“Biz Ukraynada öz işimizi
davam etdiririk”
Azərbaycan diaspor təşkilatları ilə səfirliklərin birgə fəaliyyəti diaspor hərəkatının işini daha da sürətləndirə bilər. Ötən ay Azərbaycanın Xarici İşlər Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin diaspor təşkilatlarına birgə fəaliyyətlə bağlı məktub ünvanlamaları da məhz bu məqsədə xidmət edir. Ukraynada olarkən bu və digər məsələlərlə bağlı Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Millətlər Assambleyasının prezidenti, Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidenti Rövşən Tağıyevin fikirlərini öyrəndim.
Qeyd edim ki, Rövşən Surxay oğlu
Tağıyev 1969-cu il iyulun 18-də Bakıda anadan olub. Orta təhsilini
Naxçıvan MR-in Culfa şəhərində alıb.
1991-ci ildə Kiyev Dövlət Universitetinin Tarix fakültəsini,
2012-ci ildə Ukrayna Elmlər Akademiyasını bitirib.
Diasporumuzun tanınmış simalarından biri olan
Rövşən Tağıyev Azərbaycan həqiqətlərinin
dünyaya çatdırılması, ölkəmizin mənafeyinin
qorunması, ümumiyyətlə, Ukrayna və Azərbaycan
arasında siyasi, iqtisadi, mədəni və humanitar əlaqələrin
möhkəmlənməsi istiqamətində əhəmiyyətli
işlər görüb. Ailəlidir, 2 övladı var.
- Bu günlərdə
Azərbaycanın Xarici İşlər Nazirliyi və Diasporla
İş üzrə Dövlət Komitəsi diaspor təşkilatlarına
birgə fəaliyyətlə bağlı məktub göndəriblər.
Diaspor fəaliyyətinin keyfiyyət baxımından yüksəlməsinə
bu məktubun nə kimi təsiri olacaq?
- Hesab edirəm ki, Azərbaycanın hər bir
diplomatı diaspor siyasətini Diasporla İş üzrə
Dövlət Komitəsi ilə birgə həyata keçirməlidir.
Çünki biz Ukraynada öz işimizi davam etdiririk. Amma Azərbaycanın
diaspor siyasətini Diasporla İş üzrə Dövlət
Komitəsi həyata keçirir. Bəzi hallarda səfirliklərimiz
koordinasiyasız işlər görürlər. Məsələn,
müəyyən işlərlə bağlı Diasporla
İş üzrə Dövlət Komitəsinin xəbəri
olmur. Bu kimi halların olmaması üçün belə məktubun
göndərilməsinə müsbət baxıram. Səfirlər,
diplomatlar ancaq öz işləri ilə məşğul
olsalar, daha yaxşı olardı. Çünki diasporla səfirliklər
arasında narazılıqlar olub. Bunun da bir çox səbəbləri
var. Ona görə də diaspor təşkilatları öncə
Diasporla İş üzrə Dövlət Komitəsilə ən
sıx əlaqədə olmalıdır. Çünki
diplomatlar Azərbaycanın xarici siyasətini həyata
keçirirlər. Eyni zamanda səfirliklər də diasporla
sıx əlaqə saxlamalıdır. Ən əsası də
diasporla səfirlik bir-birlərinə hörmət göstərməlidir.
Bu da qarşılıqlı olmalıdır. Bəzən olur
ki, səfirliklərin siyasəti ilə Diasporla İş
üzrə Dövlət Komitəsinin siyasəti
üst-üstə düşmür. Bu da yaxşı hal deyil.
Amma hesab edirəm ki, Diasporla İş üzrə Dövlət
Komitəsinin yeni sədri cavan, potensiallı kadrdır və
bizə çox müsbət ümidlər bəxş edir.
Biz bu gün Diasporla İş üzrə Dövlət Komitəsinin
fəaliyyətini dəstəkləyirik. Fuad Muradovun komitə
sədri kimi fəaliyyəti diaspor hərəkatına
müsbət yeniliklər gətirəcək.
- Səfirliklə
diaspor nə kimi birgə işlər görə bilər?
- Səfirliklə illər boyu müəyyən
işlər görülüb. Bundan sonra da birgə tədbirlər
etmək olar. Amma Azərbaycanın Ukraynadakı səfirliyi hər
zaman bilməlidir ki, Ukraynadakı diaspor təşkilatları
bu dövlətin müstəqil ictimai təşkilatlarıdır.
- Bu gün Ukraynadakı
diasporumuz nə dərəcədə güclüdür?
- Artıq heç kimin şübhəsi ola bilməz ki, Ukraynada olan diasporumuz dünyada ən güclü diasporlardan biridir. Baxın, sayı yarım milyona yaxın olan diasporuq. Ukraynada öz yerimizi tutmuşuq. Bəzən bizə deyirlər ki, Ukrayna parlamentində sizin deputatlarınız yoxdur. Bizim parlamentdə deputatımız olub-Roman Nəsirov. O, bir neçə il nazir kimi də çalışıb. Təbii ki, məqsədimiz var ki, Ali Radaya soydaşlarımız deputat seçilsinlər.
Bizim konqresdə vilayət və şəhər
deputatları, hüquq-mühafizə orqanları, təhlükəsizlik
xidməti işçilər, alimlərimiz, həkimlər,
idmançılar, sahibkarlar, rəssamlar var. Bu onu göstərir
ki, bizim potensialımız böyükdür. Hər regionda
öz təşkilatlarımızı saxlayır və
işini də inkişaf etdiririk. Bizim mədəniyyət mərkəzlərimiz
fəaliyyət göstərir. Azərbaycanlılara
böyük memoriallar açmışıq. Ukraynalılar
artıq bilirlər ki, Ukraynanın cənubunu faşistlərdən
azərbaycanlılar xilas ediblər.
- Ukraynanın rəsmi
orqanları ilə əlaqələriniz hansı səviyyədədir?
- Parlamentin, ən azı, 150-200 deputatı bizim dostlarımızdır. Bu deputatlar bizim konqresin tədbirlərində ardıcıl olaraq iştirak edirlər. Ümumiyyətlə, dünən, bu gün və sabah bizim dostlar bu dövlətdə aparıcı liderlərdən biri olublar və olacaqlar. Çünki biz hər bir ictimai-siyasi dairələrlə əlaqə saxlayırıq və onlarla ümumi işlər də görürük. Bilirsiniz, onların da bizə ehtiyacı var. Birincisi, azərbaycanlılar böyük potensialı olan millətdir. İkincisi, görürlər ki, Azərbaycanın da, Ukraynanın da ərazi bütövlüyünə təcavüz olunub. Azərbaycan Ukraynanın, Ukrayna isə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Ümumiyyətlə, iki dövlət arasında sıx münasibətlər var. Bu da bizə güc, qüvvə verir. Biz Ukraynada öz mövqeyimizi gücləndirmək üçün böyük bir qüvvəyik.
Dağlıq Qarabağ həqiqətlərinin yayılması istiqamətində biz sistemli işlər aparırıq. Parlamentarilər, dövlət rəsmiləri ilə birgə təbliğat işləri görürük. Hər il Xocalı soyqırımının anım günü ilə bağlı tədbirlər keçirir, telekanallarda çıxışlar edirik. Bu kimi tədbirlərə Ukrayna rəsmilərini də dəvət edirik. Yəni Qarabağ, Xocalı həqiqətlərini biz Ukrayna ictimai-siyasi dairələrinə, eləcə də xalqına lazımi səviyyədə çatdırırıq.
- Ukraynada azərbaycanlıların
hüquqları necə təmin olunur?
- Azərbaycanlılar Ukraynada sıravi vətəndaş
kimi öz yerlərini tutublar. Biz öz işlərimizlə azərbaycanlılar
haqqında olan stereotipləri dağıdırıq. Ən əsası
odur ki, azərbaycanlıların Ali Radada təmsil
olunmaları üçün böyük potensial və
perspektivimiz var. Bunun üçün gündəlik işlərimizi
daha da gücləndirməliyik. Bizim potensialımız elədir
ki, iki dəfə Ukrayna parlamentinin nümayəndələrini
Azərbaycan millətindən üzr istəməyə məcbur
etmişik. Biz azərbaycanlıların haqqının
tapdanmaması üçün işlərimizi
görürük. Bizim vətənimizdən heç bir təmənnamız
yoxdur. Biz vətənimizi, millətimizi sevirik.
- Perspektivdə
birgə olaraq nə kimi fəaliyyət nəzərdə
tutulub?
- Konqres çox güclü strukturdur. Bir
müddət Ukraynada diaspor hərəkatında çəkişmələr
yaşandı. Bu gün isə Ukraynadakı təşkilatlar
arasında memorandum hazırlanır. Ukrayna Azərbaycanlılarının
Radası yaradılır. Burada həmsədrlər olacaq. Həmçinin
bir nəfər icraçı təyin olunacaq. Orada müxtəlif
sahələr üzrə departamentlər yaradılacaq. Diaspor
təşkilatlarının da bu radaya girişi və ya
çıxışı azad şəkildə təmin ediləcək.
Bu çox demokratik prinsipdir. Mən hər bir Azərbaycan
diaspor təşkilatına uğurlu fəaliyyət
arzulayıram.
Fuad Hüseynzadə
(Bakı-Kiyev-Bakı)
Palitra 2018.- 6 oktyabr.- S. 10.