“Dədə
Şəmşir xalq dastanlarının əvəzsiz
bilicisi və mahir
danışanı olub”
Ulu dədəmiz Dədə Qorquddan üzü bəri dünyamıza çox ustadlar gəldi. Elə ustadlar ki, hər biri ayrıca bir dünyadır. Qurbani, Sarı Aşıq, Xəstə Qasım, Aşıq Alı, Aşıq Ələsgər, Hüseyn Şəmkirli, Hüseyn Bozalqanlı və neçə-neçə adı bəlli saz və söz xiridarları. Sonuncu zirvə isə ustadlar ustadı Aşıq Ələsgərdir. O Ələsgər ki, bütün zamanların sənət zirvəsidir. Əlbəttə, Dədə Ələsgər də Aşıq Alı kimi, ustaddan kamillik dərsini çox mükəmməl almışdı. O dövrün kamil ustadlarından biri də sənətin qaynar qazanında bişmiş olan ustad Ağdabanlı Qurbandır. Dövrünün çox dəyərli saz və söz adamı olan şair Qurban ocağının bir halal övladıdır Şəmşir Qurbanoğlu.
Müdriklər həmişə şəxsiyyətin sənətdə oynadığı mühüm rolu qeyd etmişlər. Elə böyük sənət nümunələri yaradanlar əsl şəxsiyyətli insanlardır. Cəmiyyət, adətən, şəxsiyyət və sənətin paralel inkişafını dəstəkləyib. Həqiqətən, sənətdə şəxsiyyətə çevrilmək çətin prosesdir.
“Ustad oğlu şəyird olmaz” - demiş atalar. 1893-cü ildə dünyaya gələn Şəmşir
daddığı ilk ana
südündən sonra
sazdan və sözdən qidalandı.
O sazdan ki, onların öz ocağında onu Aşıq Ələsgər
dilləndirib və bu da Şəmşir
ömrünün formalaşması
üçün əvəzsiz
rol oynadı. Əlbəttə, Şəmşirin qabiliyyəti, zirəkliyi,
qeyri-adi istedadı onun qolundan tutdu
və büdrəməyə
qoymadı. XIX əsrdən başlayan Kəlbəcər ədəbi
mühiti elə Şəmşirlə bərabər
boy atmağa və çiçəklənməyə başladı.
Evdə, eldə-obada nə qədər saz-söz adamı olsa da, bir ustad
yanında dərs almaq lazımdır. Bir müddət goranboylu Sarı Aşıqdan sənət dərsi alan Aşıq
Şəmşir daha da yetkinləşdi və sənət aləminə müstəqil
qədəm basdı.
Az vaxtda
doğma Kəlbəcərdə,
Göyçədə və
sazın dəyərini
bilən hər bölgədə Aşıq
Şəmşirin adı
eşidilməyə başlandı.
Bütün bunlar bir yana,
Aşıq Şəmşirin
öz şöhrət
taxtında əyləşməsində
Azərbaycanın və
bütün türk dünyasının böyük
şairi Səməd Vurğunla görüşü
səbəb olmuşdur.
1955-ci ildə Səməd
Vurğun İstisuya gələrkən Şəmşir
sözünün və
sazının istiliyini
gördü. Uşaqlıqdan saza bağlı
olan şair Şəmşirə və
onun sazına könül bağladı.
Aşıq Şəmşir
də onu öz sazı, sözü ilə qarşıladı:
Elimin, günümün böyük
şairi,
Gətirib dağlara səfa,
xoş gəldin.
Yolunu gözlədik biz intizarla,
Eyləyib əhdinə vəfa,
xoş gəldin.
Ədəbiyyatımızın görkəmli nümayəndələri
Səməd Vurğun
və Aşıq Şəmşirin Azərbaycan
ədəbiyyatında yaratdıqları
ədəbi nümunələr
özünəməxsus yer
tutur. Həmin mütəfəkkirlərin yaradıcılığı kimi,
şəxsiyyətləri də
ölməzdir. Səməd Vurğun
həmişə Azərbaycan
ellərini gəzərək
el şair və aşıqlarını üzə
çıxarmış, onlara
sonsuz məhəbbət
bəsləmiş və
ədəbi proseslərdə
onların yaxından iştirak etmələrinə
nail olmuşdur. Böyük ustad
Aşıq Şəmşirin
Səməd Vurğunla
görüşü onun
şöhrətini ellərə
yaydı. Dədə Şəmşir
də bundan arxayınlaşmadı. Müqəddəs aşıq sənətinin
ən dərin dəryalarına baş vurdu və oradan
da ləl-gövhər
dolu yüklə döndü. O, təkcə
ustad aşıq kimi məclislər yola salıb öz ruzisini qazanmağa çalışmadı.
Onun özü bir dastan ömrü yaşadı. Hər cəhətdən
bir örnək oldu ellərə. Dədələşdi Aşıq Şəmşir.
Səməd Vurğun və Aşıq Şəmşirin
tarixi görüşlərindəki
şeirlərin bədii
təsvir və ifadə vasitələri baxımından təhlilinə
nəzər yetirsək,
güclü bədii məcazlarla rastlaşa bilərik. Hər iki sənət
insanı gözəl
poetik nümunələr
yaradaraq poeziyamızın
zənginləşməsinə səbəb olub. İki söz sərrafının
görüşündəki şeirlərin ilk bəndlərinə
nəzər yetirək.
Səməd Vurğun
Aşıq Şəmşir, Dəlidağdan
keçəndə
Kəklikli daşlardan xəbər al məni.
Ceyran bulağından qızlar
içəndə,
Saz tutub, söz qoşub yada sal məni.
Şeir gözəl bədii yükü ilə oxucunu özünə cəlb edir. Nəzəri biliklər şeirdə gözəl qorunmuş və idiomlar işlənmişdir. “Kəklikli daşlardan” məcazında metafora müfəssəl şəkildə
ifadə olunub. Əlbəttə ki, “kəklikli
daşlar” ifadəsi məcazi baxımdan işlənib və əslində, “mamırlı
daşlar” həmin ifadənin əvəzində
həqiqi mənada işlənir. Biz burada “mamırlı” sözünün gizlədildiyini
və əvəzində
“kəklikli” ifadəsinin
işlənməsinin şahidi
oluruq. Bu isə məcazlar içərisində bədii
təsvir vasitələrindən
metaforanın əlamətidir.
Aşıq Şəmşir
Qoşqarla yanaşı duran
başın var,
Bizim el tanıyır
uca dağ səni.
Yanır yolumuzda sənət
çırağın,
Bilirik şeirdə bir mayak səni.
Aşıq Şəmşirin Səməd
Vurğuna verdiyi bu cavabda zəngin
məcazlar işlənmişdir. Həmin idiomlar
şeir parçasının
zənginləşməsinə səbəb olur. “Qoşqarla yanaşı
duran başın var” təşbehi məcazın biridir.
Aşıq Şəmşir Səməd Vurğunun şeirdə olan əzəmətini vəsf
edib. “Yanır
yolumuzda sənət çırağın” misrasında
biz artıq metaforanın
bir məcaz kimi ifadə olunduğunu görürük.
Bu misrada əlamət
köçürülməsi aydın hiss olunur. Aşıq Şəmşirin şeirin
sonunda işlənən
“Bilirik şeirdə bir mayak səni”
misrası da metaforadır. “Mayaq” dənizdə olur və “dəniz”
sözü şeirdə
gizlədildiyi üçün
təşbeh yox, misra birbaşa metaforadır.
Klassik aşıq
şeirinin bütün
janrlarında Aşıq
Şəmşir çox
böyük uğur qazandı. Yüzlərlə qoşma, gəraylı,
divani, təcnis, müxəmməs və başqa şeirləri dillər əzbəri oldu. Hələ bu harasıdır?
Belə bir ulu söz də
var: şəyirdini mənə göstər, sənin necə aşıq və ya ustad olduğunu
deyim. Əslində, Aşıq Şəmşir
elə xoşbəxt ustad idi ki,
onun zamanında əlinə saz alan hər
kəs özünü
Dədə Şəmşirin
çırağı (şəyirdi)
hesab eləyirdi. Təkcə Aşıq Sakit Köçərinin adını
çəksək, bu
suala cavab vermiş olarıq.
Bu o Aşıq Sakit Köçəridir ki, Dədə Şəmşirin
işıq üzü
görməyən 115 şeirini
yığıb bir kitab şəklində onun 115 illiyinə həsr edib və cəmiyyətə təqdim edib. Şəyirdi ustadlaşan ustada,
“ustadlar ustadı” demiş atalar. Bu cəhətdən də Dədə Şəmşir əsl ustadlar ustadıdır.
Dədə Şəmşirin bir cəhəti də əvəzolunmazdır. Onun yaratdığı
hər sözün milli sərvət olmasından savayı, o, həm də minilliklərdən bəri
elin yaddaşında mürgü döyən çox-çox xəzinələri
üzə çıxarıb.
Eldən
aldığı zəngin
xəzinələri yenidən
öz orijinallığı
ilə elə qaytarıb və bununla da bir
daha öz böyüklüyünü göstərmişdir.
Dədə Şəmşir xalq dastanlarının əvəzsiz bilicisi və onun çox
mahir danışanı
olub.
Dədə Şəmşir Borçalıdan
olan ustad aşıqlardan Dədə
Əmrahla, Hüseyn Saraclıyla, Aşıq Kamandar Əfəndiyevlə
çox bağlı olmuş və onlara böyük dəyər vermişdi. Onların hər
üçü ilə
gah Kəlbəcərin
“İstisu” sanatoriyasındakı
evində, gah da Bakıda dönə-dönə görüşmüşdür.
O aşıq Əmrahı
da zamanın ən böyük saz ustadı adlandırmışdır. Həmçinin Tovuzdan Aşıq Mikayıl Azaflı da daxil olmaqla
dövrünün qabaqcıl
sənətkarları ilə
sıx əlaqə saxlamışdır.
Özü dastan olan, dastanlar
yaradan Şəmşir
dastanlaşıb. Onun haqqında dastanlar
yaradılır. O qədər
əzəmətli, o qədər
böyükdür ki,
Şəmşir adı
dillərdə dastan oldu.
Bu il böyük
ustadın dünyaya gəlməsinin 125-ci ili tamam olur. XX əsrin ən böyük ustad ozanı olan Dədə Şəmşirin
adı və ustad sənətkarlığı
heç vaxt unudulmayacaq. Dədə Şəmşirin adı bundan sonra da neçə
yüzilliklər anılacaq.
Ruhu şad olsun.
Güllü Eldar Tomarlı,
"Aşıq Pəri Məclisi"nin bədii rəhbəri, şair-publisist
Mahmud Əyyublu,
AAB-nin üzvü
Palitra.- 2018.- 10 oktyabr.- S. 15.