“Həmsədrlər Dağlıq Qarabağ münaqişəsi tərəflərini gərginliyin azaldılması üçün səyləri davam etdirməyə çağıracaqlar”

Xəbər verildiyi kimi, ATƏT-in Minsk qrupunun həmsədrləri - Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya), Endryu Şofer (ABŞ), eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə şəxsi nümayəndəsi Anjey Kaspşik regiona səfər ediblər. ATƏT-dən bildiriblər ki, Minsk qrupunun həmsədrləri Cənubi Qafqaz regionuna səfərləri çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tərəflərini gərginliyin azaldılması üçün səyləri davam etdirməyə çağıracaq: “Həmsədrlər səfər çərçivəsində regiondakı vəziyyəti nəzərdən keçirir və tərəfləri Düşənbədə liderlərin əldə etdiyi razılaşmadan sonra gərginliyin azaldılması üçün səyləri davam etdirməyə çağırır. Onlar, həmçinin danışıqlar prosesinin fəallaşdırılması və digər addımları müzakirə edirlər”.

Xatırladaq ki, oktyabrın 29-da Minsk qrupunun həmsədrləri İrəvana səfər ediblər. Onlar İrəvanda Ermənistanın baş naziri vəzifələrinin icraçısı Nikol Paşinyanla görüşüblər. Ermənistan KİV-ləri xəbər verir ki, bu barədə yerli hökumətin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, görüş zamanı Ermənistanda son siyasi dəyişikliklər kontekstində Qarabağ münaqişəsinin nizamlanması prosesinin dinamikasına toxunulub. Bundan əvvəl ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfərinin başladığı məlumat verilib.

Onu da əlavə edək ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, bu gün Ağdam rayonu istiqamətində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır. Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru və Saymon Tiller keçirəcəklər.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra köməkçisi Gennadi Petrika, ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov, Stefan Viskonti və onun şəxsi köməkçisi Küanti de Rankur, eləcə də Endryu Şofer və onun şəxsi köməkçisi Devid Börnşteyn keçirəcəklər.

ABŞ-da Zəngilan rayonunun işğalı haqqında məlumatlandırma kampaniyası aparılır

Yeri gəlmişkən, ABŞ Azərbaycanlıları Şəbəkəsi Azərbaycanın Zəngilan rayonunun işğalının 25-ci ildönümü ilə əlaqədar Amerika ictimaiyyətini məlumatlandırma kampaniyasına başlayıb.

Prezident Donald Tramp, dövlət katibi Maykl Pampeo, ABŞ Konqresinin üzvləri, ştatların qanunvericiləri və administrasiyaları, habelə ABŞ KİV-lərinə ünvanlanan müraciətdə qeyd olunur ki, Zəngilan rayonuna hərbi təcavüz nəticəsində 83 yaşayış məskəni işğal edilib, 40 mindən çox azərbaycanlı doğma yurdundan didərgin düşüb.

Bununla bağlı 1993-cü il noyabrın 12-də BMT Təhlükəsizlik Şurası erməni təcavüzünü pisləyən, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasını tələb edən 884 nömrəli qətnamə qəbul edib. Müraciətdə, həmçinin deyilir ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini (822, 853, 874, 844), BMT Baş Assambleyasının 62-243 nömrəli qətnaməsini və Avropa Şurası Parlament Assambleyasının erməni təcavüzünü pisləyən 1416 nömrəli qətnaməsini hələ də yerinə yetirmir. Bundan əlavə, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində xaricdən gəlmiş etnik erməniləri məskunlaşdırmağa davam edir, bununla da beynəlxalq hüququ pozur.

Müraciətdə, həmçinin Azərbaycan rayonlarının işğalı və ölkəmizdə məcburi köçkünlərə dair statistik məlumatlar əksini tapıb.

“Bu il yüz minlərlə soydaşımızın erməni vandalizmi nəticəsində didərgin düşmələrinin 30 illiyi tamam olur”

Bu arada ötən gün Milli Məclisin plenar iclasında Ermənistanın işğalçılıq siyasəti ilə də bağlı fikirlər səsləndirilib. Milli Məclisin deputatı Musa Quliyev Parlamentin iclasında çıxış edərkən deyib ki, bu il Prezident İlham Əliyevin sərəncamı və iştirakı ilə “Cümhuriyyətimizin”, ordumuzun, Bakının işğaldan azad edilməsinin, eləcə də Parlamentin 100 illiyi ilə bağlı təntənəli tədbirlər keçirildi: “Bu il, eyni zamanda yüz minlərlə soydaşımızın qədim Azərbaycan torpaqlarında qanunsuz yaradılan və Ermənistan Respublikası adlandırılan ərazilərimizdən, öz ata-baba yurdlarından erməni vandalizmi nəticəsində didərgin düşmələrinin 30 illiyi tamam olur. Hesab edirəm ki, bu məsələyə diqqət verilməli, bununla bağlı dinləmələr keçirilməlidir”.

O bildirib ki, 30 il bundan öncə 250 minə yaxın soydaşımız Ermənistan hökumətinin bilavasitə iştirakı və dəstəyi ilə törədilən vandalizmlə üz-üzə qalaraq, öz yurd-yuvalarından didərgin düşüblər: “30 ildir ki, həmin torpaqlarda nə azan səsi gəlmir, nə də Allahu-Əkbər eşidilmir. Təklif edirəm ki, bu ilin dekabr ayında Milli Məclisin bir neçə komitəsində bu haqda dinləmə keçirilsin və soyqırımı ilə sonuclanan deportasiya aktına qiymət verilsin. Hadisə ilə bağlı ictimai dinləmənin keçirilməsi vacibdir. Biz bu soyqırımını pisləyən bəyanat qəbul etməliyik”.

“Ermənistanda post-devrim dövründən heç nə dəyişməyib”

Maraqlıdır ki, Ermənistanın yürütdüyü işğalçılıq siyasəti ölkədə siyasi və iqtisadi gərginlik yaradıb. Bunu erməni ekspertlər özləri də etiraf edirlər. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, jurnalistlərə müsahibəsində iqtisadçı Baqrat Asatryan deyib ki, Ermənistanın iqtisadi inkişafında ləngimə müşahidə olunur”. O bildirib ki, cəmiyyətdə mövcud olan müsbət gözləntilər hələ də formalaşmayıb: “Buna əsas səbəb siyasi sahədə mövcud olan qeyri-müəyyənliyin davam etməsidir. Adətən, bu vaxtlar Ermənistanda dövlət büdcəsi və iqtisadi proqramların aktual müzakirəsi aparılırdı. Lakin hazırda bu haqda, ümumiyyətlə, danışılmır. Təəssüf ki, ölkədəki iqtisadi problemlər ikinci və ya üçüncü planda saxlanılır”.

İqtisadçının sözlərinə görə, ölkənin iqtisadiyyatında müsbət inkişaf yalnız daxili siyasi etibarlılığın formalaşması nəticəsində mümkün ola bilər.

O qeyd edib ki, Ermənistanın iqtisadi fəaliyyətinin azalması Rusiya iqtisadiyyatındakı vəziyyət və orada baş verən proseslərlə də bağlı ola bilər: “Hazırda Ermənistan Rusiyadan neqativ siqnallar almaqdadır".

Baqrat Asatryan vurğulayıb ki, Ermənistanda post-devrim dövründən heç nə dəyişməyib: “Fikrimcə, bu illər ərzində Ermənistanda heç bir dəyişiklik baş verməyib. Yol polisinin vətəndaşlardan pul qəbul etdiyini gördüyümüz halda, korrupsiyanın aradan qaldırılması barədə danışmağın mənası yoxdur. Qlobal problemlər hələ də qalır”.

Fuad Hüseynzadə

Palitra.-2018.-31 oktyabr.-S.11.