Belarusda yaşayan azərbaycanlı gənclər yetərincə aktivdirlər”

 

Ülvi İmanov: “Belarus gəncləri Azərbaycana qarşı böyük maraq göstərirlər”

 

Son zamanlar Belarus Respublikasındakı azərbaycanlı gənclərin də fəallığı artıb. Xüsusən, Belarus Respublikasında keçirilən tədbirlərdə gənclərimiz aktiv iştirak edirlər. Müsahibimiz Belarusdakı Azərbaycan İcmaları Konqresi beynəlxalq ictimai birliyinin fəal üzvü Ülvi İmanov belə fəal gənclərdən biridir.

 

- Sizvaxtdan ictimai fəaliyyətə başlayıbsız?

 

- Mən ən gənc yaşlarımdan Belarusun Minsk şəhərində yaşayıram. Vaxtilə valideynlərim qərara gəldilər ki, işlə bağlı buraya köçsünlər. Eyni zamanda bibim İmanova Gülnarə və onun ailəsi 30 ildən çoxdur ki, Minskdə yaşayır. O, Konqresin idarə heyətinin üzvüdür. Mən orta məktəbi Belarusda bitirmişəm. Hazırda Belarus Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsinin tələbəsiyəm. Demək olar ki, ictimai fəaliyyətə məktəb illərindən başlamışam və Azərbaycan İcmaları Konqresi beynəlxalq ictimai birliyinin tədbirlərinin fəal iştirakçısı olmuşam. Ölkəmiz, Xocalı və 20 Yanvar hadisələri haqqında təhsil aldığım məktəb və universitetdə bir neçə təqdimatlar keçirmişəm.

 

- Belarusdakı gənclərimizin ictimai aktivliyi hansı səviyyədədir?

 

-Belarusda yaşayan azərbaycanlı gənclər yetərincə aktivdirlər və Konqresin gənclər şöbəsinin (yaranma tarixi mayın 2012-ci il) çərçivəsində təhsil aldıqları universitetlərdə Azərbaycanın mədəniyyətini və tarixini təbliğ edirlər, ondan əlavə, keçirilən beynəlxalq tədbir, festival və sərgilərdə iştirak edirlər. Konqresin dəstəyilə gənclər tərəfindən iki rəqs ansamblı yaradılıb; "Legendi Kavkaza" və "Sarı gəlin".

 

- Belarus gəncləri ilə əməkdaşlıq edirsizmi?

 

- Bəli, edirik. Bütün keçirilən tədbirlərə Belarus gəncləri dəvətlidir və Azərbaycana qarşı böyük maraq göstərirlər. Universitetlərdə keçirilən tədbirlərin hazırlanmasında məmnuniyyətlə iştirak edirlər və bundan öncə qeyd etdiyim rəqs ansambllarında yetərincə Belarus gəncləri də var. Bu o deməkdir ki, onlar bizim musiqimiz və rəqslərimizlə çox maraqlanırlar.

 

- Konqresin rəhbərliyi gənclərə diaspor fəaliyyəti üçünkimi dəstək göstərir?

 

- Qeyd etdiyim kimi, fəaliyyət göstərən gənclər şöbəsi Konqresin çərçivəsində yaranıb, bu, artıq o deməkdir ki, Konqresin rəhbərliyi tərəfindən azərbaycanlı gənclərin Vətənin tarixinə, mədəniyyətinə və onunla bağlı bütün məlumatların alınmasına, maraqların artırmasına dair işlər görülür. Bundan başqa, mədəniyyət günləri, universitetlərdə keçirilən tədbirlər və yaxud konfranslar üçün milli geyimlər, milli atributlar, kitablar Konqres tərəfindən təmin olunur. Və gənclər tərəfindən keçirilən tədbirlərdə rəhbərlik hər zaman iştirak edir və bizə dəstək olur.

 

- Belarusdakı gənclərimizin Vətənlə bağlılığı necədir?

 

- Vətənlə hər zaman bağlılıq var: bu, uşaqlıqdan valideynlərimiz tərəfindən bizə verilir, onlar bizə Azərbaycan dilini və Azərbaycanın tarixini öyrədirlər, Vətən sevgisini aşılayırlar. Bununla birlikdə, Azərbaycanın bütün bayramları Belarusda yüksək səviyyədə keçirilir. Və bu bayramlar azərbaycanlıların bir araya yığılması üçün gözəl imkanlar yaradır.

 

- Siz "Cümhuriyyətin 100 İlliyi" Diaspor Gənclərinin 1-ci Yay düşərgəsində iştirak edibsiz. Bu düşərgə haqda təəssüratlarınızı bilmək istərdik.

 

- "Cümhuriyyətin 100 İlliyi" Diaspor Gənclərinin 1-ci Yay düşərgəsi zamanı daha dörd iştirakçı ilə birlikdə Azərbaycan İcmaları Konqresi beynəlxalq ictimai birliyinin üzvü olaraq biz Belarus Respublikasında yaşayan azərbaycanlı gəncləri təmsil edirdik. Ümumilikdə 37 ölkə təmsilçisi bu düşərgəyə qatılmışdı.

Yay düşərgəsi xaricdə fəaliyyət göstərən gənclər diaspor təşkilatlarının işində yeni təmasların qurulmasına və təcrübə mübadiləsinin təşviqinə imkanlar yaratdı.

“Azərbaycan diasporu: Mövcud vəziyyət və perspektivlər”, “Azərbaycan diasporunun fəaliyyətində medianın rolukimi müzakirələr zamanı biz diaspor təşkilatlarının fəaliyyətində əsas problemlərdən və bu məsələlərin həlli yollarının tapılması barədə, o cümlədən əməkdaşlıq haqda danışdıq. Həmçinin Azərbaycanımızı xaricdə daha yüksək səviyyədə təmsil etmək üçün maraqlı fikir və layihələri paylaşmaq çox xoş oldu.

Təşkilatçılar tanınmış ictimai xadimlər və aprel döyüşlərinin veteranları ilə yanaşı, Xocalı soyqırımında hər iki valideynini itirmiş soydaşlarımızla da görüşlər etdilər. Bundan əlavə, hər kəsin fəal iştirak edə biləcəyi və qeyri-rəsmi şəraitdə ünsiyyət qura biləcəyi müxtəlif təlim və maraq qrupları təşkil edildi. Ümid edirəm ki, yaxın gələcəkdə bu cür tədbirlər Belarus Respublikasında keçiriləcək. Mən əminəm ki, Belarus, azərbaycanlı gənclərin dünya ictimaiyyətinə çıxışı üçün əla bir platformadır.

 

- Gələcək planlarınız nədən ibarətdir?

 

- Gələcəkdə magistraturanı bitirdikdən sonra hüquqşünas olmaq və beynəlxalq hüquq sistemində çalışmaq istərdim.

 

Fuad Hüseynzadə

 

Palitra.- 2018.- 11 oktyabr.- S. 7.