Macarıstanda Qarabağla
bağlı təqdimat və kitab sərgisi
keçirilib
Ermənistan Qarabağ ərazilərində azərbaycanlılara
məxsus tarixi-arxeoloji mədəniyyət
abidələrini ya dağıdır, ya da tarixi
faktları saxtalaşdıraraq özününküləşdirir
Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Münaqişə zonalarında humanitar fəlakət və tarixi-mədəni irsin məhv edilməsi Avropa alimlərinin baxışında” adlı layihə çərçivəsində 23-27 avqust 2018-ci il tarixlərində Macarıstanın Debresen universitetində gənc alimlər, doktorantlar, magistrlər üçün təqdimat və kitab sərgisi təşkil edib. Təqdimatlarda Ermənistan tərəfindən işğal edilmiş Qarabağda ermənilər tərəfindən dağıdılmış və total saxtalaşdırılmış tarixi-arxeoloji abidələr haqqında tarixi həqiqətlər təbliğ edilmiş, gənc tədqiqatçılar üçün Azərbaycan tarixi, Qarabağ həqiqətlərindən bəhs edən kitab sərgisi təşkil edilib. Avropa Gənc Alimlər Şurasının və Macarıstan Gənc Alimlər Assosiasiyasının təşkilati dəstəyi ilə təşkil olunmuş elmi təqdimat və kitab sərgisində 200 nəfər gənc alim, doktorant və magistrlər iştirak edib.
Macarıstanın Pannonia Universitetinin müəllimi, EURODOC-un İdarə Heyətinin üzvü Peter Szabo tədbirdə çıxış edib, həm EURODOC-la, həm də təmsil etdiyi Macarıstanın DOSZ təşkilatı ilə Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti arasında əməkdaşlıqdan danışıb və bu cür maarifləndirici tədbirlərin gələcəkdə də həyata keçirilməsinin önəmini qeyd edib.
Tədbirdə eyni zamanda Debresen Universitetinin rektoru Zoltan Szilvassy və Universitetin digər rəsmi nümayəndələri də iştirak ediblər.
Tədbirdə layihənin rəhbəri, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov layihənin məqsədi barədə danışıb və bildirib ki, artıq uzun illərdir ki Azərbaycanda multikulturalizm dövlət siyasətinin ən önəmli istiqamətlərindən birinə çevrilib. Mövcud milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti Azərbaycanı çoxmillətli, çoxkonfessiyalı ölkə, dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanı edib. Azərbaycan multikulturalizm, tolerantlıq dəyərlərini dövlət siyasətinin əsas hissələrindən biri kimi bəyan etdiyi halda, Ermənistan işğal etdiyi və 25 ildən artıq müddətdə işğalda saxladığı Azərbaycanın tarixi Qarabağ ərazilərində azərbaycanlılara məxsus tarixi-arxeoloji mədəniyyət abidələrini ya dağıdır, ya da tarixi faktları saxtalaşdıraraq özününküləşdirir. Erməni mənbələrində ayrı-ayrı vaxtlarda yer alan məlumatlara, peyk çəkilişlərinə, ATƏT-in işğal olunmuş ərazilərdəki vəziyyəti araşdıran missiyasının hesabatına, habelə digər mənbələrdən toplanan məlumatlara görə, bu ərazilərdə indiyədək yüzlərlə tarixi abidə tamamilə dağıdılıb.
Azərbaycanın işğal edilmiş ərazilərində 13 dünya əhəmiyyətli, 292 ölkə əhəmiyyətli və 330 yerli əhəmiyyətli, 15 dekorativ sənət nümunəsi, tarix və mədəniyyət abidələri qalıb
Layihənin eksperti, tarix elmləri üzrə fəlsəfə doktoru, dosent Ruslan Rəhimli çıxışında qeyd edib ki, Azərbaycanın işğal edilmiş ərazilərində 13 dünya əhəmiyyətli, 292 ölkə əhəmiyyətli və 330 yerli əhəmiyyətli, 15 dekorativ sənət nümunəsi, tarix və mədəniyyət abidələri qalıb. Hərbi təcavüz nəticəsində işğal edilmiş ərazilərdə ilk insan məskənlərindən olmuş Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları hazırda hərbi məqsədlərlə istifadə edilərək qəsdən dağıdılır. İşğal altındakı Azərbaycan ərazilərində tarix-mədəniyyət abidələrinin kütləvi məhvi və saxtalaşdırılması 1954-cü ildə qəbul edilmiş Haaqa Konvensiyasına ziddir. Bu konvensiya hərbi münaqişələr zamanı hər bir dövlətin öz ərazisində və rəqib tərəfin ərazisində yerləşən mədəni dəyərlərin qorunması, arxitektura, incəsənət, tarixi abidələr, arxeoloji qazıntılar kimi daşınan və daşınmaz mədəni dəyərlərin müdafiə edilməsini iştirakçı dövlətlərin qarşısında vəzifə kimi qoyur. Həmçinin, işğal altında olan ərazilərində tarix-mədəniyyət abidələrinin dağıdılması və saxtalaşdırılması YUNESKO-nun “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” konvensiyasının pozulmasıdır.
İştirakçılara Qarabağ abidələrinin münaqişədən əvvəlki vəziyyəti və münaqişə dövründə ermənilər tərəfindən dağıdılmış halı şəkillər vasitəsilə iştirakçılara göstərilib.
Tədbirin yekununda iştirakçılara Qarabağ tarixi-mədəni abidələri barədə sənədli film nümayiş olunub. Avropalı gənc alim və tədqiqatçılara müraciət olunub ki, münaqişə zonalarında maddi-mədəniyyət abidələrinin dağıdılmasına biganə qalmasınlar və buna qarşı mübarizə aparsınlar. Universitetdə təşkil olunmuş kitab sərgisində Azərbaycan tarixi, Qarabağ həqiqətləri, azərbaycanlılara qarşı kütləvi qırğınlarla bağlı kitablar nümayiş olunub. Kitablardan bəzi nüsxələr Universitet kitabxanasına təqdim olunub, eyni zamanda iştirakçılar arasında paylanıb.
Kitab sərgisində əsasən AMEA Tarix İnstitutunun ingilis dilində olan nəşrləri və AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi nəşrləri sərgilənib. Kitablar avropalı gənc alimlərin böyük marağına səbəb olub.
TADF Dağlıq Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün fəaliyyətini gücləndirib
Yeri gəlmişkən, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası Dağlıq Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün fəaliyyətini gücləndirib. Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar bildirib. O qeyd edib ki, Türkiyənin Kocaeli şəhərində fəaliyyət göstərən Heydər Əliyev adına Mədəniyyət Mərkəzində ermənilərin tarixboyu azərbaycanlılara qarşı törətdiyi terroru əks etdirən muzey fəaliyyət göstərir. Bolqarıstan, Macarıstan və Almaniya televiziyaları erməni terrorunun dünyaya çatdırılması üçün Heydər Əliyev adına Mədəniyyət Mərkəzində fəaliyyət göstərən muzeydə sənədli film hazırlayıb. Federasiya sədri əlavə edib ki, Türkiyə vətəndaşlarına və xarici qonaqlara hadisələri tam ətraflı çatdırmaq üçün Heydər Əliyev adına Mədəniyyət Mərkəzindəki kitabxananın və muzeyin daha da zənginləşdirilməsi istiqamətində bir sıra addımlar atılır. Əksər insanlar ermənilərin törətdikləri terror aktları ilə bağlı faktlarla ilk dəfə bu mərkəzdəki sənədlər əsasında tanış olublar.
Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri bununla yanaşı, rəhbərlik etdiyi qurumun həyata keçirdiyi sosial layihələrlə bağlı da məlumat verib. Onun sözlərinə görə, federasiyanın vasitəçiliyi ilə Kocaeli valiliyi bu şəhərdəki ali məktəbdə təhsil alan 200-ə yaxın azərbaycanlı tələbəyə birdəfəlik tələbə təqaüdü verib. Bundan başqa Kocaeli şəhər bələdiyyəsi və Türk Dünyası Bələdiyyələri Birliyinin sədri İbrahim Karaosmanoğlunun qərarı ilə azərbaycanlı tələbələrin bələdiyyəyə məxsus ictimai nəqliyyat vasitələrindən pulsuz istifadə etmələrinə imkan yaradılıb.
Həmçinin Bilal Dündar qeyd edib ki, oktyabr ayında Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının da iştirakı ilə Kocaeli vilayətinin Körfəz bələdiyyəsinin sədri İsmayıl Baran başda olmaqla böyük nümayəndə heyəti Azərbaycana, Göyçay rayonuna səfər edəcək. Bu rayonda Körfəz istirahət parkının açılacağı gözlənilir.
Fuad Hüseynzadə
Palitra 2018.- 4 sentyabr.-
S. 11.