“Cümhuriyyət
dövründə ədəbiyyat və mətbuat”
Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində “Cümhuriyyət dövründə ədəbiyyat və mətbuat” mövzusunda “dəyirmi masa” keçirilib.
ADU-dan bildirilib ki, tədbiri açan universitetin Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində ölkəmizdə və onun hüdudlarından kənarda müxtəlif tədbirlərin keçirilməsindən danışıb.
Tədbirdə Əməkdar jurnalist Qərənfil Quliyeva Cümhuriyyət dövründə mətbuatın yaranması, formalaşması və inkişafından söz açıb. Bildirib ki, 1919-cu il oktyabrın 30-da “Mətbuat haqqında nizamnamə” qəbul olunub ki, bu, Azərbaycan mətbuatının fəaliyyətini tənzimləyən ilk hüquqi sənəd idi.
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyinin dissertantı Nəcibə Bağırzadə isə Məhəmməd Əmin Rəsulzadənin Məhəmməd Əli ilə birgə milləti oyatmaq üçün çağırışlar etdiyini diqqətə çatdırıb.
Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya üzrə elmlər doktoru, professor Cavanşir Yusifli Cümhuriyyət dövrü ədəbiyyatının əsas istiqamətləri haqqında məlumat verib.
ADU-nun Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov Cümhuriyyət hökumətinin bütün qanun və bəyannamələrin doğma ana dilində çap edilməsi barədə qərarının mütərəqqi addım olduğunu vurğulayıb.
ADU-nun rektoru, akademik Kamal Abdulla bildirib ki, Azərbaycan ədəbiyyatı kafedrası və Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyası tərəfindən mütəmadi olaraq bu tip tədbirlər keçirilir. Belə tədbirlər tələbələrin maarifləndirilməsi baxımından böyük əhəmiyyətə malikdir. Rektor universitetdə fəaliyyət göstərən digər kafedra və laboratoriyalara da birgə tədbirlər keçirməyi tövsiyə edib.
Tural
Palitra.- 2018.- 18 oktyabr.- S. 13.