Professor Qəzənfər Paşayev: “Yaşadığım ömürdən çox razıyam”

 

- Heç ola bilərmi ki, sizdən müsahibə alam və Rasim Kərimlini xatırlamayaq…

- Bizim kənddə doğulub boya-başa çatan şair Rasim Kərimlinin şeirləri də çox gözəldir. O orta məktəbin yuxarı siniflərini sizin kəndiniz Əyyubluda oxuyub. Səhhətində müəyyən problemlər olduğu üçün elə sizin kəndinizdə qalırdı. (Bəli, düz deyirsiniz, Qəzənfər müəllim. Ağsaqqallardan eşitmişəm ki, Rasim Kərimli mənim babalarımdan olan Sadıqov Əli Kalvey İsmayılın evində qalıb (M.Ə). Rasim Kərimli kənddə olarkən yaxşı saz çalırdı. Hətta balaban da ifa etməyi bacarırdı. Arxası üstə uzanıb saatlarla balabanı ifa edirdi. Sazı qonşuluqda yaşayan Aşıq Nağıdan öyrənmişdi. Rasim Kərimli kəndimizdən çıxan AYB-nin üzvü olan yeganə şairdir. Özü də Yazıçılar Birliyinə eyni vaxtda üzv qəbul olmuşuq. Onu Yazıçılar Birliyinə götürmürdülər. Çünki sovet quruluşuna qarşı şeirlər yazmışdı. Xalq yazıçısı Anarla aramızda xoş ünsiyyət vardı. Ondan xahiş elədim və məndən bir il sonra, 1989-cu ildə AYB-yə üzv qəbul elədilər. Rəhmətlik nihilist idi. Əksər şairləri bəyənmirdi.

- İndi isə el şairlərindən, aşıq sənətinin folklor hadisəsi olub-olmamağından söhbət açardınız. Bu gün el şairlərindən poetik incilər müəllifi İsa Cavadoğlu da yaşayır və siz onun irsinə dərindən bələdsiniz…

- İsa Cavadoğlu təhsil almış şəxsdir. İsa müəllimin şeirlərini istənilən bir yaş dövrünün oxucusu oxuya bilər. Biz Tovuzda olarkən onun şeirləri ilə çox yaxından tanış idik. Çox gözəl şairdir. El şairləri hər zaman xalq arasında olublar deyə, onlarda işlənən bir çox fikirideyalar xalqdan gəlir. Aşıqlarımızın yaradıcılığı barədə əvvəllər çox az işləyiblər. Bir az bu sahədə Şəmşəd Rza işlədi. Sonra bu işlər yarımçıq qaldı. Qeyd edim ki, aşıq yaradıcılığını mən folklor hadisəsi kimi götürmürəm. Aşıq, aşıq poeziyası və aşıq sənətini bir-birindən fərqləndirmək lazımdır. Belə ki, aşıq poeziyasının müəllifləri məlumdur. Mən aşıq yaradıcılığını folklor hadisəsi hesab etmirəm. Ancaq dastan yaradıcılığı folklor hadisəsidir. Aşıq sənətini, aşıq musiqisini folklor hesab edirəm. Çünki dastan yaranır, inkişaf etdirilirbir müddətdən sonra dəyişiklikliyə məruz qalır. Məsələn, “Aşıq Qərib” dastanının bizdə bir variantı varsa, başqa bölgələrimizdə bir başqa variantı var, Təbriz və s. variantları fərqlənir.

- Qəzənfər müəllim, Aşıq Hüseyn Bozalqanlının “Xurşidşeirinin sizin nəslinizlə bir bağlılığının olduğunu bilirik. Əziz oxucularımıza bu şeirin yazılmasından söhbət açardınız. Axı, bildiyimiz qədər Xurşid xanım sizin xalanız olubbu əhvalatı bilməmiş olmazsınız.

- Aşıq Hüseyn Bozalqanlının “Xurşidşeiri səhvən Aşıq Ələsgərin adına verilib. Ümumiyyətlə, ədəbiyyatda bu cür hallar çox olur. Məşhur adamların adına yaxşı şeirlər hər zaman hallanır. Məsələn, Hüseyn Arifin bir şeirini səhvən Səməd Vurğunun adına çıxırdılar. Bizim kəndimizdən olansizin kəndiniz Əyyubluda orta təhsil almış Rasim Kərimlinin bir qoşmasını Şıxəli Qurbanovun adına çıxırlar. Bir gün Şıxəli Qurbanov Rasimin qoşmasını oxuyurondan xahiş edir ki, bu qoşma məndə qalsın. Beləcə, həmin qoşmanı Şıxəli Qurbanovun stolunun siyirməsindən tapırlar və qoşmanı onun adına çıxırlar. Əslində, qoşma Rasim Kərimlinindir. Klassik şairlərimizdə də bu cür hallar var. Nəsiminin də adına o qədər şeirlər çıxıblar, amma bu şeirlər başqa Nəsimi adında olan şairlərindir.

Hamı yaxşı bilir ki, Aşıq Ələsgər 1926-cı ildə dünyasını dəyişib. O dünyasını dəyişən vaxt, həmən ildə xalam Xurşidin toyu olur. Bəs bu necə ola bilər? Toyu Aşıq Hüseyn Bozalqanlı aparıbdır.

- Mən bilən qədər Aşıq Ələsgər irsinin toplayıcısı və məşhur Ələsgərşünas alim, Aşıq Ələsgərin nəvəsi İslam Ələsgərin bu şeirlə bağlı sizinlə söhbəti olub. Bu haqda da danışmağınızı xahiş edirəm…

- Bəli, İslam Ələsgərlə mənim və dayım oğlu Zirəddin Xasıyevin bu şeirlə bağlı ətraflı söhbəti oldu. Mən Zirəddinə bu şeir haqqında mətbuatda “sən çıxış elə” dedim. Çünki Zirəddinin yazıları mətbuatda az çıxırdı. Zirəddinin özü dilçi alim idi. Xurşid Zirəddinin bibisi, mənim isə xalam idi.

Xurşid xalam şəxsən mənim çox yaxşı yadımdadır. Çox gözəl idi. Mən 1937-ci ildə anadan olmuşam, Xurşid xalam isə 1926-cı ildə ərə gəlib. Xurşid xalamın nəvələri indi də yaşayır. Bu dəqiqdir ki, şeir Aşıq Ələsgərin adına çıxılır. Amma, əslində, şeir Hüseyn Bozalqanlınındır. Bu cür şeirlər, deyim ki, xələt almaq üçün yazılırdı. Yəni şeiri deyirdi, aşığa xələt verirdilər. Şeirdə Narınc nənəm və Həmzə babamın adları da keçir.

- Qəzənfər müəllim, bəs Mirzə Bayramov və Vəli Bozalqanlının yaradıcılığı tədqiq edildimi?

- Bunu dəqiq bilmirəm. Bunlar da öyrənilməli və çap edilməlidir. İnanmazsınız, müharibə vaxtı dahi Üzeyir bəy Aşıq Mirzənin şeirinə musiqi bəstələmişdi. Mənə bu yaxınlarda Aşıq Qədirin rəvayətlərini veriblər. Oğlu Abbas bunu mənə göndərib və gərək mən bunu çap etdirəm. Bunu etməsəm böyük günaha bataram. Hazırda 10 cildlik əsərlərim çap hazırlanır və 7 cildi artıq çap olunub. İndi isə 3 cildi çap olunacaq. Başım bu kimi bəzi işlərə qarışdı deyə, yarımçıq qaldı. Aşıq Qədirin kitabını çap etdirəcəm. İraq Türkmən şairi Əkrəm Fövzünün “Azərbaycan dastanı” kitabını çapa hazırlayacam.

- Qəzənfər müəllim, yaşadığınız ömürdən razısınız?

- Yaşadığım ömürdən çox razıyam. Yəni mən həyatdan o azadlığı aldım ki, ürəyim istəyən kitabları yazdım və istədiyim kitabları çap etdirə bildim. Həqiqətən, bu, çox böyük xoşbəxtlikdir.

 

Söhbəti qələmə aldı:

 

Mahmud Əyyublu,

 

AAB-nin üzvü

 

Palitra.- 2018.- 11 oktyabr.- S. 15.