Beynəlxalq elmi konfrans işini
Qəbələdə davam etdirir
Qəbələ Arxeoloji Mərkəzində Azərbaycanda erkən hominid Azıxantropun tapılmasının 50 illiyinə həsr olunmuş “Azərbaycanda Azıx mağarası və miqrasiya axınları” mövzusunda beynəlxalq elmi konfrans işini davam etdirir.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutundan AZƏRTAC-a bildirilib ki, konfrans iştirakçıları əvvəlcə Qəbələ Arxeoloji Mərkəzinin foyesində Azərbaycanın və bölgənin tarixinin müxtəlif dövrlərinə aid nadir maddi mədəniyyət nümunələri ilə tanış olublar. Daha sonra beynəlxalq konfransın təşkilatçılarından biri olan SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının nümayəndəsi, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru İradə Nəcəfova Qəbələ Arxeoloji Mərkəzinin yaranması və fəaliyyəti barədə məlumat verib.
Sonra Qəbələdə aparılan arxeoloji tədqiqatlarla bağlı sənədli film nümayiş olunub.
Proqram çərçivəsində paleolit
dövrü arxeologiyası üzrə Azərbaycan
alimləri ilə yanaşı, İngiltərə, Rusiya, Gürcüstan və
Ukraynadan olan mütəxəssislər
1968-ci ildə Azərbaycanın Azıx mağarasındakı
paleolit dövrü məskəninin
tədqiqatları zamanı görkəmli arxeoloq
Məmmədəli Hüseynov tərəfindən
Azıxantropun kəşf edilməsinin tarixi
və dünya elmi üçün mühüm
əhəmiyyəti, Avrasiyanın paleolit dövrü abidələrində
aparılmış tədqiqatlara həsr olunmuş
mövzular üzrə elmi
məruzələrlə çıxış ediblər. Konfransın işində AMEA Arxeologiya
və Etnoqrafiya İnstitutunun
direktoru, professor Maisə
Rəhimova, Azərbaycan Tarix Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, AMEA İctimai Elmlər bölməsinin akademik-katibi, akademik Nərgiz
Axundova və SEBA (Seul-Bakı) Azərbaycan-Koreya
Mədəniyyət Mübadiləsi Assosiasiyasının sədri
Ruhəngiz Heydərova iştirak ediblər.
Konfrans oktyabrın 5-dək davam edəcək.
Palitra.- 2018.- 4 oktyabr.- S. 10.