Tacir Qurbanov: “Təəssüf ki, erməni təcavüzü nəticəsində bir neçə aşıq mühiti tarixin səhnəsindən silindi”

Tacir Qurbanov 1956-cı ildə Qərbi Azərbaycanın Amasiya rayonunun İbiş kəndində doğulub. Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirib. 2000-ci ildən AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun nəzdindəki Folklor Elmi-Mədəni Mərkəzində kiçik elmi işçi kimi fəaliyyətə başlayıb. Hazırda AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi, dosentdir. “Ağbaba folkloru”, “Aşıq Nəsib”, “Ağbaba aşıq mühiti”, “Xəstə Zərnişanın könül dünyası”, “Gülsehran”, “Duman dağı bürüdü”, “Tükənməz sözün, Ağbaba”, “Tırınqılar” və b. kitabları var.

- Aşıq sənəti haqqında hansı tədqiqatlar var. Bu haqda nə deyə bilərsiniz?

- Aşıq sənəti haqqında hələ Sovetlər Birliyi dönəmində filologiya elmlər doktoru, professor Qara Namazovun “Aşıq sənəti” monoqrafiyası işıq üzü görmüşdür. Bu elmi əsər həm də rus dilində çap olunmuşdur. Sadəcə, kitab Sovet hökumətinin ideologiyasına uyğun işlənmişdi, üstəlik alimin işlədiyi vacib bir bölmə isə monoqrafiyadan çıxarılmışdı, çünki çap üçün nəzərdə tutulandan artıq idi. Rəhmətlik Qara müəllim bu elmi əsəri yenidən, daha ətraflı işləmək fikrində idi, ömür vəfa etmədi. Qara müəllim XX yüzilliyin yetirdiyi böyük folklorşünas alimlərdəndir. Filologiya elmlər doktoru, professor Məhərrəm Qasımlının da “Aşıq sənəti” adlı bir monoqrafiyası var. Burada aşıq sənətinin genetik qaynaqları, inkişafı, mühitləri öz əksini tapmışdır. Bu kitabda aşıq sənətini əhatə edən on altı mühit verilmişdir.

-Aşıq sənəti hansı ərazilərdə yayılıb?

- Aşıq sənəti Qafqaz, İran və Anadoluda yayılmışdır. Qafqaz və İrandakı aşıqlıq təkkə kökənli olub, sufi-dərviş ocaqları ilə bağlıdır, Anadoluda aşıqlıq yolunu tutanlar aşıqlaşmış ozanlardır.

-İndiki Ermənistan ərazisində də aşıq mühitləri mövcud olmuşdur. Bu barədə nə deyə bilərsiniz?

- Bəli, Ermənistan adlanan ərazidə də aşıq mühitləri vardır. İrəvan, Göyçə, Dərələyəz, Ağbaba və Gümrü aşıq mühitləri bu ərazilərdə pərvəriş tapmışdır. Erməni vəhşətindən dolayı İrəvan aşıq mühiti ilə bağlı çox az məlumat qalmışdır. Ağbaba aşıq mühitində fəaliyyətini davam etdirən Yetim Tapdıq və Qərib Rza 1905-1907-ci illərdə baş verən erməni vəhşəti ilə bağlı Ağbabaya pənah gətirmişdilər, hər iki sənətkar İrəvan şəhərinin Təpəbaşı məhəlləsindəndir. Bunu onların yaradıcılığında da aydınca görmək mümkündür. Göyçə aşıq mühiti ən zəngin aşıq mühitlərimizdən biridir. Bu mühit həm qərb mühitlərinə, həm də digər mühitlərə böyük təsir göstərib, Azərbaycan aşıq sənətinin inkişafında əvəzedilməz rolu var. Burada sənət şəcərəsi də zəngindir. Ancaq bu mühitdə ozanların adlarına rast gəlinir. Mühitdə iki “üçlük” diqqəti çəkir. Bunlardan biri Ozan İbrahim, Ozan Heydər və Miskin Abdal, digəri Ağ Aşıq, Aşıq Alı və Aşıq Ələsgər üçlüyüdür. Mühitdəki Ələsgər ocağı da mühitin püxtələşməsində böyük rol oynayıb. Məsələn, Aşıq Ələsgərin qardaşı Məşədi Salehin oğlanlarının üçü də el sənətkarı idi. Böyük oğlu Aşıq Qurban, ortancılı Növrəs İman, kiçik oğlu Aşıq Musadır.

-İndi isə Gümrü aşıq mühiti haqqında məlumat verin

- Əlbəttə, məlumat vermək istəyirəm. Öncə qeyd edim ki, ermənilər bu mühiti ermənilərin aşıq mühiti kimi göstərirlər. Burada Aşıq Tüccar, Aşıq Haqverdi, Aşıq Ələsgər, Usta Nağı və b. el sənətkarları yaşayıb-yaratmışlar.

Dərələyəz aşıq mühitində də Aşıq Cəlilin böyük xidməti vardır. Bu ustad aşıq on iki saz havası bəstələmişdir. Burada da Cəlil ocağı yaranmışdır. Aşığın oğlanları, nəvələri bu ocağın hərarətini və gücünü daha da artırmışdılar. Təbii ki, Dərələyəz aşıq mühiti də Göyçə aşıq mühiti ilə qarşılıqlı təmasda inkişaf etmişdir.

Ağbaba aşıq mühiti də Borçalı, Çıldır və Gümrü mühitləri ilə təmasda formalaşıb inkişaf etmişdir. Çox təəssüflər ki, erməni təcavüzü nəticəsində bu qeyd etdiyimiz mühitlər tarix səhnəsindən silindilər. Təbii ki, bu mühitlərə mənsub el sənətkarları da Azərbaycanın müxtəlif regionlarına dağıldılar.

- Gəncəbasar aşıq mühiti barəsində nə deyə bilərsiniz?

- Gəncəbasar aşıq mühiti aşıq mühitində daha böyük ərazini əhatə edən, çoxlu qolları olan zəngin mühitlərdən biridir. Bu ərazidə el sənətkarları da sayca çoxdur, eyni zamanda ifaçı, eləcə də ustad aşıqlar az deyil. Bir gün Folklor İnstitutunda Qara Namazov, mən və Tofiq Hüseynzadə söhbət edirdik. Söhbətimiz Aşıq Hüseyn Şəmkirlidən düşmüşdü. Tofiq müəllim dedi ki, mən aşığın bir neçə bağlamasını deyərəm. Tofiq müəllim 10 bəndik bəhri-təhvil dedi. Mən təəccüb elədim və Tofiq müəllimə dedim ki, bu bəhri-təhvil asan iş deyil. Ancaq elə bildim ki, bu Aşıq Hüseyn Şəmkirlinin kitabında var. Mən səhv elədim ki, bu bəhri-təhvili yazıb götürmədim. Tofiq müəllimə Allah rəhmət eləsin. Onun çox iti yaddaşı vardı. Sonra onun yazılarını izlədim və bu bəhri-təhvili görmədim. Yəqin ki, rəhmətlik bunu kimdənsə yazıb götürmüşdü. Aşıq Hüseyn Şəmkirlinin təxminən 80-ə yaxın bəhri-təhvili olub.

- Şəmkirli Aşıq Hüseyn haqqında nə deyə bilərsiniz.

- Ustad aşıqdır. Onun ədəbi irsi də kifayət qədər toplanıb vaxtında yazıya alınmayıb. Rəhmətlik Qara müəllim (professor Qara Namazovu deyirəm) deyirdi ki, onun əsərlərini aşığın bir erməni şəyirdi satmağa gətiribmiş, alan olmayıb. O da həmin əlyazmaları yandırıb.

- Ustad aşıqlar arasında Aşıq Hüseyn Bozalqanlının xüsusi yeri, məqamı vardır. Sizin fikrinizi bilmək istərdik. Yəni bu ustad aşıq təkcə Tovuz bölgəsində deyil, eyni zamanda Gəncəbasar aşıq mühitində tanınmış el sənətkarı idi. Aşıq Hüseyn Bozalqanlı haqqında sizdə də maraqlı məlumatlar varmı?

- Bəri başdan qeyd edim ki, Aşıq Hüseyn adı ilə tanınan el sənətkarlarımız bir neçə nəfərdir. Bunlardan biri bir az öncə haqqında söz aşdığımız Şəmkirli Aşıq Hüseyndir, digəri Aşıq Hüseyn Cavandır. Bu el sənətkarı Cənubi Azərbaycandandır. Bir Aşıq Hüseyn də var. Bu Aşıq Hüseyn Saraclıdır. Bəli, Aşıq Hüseyn Bozalqanlı da görkəmli el sənətkarlarımızdandır. Onun doğulub boya-başa çatdığı Bozalqanlı kəndi də Tovuz bölgəsinin saz-söz beşiyi kimi tanınan kəndlərindəndir. Bozalqanlı Aşıq Cəfərqulu, Bozalqanlı Qədir kimi el sənətkarları bu kənddə yaşayıb yaratmışlar. Əlbəttə, biz bunları elə-belə xatırlamadıq, bir az bundan qabaq Aşıq Hüseyn Bozalqanlını, onun doğulduğu kəndi, onunla eyni adda olan ustad aşıqları sadalamaqla bu sənətkarın aşıq sənətində yerini, məqamını bəlli etmək istədik.

- Bu el sənətkarı haqqında mümkün qədər dolğun bilgi verərdiniz.

- Aşıq Hüseyn Bozalqanlı 1863-cü ildə Tovuzun Bozalqanlı kəndində dünyaya gəlib. O, ərəb və fars dillərini kənd mollası Molla Səməddən öyrənib. Uşaqlıqdan saza-sözə marağı olub. Hüseyn Aşıq Cəfərqulunun yanında cəmi bir neçə ay şagirdlik etsə də, tezliklə el arasında bədahətən şeir deyən el sənətkarı kimi formalaşmışdır, çox gənc yaşlarında el məhəbbətini qazanmışdır. Onun qeyri-adi güclü yaddaşı, hazırcavablığı aşığın ətrafda tanınmasına, sevilməsinə səbəb olmuşdur. Aşıq Hüseyn Bozalqanlı həm də belində mauzer, xəncərlə gəzərmiş. Dövrünün nəfəsli aşıqlarındandı. Professor M.Qasımlı belə aşıqları “Koroğlu aşığı”, ”Koroğluxanlar” adlandırır.

-Bu “Koroğluxan”la yanaşı, digər aşıqların da adlarını çəkərdiniz.

- Bəli. Aşıq Əsəd, Aşıq Mirzə, Aşıq Qara Mövlayev, Aşıq İslam Yusifov, Aşıq Əkbər, Aşıq Ələsgər Tağıyev, Aşıq İmran kimi aşıqlarımız “Koroğluxan”lardır.

Bu böyük aşıq “Koroğlu” dastanını kamil bilən sənətkarlardandı deyə, bu dastanın bir neçə qolu onun dilindən yazıya alınmışdır. Aşıq özü də yaradıcı el sənətkarı olduğundan “Qaçaq Tanrıverdi”, ”Hacı Tağı”, “Nəriman” kimi dastanların müəllifidir. Müəllif, eyni zamanda cəsur, heç nədən qorxub çəkinməyən bir şəxs olub. Yaradıcılığı da zəngindir, bütün aşıq şeirinin şəkillərində əsərləri var. Onun Aşıq Ələsgər, Növrəs İman, Xəyyat Mirzə, Şair Vəli və Şair Nəcəf kimi sənətkarlarla deyişmələri də məlumdur.

-Deməli, Aşıq Hüseyn Bozalqanlının yaratdığı dastanlar onun “Koroğluxan”lığı, cəsurluğu ilə səsləşir.

- Elədir. Bu qərb mühitlərinin ozan havası ilə dolu olması, Koroğluluğun beşiyi olmasıdır. Bu mülahizə dostum Mahmud Allahmanlınındır. Bu da təsadüfi deyil ki, ustad aşıq “Qaçaq Tanrıverdi” və “Hacı Tağı” kimi qəhrəmanlıq dastanlarını yaradaraq elin mərd oğullarını mədh edirdi. Bir də Aşıq Hüseyn Bozalqanlıdan söz salanda yadıma göyçəli Aşıq Musa düşür. Aşıq Musa “Koroğluxan” olub, həmişə belinə xəncər bağlayarmış. Bu səhhətinə görə Aşıq Hüseyn Bozalqanlıya bənzərliyi var. Bir neçə il bundan qabaq Qazağın Köhnəqışlaq kəndində Aşıq Arifdən Aşıq Hüseyn Bozalqanlı ilə bağlı maraqlı əhvalatlar eşitdim. Müsahibim onun qorxmaz, mərd bir adam olduğunu qeyd edərək ustadın bir neçə şeirini əzbərdən söylədi. Dedi ki, rəhbərlərdən biri ona irad tutur ki, niyə kolxoz işinə getmir. Aşıq ona çox sərt cavab verir. Adamlar təlaşa düşsə də, aşığın heç tükü də tərpənmir. Başqa bir sinədəftər isə ustadın səlahiyyətli bir erməniyə yazdığı həcvi xatırladı. Deyilənlərdən məlum oldu ki, Aşıq Hüseyn Bozalqanlı Sovet hökumətinin məmurlarına qarşı barışmaz olmuşdur. Elə buradan da bu ustad aşığın hələ də el-oba arasında dolaşan rəvayət və şeirləri barədə mülahizə söyləmək olar.

-Güney mühitlərində aşıq sənəti necə inkişaf edib?

- Bu mühitlərin inkişafında Göyçə, Gəncəbasar və Borçalı aşıq mühitlərinin XIX-XX yüzilliklərdəki ifaçılıq və yaradıcılıq təcrübəsi sənət örnəyi kimi mənimsənilmişdir. Bununla bərabər, Azərbaycan Radiosunun xidmətini də unutmaq olmaz. Yəni Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin Radio Xalq yaradıcılığı Baş redaksiyasının xidmətləri vardır. Güney el sənətkarları radio verilişlərində Aşıq Kamandar, Aşıq Hüseyn Saraclı, Aşıq Sadıq Sultanov, Xındı Məmməd və digər sənətkarlara qulaq asmaqla xeyli məlumat əxz etmiş, ifalarında bu adıçəkilən sənətkarlara bənzərlik hiss olunmaqdadır. Güney mühitlərinin sənətkarlarının formalaşmasında “Sarıtel” radio verilişinin, Elxan müəllimin xidmətləri də danılmazdır.

- Bu il sentyabrın 29-da növbəti aşıqlar qurultayı keçirildi. Burada hansı problemlərdən, yeniliklərdən söhbət getdi?

- Bu barədə heç nə deyə bilmərəm, çünki mən orada iştirak etmirdim, daha doğrusu, dəvət olunmamışdım. Amma Azərbaycan Aşıqlar Birliyinin üzvüyəm. Məhərrəm müəllimlə həmişə isti münasibətim olub, indi də belədir.

Söhbəti qələmə aldı:

Mahmud Əyyublu

AAB-nin üzvü

Palitra.-2018.-25 oktyabr.-S.15