına dastanlar bağlanan, Qazaxda adı tarixə yazılan Məhəmməd Koxadan, onun bacısı qızı, Musa kişinin arvadı – xeyriyyəçi, kişi qeyrətli, sözü ötkün, zəhmətkeş “Qəhrəman ana”, dünya gözəli Nigar anadan çox yazmaq olardı. Onun oğlu “el atası”, “Əməkdar həkim”, qəzet və jurnallarda haqqında məqalələr, şeiriyyətlər yazılan Həsənəli həkimdən, bu nəslin davamçıları elmlər doktoru Müşfiqdən, biznesmen Vidadidən, Faiq müəllimdən, Ramizdən, beynəlxalq dərəcəli hakim, Güləş Federasiyasının üzvü, Əməkdar müəllim, idman ustası Ayad müəllimdən, 3 kitabı, 40 ədəbi-bədii, 8 elmi məqaləsi olan Həyat müəllimədən geniş söhbətlər açmaq lazım idi. Bu nəslin nəvə-nəticələri - ən ali kürsülərdən səsi gələn alim-xanım Mehriban həkimdən, Nigardan, Anardan, Elmirdən, polkovnik Natiqdən heç bəhs edilməyib. Belə xislətli insanlar bizim fəxr və vüqarımızdır. Yazın ki, adlar tarixə köçsün, yaddaşlara həkk olunsun. Yazın, əlinizdə qələm titrəməsin. Yazın ki, qələminizin mürəkkəbi qurumasın. Allah-taala sizə təpərli ürək və istedad verib.
Bu, Sizin sözlərinizdir: “Çətinliklər məni qorxutmur... Unutmaq – iztirabdır, qəm – göz yaşları. Sevmək – yaşamaqdır, duymaq – qanadlanmaq. Coşmaq – cəhd etmək, iradə və həvəs - əzmkarlıq, ağıl və güc – istəyə nail olmaq deməkdir”... ( “Həkimin arzuları”, B., 2006, səh.97).
“Nəzər yetirməyən görə bilməz”, - demişsiniz (“Aforizm çələngi”, B., 2014, səh.152). Mənim də kitablarınızdan aldığım təəssürat, oxuduqlarım, gördüklərim, eşitdiklərim bunlar oldu. Kitablarınızdan bir inci seçib sözlərimlə “Aforizm çələngi” hörmək istəyirəm. “Atam – mənim xoşbəxtliyim”dir deyən nasirimiz – Sizə ata xoşbəxtliyi nəsib olsun. “Zirvəyə doğru” yaradıcılıq üfüqləri fəth etməyi arzu edirəm. “Həkimin arzuları” kimi əsərləriniz el-obanı fırlanıb hüdudları həmişə aşsın. Neçə-neçə “Dənizçinin səyahəti” ilə kitabsevərlərin ürəyinə yol tapasınız.
“Şərəfli ad insanı başıuca edər”
(“Aforizm çələngi”, səh.121). Sizə şərəfli
ömür yolu diləyərək, deyirik: - Səksən
beş ilin baharında oxucularınızla görüşənədək.
Aysel Azad
qızı
Ağstafa Rayon
İcra Hakimiyyətinin məsləhətçisi
Palitra 2018.- 5 oktyabr.- S.13.