Milli dövlətçilik tariximizin şanlı səhifəsi

 

(Azərbaycan Xalq Cümhuriyyəti)

 

Azərbaycanın bu gün dünya birliyində müstəqil dövlət kimi bərqərar olmasının əsası AXC dövründə qoyulmuşdu. Müsəlman Şərqində ilk parlament respublikası xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, müasir dövrə xas dövlət təsisatlarının formalaşdırılmasına nail olmuşdu. 100 il əvvəl yaradılan AXC xalqımızın tarixində mühüm bir hadisə idi. Əsrlər boyu müstəqillik arzusu ilə yaşayan xalqımız, nəhayət, öz müstəqil dövlətinə sahib olmuşdu.

Rusiyada çarizmin süqutu, bolşeviklərin hakimiyyəti ələ keçirməsi keçmiş imperiya ərazisində mürəkkəb geosiyasi vəziyyət yaratmışdı. Belə bir şəraitdə Cənubi Qafqazın əsas hakimiyyət orqanı olan Zaqafqaziya Seyminin süqutu orada təmsil olunan xalqların öz müstəqil dövlətlərini yaratmasını tarixi zərurətə çevirdi: 1918-ci il mayın 28-də Tiflisdə keçmiş Qafqaz canişinliyinin sarayında Müsəlman Milli Şurasının ilk iclasında Azərbaycan dövlətçiliyi tarixində ilk konstitusiya aktı – “İstiqlal bəyannaməsi”ni qəbul etməklə Azərbaycan dövlətçiliyi Xalq Cümhuriyyəti formasında elan olundu. Bu hüquqisiyasi sənəddə Azərbaycan xalqı suveren, demokratik, hüquqi dövlət yaratmaq əzmində olduğunu bütün bəşəriyyətə nümayiş etdirdi. Azərbaycan millətinin millət-mədəniyyət statusundan siyasi-hüquqi və mənəvi-psixoloji statusa - millət-dövlət statusuna qədəm qoyduğunu göstərdi. AXC dünyəvi təməl üzərində qurulan ilk türk dövləti oldu. M.Ə.Rəsulzadənin sözləri ilə desək: “Azərbaycan kəlməsi sadə coğrafi kəlmə olmaqdan çıxaraq siyasi bir aləm olmuşdur.”

AXC Azərbaycan tarixinin şanlı, eyni zamanda mürəkkəb və ziddiyyətli dövrünü təşkil edir. Cümhuriyyət yarandığı gündən Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək uğrunda mübarizəyə başladı. 1918-ci il iyunun 16-da Tiflisdən Gəncəyə köçdükdən sonra hökumətin başlıca vəzifəsi Bakıda bolşevikdaşnaklardan təşkil olunmuş Bakı Xalq Komissarları Sovetini devirib Bakını Milli hökumətin paytaxtına çevirmək idi. Bu istiqamətdə Gəncədə öz qərargahını quran Qafqaz İslam Ordusunun başçısı Nuru Paşa ilə intensiv danışıqlar aparıldı.

Nuru Paşa may ayının 25-də Gəncəyə gələrkən məlum oldu ki, əsasən, erməni daşnaklarından ibarət olan Bakı Xalq Komissarları Sovetinin 20 minlik ordusuna qarşı türk əsgərlərindən və könüllülərdən ibarət cəmi 1000 nəfərlik ordu heyəti mövcuddur. AXC-nin səyi və Nuru Paşanın müraciəti ilə Ənvər Paşa 5-ci Qafqaz diviziyasını, 15-ci piyada diviziyasını və 36-cı diviziyanın 106 və 107-ci alaylarının Qafqaz İslam Ordusunun tərkibinə daxil edilməsi əmrini verdi. Beləliklə, 450 nəfər zabit 1400 nəfər əsgərdən ibarət türk hərbi heyəti azərbaycanlı könüllüləri ilə birlikdə daşnak-bolşevik qüvvələri üzərində parlaq qələbə qazandılar. Sentyabr ayının 15-də “Sentrokaspiordusunun məğlubiyyətə uğradılması ilə Bakı şəhəri Qafqaz İslam Ordusunun nəzarəti altına keçdi. Bakı Cümhuriyyətin paytaxtı elan edildi. Qafqaz İslam Ordusu Azərbaycanın azadlığı uğrunda mindən çox əsgər və zabit şəhid verdi.

Cümhuriyyət hökuməti tarixi torpağımız olan Qarabağı erməni təcavüzündən qorumaqbu bölgədə qayda-qanun yaratmaq üçün qətiyyətli addımlar atdı. 1919-cu il yanvar ayının 15-də Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzalarından ibarət Qarabağ general qubernatorluğu yaradıldı. Həyata keçirilən qətiyyətli tədbirlər nəticəsində daşnak qüvvələrinin quldur basqınlarına son qoyuldu və separatçı qüvvələr buradan çıxarıldı. Bölgənin dinc erməni əhalisi Azərbaycan hökuməti qarşısında 26 bənddən ibarət öhdəlik götürməklə Azərbaycan hökumətinin hakimiyyətini tanıdı. Beləliklə, Qarabağdaonun dağlıq hissəsində Azərbaycanın suveren hüquqları təmin olundu.

Azərbaycan Cümhuriyyətinin sərhədləri dəqiqliklə müəyyən olunmuş ərazisinin sahəsi 97,3 min km2 idi. Qonşu Ermənistan və Gürcüstanla mübahisəli sayılan və cümhuriyyətin ona məxsusluğu haqqında iddia qaldırdığı 16,6 min km2 ərazi ilə birlikdə Azərbaycan ümumi ərazisi 113,9 min km2-ə çatırdı.

AXC milli dövlət quruculuğu sahəsində uğurlu tədbirlər həyata keçirdi. Cümhuriyyət parlamentli respublika yaratdı. Qərbi Avropanın bütün demokratik dövlətlərində olduğu kimi, hakimiyyətin bölünməsi prinsipi tətbiq edildi. Qanunverici hakimiyyət əvvəlcə Milli Şuraya, sonra isə Parlamentə, icraedici hakimiyyət isə Parlament qarşısında tam məsuliyyət daşıyan hökumətə məxsus idi. AXC-nin fəaliyyəti dövründə beş hökumət kabineti təşkil edilmişdi.

1918-ci il iyun ayının 27-də türk dili AXC-nin rəsmi dövlət dili elan olundu. Dövlət himni və Dövlət bayrağı qəbul edildi. Dövlət bayrağındakı üç rəng Türk Milli mədəniyyətini, Müasir Avropa demokratiyasını və İslam sivilizasiyasını təcəssüm etdirdi. 1918-ci il avqustun 23-də o dövr üçün çox mütərəqqi sayılan “Azərbaycan vətəndaşlığı haqqında” qanun qəbul edildi. Türk Müsəlman dünyasında ilk dəfə olaraq qadınlara seçib-seçilmək hüququ verdi. Azərbaycan parlamentinin 17 ay ərzində 145 iclası keçirilmiş, müzakirəyə çıxarılan 270 qanun layihəsinin 230-u qəbul olunmuşdu.

Ordu quruculuğu, Milli ordunun yaradılması hökumətin xüsusi diqqət mərkəzində saxladığı ən vacib məsələlərdən biri idi. Cümhuriyyət yarananda onun müsəlman könüllü dəstələrindən ibarət cəmi 600 nəfərlik kiçik bir hərbi hissəsi var idi. Batum müqaviləsindən sonra Osmanlı dövlətindən təcrübəli hərbi mütəxəssislər dəvət olunmaqla Milli ordu quruculuğuna başlandı. 1918-ci il noyabrın 1-də Hərbi Nazirlik yaradıldı. Hərbi Nazirliyə rəhbərliyi baş nazir Fətəli xan Xoyski öz üzərinə götürdü. Səməd bəy Mehmandarov onun müavini təyin edildi. 1918-ci il dekabrın 26-da Səməd bəy Mehmandarov nazir, Əlağa Şıxlinski isə nazir müavini oldu. Uğurlu tədbirlər nəticəsində 1920-ci ildə Milli orduda əsgər və zabitlərin sayı 40 min nəfərə çatdı. Milli ordu dövlətimizin və xalqımızın düşmənlərinə qarşı mübarizədə böyük qəhrəmanlıqlar göstərdi. 1919-cu ilin may-iyun aylarında Sovet Rusiyasının əlaltıları “Muğan Sovet Respublikası” adlı bədnam bir qurum yaratmışdılar. Milli ordumuz tərəfindən 1919-cu il avqustun 13-dən sentyabrın 3-nə qədər bütün rus hərbi dəstələri darmadağın edilib ölkəmizdən qovuldu. 1920-ci ilin Novruz bayramı günündə ermənilərin Qarabağda qaldırdığı qiyam da yatırıldı. Şuşa qalası da düşməndən təmizləndi. Qarabağ uğrunda savaşda qazanılan qələbə ilə əlaqədar əsgərlərə müraciətində general Səməd bəy Mehmandarov haqlı olaraq demişdi: “.... Siz qanınızla gənc Azərbaycan ordusunun namusunu qorudunuz”.

Müstəqillik tariximizin şanlı səhifəsini təşkil edən Azərbaycan Xalq Cümhuriyyəti tarixi ərazimizə və milli sərvətlərimizə sahib çıxaraq dünya müharibəsi, bolşevik-daşnak talanları nəticəsində dağıdılmış iqtisadiyyatımızı bərpa etməyə başladı. Ağır sosial-iqtisadi vəziyyətlə üzləşmiş, böhran vəziyyətinə düşmüş, böyük insan tələfatı nəticəsində məhsuldar qüvvələri xeyli zəifləmiş iqtisadiyyatı bərpa etmək üçün Milli hökumət dövlətimizin inkişafı və xalqımızın sosial rifahının yaxşılaşdırılmasına yönəlmiş iqtisadi siyasət yeritməyə başladı. Qərbi Avropa ölkələrində olduğu kimi, mülkiyyət formalarının müxtəlifliyinə və bütün vətəndaşlara bərabər iqtisadi imkanlar verən demokratik məzmunlu iqtisadiyyat qurmağa səy göstərilirdi.

1918-ci il iyunun 17-də Gəncədə təşkil edilmiş ikinci hökumət kabinetinin iqtisadi sahədə ilk tədbiri ölkənin təbii sərvətlərinin xaricə daşınmasının qarşısını almaq oldu. 27 iyun fərmanı ilə taxıl məhsullarının, heyvanların və ət məhsullarının, pambıq, yun, ipək məmulatlarının Azərbaycandan kənara çıxarılması qadağan edildi. 1919-cu il avqustun 27-də verilmiş fərmanla respublikanın sərhədləri daxilində bütün məhsulların sərbəst alqı-satqısına icazə verildi. Azərbaycan hökuməti Bakıya köçdükdən sonra bütün sərhəd-keçid məntəqələrində, dəmir yolu, su nəqliyyatında gömrük xidmətinin yaradılmasına başlandı.

1918-ci il oktyabr tarixli fərmanla hökumət Bakı XKS-nin neft sənayesi və Xəzər ticarət donanmasının milliləşdirilməsi haqqında dekretlərini ləğv etdibütün mədənləri, zavodları, gəmiləri əvvəlki sahiblərinə qaytardı. Hökumətin 1918-ci il 30 oktyabr tarixli daha bir fərmanında ticarət donanmasının bərpası nəzərdə tutulurdu ki, bu da daxilixarici ticarətin inkişafına təkan verməli idi.

AXC hökumətinin inflyasiyanın qarşısını alması maaşları və pul tədavülünü tənzimləməsi, qonşu ölkələrlə iqtisadi əlaqələri sahmana salması, öz valyutasını yaratmaq planları, vergi vasitəsi ilə dövlət və sahibkarlar arasında qarşılıqlı münasibətləri nizamlaması sahəsində bir sıra tədbirlər həyata keçirdi.

Dövlət tərəfindən vergi siyasətinin formalaşmasına yardım edən qanunlar zərfi hazırlanırdı. Hökumət maliyyə siyasətində mütərəqqi gəlir vergisi siyasətinə üstünlük verirdi. Parlamentin fəaliyyəti dövründə təqdim olunmuş 315 qanun layihəsindən 82-si Maliyyə Nazirliyi tərəfindən təqdim edilmişdi.

Xarici dövlətlərlə iqtisadi və ticarət əlaqələri yaratmaq üçün hökumət bir sıra tədbirlər görmüşdü. Azərbaycan Türkiyə, Almaniya, Fransa, ABŞ, İtaliya, İngiltərə və Gürcüstan ilə iqtisadi əməkdaşlıq etmək sahəsində müzakirələr apararaq ticarət müqavilələri bağlamışdı. Ölkənin neft ticarətində xarici şirkətlərin rolu müəyyən qədər saxlanılmışdı. 1919-cu ilin dekabrında parlament “Azərbaycan Cümhuriyyəti ərazisindən xammalın ixracı şərtləri haqqında” Qanun layihəsini qəbul etdi. M.Ə.Rəsulzadə yazırdı ki, bir sıra sosial-iqtisadi nailiyyətlərdən sonra, Azərbaycan həyat qabiliyyətini yalnız öz içində deyil, xaricdə də hiss etdirdi.

Milli hökumətin neftneft məhsullarının Avropa ölkələrinə daşınmasını təmin etmək üçün Qara dəniz sahilindəki limandan istifadə edilməsi barədə qaldırdığı iddia müttəfiq dövlətlər (İngiltərə, ABŞ, Fransa) tərəfindən nəzərə alınmış və 1920-ci il aprelin 19-26-da İtaliyada keçirilən konfransda AXC-nin Batum limanından azad istifadə hüququ təmin olunmuşdu. Bu, Azərbaycan hökumətinin ölkə iqtisadiyyatının inkişafı üçün əlverişli beynəlxalq şəraitin yaradılması istiqamətində mühüm uğuru idi.

Azərbaycan hökuməti dövlət büdcəsinin formalaşdırılmasına və milli valyutanın yaradılmasına yönələn maliyyə siyasəti yeridirdi. Bakı bonu adlandırılan milli pul vahidinin dövriyyəyə buraxılması haqqında 1918-ci il sentyabrın 22-də qərar qəbul edildi. Hökumət maliyyə-pul sistemini nizamlamaq üçün 1919-cu il sentyabr ayının 30-da Dövlət Bankı yaratdı.

Beləliklə, çox çətin şəraitində fəaliyyət göstərməsinə baxmayaq, AXC Azərbaycan xalqının mənafeyinə uyğun iqtisadi tədbirlər həyata keçirmişdir.

Cəmi 23 ay fəaliyyət göstərmiş AXC milli mədəniyyətimizin inkişafı üçün çox böyük işlər görmüşdür.

Milli hökumətin mədəniyyət sahəsindəki siyasəti ilk növbədə milli təhsil sisteminin yaradılmasına, milli dövlətçiliyə sədaqətli və milli mənəviyyata malik olan gənc nəsil hazırlamağa yönəlmişdi.

Hökumətin 1918-ci il 28 avqust tarixli qərarı ilə respublikanın ibtidai məktəblərində şagirdlər öz ana dillərində təhsil almalı idilər. 1919-cu ilin sonuna kimi 5 gimnaziyanı çıxmaqla, bütün orta məktəblər milliləşdirilmişdi. 1919-cu ilin martında yaradılmış xüsusi komissiya tərəfindən əlifba islahatı bəyənilmişdi.

Milli məktəblərin pedaqoji kadrlara ehtiyacını ödəmək məqsədilə Qori Müəllimlər Seminariyasının müsəlman şöbəsi 1918-ci ildə Qazaxa köçürülərək müstəqil seminariyaya çevrildi. Azərbaycan parlamenti 1919-cu il sentyabrın 1-də BDU-nun yaradılması haqqında qanun qəbul etdi.

1919-1920-ci tədris ili üçün xarici ölkələrin qabaqcıl ali məktəblərində təhsil almaq üçün 100 azərbaycanlı gənci göndərildi. 1919-cu il dekabrın 7-də çoxlu sayda kitab fondu olan Milli kitabxana açıldı. 1919-cu ildə Azərbaycan radiosu fəaliyyətə başladı. Həmin ilin noyabrında Azərbaycan Dram Teatrı yaradıldı. Ümumiyyətlə, 1918-1920-ci illərdə bütövlükdə mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənətə yüksək dövlət qayğısı və himayəsi göstərilmişdir.

Cümhuriyyət hökuməti yarandığı gündən Azərbaycan Respublikası mövcudluğu üçün əlverişli və təhlükəsiz beynəlxalq şəraitin yaradılması və yeni dövlətin dünya birliyi tərəfindən tanınması üçün çox çevik və ardıcıl xarici siyasət xətti yeritmişdir. Hökumətin xarici siyasətində ilk uğurlu addımı 1918-ci il iyunun 4-də Batumda Türkiyə ilə sülhdostluq müqaviləsi bağlaması oldu. Osmanlı dövlətinin I Dünya müharibəsində məğlub olaraq Antanta dövlətləri ilə 1918-ci il oktyabrın 30-da bağladığı Mudros sülh müqaviləsinə əsasən Türkiyə ordusunun Azərbaycandan çıxarılması və 1918-ci il noyabrın 17-də İngiltərə qoşunlarının general Tomsonun komandanlığı ilə Bakıya daxil olması vəziyyəti ağırlaşdırsa da, Cümhuriyyətin siyasi liderlərinin məqsədyönlü fəaliyyəti nəticəsində qısa müddətdə Qərbi Avropa demokratiyası modelində qanunverici məclis olan Parlamentin çağırılması və Koalisiyon hökumətin təşkil edilməsi (26.12.1918) Azərbaycanı xarici işğaldan azad etdi. General Tomson F.Xoyskinin sədrliyi ilə yaradılmış koalisyon hökuməti Azərbaycanda yeganə qanuni hakimiyyət kimi tanıdı. Tomson hələ 1918-ci ilin noyabrında Londona göndərdiyi məktubunda Fətəli xan Xoyski ilə görüşü barədə yazırdı: “O, ağıllı adamdır, hüquqşünasdır və öz bacarığı ilə Qafqazda bizə məlum olan bütün əvvəlki dövlət quranlardan daha qabil olan dövlət yaratmışdır. Mənimlə görüşü zamanı ermənilərin xəyanətlərindən yana-yana danışdı”.

Milli hökumət xarici siyasətində qonşu dövlətlərlə münasibətlərə böyük əhəmiyyət verirdi. Ə.M. Topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyətinin Paris konfransında uğurlu fəaliyyəti nəticəsində 1920-ci il yanvarın 11-də Müttəfiq Dövlətlərin Ali Şurası Azərbaycanın istiqlaliyyətinin de-fakto tanınması haqqında yekdilliklə qərar qəbul etdi. 1920-ci ilin əvvəlində Bakıda dünyanın 20-dən çox dövlətinin diplomatik nümayəndəlikləri fəaliyyət göstərirdi.

Milli hökumətimiz daxilixarici siyasət sahəsində böyük uğurlar qazandığı bir şəraitdə Sovet Rusiyasının timsalında Azərbaycan Respublikasının müstəqilliyi üçün böyük təhlükə yarandı. Sovet Rusiyasının açıq hərbi müdaxiləsi nəticəsində AXC süquta uğradı. AXC süquta uğrasa da, onun Azərbaycan xalqının şüurunda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Ulu öndər bu tarixi hadisənin böyük əhəmiyyət kəsb etdiyini aşağıdakı kimi qeyd etmişdi: “Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi.”

Bu gün yaranmasının 100 illik yubileyini qeyd etdiyimiz AXC Azərbaycan tarixinin qürur salnaməsinə çevrilmişdir. Xalqımızın daim arzusunda olduğu azadlıq, müstəqillik və milli dövlətçilik kimi müqəddəs ideyalar uğrunda mübarizəsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev şəxsiyyətinin qüdrəti sayəsində zəfərlə sona çatdı. O, XX əsrin 90-cı illərində nəinki Azərbaycan dövlətçiliyini faciədən və iflasdan xilas etdi, eyni zamanda AXC-nin varisi olaraq hüquqi, demokratik, müstəqil Azərbaycan Respublikasının sarsılmaz əsasını yaratdı. Heydər Əliyevin yaratdığı milli dövlətçilik ənənələri bu gün onun layiqli davamçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İlielan edilməsi haqqında 10 yanvar 2018-ci il tarixli sərəncamında deyilir: “Cəmi iki ilə yaxın yaşamış Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoymuş, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlamışdır.”

 

Nizami Süleymanov,

 

UNEC-in professoru, tarix elmləri doktoru

 

Palitra.- 2018.- 4 oktyabr.- S. 7.