Dahi şairlər əsrlər keçdikcə yetişir

Əliyev Anar Əli oğlu 1988-ci ildə Goranboy rayonunun Cinliboluslu kəndində dünyaya göz açıb. 2005-ci ildə orta məktəbi bitirdikdən sonra Gəncə Texniki Kollecində təhsilini davam etdirərək 2008-ci ildə həmin kolleci müvəffəqiyyətlə bitirib. Uşaq yaşlarında bədii yaradıcılığa marağı olub, şeirləri dövrü mətbuatda, almanaxlarda çap edilib.

Çox zaman tədqiqatçılar, alimlər şairləri haqlı olaraq qınayırlar ki, çap etdirdikləri kitabları kitabxanalara, institutlara və bu sahəni öyrənən alimlərə hədiyyə etmirlər. Sözün əsl mənasında bu narazılıqda real həqiqət var. Çünki şairlər bu addımı atsalar, onların yaradıcılığı geniş şəkildə elmi tədqiqata cəlb olunacaq. Əksər vaxt el şairləri öz kitablarını ətrafdakı dostlarına hədiyyə etməklə kifayətlənirlər. Bəzən də poeziyada sözün tükəndiyini və beləcə, yeni ruhda şeirlərin yaranmadığını qeyd edənlər də var. Mən bir tədqiqatçı olaraq bu fikirlərlə razılaşa bilmərəm. Söz Allahın insana öyrətdiyi bir möcüzədir və bunun tükənməsi ağla batan deyil. Bizim hər əsrdə güclü şair görmək istəməyimiz də, məncə, düzgün deyil. Çünki dahi şairlər əsrlər keçdikcə yetişir.

El şairlərinin yaradıcılığına müraciət edib onların şeirlərini təhlil etdikcə və elmi süzgəcdən keçirdikcə görürük ki, yeni-yeni ruhda, ideyada şeirlər yazılır. Yəni poeziyada sözün tükəndiyi fikrinin əsassız olduğunun şahidi oluruq. Güclü təbə, ilhama və dərin savada malik olan el şairləri hazırda yaşayır və gözəl poetik incilər yaradırlar. Sadəcə olaraq onların yaradıcılığına müraciət etmək, gözəl şeirlərini təhlil edərək həm elm sahiblərinə, həm də ictimaiyyətə təqdim etmək lazımdır. Bir oxucu və tədqiqatçı kimi, şeirlərini həvəslə oxuduğum el şairlərindən bir neçəsinin adlarını çəkmək istərdim: İsa Cavadoğlu, Niftalı Göyçəli, Adil Cəfakeş, Şahlar Qəribli, Mikayıl Bozalqanlı, Səadət Buta, Pərvanə Zəngəzurlu, Kamran Eyyublu, Əfşan Yusifqızı, Elman Tovuz, Etibar Vəliyev, Günay Reyhan və digər şairlərin yaradıcılığı sırf xalq ruhunu oxşayır.

İndi isə yuxarıda adlarını çəkdiyim el şairlərinin sırasında dayanan və yaradıcılığına böyük hörmətlə yanaşdığım Əliyev Anar Əli oğlunun şeirlərini oxucularla bölüşək.

ANA NƏVAZİŞİ, ATA QAYĞISI

Dağılmış dünyadan bir dünya qurar,

Ana nəvazişi, ata qayğısı.

Qanında hey coşar, qəlbində vurar,

Ana nəvazişi, ata qayğısı.

Körpüsü olmayan keçilməz çaydır,

Ruhuma qidadır, haraydır, haydır.

Uca Yaradandan bu da bir paydır,

Ana nəvazişi, ata qayğısı.

Sanki o gəlibdir başqa aləmdən,

Qurtarar bəladan, möhnətdən, qəmdən.

Övladı çıxarar lap cəhənnəmdən,

Ana nəvazişi, ata qayğısı.

Camalı ay kimi o, xoş simadır,

Hikmətli hər sözdə dərin mənadır.

Çox parlaq ulduzlu, nurlu səmadır,

Ana nəvazişi, ata qayğısı.

Hər şeydir, ad-sandır, şandır, şöhrətdir,

Ehtiramdır, Anar üçün izzətdir.

Lap səkkiz qapısı olan cənnətdir,

Ana nəvazişi, ata qayğısı.

24.04.2018

NEYLƏYƏR

Bir dərdə ki, Rəbbim şəfa verməyə,

Çarəsiz dərdlərə loğman neyləyər?

Ümidin kəsilsə Yaradanından,

Qəbul elədiyin dərman neyləyər?

Yığdığın var-yoxu oğru aparsa,

Qorxudan bir kimsə azar taparsa,

Min əziyyət çəkib, tufan qoparsa,

Məhsulu zay etsə, bağban neyləyər?

Elə xəstəlik var qanda, gendədir,

Günahı nə səndə, nə də məndədir.

Dağın gözəlliyi duman, çəndədir,

Başından çəkilsə, duman neyləyər?

Pəhləvan meydanda məğlub olarsa,

Bu onu bir anda gözdən salarsa,

Məğlub durumunda əgər qalarsa,

Rəqibi verməsə aman, neyləyər?

Əvvəldən belədir, əsər ruzigar,

Şikayət eləmə bəxtdən, ay Anar.

Sürüyə təpilsə beş-on canavar,

Köməyi olmasa, çoban neyləyər?

DÜŞDÜM

Mən, azad bir quştək sonsuz səmada,

Buludda qərq oldum, dumana düşdüm.

Ağuşuna aldı məni dalğalar,

Yelkənsiz gəmiyəm, tufana düşdüm.

Buraxdım əlimdən ehtiyatımı,

Zəhərə döndərdim bal həyatımı.

Aldılar əlimdən köhlən atımı,

Silahsız igidtək meydana düşdüm.

Sönmüşəm həvəstək, bir maraq kimi,

Közü külə dönən bir ocaq kimi.

Əl-qolum bağlıdır bir dustaq kimi,

Azadlıq içində zindana düşdüm.

Dərdə düçar olan çəkər dərd-qəmi,

Dərd üstə köklənər qəlbinin simi.

Vətəni olmayan bir qərib kimi,

Yad elə, mahala, məkana düşdüm.

Günəştək parlayıb nur saçammıram,

Asta yeriyirəm, ha qaçammıram.

Dünyanın işindən baş açammıram,

Anaram, min xəyal, gümana düşdüm.

07.05.2018

ZALIM, A ZALIM

Səni gördüm, yenə fikrim getdi

Ötən o çağlara, zalım, a zalım.

Bu dünyada məlhəm heç ola bilməz,

Sinəmdə dağlara, zalım, a zalım.

 

Görəsən, vəfasız olan kimdir, kim,

Yaralı qəlbimə olmuram hakim.

Bənzəyir mənim bu vəfasız bəxtim,

Sovrulan bağlara, zalım, a zalım.

Mən sənsiz bilmirəm üz tutum hara,

Matəmə qərq olub geymişəm qara.

Rəhminmi gəlmədi Anartək yara,

Mən gözü ağlara, zalım, a zalım.

08.06.2018

ŞAİR OLMAZDIM

Ey gözəl, mən sənin gül camalına,

Həsrət çəkməsəydim, şair olmazdım.

Qələm dilə gəlir, ağ varaqlara

Dərdi tökməsəydim, şair olmazdım.

Dağdan-daşdan keçir aşiqin yolu,

Aşiq o kəsdir ki, sevginin qulu.

Bu fani dünyada qəm ilə dolu,

Badə içməsəydim, şair olmazdım.

Ayrılıq qəlbimə dağ çəkib yaman,

Biçarə Anara vermədi aman.

Qəlbimin mehmanı olursan hər an,

Səni seçməsəydim, şair olmazdım.

23.07.2018

 

 

GÖZƏLLİYİNDƏN

Dilimə gətirib deyə bilmirəm,

“Topuq vurur”, çaşır gözəlliyindən.

Səni Yaradana min şükür olsun,

Gözlərim qamaşır gözəlliyindən.

Bilmirəm, kükrəyən çaymısan, ay qız,

Mələk simasında paymısan, ay qız.

Zülmət gecələrdə aymısan, ay qız,

Gözlərim qamaşır gözəlliyindən.

Ruhumu çəkirsən sonsuz ərş kimi,

Məftun eləmisən, bilirsən, kimi?

Sanki nur saçırsan sən Günəş kimi,

Gözlərim qamaşır gözəlliyindən.

Kim səni təriflər bax, Anar kimi,

Dostumsan, baxmaram sənə yar kimi.

Dağın zirvəsində bəyaz qar kimi,

Gözlərim qamaşır gözəlliyindən.

27.08.2018

Toplayıb tərtib etdi:

Mahmud Əyyublu

AAB-nin üzvü

Palitra  2018.- 27 oktyabr.- S.15.