İlkin Əsgər:
“Dünyanın istənilən dilində yazılmış
bir əsəri ana dilimizə çevirmək
mümkündür”
ADPU-nin müəllimi
İlkin Əsgərlə olan müsahibəni təqdim edirik.
-
Günümüzdə dilimizə çoxlu alınma sözlər
daxil olur. Şübhəsiz ki, bu, yazılı dilə öz
təsirini göstərir. İstərdim ki, söhbətimizi
bu istiqamətdə qurardıq.
- Əlbəttə, Azərbaycan dilində çoxlu alınma sözlər işlənir. Bu, təbii bir prosesdir. Əgər bir dil yaşayırsa, deməli, söz alveri də olmalıdır. Lakin dilimizdə süni şəkildə işlədilən, sünilik yaradan alınma sözlər də çoxdur. Yox, elə təəssürat yaranmasın ki, biz dilimizdəki alınma sözlərin işlənməsinə qarşı çıxırıq. Hesab edirik ki, ümumiyyətlə, dildə gedən təbii proseslərə qısqanclıqla yanaşmaq olmaz. Canlı bir dil kimi, müasir Azərbaycan ədəbi dilinin lüğət ehtiyatı yerində işlənən alınma sözlərin hesabına daha da zənginləşir, inkişaf edir. Biz, daha çox heç bir ehtiyac olmadan dilimizdə qarşılığı olan sözlərin əvəzində işlənən alınma sözlərin işlənməsindən narahatıq. Çünki belə sözlər dilimizin inkişafına mane olur. Təsadüfi deyil ki, Prezident İlham Əliyev AMEA-nın 70 illik yubileyində çıxışı zamanı bu məsələyə xüsusi münasibət bildirmişdir: "Bəzi ictimai xadimlərin, hökumət üzvlərinin çıxışlarında, bəzi televiziya verilişlərində, Milli Məclisdə eşidirəm ki, kənar kəlmələrdən istifadə edilir. Buna ehtiyac yoxdur. Əlbəttə, mən bu sahədə mütəxəssis deyiləm, ancaq bir vətəndaş kimi, hesab edirəm ki, yeni kəlmələrin icad edilməsinə heç bir ehtiyac yoxdur. Lüğətimiz o qədər zəngindir ki, bunu qorusaq və gələcək nəsillərə əmanət kimi təhvil versək, bu, bizim bu sahədəki ən böyük nailiyyətimiz olacaq". Ümumiyyətlə, bizə belə gəlir ki, yersiz alınma sözlərə qarşı mübarizəni düzgün aparmırıq. Çünki belə sözlər dilimizdə keçid ərəfəsində saf-çürük edilməlidir. Ancaq, əksərən yersiz alınma sözlər dilimizə keçib oturuşandan, kitab, lüğət və mətbuat dilində işlənəndən sonra biz başlayırıq ki, dilimizdə uyğun olmayan alınma sözləri işlətməyək. Onda isə gec olur. Bir növ, dilin leksik tərkibi zədələnmiş olur. Ona görə də hamılıqla dilimizi sevib saflığı uğrunda mübarizə aparmalıyıq.
- Orfoqrafiya
qaydaları, sizcə, nə vaxt dəyişməlidir? Bu dəyişikliklərə
nə qədər ehtiyac var?
- Orfoqrafiya qaydaları, əsasən, sabit, dəyişməz olmalıdır. Ən əsası da qəbul olunmuş qaydalara ixtisasından, peşəsindən asılı olmayaraq hər bir vətəndaş əməl etməlidir. Qaydaların isə nə vaxt dəyişilməsi haqqında qəti şəkildə hökm vermək düzgün olmaz. Bu, bilavasitə dildə gedən proseslərlə bağlılıq təşkil edir. Ona görə də qaydalar hazırlanarkən tələsməmək, yüz ölçüb bir biçmək lazımdır. Bundan başqa, qaydaların tez-tez dəyişməsi dildə, xüsusən də yazılı nitqdə dolaşıqlıq yaradır. Təsəvvür edin ki, hələ də feil, kompüter kimi sözlərin yazılışından xəbərsiz olan insanlar var. Reklamların dilində kompüter sözünün bir neçə yazılış formasına rast gəlinir ki, bu da orfoqrafiya qaydaları ilə ziddiyyət təşkil edir. Burada orfoqrafiya qaydalarının dəyişməsindən daha çox, təkmilləşməsinin üzərində dayanmaq lazımdır. Orfoqrafiya qaydalarını birdən-birə dəyişmək heç bir halda mümkün deyil. Dildə sabitləşmiş qaydalardan imtina etmək olmaz. Yeri gəlmişkən, bir məqamı da qeyd edək ki, bu yaxınlarda orfoqrafiya lüğətinin VII nəşrində çapı nəzərdə tutulan orfoqrafiya qaydaları ictimai müzakirəyə verildi. Lakin sosial media, mətbuat həmin layihəni düzgün işıqlandırmadı. Daha doğrusu, “orfoqrafiya lüğəti, orfoqrafiya qaydaları dəyişdirilir” kimi mübaliğəli başlıqlar yazmaqla oxucuları çaşdırdı. Layihədə olan maddələrin böyük əksəriyyəti ənənə üzərində dayanıb, əvvəllər də olub. Yalnız bir neçə yeni bənd əlavə edilib ki, onlar üzərində dayanıb müzakirə aparmaq, elmi polemikaya girmək olar. Çox istərdik ki, həmin layihədə “mənbə dil” məsələsinə də xüsusi aydınlıq gətirilsin. Çünki sözlərin mənbə dildəki yazılışı heç bir halda Azərbaycan dilində sözlərin yazılışı üçün etalon ola bilməz. Həmin sözləri öz dilimizin qayda-qanunlarına uyğunlaşdırıb işlətmək lazımdır.
- Bu qaydaların
ictimai müzakirəyə verilməsinə necə
baxırsınız? Sizcə, ictimaiyyət bu təklifləri,
yəni layihəni necə qarşıladı?
- Əlbəttə ki, orfoqrafiya ilə bağlı, hələlik 69 maddədən ibarət layihənin ictimaiyyətin müzakirəsinə verilməsi dilimiz, dilçiliyimiz adına olduqca təqdir ediləsi haldır. Həmişə belə bir müzakirənin olmasını istəmişəm. Çünki işə “ağıl ağıldan üstün olar”, “güc birlikdədir” prinsipləri ilə yanaşdıqda daha keyfiyyətli iş ortaya qoymaq olar. Ona görə də belə bir müzakirənin aparılmasını alqışlayıram.
Layihənin müzakirəyə çıxarılması orfoqrafik qaydaların sabitləşməsi, dəqiqləşməsi, meyarların daha da konkretləşməsi üçün uğurlu addım olsa da, etiraf edək ki, cəmiyyət tərəfindən birmənalı qarşılanmadı. Demək olar ki, həmin fikirlərin 70-80 faizini oxumuşam. Haqlı olan da var, haqsız olan da, peşəkar yanaşan da var, qeyri-peşəkar yanaşan da, tənqid edən də, təqdir edən də, hətta maddələri oxumayıb səsə-küyə düşüb yazanlar da. Bunları da normal qarşılamaq lazımdır. Ən yaxşı tərəfi odur ki, təkcə dilçilər deyil, müxtəlif peşə sahibləri də dilin təəssübünü çəkir. Buna, sadəcə, sevinmək lazımdır. Düşünürəm ki, müəllifindən asılı olmayaraq verilən təkliflərin, səsləndirilən fikirlərin hər birinə ciddi yanaşılmalı, elmi cəhətdən əsaslandırılmalı, məntiqli olanların üzərində dayanmaq lazımdır.
-
Maraqlıdır, çap olunan kitablarda orfoqrafiya qaydaları
necə qorunur? Bir dilçi kimi bu sizi qane edirmi?
- Əslində, qane etmir. Lakin suala dəqiq cavab vermək də çətindir. Təkcə çap olunan kitablarda deyil, eyni zamanda jurnallarda, qəzetlərdə, sosial mediada, ümumiyyətlə, KİV-in dilində orfoqrafik qaydalarla bağlı xeyli sayda qüsurlar mövcuddur. Əksər yazılar redaktə olunmadan çapa gedir. Təəssüf ki, çap, nəşriyyat işi sahəsində çalışan insanların bir qismi də qeyri-ixtisas sahibləri olduqları üçün bir sıra qüsurlar özünü daha qabarıq göstərir. Özü də bu qüsurlar təkcə orfoqrafiya qaydaları ilə məhdudlaşmır. Dəqiq desək, durğu işarələrinin işlədilməsi ilə bağlı çap məhsullarında, KİV-in dilində müəyyən çətinliklər xüsusilə nəzərə çarpır. Məsələn, əksəriyyət defislə tireni fərqləndirə bilmir. Halbuki bunlar ayrı-ayrı anlayışlardır, həm həcminə, həm işlənmə xüsusiyyətinə, həm də ki, funksiyasına görə bir-birindən fərqlənir. Di gəl ki, qəzet və jurnalların, kitabların dilində bunlar arasında sərhəd yoxdur. Defis işlənməli yerdə tire, tire işlənməli yerdə defis qoyurlar. Vergülü də ki, kim harada istəyir, orda da işlədir.
- İlkin müəllim,
bu kimi qüsurların qarşısını almaq
üçün nə etmək olar?
- Əslində, KİV-in, sosial medianın dilindəki qüsurlarla bağlı müntəzəm olaraq monitorinqlər aparılır. Şübhəsiz ki, bu iş gec-tez bəhrəsini verəcək. Lakin bunu təkcə dilçilərin işi kimi dəyərləndirmək düzgün deyil. Hamı dilə həssaslıqla yanaşmalı, qorumalı, sevməli, saflığı uğrunda mübarizə aparmalıdır. Yoxsa “millət necə tarac olur-olsun, nə işim var” düşüncəsi ilə bütün dilçilik problemlərini dilçilərin, filoloqların üzərinə atıb kənardan müşahidə etməyin özü belə, dilimizə bir zərbədir. Göstərilən qüsurları aradan qaldırmaq üçün bizim də bir təklifimiz var. Təklif edirik ki, ayrı-ayrı elm sahələrinə aid yazılan monoqrafiya, dərslik, dərs vəsaitlərində redaktor və rəyçilər arasında ixtisasçılarla yanaşı, dilçilər də olsun. Bu, mütləqdir. Tutaq ki, bir kimyaçı öz ixtisasının terminologiyasını, hər bir incəliyini dərinliyi ilə hərtərəfli şəkildə bilir. Ancaq gəlin görək həmin zənginliyi, dərinliyi yazdığı mətndə dilin bütün imkanlarından istifadə edərək dilçi kimi verə bilirmi? Yox... Əlbəttə ki, bu, təbii haldır. Axı, insafən, biz də başqa sahəni dərinliyi ilə bilmirik. Burada da incə bir məqam var. Azərbaycan dili bir elm sahəsi olmaqla yanaşı, eyni zamanda bir təlim dilidir. Ona görə də digər peşə sahibləri üçün də ana dilimizin incəliklərini, orfoqrafik, leksik, qrammatik normalarını bilmək əsas şərtdir. Füzuli demiş, “Artıran söz qədrin sidq ilə qədrin artırar; Kim nə miqdar olsa, əylin eylər ol miqdar söz”.
Dediyimiz kimi, ixtisas redaktorlarından əlavə, dil redaktorunun olması həmin mətnin daha oxunaqlı, cilalanmış olmasını təmin edər.
- Azərbaycan
dilinin müasir inkişafı haqqında nə söyləyə
bilərsiniz?
- Bu gün Azərbaycan dili inkişafda olan
canlı bir orqanizmdir. Təbii ki, dilimiz müstəqillik illərində
daha da inkişaf etmişdir. Azərbaycan dili o qədər zəngin,
emosional, şirin bir dildir ki, dünyanın istənilən
dilində yazılmış bir əsəri ana dilimizə
çevirmək mümkündür. Dilimizin neçə
yüzilliklər ərzində formalaşmış, sabitləşmiş
normaları mövcuddur ki, bu da dilimizin ənənə üzərində
daha da inkişaf etməsinə şərait yaradır. Hətta
canlı danışıq dili yazı, kitab dilindən bir
neçə addım qabaqdadır. Bir məqamı da qeyd edək
ki, Azərbaycan dili bir elm kimi inkişaf edib, 50-60 il bundan
qabaqkı Azərbaycan dilindən fərqlənir. Ona görə
də keçən əsrin ikinci yarısında
yazılmış qrammatika ilə bağlı dərsliklərin
çoxu bugünkü Azərbaycan dili ilə ayaqlaşa
bilmir, ondan geri qalır. Bu mənada müasir Azərbaycan
dilindəki bəzi sualların cavabını həmin dərsliklərdə
tapmaq olmur. Sevindirici haldır ki, Azərbaycan dili, onun
inkişafı dövlət səviyyəsində də diqqət
mərkəzində saxlanılır. Bu mənada 09 aprel
2013-cü il tarixində qəbul olunmuş “Azərbaycan dilinin
qloballaşma şəraitində zamanın tələblərinə
uyğun istifadəsinə və ölkədə
dilçiliyin inkişafına dair” adlı Dövlət
Proqramı olduqca əhəmiyyət kəsb edir.
Düşünürük ki, bu proqramda nəzərdə
tutulmuş məsələlərin həlli istiqamətində
görülən və görüləcək işlər
müasir Azərbaycan ədəbi dilinin daha da inkişaf etməsinə,
sabitləşməsinə səbəb olacaq.
- İlkin müəllim,
gənc yaşında universitet müəllimi olmaq necə
hisdir? Sizin fikrinizcə, müəllim üçün tədqiqatçı
olmaq vacibdirmi?
- Əlbəttə, bu yaşda müəllim işləmək gözəl duyğudur. Sözün düzü, bu hisləri sözlə ifadə etməkdə çətinlik çəkirəm. Müəllimlik sənəti şərəfli, məsuliyyətli peşədir. Ancaq vicdanlı müəllim olmaq, alın açıqlığı, üz ağlığı ilə müəllim işləmək daha şərəflidir. Gənc yaşında müəllim işləməyin çətinlikləri ilə yanaşı, üstün cəhətləri də var. Yaxşı mənada auditoriya səni yetişdirir, səni bişirir, bilavasitə tələbələrinlə birgə prosesin içində olursan. Axtarış aparırsan, verilmiş suallar, mövzular üzərində daha çox tədqiqat aparırsan. Təbii ki, bu, işə müsbət təsir edir. Öyrədə-öyrədə özün də öyrənirsən. Çox yaxşı haldır ki, bu gün ADPU-da istedadlı gənclərə qapılar açılır. Universitet rəhbərliyi potensiallı kadrların, xüsusən də gənc müəllimlərin tədrisə cəlb olunmasında mühüm işlər görür. Düşünürük ki, bu ADPU-nun özü üçün müəyyənləşdirdiyi əsas prioritet istiqamətlərdən biri sayıla bilər.
Ola bilər ki, tədqiqatçı müəllim olmasın, ancaq müəllim mütləq şəkildə tədqiqatçı olmalıdır. Bu iki işi uzlaşdırmalıdır. Çünki artıq tədrisdə yeni yanaşmalar, yeni baxışlar mövcuddur. Müəllim daima axtarışda olmalı, öz üzərində çalışmalı, düşünməli, ən əsası da məsuliyyətini dərk etməlidir. Qətiyyətlə deyə bilərik ki, öz üzərində çalışmayan müəllim qabağa gedə bilməz. Bu mənada müəllimin tədqiqatçılıq qabiliyyəti mütləq şəkildə olmalıdır.
Söhbəti qələmə aldı:
Mahmud Əyyublu
Palitra.-2018.-31 oktyabr.-S.13.