İşğal olunmuş ərazilərə
qanunsuz səfər edənlərə
cinayət işi açılır
Xəbər verildiyi kimi, Avropa Parlamentinin Kiprdən olan üzvü Eleni Teoxarus Dağlıq Qarabağa növbəti dəfə qanunsuz səfər edib. Milli Məclisin deputatı Aydın Hüseynov “Trend”ə bildirib ki, Avropa Parlamentinin (AP) qanlı separatçılıq və etnik təmizləməni təşviq edən üzvü Eleni Teoxarus erməni diaspor təşkilatlarının sifarişi əsasında fəaliyyət göstərir.
O qeyd edib ki, E.Teoxarus dəfələrlə Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfərlər edib, bunun nəticəsində ölkəyə “girişi arzu olunmayan şəxslərin siyahısı”na daxil edilib və Azərbaycanın mühafizə olunan dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda dəfələrlə, xüsusən, sonuncu dəfə 2017-ci il fevralın 20-də Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş qondarma “referendum”da “müşahidəçi” qismində iştirak etmək üçün keçməsinə əsaslı şübhələr olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilərək barəsində beynəlxalq axtarış elan olunması üçün İnterpola müvafiq sorğu göndərilib.
Millət vəkili bildirib ki, hələ 1990-cı illərdən həkimlik fəaliyyəti çərçivəsində Ermənistan və erməni lobbiçilik torunun alətinə çevrilən bu kiprli deputat Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində “humanitar missiya” fəaliyyəti altında cərrahiyyə əməliyyatları həyata keçirib və bu xidmətlərinə görə “Dağlıq Qarabağın şərəf qızıl medalı” adlı qondarma medala layiq görülüb: "Maraqlıdır ki, peşəkar cərrah, "Hippokrat andı" içmiş həkim Eleni Teoxarus erməni silahlı qüvvələri tərəfindən 1993-cü ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonları işğal edilən zaman yüz minlərlə insanın üzləşdiyi etnik təmizləməyə, 1992-ci il fevralın 26-da Xocalı şəhərində yalnız bir gecədə 600-dən çox mülki azərbaycanlının qətliamına göz yumaraq, nədənsə, “humanitar” xidmətlərini Dağlıq Qarabağın məhz erməni icmasına təklif etməklə kifayətlənib".
A.Hüseynov vurğulayıb ki, "Avropa Parlamenti üzvünün Azərbaycanın işğal edilmiş ərazilərinə çoxsaylı qanunsuz səfərlərindən sonuncusunda - bu ilin 27 sentyabr tarixində onu müşayiət edən Kaspar Karampetyan olub, o Karametyan ki, Avropada erməni işğalını legitimləşdirmək istiqamətində fəaliyyət göstərir".
Onun sözlərinə görə, daha bir məqam ondan ibarətdir ki, Avropa Parlamentinin üzvü qismində üçüncü tərəf vasitəsilə maliyyələşdirilən tədbirlərdə iştirakına dair bəyanat vermək məcburiyyətində olan E.Teoxarus bu günədək Azərbaycanın işğal edilmiş ərazilərinə çoxsaylı səfərlər etməsinə rəğmən, AP-nin rəsmi internet səhifəsində yalnız 2017-ci ilin fevral ayında Dağlıq Qarabağda keçirilən qondarma “referendum”da iştirakla bağlı səfərinə dair bəyanatı yerləşdirilib:
"Qanunsuz səfərlərinin hər birini Avropa Parlamentinin üzvü mandatından sui-istifadə etməklə və bir növ, AP-nin rəsmi nümayəndə heyətinə rəhbərlik edirmiş kimi qələmə verməyə çalışan Teoxarusun bu fəaliyyəti Avropa Parlamenti üzvlüyündən sui-istifadə halı deməkdir, eləcə də o, xaricdən maliyyələşən səfərləri haqqında AP-yə müvafiq açıqlama verməlidir".
“Görünür, Ermənistan Azərbaycana
qarşı fəaliyyətsiz dayana bilmir”
Politoloq Rüstəm Məmmədov isə SİA-ya açıqlamasında deyib ki, Avropa Parlamenti üzvünün separatçılıq və etnik təmizləməni təşviq etməsi onun ermənipərəst mövqedə olduğunun göstəricisidir. Ölkəmizə qarşı atılan bu addımların erməni diasporu tərəfindən oynanılan bir oyun olduğunu deyən politoloq söyləyib ki, separatçılıq təbliğatı ilə məşğul olan Avropa Parlamentinin üzvü Eleni Teoxarus Avropada erməni işğalını legitimləşdirmək istiqamətində fəaliyyət göstərən biridir: “Görünür, Ermənistan Azərbaycana qarşı fəaliyyətsiz dayana bilmir. Belə olan halda, biz onlara cavab verməliyik”.
R.Məmmədovun sözlərinə görə, işğalçılığı təbliğ edən şəxslərə separatçılıq anlayışının mənası, onun təhrifi, konvensiyalarla qadağan olunması ilə bağlı məlumatlar hazırlanıb, göndərilməlidir.
Politoloq qeyd edib ki, Eleni Teoxarusun erməni diasporu ilə olan əlaqələri uzun illərə söykənir: “ O, Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfər etdiyinə görə, ölkəyə “girişi arzu olunmayan şəxslər siyahısına” daxil edilib və bununla yanaşı, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb. Qanunsuz səfərlərinin hər birini Avropa Parlamentinin üzvü mandatından sui-istifadə etməklə və bir növ AP-nin rəsmi nümayəndə heyətinə rəhbərlik edirmiş kimi qələmə verməyə çalışan Teoxarusun bu fəaliyyəti AP üzvlüyündən sui-istifadə halı kimi araşdırılmalıdır”.
“Eleni
Teoxarus erməni diasporunun
vəsaitlərinin dili ilə fikirlərini
ifadə edir”
Milli Məclisin deputatı Asim Mollazadə də SİA -ya açıqlamasında deyib ki, Avropa Parlamentində müvafiq lobbi qrupları fəaliyyət göstərir ki, bu qrupların arasında ən zəngini və güclüsü erməni lobbi qrupudur: “Bu baxımdan da Avropa Parlamentinin (AP) qanlı separatçılıq və etnik təmizləməni təşviq edən üzvü Eleni Teoxarus öz fikirlərini deyil, erməni diasporunun vəsaitlərinin dili ilə fikirlərini ifadə edir”. Avropa Parlamentinin sözügedən üzvünün ölkəmizə qarşı hər zaman separatçılıq mövqe tutduğunu deyən deputat bildirib ki, Eleni Teoxarus hələ 90-cı illərin əvvəllərindən Ermənistan və erməni lobbiçilik torunun alətinə çevrilib və ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsində “humanitar missiya” fəaliyyəti altında cərrahiyyə əməliyyatları həyata keçirib”.
Onun sözlərinə görə, Eleni Teoxarusun siyasi baxışları bu gün də ölkəmizə qarşıdır: “Bu cür çıxışlar edən və fəaliyyət göstərən Avropa Parlamentinin deputatları mütləq araşdırılmalı, onların konkret olaraq əlaqələri müəyyənləşdirilməli və qeyri-qanunu lobbiçilik ifşa olunmalıdır.
E.Teoxarusun Ermənistan və erməni diaspor təşkilatlarının sifarişi əsasında Azərbaycan torpaqlarının hərbi işğalı və nəticədə yaradılmış qondarma separatçı rejimin beynəlxalq müstəvidə, xüsusilə də AP çərçivəsində təşviqi fəaliyyətinin göz qabağında olduğunu qeyd edən A. Mollazadə vurğulayıb ki, Avropada fəaliyyət göstərən Azərbaycanın diaspor təşkilatları və Avropa Birliyinin qeyri-hökumət təşkilatları bu məsələyə öz diqqətini cəlb etməli, bu istiqamətdə müvafiq araşdırmalar aparılmalıdır.
“Həmsədrlər
tərəflərin əldə etdiyi bütün razılaşmaları dəstəkləyir”
Yeri gəlmişkən, ATƏT-dən “Trend”ə bildirilib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsi tərəflərinin gərginliyin azaldılması və münaqişənin dinc yolla nizamlanması üçün bütün səylərini alqışlayır: “Həmsədrlər tərəflərin əldə etdiyi və bu məqsədə çatmağa xidmət edən bütün razılaşmaları dəstəkləyir və uzunmüddətli, hərtərəfli həll yolu tapmaqda tərəflərə kömək etmək üçün zəruri vasitəçilik dəstəyi göstərməyə hazırdırlar”.
Fuad Hüseynzadə
Palitra.- 2018.- 4 oktyabr.- S. 11.