“Yalançı ana”
Tural
Tağıyev
Qaranlıq otağa birdən-birə çökən işıq onu yuxudan oyatdı. Əlini gözlərinin üstünə qoyub yerində qıvrılan ortayaşlı, dolu bədənli, saçları seyrəkləşmiş Roman narazı baxışlarla otağa nəzər salıb, pərdəni çəkəni axtardı. Uşaqlıqdan onu oyadan qadın səsini neçə ildi işıq əvəz edirdi. Mətbəxə keçəndə hər şey süfrədə hazır idi. Səhər yeməyini yeyə-yeyə həyat yoldaşına səsləndi ki, bu gün işdən gec gələcək. Evi tozsoranın qulaq batıran səsi bürüdü. Roman enli alnını qaşıya-qaşıya fikrə getdi. Tozsoranın səsi kəsiləndə isə təbəssümlü siması ilə gözünü yataq otağına zillədi. Nəhayət, otaqdan çıxan qadın əlini belinə qoyub dilləndi:
-Sabahın xeyir. Alınacaq şeylərin siyahısını paltonun cibinə qoymuşam. Həkimə gedəcəyimi də unutmamısan yəqin. Əvvəlcədən zəng edib, ona məni növbəsiz buraxmağını de. Yeməyini niyə az yeyirsən? Bəs qayğanağı kim üçün bişirdim? Yağ-pendir yeyirsən ancaq. Südlü çay da hazırla. Bu ki çətin deyil.
-Sabahın xeyir. Bu gün kimsəsiz uşaqlarla görüşə gedəcəyəm. İndidən boğazımdan heç nə keçmir. Bu arada sən heç siyahı yazıb verməzdin.
-Neçə gündür fikirlisən, bilirəm ki, unudacaqsan. Ona görə yazdım.
Roman fikirli halda ayağa qalxıb paltosunu geyinib evdən çıxanda xanımına səsləndi ki, çantasını ona versin. Qadın başını yelləyə-yelləyə “heç ağzının yan-yörəsini də silməmisən. Sənə nə olub bu gün?”- dedi.
Roman alnını qırışdırıb əvvəlcə qəmli sima aldı. Sonra gülümsəyərək əli ilə onun ağzını silən xanımını öpdü və “hələlik” deyib evdən çıxdı. Qəribə bir narahatlıq hissi ilə həkim dostuna zəng edərək məhəllədən uzaqlaşan Roman yolboyu cibindən çıxardığı vərəqdəki siyahıya baxırdı. Əslində, fikri başqa yerdə idi. Zəngə cavab verilmədiyini görəndə telefonu cibinə qoydu. Öz-özünə “deyəsən, yenə növbə ilə qəbula düşəcəksən” deyib, qaşlarını düyünlədi. İşə çatanda hər şey hazır idi. İş yoldaşları onu və başqa bir nəfəri gözləyirdilər. Alınmalı olan nə varsa, hamısı dünəndən alınmışdı.
-Hə, uşaqlar, gedəkmi? Yəqin ki, günortadan sonra qayıdarıq. İndi gülürsünüz, amma inanmıram uşaq evində kiminsə üzündə təbəssüm ola. Buna məcburuq, orada uşaqlarla deyib gülməliyik.
Roman bu sözləri demişdi ki, gözlədikləri adam da gəlib çıxdı.
-Kabab da hazırdır. Səhər tezdən güclə kafe tapdım ki, kababçı orada ola. Roman, məgər kababdan başqa, ağlına yemək gələ bilməzdi? Məsələn, bol şirniyyatlar, bəzəkli əşyalar…
– Belə lazım idi. Hədiyyələrimiz də var, az miqdarda şirniyyat da.
Səkkiz nəfərlə sifarişli avtobusa minən həmkarlar yolboyu deyib-gülür, məişət problemlərindən danışırdılar. Qabaqda tək əyləşən Roman isə sürücünün mənasız suallarına qısaca cavab verməklə mühasibat işləri ilə məşğul olduğu şirkətin gələcək perspektivləri haqqında mənasız sözlər danışırdı.
Uşaq evinə çatanda Roman sürücünün ağarmış saçına, lopa bığlı sifətinə diqqətlə nəzər salıb, ona bir saat sonra dönəcəklərini dedi.
Kimsəsiz uşaqlar üçün nəzərdə tutulmuş binanın girişindən ta onları qarşılayan müdirin otağı olan dəhlizə qədər qəribə bir qoxu Romanın başını gicəlləndirirdi. Uşaq evinə gələnlərlə qısaca söhbətləşən müdir dedi ki, əvvəlcədən də razılaşdıqları kimi, yarım saat sonra yeməkxanada gətirilən yeməyi uşaqlara paylayacaqlar. Roman isə sanki boğazında nə isə qalmış adam kimi, boğulurdu. Nəhayət, qırmızı sifətli, yoğun boyunlu müdirin şablon ifadələri-gördükləri işlər, qayğıları haqqında “mühazirə” bitdikdən sonra zəncirini qırmış qul kimi otaqdan çölə atılan Roman iş yoldaşları ilə onlara bələdçilik edən yaşlı bir qadınla uşaqların olduğu otaqlara daxil oldu. Alnında soyuq tər yaranmışdı. Əlbəttə, otaqda dəyişikliklər olmuşdu. Əl dəyməyən stullar, yeni yataq dəstləri və s. Hamı kimi, Roman da ona yaxınlaşan körpələrlə qucaqlaşıb söhbət edirdi.
-Sənin adın nədir? Nə gözəl qıvrım, qara saçların var.
-Adım Afətdir. Burada deyiblər ki, adımı anam qoyub. Amma anam haradadır bilmirəm. Bəs sənin adın nədir? Sənin anan varmı?
-Ana? Hə, əlbəttə. Hamımızın anası var. Mənim anam da səninki kimi çoxdandır gəlmir. İşləri çoxdur ona görə. Analar hamısı belədir. Narahat olma, sən böyüyəndə onların işləri azalacaq, hər gün görəcəksən ananı.
-Bilirəm, sən də yalançısan. Aldadırsan. Sənin də anan yoxdur. Mənim anam kimi o da səni atıb gedib. Heç olmasa, atam olardı. Sən mənim atam olarsan? Lap yalançı atam da ola bilərsən! Onsuzda burada hamı yalançı anadır.
Roman sağına-soluna baxıb, göz yaşlarının kimsənin görmədiyinə əmin olduqdan sonra nəm yanağını qoluna sildi. Cibindən çıxardığı dəsmalla bərabər, siyahı olan kağız da yerə düşdü. Dəsmalı, guya, burnunu siləcəyi kimi göstərən Roman tez nəm kirpiklərinin üstünə qoyub çəkdi.
-Əlbəttə, olaram. Amma sən onlara yalançı demə!
Qızcığaz onun boynuna bərk sarılıb digər uşaqlara səsləndi ki, baxın mən özümə ata tapdım. Amma onu kimsə eşitmirdi, hər kəsin başı onlara balaca bağlamalarda gətirilən hədiyyələrə qarışmışdı.
Bayaqdan hər şeyi diqqətlə izləyən yaşlı qadın ağ xalatının dar cibini qurdalaya-qurdalaya artıq yeməklərin hazır olduğunu dedi və bir adamın ətrafında beş uşaq olmaqla Roman və gələn digərləri yeməkxanaya düşdülər.
Hər kəs burada idi. Uşaqlar, həmişə onlara xeyriyyəçilərin gətirdiyi şirniyyatlardan fərqli olaraq, boşqablarda kababları görüb bir qədər təəccüb içində bir-birlərinə baxırdılar.
Roman səs-küylü yeməkxanadan aralanıb gəlib avtobusda oturdu. Köhnə, sovet dönəmindən qalmış üçmərtəbəli binaya nəzər salandan sonra başını aşağı dikib bu binanın ona həm doğma, həm də necə darıxdırıcı gəldiyini düşünürdü.
-Burada niyə oturmusan? Uşaq evinin rəhbəri səni axtarırdı. Təşkilatçı özünü pis hiss edir, çölə çıxıb, dedim. Xeyli təşəkkür etdi. Amma öz aramızdır, bir neçə qazan isti kababdan ortalığa az qoyuldu ha… Uşaqlar artıq sağollaşıb gəlirlər. Hə, bir də tərbiyəçi nəsə vərəq verdi ki, bu, otağa sizin uşaqlardan düşüb. Gör bu sənin deyil ki? Heç kim boynuna götürmədi.
Roman fikirli olsa da, yuxudan ayılıbmış kimi, diksindi və vərəqi alıb cibinə qoydu.
-Hə, mənimdi.
– Tərbiyəçi dedikləri o qoca elə hey deyiniyirdi ki, valideynlər gəlmirlər, atdıqları uşaqlara baş çəkmirlər. Bir də yaman sənə nəzər yetirirdi. Heç anlaya bilmirəm, belə çox yaşı olan bu qadın necə tərbiyəçi olur, axı?
– Vaxtdır, gedək. Uşaqları çağır gəlsinlər.
Romanın uşaq evinin həyətində toplaşmış həmkarları uşaqlarla çəkdirdikləri fotolara baxa-baxa, avtobusa mindilər. Romana vərəqi verən adam isə gəlib onun yanında oturdu.
– Hesab, maliyyə işlərindən adam təngə gəlir. Gərək bura çoxdan və tez-tez gələrdik. Bir az insan uşaqların gülən üzünü görəndə rahatlaşır. Amma dadlı yeməklər, xüsusən də, kabab seçimin yerinə düşdü. Acından başım ağrıyır. Yolüstü düşüb özümüz də yemək yeyərik. Doğrudan a, kabab haradan ağlına gəlmişdi?
– Bu gün bircə sən bu sualı verməmişdin. Bilirsən, o uşaqlar, bəlkə də, hər həftə şirniyyat yeyirlər. Amma onlar yalnız uşaq evindən cəmi əlli metr aralıda olan kafe, restoranlardan gələn kabab qoxusunu iyləyə bilirlər. Necə ki, mən illər boyu aynadan baxıb yaxınlıqda satılan qoğaldan arzulayırdım, amma nahara düşüb yeməkxanada ürəyimi bulandıran makaron supu içirdim.
Roman nəm gözlərini silmək üçün cib dəsmalını çıxaranda yenə siyahının cibindən düşdüyünü görüb, bu dəfə döş cibinə qoymaq istəyirdi ki, donub qaldı. Həyəcandan sinəsi qalxıb enirdi. Vərəqin arxasına tələsik, səliqəsiz yazılmış bir neçə cümlə var idi.
– Biz hamımız pis olmuşuq. Bir az özünü ələ al. Başa düşürəm, uşaqların sevinci səni qəhərləndirir, yenə gələrik.
-Yox. Məni qəhərləndirən başqa şeylərdi. Heç kim bilmir. Mən də bu uşaq evində böyüdüm. O qoca isə mənim də tərbiyəçim imiş. İllər üzündə o qədər iz buraxıb ki, mənə ana kimi olan o qadını belə, tanıya bilməmişəm. Mən ona “yalançı ana” deyirdim. Ona görə ki, o, ağlım kəsənə qədər mənə yalan danışırdı. Valideynlərimin tatar olduğunu, başqa ölkədə yaşadığını deyir, özümü yaxşı aparsam günün sonunda pəncərədən həsədlə baxdığım satılan qoğaldan mənə də alacağını bildirirdi. Hətta yatağımı yığmağımı belə, o mənə vədlərlə öyrətmişdi. Hamı isə onu “Leyli xala” çağırırdı. Bax, o mənə bir saat ərzində diqqətlə nəzər salırmış, fürsət axtarırmış desin ki, məni tanıyır. Amma sənin qoca qadın, heç bir işə yaramayan təqaüdçü dediyin adam çox şeyi düşünüb anında bunu mənə demədi! Cibimdən düşən vərəqi götürüb, yalnız mən gedəndən sonra bilim deyə, bu qatlaq kağızın bir küncünə yazıb.
Roman kağızı eşitdiklərindən gözləri bərələ qalan həmkarına uzatdı. Eynəyini taxıb vərəqə nəzər salan həmin adam da oxuduqlarından qəhərləndi - “Səni tanıdım, oğlum! Sən isə məni tanıya bilməzdin. Səhərlər səni oyadan tərbiyəçin, “yalançı ana”.
Palitra.-2018.-31 oktyabr.-S.15.