Mehman Rasimoğlu:
“Aşıq Əsədin zil səsi ilə
söndürdüyü otuzluq çıraqları insanlar əziz
bir əşya kimi saxlayırdılar”
Rzayev Mehman Rasim oğlu 1983-cü il mart ayının 27-də Tovuz rayonunda, ziyalı ailəsində, Aşıq Əsəd Rzayev ocağında anadan olub. 2004-cü ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. 2004-2005-ci illərdə hərbi xidmətdə olub. Mehman Rasimoğlunun tələbəlik illərindən BDU-nun Jurnalistika fakültəsinin nəzdində fəaliyyət göstərən “Jurnalist” qəzetində, “Azad Azərbaycan”, “525-ci qəzet”, “Azad qələm” və “Tovuz” qəzetlərində, “Ulduz” jurnalında (2017, aprel) şeir və məqalələri dərc olunub. “İlk məhəbbətim” və “Könlüm məhəbbətin harayındadır” adlı şeirlər kitabının müəllifi, Azərbaycan Yazıçılar Birliyinin, Tovuzda fəaliyyət göstərən “Varislər” ədəbi birliyinin üzvüdür. Prezident təqaüdçüsüdür.
Mehman Rasimoğlu ilə olan müsahibəni təqdim edirik:
-Öncə ədəbiyyata
gəlişinizdən, bu sahəyə olan
marağınızdan söhbət açardınız.
Heç şübhəsiz ki, qələm sahiblərinin ədəbiyyata
gəlişi oxucular üçün də maraqlıdır.
- Mən bu sualın ətrafında düşünəndə dönüb arxaya baxdım... nə qədər geri boylandımsa, bu sahəyə nə vaxt gəldiyimi tapa bilmədim. Elə o zaman mənə aydın oldu ki, dünyaya ədəbiyyatın beşiyində gəlmişəm. O beşik ki, Aşıq Əsəd nuru ilə işıqlanmışdı. O beşiyin üstündə çalınan laylalar ulu babam Aşıq Əsədin həzin musiqi sədaları altında köklənmişdi.
Dünyaya ədəbiyyat sevgisilə gəlmişəm. Çünki bu mənim qanımda, canımda, ruhumdadır. Doğulduğum Aşıq Əsəd Rzayev ocağında babalarımdan onun sənətinə olan dərin məhəbbəti görmüşəm.
Dünya sirlərlə doludur. Mənim Aşıq Əsəd poeziyasına bağlılığım özümü xatırlamadığım vaxtlardan başlayıb. Çünki bu hadisəni xatırlamıram. Anamın dediyinə görə lap kiçik yaşlarımda hansısa kitabdan Əsəd babamın şəklini tapıb böyük, nataraz bir mismarla yeni təmirdən çıxmış evimizin ən görkəmli yerindən asmışam. Anam bu səliqəsiz vurulmuş şəkli götürmək istəyəndə ağlayıb etirazımı bildirmişəm. Sonralar aşıq poeziyasına olan vurğunluğu görən anam mənim Aşıq Əsəd irsiyyətinin davamçılarından biri olduğuna əmin oldu.
Poeziya insan həyatının, ruhunun, ovqatının ayrılmaz hissəsidir. Lakin poeziya mənim babalarımın daxilində idi. Hər birinin ayrılıqda saz çalmaq, oxumaq və şeir yazmaq qabiliyyəti vardı. Mən də böyüdükcə babalarımın poeziyaya olan məhəbbətindən damla-damla bəhrələndim.
-Siz maraqlı
şeirlər müəllifisiniz. Həmçinin aşıq
sənətinin ən görkəmli nümayəndələrindən
biri olan Aşıq Əsəd Rzayevin nəticəsisiniz. Yəqin
ədəbiyyata bağlılıq və şairlik irsi xarakter
daşıyır.
- Mən ədəbiyyata təsadüf nəticəsində gəlməmişəm. Bir daha əminliklə deyirəm ki, məndə olan ədəbiyyat sevgisi, poeziya vurğunluğu irsi xarakter daşıyır. Sanki təbiəti, gözəlliyi Əsəd babamın gözü ilə görürəm. Şeirlərimin əksəriyyətinin aşıq şeiriyyəti üslubunda olması bunun bariz nümunəsidir. Aşıq şeiriyyəti mənim yaradıcılığımın əsas, ayrılmaz hissəsidir.
-İndi isə xahiş edirik ki, oxucularımıza Aşıq Əsəd Rzayevin ailəsi haqqında məlumat verəsiniz. Tanınmış insanların yaradıcılığı qədər onların yaşadığı həyat da oxucuların diqqətindən kənarda qalmır.
- Allah bütün ustad sənətkarlara rəhmət eləsin. Onlardan biri də Aşıq Ələsgərin şəyirdi, ulu babam Aşıq Əsəd Rzayevdir. Öncə qeyd edim ki, burada vurğulayacağım məlumatları mən böyüklərimdən eşitmişəm. O, 1874-cü ildə Göyçə mahalının Böyük Qaraqoyunlu kəndində anadan olub. Atası Əhmədi dini bilgilərinə və yazı-pozu işlərində savadlılığına görə kəndin koxası seçmişlər. Öz hörmət və nüfuzuna görə sayılıb-seçilən, sevilən adam olub. Ona nəinki el-obada, həmçinin qonşu kəndlərdə də rəğbətlə yanaşırdılar. O, çox erkən yaşlarında dünyasını dəyişəndə böyük oğlu Mürsəlin 16, Əsədin 12, Məhəmmədin 3 yaşı olub. Onun Aynaxanım və Sinəxanım adında iki qızı da olub. Onu da qeyd edim ki, Aşıq Əsədin anası Gülbəyaz xanım əslən Qarabağdan olub. Aşıq Əsədin qardaşı Aşıq Məhəmməd Rzayev də saz ifaçılığı olan, nazik və zil zənguləli şirin səsli, fitri istedadlı, iti yaddaşlı və havaşunaslığı ilə seçilən aşıqlardan olub. Meydanda nər kimi od püskürən Əsədə ancaq qardaşı Məhəmməd Rzayev cavab verə bilirdi. O da təpədən-dırnağa yaradıcı insan idi.
Əsəd babamın dörd həyat yoldaşı olub. Birinci həyat yoldaşından olan Bahadur adlı oğlu 1917-ci ildə qəflətən vəfat edib. İkinci həyat yoldaşından (1912-ci ildə) olan Zərniyar adlı qızı 1943-cü ildə, Sura adlı qızı (1915-ci ildə) isə 2000-ci ildə vəfat edib. Hər iki qızından nəvəsi, nəticəsi və kötücəsi vardır. Böyüklərimdən eşitdiklərimə görə Aşıq Əsəd 1951-ci ildə vəfat etdikdən sonra onun bir ailədə yaşayan iki həyat yoldaşı - Həlimə və Zeynəb, dörd qızı və beş oğlu qalmışdı. Qızı Qumru 1951-ci ildə, oğlu Eyvaz 1976-cı ildə, qızı Tərcüman 1987-ci ildə, qızı Bəyaz 1992-ci ildə, oğlu Yasin 1999-cu ildə, böyük oğlu Sabir 2005-ci ildə və Bahadur ilə 2015-ci ildə (1935-ci ildə anadan olan) vəfat edib və Tovuz rayonu qəbiristanlığında dəfn olunublar. Oğlu Vidadi və qızı Həqiqət sağdırlar, hər ikisi Tovuz rayonunda yaşayır. Bütün uşaqları ali təhsil almışlar. Bir ailədə bir-birilə çox mehriban yaşayan Aşıq Əsədin həyat yoldaşları Həlimə və Zeynəb 1980-ci ildə vəfat edib və Tovuz rayonu qəbiristanlığında dəfn olunublar.
-Ailənizdə
böyükləriniz Aşıq Əsəd Rzayevdən sizlərə
hansı xatirələr danışırlar. Bu gün
aşığın arxivi qorunub saxlanılırmı?
Aşığın ikicildlik kitabı da çap edilib və
bunun ərsəyə gəlməsindən söhbət
açardınız...
- Böyüklərimin dediyinə görə, Əsəd babam olduqca nurlu, xeyirxah, sadə, səxavətli və sədaqətli kişi olub. O, arzulu, niyyətli, diləkli toyların aşığı kimi tanınmışdı. Kasıbdan, imkansızdan pul götürməzmiş. Məclisə girəndə elə bil döyüş meydanına daxil olurdu. O, öz səsini, arzusunu, eşqini onu sevənlərdən əsirgəməyib. Onun məclisində dərdli dərdini, qəmli qəmini unudardı. Bəzən də məclisdə insanları “Koroğlu”da coşdurar, “Kərəm”i də hönkür-hönkür ağladardı. Koroğludan oxuyan zaman ritmik qaydalar və çevik hərəkətləri ilə onu dinləyəni də sanki Koroğlulaşdırardı. Aşıq Əsədin zil səsi ilə söndürdüyü otuzluq çıraqları Göyçədə, Borçalıda, Naxçıvanda, Qarabağda, Kəlbəcərdə, Gədəbəydə, Şəmkirdə, Tovuzda, Ağstafada, Qazaxda, İrəvanda, Dağıstanda və digər yerlərdə əziz bir əşya kimi saxlayırdılar. Yüzlərlə insanın gözləri önündə söndürülən çırağın xatirəsini yaşlı nəsil olduğu kimi danışırdı.
O çoxşaxəli yaradıcılığında insanları halallığa, sevgiyə, sədaqətə, insanlığa, ədalətli olmağa səsləmişdir. Ən çox bəhrələndiyi onun real həyat hadisələri olmuşdu.
Əsəd babamın arxivi və sazı bu gün də qorunub saxlanılır. Azərbaycan Aşıqlar Birliyinin üzvü Məhərrəm Hüseynlinin tərtibatçılığı və Aşıq Əsədin nəticəsi Bayramov Əhliman Kamrəddin oğlunun maddi dəstəyi ilə 2010-cu il və 2014-cü ildə “SAZIN-SÖZÜN KOROĞLUSU” adlı Aşıq Əsəd Rzayevin 2 cildlik kitabı çap olundu. Kitablarda aşığın qoşma, gəraylı, divani, müxəmməs, qəzəl, müxtəlif növ cinasları, dastan və rəvayəti, poemaları, deyişmələri, eyni zamanda Aşıq Əsəd haqqında yazılmış dastan, onunla bağlı deyilənlər toplanılıb. Kitabda, həmçinin Aşıq Əsədin aşıq dostları, şəyirdləri və ailəsi ilə çəkdirdiyi, həmçinin övladlarının şəkilləri və Aşıq Əsəd Rzayevin təltiflərinin şəkilləri yer alıb.
-Aşıq
Əsəd, bildiyimiz qədər, Aşıq Alı ilə də
ünsiyyətdə olub. Bu haqda babalarınız sizlərə
nələr danışıblar? Aşıq Əsəd və
Aşıq Alı ünsiyyətindən oxucularımıza
danışardınız...
- Baba və nənələrimdən belə eşitmişəm ki, Göyçəli aşıq Alı da Əhməd (Aşıq Əsədin atası) koxaya bir saz hədiyyə etmişdi. Dəfələrlə onun evində öz şəyirdi aşıq Ələsgərlə qonaq olmuşdu. Onlar bu evdə çox hörmət və nəvazişlə qarşılanmışdı. Düzünü deyim ki, bu verdiyiniz sual bir az keçmiş dövrdür deyə, dərindən bilmirəm.
-Şeirlərinizi
necə yazırsınız? Bildiyim qədərilə siz
Tovuzda da ədəbi mühitdə yaxından iştirak
edirsiniz. Həmçinin AYB-in üzvü olaraq bir sıra tədbirlərdə
fəal yaradıcı gənc kimi iştirakınız var.
Ədəbi fəaliyyətinizdən söhbət
açardınız.
- Mən şeirlərimi ruhumu oxşayan, qəlbimi riqqətə gətirən, tarıma çəkən, məni duyğulandıran, həyəcanverici hansısa hislərin təsiri altında bədahətən yazıram. Bu istər lirik musiqiyə və ya saz havasına ruhumu təslim edəndə də, hansısa bir şeiri oxuyub, ya dinləyib duyğulananda da, təbiət gözəlliyinə dalanda da, gözəl rəsm əsərinə və gözəl bir xanıma baxanda da ola bilər. Real həyat hadisələrindən bəhrələnib yazdığım tənqidi mövzuda yazdığım şeirlər də az deyil. Mən Tovuzda fəaliyyət göstərən Aşıq Hüseyn Bozalqanlı adına “Varislər” ədəbi məclisinin və Azərbaycan Yazıçılar Birliyinin üzvüyəm. Onların Tovuzda, Ağstafada, Qazaxda, Bakıda keçirdiyi bütün tədbirlərlə fəal iştirak edirəm. Bu istək mənim daxilimdən gəlir. Yaradıcı insanlarla ünsiyyətdə olmaq, onların yaradıcılığından bəhrələnmək mənə ilham verir. Bunun nəticəsidir ki, 2015-ci ildə Prezident İlham Əliyev ədəbiyyata və gənc yazarlara diqqət və qayğının göstəricisi olaraq 20 gənc yazara prezident təqaüdünün verilməsi haqqında fərman imzaladı və çox şadam ki, bu siyahıda mən də varam.
- Sizin Tovuzda
yaşayıb-yaradan, gözəl şair Yunis Oruclu ilə
şeir məktublaşmanız var. Bu haqda da
oxucularımıza məlumat verərdiniz və həmin şeirləri
bizlərlə də paylaşardınız.
- Tovuzda yaşayan gözəl insan, ağsaqqalımız, Aşıq Hüseyn Bozalqanlının nəvəsi şair Yunis Oruclu ilə balaca bir şeirləşməmiz var. Belə ki, şair Yunis Oruclunun şeirlər kitabını oxuyurdum, real həyatı əks etdirən bir çox şeiri məni daha da özünə çəkdi. Şeirlərinin içindən intihar edənlərə qarşı qələmə aldığı “O” şeiri məni dərin düşüncələrə sürüklədi və məni “Asır” şeirimi yazmağa vadar etdi. Ayda 2 dəfə yığışdığımız “Varislər” ədəbi məclisimizdə bu şeiri səsləndirdim. Başda ağsaqqalımız, dəyərli insan, AYB-nin üzvü, “Varislər” ədəbi məclisin rəhbəri, şair İsa Cavadoğlu və məclisin digər şair üzvləri şeiri bəyəndilər.
Bu cür şeirləşmənin digər
şairlər arasında da olmasını məsləhət
bildilər. Şair Yunis Oruclu bu şeiri götürdü.
Qısa zamanda Tovuzun mərkəzi küçələrinin
birində görüşdük və mənə öz xəttilə
yazılmış şeirini verdi. Mənim yazdığım
“Asır” şeirimə “Boşalar gedər” şeiri ilə
cavab yazmışdı. Həmin şeirləşməni sizlərlə
bölüşürəm:
İntihar edənə nifrətlərim var,
Düşmənlərə sevinc gətirəndi o...
Yunus Oruclu
Asır
İntihar edəni heç qınamayın,
Kefdən-əyləncədən özünü asır?!
Ölümün üzünə mərdi-mərdanə
Zilləyib əbədi gözünü, asır!
Allah verən canla al-ver eyləyir,
Onu sevənlərə vida söyləyir.
Bəlkə, özü bilmir-axı neyləyir!?
Qara mərmər üstə üzünü asır.
Kimi ömrü boyu kefə büründü -
Varlığı, yoxluğu gözə göründü.
Bu yetim bir ömür elə süründü,
Dizləri yorulub, dizini asır.
Fikirlər-dərd, azar beynini yuyub,
Zillətdən ürəyi həyatdan doyub.
Yaxşı-pis günlərdən xatirə qoyub
Bu fani dünyadan izini asır.
İllərlə yaşadı, bir gün görmədi,
Övladın könlünə naxış hörmədi.
Səadət bağından bəhər dərmədi,
Cəhənnəm odunun közünü asır.
Düyün düşdü, yazdı-pozdu olmadı,
Nə qədər etdisə, qaşıq dolmadı.
Heç kimsə bədbəxtin sözün almadı,
Çəkib dar ağaca sözünü asır.
15.02.2017
Mehman Rasimoğlu
Mehman Rasimoğlunun “Asır” şeirinə cavab
Boşalar gedər
Allah verən ömrü yaşamalısan,
Yoxsa: - Arzuların daş olar gedər.
Sevinclə qəmi də xoşlamalısan,
Yoxsa: - Qəm, üstündən baş alar gedər.
Qəm-qüssə, həm xoş gün ötəri haldır,
Ürəyi məhv edən dərdli xəyaldır.
Çalış: - Dərd yerinə xoş fikir doldur,
Onda, hər saatın xoş olar, gedər.
İnsan fikirlərdən düşməsə xəstə,
İstəyi hər cür yollara getsə,
İlahi də ömrü əbədi etsə,
Həyat da mənasız-boş olar, gedər.
Alan-verən Allah: - Biz kim? - Neyləsək,
Onun quluyuqsa, inkar eyləsək,
Ağlayıb, sızlayıb küfr söyləsək,
Hər evdən tək-tək yox, qoşalar gedər.
Hər cür dərd çəkənlər dözümsüz olsa,
Boş-boş düşünərək xəyala dalsa,
Hamı, intihara meylini salsa,
Yunis! Yer: - insandan boşalar gedər.
28.02.2017
YUNİS ORUCLU
- Bəzən gənclər aşıq poeziyasından uzaqlaşır və modern və postmodern cərəyanı istiqamətində yaradıcılıq nümayiş etdirirlər. Bu cür yaradıcılıq, bəzən ənənəvi poeziyada yaradıcılıq nümayiş etdirən şairlər tərəfindən qəbul edilmir. Buna münasibətiniz necədir?
- Öz kökünü torpağın dərin qatlarına işləmiş, başı göylərə dəyən, minilliklər keçmiş aşıq poeziyası xalqın ruhundan doğulmuş, onun mənəviyyatından qidalanaraq pərvazlanmışdır. Xalqın ruhunu, könlünü oxşayan, ehtizaza gətirən aşıq poeziyası onu mənən kamilləşdirmişdi. Aşıqlar sələflərinin zəngin irsini öyrənə-öyrənə, eşitdiklərini yaddaşlarına yaza-yaza bu poeziyanı daha da zənginləşdirərək eldən-elə, obadan-obaya gəzə-gəzə məclislərdə söz süfrəsi açaraq toy-bayram etmişlər. Belə aşıq poeziyası sələfdən-xələfə, ustaddan-şəyirdə keçə-keçə bu zəncirin həlqələri könül oxşayan şeiriyyətlə naxışlanaraq bu günümüzə gəlib çatmışdı. Lakin son dövrlərdə bəzi gənclər aşıq poeziyasından uzaqlaşıb modern və postmodern cərəyanı istiqamətində yaradıcılıq nümayiş etdirməyə başlamışlar. Mən yeniliyin, müasirliyin, ədəbi çərçivədən çıxmağın əleyhinə deyiləm. Amma heç bir yenilik aşıq poeziyasının nüfuzuna xələl gətirə bilməz. Şifahi xalq ədəbiyyatının qollarından biri olan aşıq poeziyası öz kökünü Azərbaycan ədəbiyyatının dərinliklərinə sancmışdı.
Ümidvaram ki, gənc yazarlar modern və postmodern cərəyanından bəhrələnsələr də, öz qələmlərini klassik aşıq poeziyası üslubuna yönəldəcək və daha da inkişaf etdirəcəklər. Çünki bu yol bizim kökdən gələn dədə-baba yolumuzdu.
- Tovuz aşıqlar diyarıdır. Burada çoxlu ustad aşıq və şairlər yetişmişdir. Onların yaradıcılığı rayon hüdudlarını keçərək ölkəmizdə də tanınmışdır. Bu gün isə bu ədəbi mühitin davamçıları olaraq gənclər yetişir. Hal-hazırda Tovuz rayonunda ədəbiyyat insanlarını bir arada cəmləyən bir mətbu orqan varmı?
- Bəli, düz qeyd edirsiniz ki, Tovuz aşıqlar diyarıdır. Əbəs yerə Tovuzu aşıqların konservatoriyası adlandırmırlar. Tovuzda tanınmış aşıqlarla yanaşı, rayon hüdudlarını aşmış şairlərimiz də az deyil. Bunlardan İsa Cavadoğlu, Məmməd İsmayıl, Elman Tovuz, Telman Tovuzlu, Əbülfət İslam, Məstan Günər, Rasim Kərimli və bir çox tanınmış şairlərin adını çəkə bilərəm. Tovuzda yazıb-yaradan, rayon hüdudlarını aşaraq ölkəmizin hər guşəsinə iti qələmləri və könül oxşayan şeirləri ilə adını yazdıran gənc yazarlarımız da az deyil. Bunların arasında Azərbaycan Yazıçılar Birliyinə üzv seçilib prezident təqaüdü alan gənc şairlərdən Gülnar Səma, Rübabə Sahib, Günay Nərimanı misal göstərmək olar.
Bu gün Tovuz ədəbi mühitinin gənc yazarlarını, ədəbiyyat insanlarını bir araya cəmləyən bir mətbu orqan, demək olar ki, yoxdur. Rayonumuzun cəmi bir qəzeti var ki, o da daha çox ictimai-siyasi yazılara üstünlük verir. Mən əminliklə deyə bilərəm ki, Tovuzumuzun gənc yazarları, jurnalistləri gələcəkdə bütün ədəbiyyatsevərləri və şairlərini bir araya gətirəcək bir mətbu orqanın yaranmasına nail olacaqlar.
- Sonda oxucularımıza sözünüz...
- Sonda sizə, oxucularınıza minnətdarlığımı bildirirəm. Son dövrdə oxucular xeyli azalaraq kompüterə meyilləniblər. Onlara tövsiyə edirəm ki, şeiriyyətə, kitaba, ədəbiyyata qayıtsınlar. Biz yazarlar da onları qələbə ruhlu şeirlərimizlə sevindirək.
Söhbəti qələmə
aldı:
Mahmud Əyyublu
AAB-nin
üzvü
Palitra 2018.- 6 oktyabr.- S. 15.