Nigar Alimova: “Vergi
inzibatçılığında şəffaflıq və səmərəlilik
əsas hədəfdir”
Vergilər Nazirliyinin Sənədlərlə
iş və müraciətlərə baxılması
departamentinin (Katiblik) baş direktoru Nigar Alimova ilə olan
müsahibəni oxuculara təqdim edirik:
- Nazirliyin
apelyasiya mexanizminin təkmilləşdirilməsinin məqsədləri
nədən ibarətdir?
- Son dövrlərdə Vergilər Nazirliyi tərəfindən
həyata keçirilən mühüm institusional yeniliklərdən
biri də Sənədlərlə iş və müraciətlərə
baxılması departamentinin yaradılmasıdır. Bu dəyişiklik
bir sıra mühüm məqsədlərə, ən önəmlisi,
adından da göründüyü kimi, müraciətlərə
baxılmasının təkmilləşdirilməsinə,
prosesin səmərəliliyinin artırılmasına xidmət
edir və sözsüz ki, vətəndaş müraciətlərinin
daha çevik və yüksək keyfiyyətlə icra
olunmasını nəzərdə tutur. Dəyişikliyin
başlıca mahiyyəti çoxsaylı şikayət
instansiyalarını vahid bir strukturda birləşdirməklə
yeni apelyasiya institutu təsis etməkdir. Məqsəd həm də
odur ki, yeni yaradılmış departament, bir növ, müstəqil
üçüncü tərəf kimi çıxış
edərək həm yerli strukturların fəaliyyətini qiymətləndirəcək,
həm də onların işinə nəzarət edən
yuxarı səlahiyyətli strukturların fəaliyyətinin nə
dərəcədə səmərəli təşkil olunduğunu
qiymətləndirəcək.
- Daxil olan
şikayətlərə baxılması qaydası necə tənzimlənir?
- Şikayət aidiyyəti üzrə bizim departamentə daxil olduqdan sonra, ilk növbədə, müraciət edən şəxsə, yəni şikayətçiyə «İnzibati icraat haqqında» Qanunun tələblərinə uyğun olaraq üç gün müddətində onun şikayətinin icraata qəbul olunması və icraçı barədə məlumat verilir. Daha sonra icraçı departamentə dəvət olunur, şikayətçinin özünün və ya səlahiyyətli nümayəndəsinin iştirakı ilə inzibati icraat qaydasında araşdırma aparılır, bütün zəruri məlumatlar və sənədlər bizə təqdim edilir, araşdırma zamanı müraciətin hərtərəfli və obyektiv araşdırılması üçün zəruri olacaq digər məsələlər yoxlanılır. Departamentin fəaliyyətində rəhbər tutduğu əsas məsələlərdən biri odur ki, vergi qanunvericiliyində olan bütün ziddiyyətlər və mübahisə doğuran məsələlər vergi ödəyicilərinin xeyrinə həll edilsin, eləcə də bu sahədə şəffaflıq tam təmin olunsun.
- Bu idarəyə
müraciət etmək istəyən sahibkar ilk öncə nədən
başlamalıdır, hara və necə müraciət etməlidir?
- Hazırda Vergilər Nazirliyinə müraciət
kanalları çoxşaxəlidir. Vergi ödəyiciləri,
vətəndaşlar öz müraciətlərini həm istənilən
yerdən poçt vasitəsilə, həm də nazirliyin
inzibati binasındakı poçt qutusu vasitəsilə, eləcə
də əlbəəl nazirliyin qəbul şöbəsinin əməkdaşına
çatdıra bilərlər. Bundan əlavə,
respublikanın bütün regionlarını əhatə edən
vergi xidməti mərkəzləri fəaliyyət göstərir.
Vergi ödəyiciləri və vətəndaşlar həmin
mərkəzlər, Vergilər Nazirliyinin «195-1»
Çağrı Mərkəzi, eləcə də elektron
kargüzarlıq və digər mümkün rabitə
kanalları vasitəsilə bizə müraciət edə bilərlər.
- 2018-ci ilin 9
aylıq statistik göstəricilərinə baxsaq, müraciətlərin
sayında və strukturunda hansısa müqayisələr apara
bilərikmi?
- Bu müqayisəni departamentin təsis edildiyi
gündən sonrakı dövr üzrə aparsaq, çox
maraqlı tendensiyanın şahidi olarıq. Nazirliyin Sənədlərlə
iş və müraciətlərə baxılması
departamenti 2018-ci il iyulun əvvəlində təsis olunub. Həmin
dövrdən indiyədək həm daxil olan şikayətlərin
sayında, həm də onların tərkibində ciddi dəyişikliklər
olub. Bu, bizə bir çox mesajlar verir. Məsələyə
daha geniş yanaşsaq, onu qeyd etmək istərdim ki,
sözsüz ki hər zaman diqqətçəkən məqam
daxil olan şikayətlərin daha çox hansı sahələrlə
bağlı olması və onların statistik göstəriciləri
olub. Vergilər Nazirliyinun əsas funksiyalarından biri vergi nəzarəti
tədbirlərini həyata keçirmək olduğu
üçün, təbii ki, daxil olan şikayətlər də
bu nəzarət tədbirləri ilə bağlı olur. Yəni
müraciətlər əsasən kameral yoxlamalar, səyyar vergi
yoxlamaları, operativ nəzarət tədbirləri, az sayda
uçot-qeydiyyat məsələləri, hesabatların
vaxtlı-vaxtında təqdim edilməməsi zamanı tətbiq
olunmuş maliyyə sanksiyaları ilə bağlıdır.
Burada xüsusi ilə onu qeyd etmək lazimdır ki, son
dövrlərdə Vergilər Nazirliyi tərəfindən həyata
keçirilən əsas siyasət nəzarət tədbirlərinin
minimallaşdırılması və qanunsuz nəzarət tədbirlərinin
həyata keçirilməsinin qarşısının
alınmasıdır və daxil olan şikayətləri təhlil
edərkən gördük ki, bu siyasətin nəticəsində
daxil olan şikayətlərin dinamikasında həm tərkib,
həm də say baxımından nəzərəçarpan
azalmalar var. Onu da qeyd etmək yerinə düşərdi ki, təkcə
səyyar vergi yoxlamalarının keçən ilin müvafiq
dövrü ilə müqayisədə 60 faiz, operativ nəzarət
tədbirlərinin 28 faiz azalması, eləcə də kameral
yoxlamaların sayının əhəmiyyətli dərəcədə
aşağı düşməsi həqiqətən
böyük göstəricidir və sözsüz ki, daxil olan
şikayətlərin tərkibində, məzmununda və
sayında çox aydın şəkildə
görünür.
Tural
Tağıyev
Palitra.-2018.-13 oktyabr.-S.10.