“9 ay ərzində İKT sektoru üzrə investisiya qoyuluşu 69 faiz artaraq 225 milyon manat olub”

 

Ramin Quluzadə: “Çindən sifariş olunan elektron ticarət məhsulları Azərbaycana gətirilir və Azərpoçt tərəfindən tranzit poçt kimi emal olunaraq, artıq dünyanın 20-dək ölkəsinə çatdırılır”

 

“Azərbaycan internet istifadəçilərinin faizinə görə dünyanın 137 ölkəsi arasında 34-cü yerdədir”

 

“Nazirliyin əsas fəaliyyət istiqamətlərindən olan telekommunikasiya sahəsində yeni texnologiyaların tətbiqi, xidmət şəbəkəsinin müasir standartlara uyğunlaşdırılması və yeni xidmətlərin göstərilməsi üzrə müvafiq işlər aparılır. Bu istiqamətdə regionların telekommunikasiya şəbəkəsində yeni texnologiyaların tətbiqi üzrə Şimal, Qərb və Cənub istiqamətlərində irimiqyaslı layihənin icrasına başlanılıb. Layihə çərçivəsində quraşdırılacaq yeni stansiyalar bir milyon istifadəçini müasir telekommunikasiya xidmətləri ilə təmin edəcək”. Bu barədə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında məlumat verib. Nazir deyib ki, Bakı şəhərində bir xətt üzərindən üç xidmət - telefon, internet və televiziya xidmətlərinin göstərilməsini təmin edən GPON və yeni simsiz rabitə texnologiyalarına əsaslanan LTE layihələri həyata keçirilir. Bu layihələr nəticəsində ilin sonunadək 42 mindən çox abunəçi sabit genişzolaqlı şəbəkəyə qoşulacaq: “Görülən işlər nəticəsində ölkə əhalisinin 80 faizdən çoxu internet istifadəçisidir. Əhalinin və turistlərin ictimai yerlərdə internetə daha rahat çıxışını təmin etmək üçün Bakının 20 parkında “İctimai WiFi” istifadəyə verilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 9 ayı ərzində İKT sektoru üzrə investisiya qoyuluşu 69 faiz artaraq 225 milyon manat olub. Sektorun gəlirləri isə 1,1 milyard manatdan 1,2 milyard manata yüksəlib, gəlirlərin artım tempi isə 7,7 faiz təşkil edib. Dünya İqtisadi Forumunun 2017-2018-ci il hesabatına əsasən Azərbaycan internet istifadəçilərinin faizinə görə dünyanın 137 ölkəsi arasında 34-cü yerdədir. Ölkəmiz bu göstərici üzrə dünyanın orta göstəricisindən 1,7 dəfə, MDB ölkələrinin orta göstəricisindən isə 1,2 dəfə öndədir. Qeyd etmək lazımdır ki, hesabat dövrü ərzində ölkəmizdə beynəlxalq internet kanallarının ümumi tutumu 820 qeqabitədək artırılıb”. Nazir deyib ki, regionun ən təhlükəsiz və müasir standartlara cavab verən Data Mərkəzi Azərbaycanda qurulub: “Data Mərkəzi beynəlxalq səviyyədə qəbul edilən TIER III yüksək təhlükəsizlik standartlarına cavab verir. Mövcud Data Mərkəzdəki məlumatların qorunma təhlükəsizliyini artırmaq məqsədilə Yevlax şəhərində Ehtiyat Data Mərkəzinin tikintisinə başlanılıb”. Nazir deyib ki, vətəndaşların telekommunikasiya, poçt və digər xidmətlərlə daha keyfiyyətli təmin olunması məqsədilə “Şəbəkə” xidmət mərkəzləri yaradılır: “Hesabat dövründə 7 yeni Şəbəkə xidmət mərkəzi istifadəyə verilərək Bakıda və regionlarda onların sayı 10-a çatdırılıb. Gələcəkdə bu layihə davamlı olaraq həyata keçiriləcək. Telekommunikasiya və poçt sahəsində vətəndaşların müraciətlərini operativ və keyfiyyətli cavablandırmaq üçün yeni vahid Çağrı Mərkəzi yaradılıb. Azərbaycan Poçtu beynəlxalq tranzit poçt mərkəzi kimi fəaliyyət göstərməyə başlayıb. Layihə çərçivəsində Çindən sifariş olunan elektron ticarət məhsulları Azərbaycana gətirilir və Azərpoçt tərəfindən tranzit poçt kimi emal olunaraq, artıq dünyanın 20-dək ölkəsinə çatdırılır. Poçt daşımaları “Silk Way” və “Azal” aviaşirkətləri vasitəsilə həyata keçirilir”. Ramin Quluzadə qeyd edib ki, keyfiyyətin və əhatə dairəsinin genişləndirilməsi məqsədilə ölkəmizin bütün ərazisində televiziya yayımı tam olaraq rəqəmli rejimə keçirilib: “Bununla da Beynəlxalq Telekommunikasiya İttifaqının bu sahədə müəyyən etdiyi öhdəlik yerinə yetirilib. Bakıda və Abşeron yarımadasında televiziya və radio proqramlarının keyfiyyətli və fasiləsiz yayımının təşkili üçün hesabat dövründə yeni alternativ “Gənclik” teleqülləsi istifadəyə verilib. Sizin və Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığına əsasən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında müasir standartlara cavab verən yeni İnnovasiya Mərkəzinin yaradılması ilə bağlı işlərə start verilib. Mingəçevir Yüksək Texnologiyalar parkında isə kompüter avadanlıqlarının istehsalı üzrə layihə icra olunmaqdadır. Azərbaycan 2001-ci ildən etibarən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin üzvüdür. Ölkəmizdə regionun ilk nüvə sterilizasiya qurğusu yaradılıb. Bu qurğu tibbi ləvazimatların, ərzaq məhsullarının, kənd təsərrüfatı məhsullarının dünya praktikasında mövcud olan ən təhlükəsiz şəkildə sterilizasiya edilməsinə imkan verir”.

 

Anar

 

Palitra.- 2018.- 11 oktyabr.- S. 10.