Kənd təsərrüfatında
aparılan islahatlar böyük
nəticələr əldə etməyə imkan
verir
“Biz
pambığın alış qiymətini bir
neçə dəfə artırmışıq. Bu yaxınlarda son dəfə
artırdıq ki,
pambıqçılıqla məşğul olanlar
daha çox pul qazansınlar”
Kənd təsərrüfatının
inkişafı istiqamətində həyata keçirilən tədbirlər
ölkədə ərzaq təhlükəsizliyinin təmini ilə
yanaşı, ixrac imkanlarının
genişlənməsi üçün imkanlar açır. Son vaxtlar
ölkədə ənənəvi sahələrin bərpası
ixracyönümlü məhsulların
artmasında mühüm rol
oynayır. 2018-ci il Azərbaycan üçün uğurlu
il olub və doqquz ayda kənd təsərrüfatı
sahəsində artım 4,3 faiz təşkil
edib. Prezident İlham Əliyevin sədrliyi
ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına
və qarşıda duran vəzifələrə
həsr olunan iclasında
çıxışı zamanı ölkə
başçısı bildirib ki, kənd təsərrüfatı sahəsində
aparılan islahatlar daha
böyük nəticələr əldə
etməyə imkan verəcək: “Biz pambıqçılığı daha səmərəli şəkildə inkişaf etdirməliyik. Məhsuldarlıq
artmalıdır. Statistikaya baxsaq görərik ki, 2016-cı ildə Azərbaycanda 90 min ton pambıq tədarük
edilib, - 2015-ci ili mən
demirəm, o illərdə, ümumiyyətlə,
məhsuldarlıq çox
aşağı idi, - keçən il 207 min ton,
yəni 2 dəfədən çox.
Bu il təqribən
250-260 min ton
pambığın tədarükü nəzərdə tutulur. Yəni artım dinamikası çox müsbətdir. Onu
da qeyd etməliyəm
ki, hazırda ölkəmizdə
pambıqçılıqda 190 mindən çox
insan işləyir. Bax,
biz pambıqçılığı inkişaf etdirməyə başlayandan
sonra bu insanlar işlə təmin olundular.
Biz pambığın alış qiymətini
bir neçə dəfə
artırmışıq. Bu yaxınlarda son dəfə artırdıq ki,
pambıqçılıqla məşğul olanlar
daha çox pul qazansınlar. Əminəm ki,
biz məhsuldarlığı böyük dərəcədə artıra
bilərik. Məhsuldarlıq hektardan minimum 20 sentner
olmalıdır. Ancaq indi
biz bilirik ki, müasir
texnologiyaların tətbiq olunduğu, düzgün aqrotexniki xidmət
göstərildiyi bir vaxtda
məhsuldarlıq daha da
artır. Hesab edirəm
ki, burada inkişaf üçün
çox böyük potensial var. Mən kənd təsərrüfatı
ilə bağlı yekun olaraq demək
istəyirəm ki, ilk
növbədə biz daxili
tələbatı təmin
etməliyik, məhsuldarlığı
artırmalıyıq, elmi
yanaşmanı tətbiq
etməliyik və ixrac imkanlarımızı
genişləndirməliyik”.
Dünyada artan pambıq qiymətləri əkinçiləri
də pambıq yetişdirməyə həvəsləndirib
Qeyd edək ki, 2017-2018-ci il mövsümündə
dünya pambıq istehsalı 7% artaraq 24,6 milyon tona
çatıb. Həmin
dövrdə dünya
pambıq istehsalı sahəsi 7 faiz artaraq 31,8 milyon
hektara çatıb. Pambıq istehsal edən ölkələr arasında
Hindistan pambıq istehsalını sürətlə
artırmaqdadır. Bu ölkənin istehsalı illik 6,5% artımla
6,2 milyon tona çatdıraraq dünyanın
ən böyük istehsalçısı olması
bazar üçün
sürpriz olmayacaq. Əlverişli iqlim, dövlətə dəstək
qiyməti və digər alternativlərdən
daha yaxşı gəlir gətirməsi nəticəsində Hindistanda
pambıq əkin sahəsi bu il 8,5% artaraq
11,5 mln. hektara
çatıb. Dünyada
pambıq qiymətlərindəki
dəyişikliklər, bir
il ərzində
ikiqat artan pambıq qiymətləri bütün dünyada əkinçiləri də
pambıq yetişdirməyə
həvəsləndirib. Ən böyük
istehsalçılardan olan
Çin və
ABŞ-da pambıq istehsalında əhəmiyyətli
artımlar qeydə alınıb. Çində
3,1 faiz artımla
3,3 milyon hektar əkin sahəsindən təxminən 5,2 milyon ton
pambıq istehsal ediləcəyi təxmin edilir. ABŞ-ın istehsal həcmini ildə 12,5% artıraraq 4,4 milyon tona çatdırması gözlənilir. Bu rəqəm 2007-2008-ci illərdən
etibarən ABŞ-da ən yüksək göstəricidir.
Ən böyük pambıq istehlakçısı olan Çin, 2013-cü ildən etibarən pambıq idxalını təxminən 50% azaldıb. Çinin daxili bazar sayəsində yenidən idxala yönəlməsi qaçılmazdır. Son 5 il içərisində idxal kvotasını ilk dəfə artıran Çinin, keçən il 1 milyon tona enən alışını 2020-ci ilə qədər 3 milyon tona çatdıracağı gözlənilir. Bu vəziyyət, xarici bazarlarda pambıq qiymətinin azalmasına mane olur, bu rəqəm son bir ildə 25% dəyərləndirilərək 0,90 dollar/funt təşkil edir.
Bölgələrimizdə
pambıqçılıq
Son illər dövlətin pambıqçılığın inkişafına göstərdiyi hərtərəfli dəstək bölgələrdə pambıqçılığın inkişafında mühüm rol oynayır. Hazırda İmişlidə pambıq yığımı sürətlə davam edir. Yığıma mütəşəkkil başlayan “ağ qızıl” ustaları indiyədək sahələrdən 5 min 645 tondan çox məhsul toplayıblar. Hər gün sahələrdən 550-600 ton pambıq toplanaraq qəbul məntəqələrinə göndərilir. Tədarük olunan məhsulun 85-90 faizi birinci növ kimi qəbul olunub. Rayon Statistika İdarəsinin məlumatına görə, bu il İmişlidə 13 min 645 hektar sahədə pambıq əkilib. Ötən il sahələrdən 10 min tondan çox məhsul toplayan fermerlər cari təsərrüfat ilində yüksək məhsul götürmək üçün bütün imkanlardan səmərəli istifadə edirlər. Rayonda pambıq əkini üçün əlverişli şərait olduğundan və torpaq mülkiyyətçiləri tərəfindən bitkiyə aqrotexniki qaydada qulluq göstərildiyindən bu il tarlalarda bol məhsul yetişib. Xeyli vaxtdır ki, kütləvi pambıq yığımına başlanılıb. Məhsul yığımı həm əl, həm də kombaynlarla aparılır. Hazırda sahələrdə 10-a yaxın pambıqyığan kombayn işləyir və gün ərzində maşınlarla 150-200 ton məhsul toplanır. Qeyd edək ki, bu il imişlili pambıqçılar qarşıya sahələrdən 27 min ton pambıq yığmağı məqsəd qoyublar.
Füzuli rayonunda pambıq yığımı davam edir və indiyədək tarlalardan 950 ton məhsul toplanıb. Füzuli Rayon İcra Hakimiyyətinin məlumatına görə, bu il Füzuli rayonunda 2100 hektar sahədə çiyid səpini həyata keçirilib. Pambıq əkinlərinin 1330 hektarı “P-Aqro” MMC, 630 hektarı “Azərpambıq” MMC ilə müqavilə əsasında, 140 hektarı isə fərdi qaydada becərilib. Pambıq sahələrinə lazımi aqrotexniki qulluq göstərilib, mineral gübrələr verilib, vaxtlı-vaxtında suvarma suyu ilə təmin edilib ki, nəticədə tarlalarda bol məhsul yetişib. Tarlalardan məhsul həm kombaynlar vasitəsilə, həm də əl əməyindən istifadə edilməklə yığılır. Pambıq istehsalçıları yığdıqları məhsulu Horadiz şəhərində və Beyləqan rayonunda yerləşən pambıq qəbulu məntəqələrinə təhvil verirlər. İlkin hesablamalara görə, bu il Füzulidə dörd min tondan çox “ağ qızıl”ın istehsal ediləcəyi gözlənilir.
Pambığın alış qiymətinin hər ton üçün 50 manat artırılması biləsuvarlı fermerlər arasında yüksək əhvali-ruhiyyə yaradıb. İndiyədək sahələrdən 5 min 695 ton məhsul toplanaraq qəbul məntəqələrinə göndərilib. Bu il biləsuvarlı pambıqçılar 11 min 350 hektar sahədə pambıq becəriblər. Ötən il plantasiyalardan 24 min tondan çox məhsul toplayan əkinçilər cari təsərrüfat ilində məhsul istehsalını daha da artırmaq üçün səpin kampaniyasından yığıma kimi bütün aqrotexniki tədbirləri vaxtında həyata keçiriblər. Nəticədə sahələrdə bol məhsul yetişib. İndi qarşıda duran əsas vəzifə məhsulu qısa müddətdə toplamaqdır. Məhsul yığımına əvvəlcədən yaxşı hazırlıq işləri görüldüyündən hər gün sahələrdən 565-570 ton məhsul tədarük olunur. Biləsuvarda bu il məhsulun 70-75 faizinin maşınlarla toplanması nəzərdə tutulur. Bunun üçün xarici ölkələrdən alınmış 29 ən müasir kombayn hazır vəziyyətdədir. Yaxın günlərdə rayonda məhsulun maşınlarla yığılmasına kütləvi şəkildə start veriləcək.
Sabirabadda pambıq yığımına başlayan torpaq mülkiyyətçiləri hər gün sahələrdən 450-500 ton məhsul toplayaraq qəbul məntəqələrinə göndərirlər. Yığım başlayandan bu günədək 6878 ton “ağ qızıl” toplanıb. Tədarük olunan məhsulun 65 faizindən çoxu maşınlarla yığılıb. Sabirabadlı pambıqçılar bu il 13 min 55 hektar sahədə pambıq əkiblər. Ötən il 18 min tondan çox məhsul istehsal edən torpaq mülkiyyətçiləri bu il də sahələrdə bol məhsul yetişdiriblər.
Cari ilin məhsulu üçün 3100 hektar sahədə pambıq becərən ağdamlı fermerlər və torpaq mülkiyyətçiləri hazırda məhsul yığımını davam etdirirlər. Bu günə qədər tarlalardan 1908,4 ton məhsul toplanıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 26,5 faiz çoxdur. Pambığın 84,8 faizi kombaynlarla yığılıb. Yığılan pambıq “MKT İstehsalat Kommersiya” MMC, “Azərpambıq” MMC, “Kənd Təsərrüfatı” MMC-yə və fərdi qaydada olan pambıq qəbulu məntəqəsinə təhvil verilir. Qeyd edək ki, 2017-ci ildə 3005 hektarda pambıq becərən Ağdam pambıqçıları tarlalardan 6173,26 ton məhsul tədarük ediblər.
Cari ilin məhsulu üçün 3300 hektar sahədə pambıq becərən tərtərli fermerlər və torpaq mülkiyyətçiləri hazırda məhsul yığımını davam etdirirlər. Bu günə qədər tarlalardan 1899,2 ton məhsul toplanıb. Qeyd edək ki, 2017-ci ildə 3123 hektarda pambıq becərən Tərtər pambıqçıları tarlalardan 8419,9 ton məhsul tədarük ediblər. Bu, orta məhsuldarlığa görə ötən il respublika üzrə ən yüksək göstərici olub.
Ucar rayonunda artıq məhsul yığımına pambıqyığan maşınlar da cəlb olunub. Bu il 2500 hektarda pambıq yetişdirilib və ilk günlərdən yığım kampaniyasına 620 nəfərdən çox işçi qüvvəsi cəlb olunub. Hələlik tarlalardan 615 tonadək məhsul toplanıb. Qeyd edək ki, bölgədə yetişdirilən məhsulun 80 faizinin texnikanın qüvvəsi ilə yığılması nəzərdə tutulub. Bu məqsədlə artıq bir neçə gündür ki, tarlalara 5 ədəd pambıqyığan maşın çıxarılıb. Daha çox əkin aparılan Bərgüşad, Təzə Şilyan, Şahlıq və bir sıra digər ərazi vahidlərində hazırda məhsulun çoxu məhz texnikanın qüvvəsi ilə yığılır.
Vüqar Bayramov: “Qeyri-neft sektorunda
dayanıqlı inkişaf müşahidə
edilir”
İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) sədri, iqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, 9 ayın yekunlarında yalnız ÜDM-də deyil, eyni zamanda qeyri-neft sektoru üzrə göstəricilərdə də artımlar müşahidə olunub. Ekspert qeyd edib ki, qeyri-neft sektorundakı artımın yüksək olması, iqtisadiyyatın və iqtisadi tempin dayanıqlılıq göstərməsi əsas faktorlardan biridir. Bu müddətdə həm ÜDM, həm sənaye istehsalı üzrə qeyri-neft sektorunda artım daha çoxdur. Qeyri-neft sənayesində ikirəqəmli artım qeydə alınıb ki, bu da sənayedə aparılan islahatların nəticəsi kimi dəyərləndirilə bilər. İclasda qeyd olunub ki, növbəti dövrdə də qeyri-neft sektorunun inkişafı prioritet olacaq. Bu, makroiqtisadi göstəricilərdə neftin payının azalmasına və neftdən asılılığın aradan qaldırılması prosesinin sürətlənməsinə imkan verəcək, çünki neftdən asılılığın aradan qaldırılması Azərbaycan üçün prioritet məqamlardan biridir”.
İqtisadçı ekspertin sözlərinə görə, 2014-cü ildən sonra sürətlənən iqtisadi islahatlarda əsas hədəf neftdən asılılığın aradan qaldırılması və qeyri-neft sektorunun inkişafına yönəlib: “Qeyri-neft sektorunda 14 faizlik artım tempi qorunub saxlanılıb. Xüsusən, bu, 9 ayın yekunlarında pozitiv məqam kimi qiymətləndirilib. 1,1 milyard dollara yaxın qeyri-neft ixracatımız qeydə alınıb. Qeyri-neft sektorunda aparılan islahatlar nəticə etibarilə makroiqtisadi göstəricilərimizin daha da yaxşılaşmasına zəmin yaradır və nəticədə qeyri-neft sektorunda dayanıqlı inkişaf müşahidə edilir”.
Nigar Abdullayeva
Palitra.- 2018.- 11 oktyabr.- S. 5.