Ordubad şəhərində cəmi 36 erməni ailəsi olub ki, onlar da İrandan köçürülüblər”

 

(əvvəli ötən saylarımızda)

 

Dərs ilinin başlanması və sonu üzrə dəqiq vaxtın müəyyən olunmaması, reqlamentliliyə, müəyyən nizamnamə və qaydalara əməl edilməməsi bu məktəblər üçün səciyyəvi idi. Bu isə obyektiv olaraq dövlət rəsmi qeydiyyatının aparılmasında çətinliklər törədirdi. Ənənəvi məktəblər haqqındakı doğru-düzgün statistik təsvirlərin, dəqiq siyahının olmaması səbəbi kimi dövlət məmurlarının bu işə məsuliyyətsiz, səthi yanaşma və münasibətləri də göstərilə bilər. Digər tərəfdən, dini ayrı-seçkilik, xristian təəssübkeşliyi, imperiya mənafeləri, nəhayət “erməni xülyalarını” kerçəkləşdirmək niyyətləri də bu işdə üstün tutulduğundan qərəzli münasibətləri istisna etmək olmaz. Müşahidə və təhlillərimiz göstərir ki, bütün bunlar dövri nəşrlər kimi meydana çıxan tarixi mənbələrdə, hətta azya çox dərəcədə arxiv sənədlərində belə, özünü göstərmişdir.

Məscid məktəbləri haqqında əhəmiiyyətlilik səviyyəsi ilə fərqlənən statistik mənbələrdən biri 1853-cü ildə nəşr olunmuş Rusiya imperiyasının İrəvan quberniyası üzrə hərbi-statistik təsvirini verən dövri nəşrdir. Məcmuənin təhsillə bağlı xülasələrində (Beşinci bölmənin -“Təhsil” bölməsinin “ Dini təhsil” adlı yarımbaşlığında) göstərilir ki, bütün İrəvan quberniyasında 194 məscid mövcuddur. Quberniyadakı məscidlər qəzalar və qəza mərkəzləri üzrə aşağıdakı kimi göstərilmişdir:

İrəvan şəhəri- 7 məscid

İrəvan qəzası - “ne izvestno”- “məlum deyil” yazılmışdır. Görünür qəzadakı məscidlərin hansı səbəblərdənsə qeydiyyatı aparılmamışdır. Halbuki sonradan görəcəyimiz kimi İrəvan qəzasında azərbaycanlı əhalinin məskunlaşdığı kəndlərin əksəriyyətində məscid və ibadət evlərinin fəaliyyətinə aid kifayət qədər ctatistik məlumatlar vardır.

Naxçıvan şəhəri - 3 məscid

Naxçıvan qəzası - 117 məscid.

Ordubad şəhəri - 5 məscid

Ordubad qəzası - 62 məscid (10,243).

Göründüyü kimi siyahı natamamdır. Burada Aleksandropol (Gümrü), Şərur, Bambək, Yeni Bəyazit, Sürməli qəzalarında, həmçinin göstərdiyimiz kimi İrəvan qəzasındakı məscidlərin siyahısı aparılmamışdır.

Mənbədə müsəlman məktəbələri və ruhaniləri haqqında rəy və məlumatlar da yer almışdır. Quberniya əhalisinin mənəvi-ruhi aləminin ümumi mənzərəsini əks etdirən bu məlumatlar işğalçı ölkənin mənafeləri baxımından olsa da əks olunan məsələyə müəyyənləşmiş mövqelər kimi əhəmiyyətlidir. Burada göstərilir ki, müsəlman Şərqində bilikli, elmli sinif ruhani zümrəsidir. Müsəlman ruhaniləri molla, axund, müştehid, şeyxül-islam həm də azya çox dərəcədə dini elmlər üzrə alimlik dərəcəsini mənimsəmiş təbəqədir. Ona görə də ruhanilər istisnasız olaraq gənclərin təhsili üzrə müəllimlik hüququna malikdir. Daha sonra burada doğru olaraq yazılır ki, bu hüququn (müəllimlik hüququnun) həyata keçirilməsində heç bir dini fərman axtarmaq lazım deyil. Və bu cəhət digər dinlərdə də qəbahət sayılmır.

Mənbədə daha sonra göstərilir ki, müsəlman ölkələrində ibtidai təhsil tamamilə azaddır. Şəhər və kəndlərdə, hər bir molla məktəb açmaq hüququna malikdirburada Quranın oxusu və yazısı öyrədilir. İrəvan qubeniyasında da belədir. Təlimin gedişi obrazlı deyilsə, olduqca ləng gedir, yazı işi ərəb dilindədir. Bütün təlim uşaqlar üçün anlaşıqsızdır, başa düşülən deyil, hətta çox hissəsi müəllim üçünolduqca az başadüşüləndir. Təlim işində ərəb dilindəki sözlərin düzgün tələffüzünə xüsusi diqqət yetirilir. Bu səbbədən də dua və ibadətlər icra edilərkən lazımi səviyyədə olmur. Təlim prosesində xəttatlıq, yəni gözəl xətt salmaq da çox vaxt aparır. Bu cür biliklər, demək olar ki, heç bir həqiqi, həyati fayda gətirmir. Əlifba bir olsa da ərəb, fars, türk və Azərbaycan dili üçün Zaqafqaziya ölkəsində bütün aktlar və rəsmi siyahılar fars dilində icra edilir. Təhsildə müəyyən təmtəraq, zinət, bəlağət əksəriyyətin savadlanmasına mane olur. Ən yaxşı halda, müsəlman məktəblərində bir neçə il ərzində öyrənmənin nəticələri mahiyyətini başa düşmədən ərəb dilində duaları (ayələri) əzbərləməklə məhdudlaşır. Beləliklə, müsəlman məktəblərində təhsilin başlıca məqsədi birbaşa əhalinin dini ehtiyaclarını ödəmək işinə xidmət etməklə tamamlanır.

Hərbi-statistik nəşrdə XIX əsrin 50-ci illərində Naxçıvanda 3 məscidlə yanaşı, 4 ibadətxananın (ibadət evinin) fəaliyyət göstərdiyi də qeyd olunur. Bu məscidlər yanında məktəblər də mövcud idi. Məktəblərdə 16 müəllim-molla dərs deyir, 145 şagird təhsil alırdı.Məsçidlər Naxçıvandan Ordubada gedən yolun üstə yonulmuş böyük daşlardan tikilmiş, daxili müxtəlif barelyetlərlə bəzədilmişdi .

Hərbi-statistik xülasələrə görə Ordubad şəhərində bu illərdə 5 məscid (şəhərin əsas, baş məscidləri nəzərdə tutulur) və bütün dairədə isə 60 ibadətxana fəaliyyət göstərmişdir. Şəhərin baş məscidi - Cümə məscidi diqqətçəkən olmuş və ona şəhər ətrafı yerlərdən tamaşa etməyin insana maraqlı göründüyü xüsusi olaraq qeyd edilmişdir. Mənbədə yazılır ki, əhali arasında məscidin 7 əsr bundan əvvəl tikildiyi söylənilir. Qeyd edək ki, bu fikir müasir elmi tədqiqatlarda da təsdiqlənir. Azərbaycan MEA-nın Tarix İnstitutunun əməkdaşı, tarix üzrə elmlər doktoru Nərgiz Əliyevanın yazdığı kimi hələ qədim dövrlərdən ” İslamı daha geniş yaymaq üçün böyük şəhərləri planlaşdırarkən və ya bərpa edərkən dini binaların tikilməsinə xüsusi fikir verirdilər. Bunlardan biri Naxçıvanın abidələri arasında özünün çox böyük ölçüləri ilə fərqlənən, lakin zəmanəmizə qədər gəlib çatmayan Ordubad Cümə Məscidi (XII əsr) olmuşdur. Təsadüfi deyil ki, Naxçıvanda olmuş səyyahların diqqətini uzun müddət Möminə xatun türbəsi deyil, məhz bu dini abidə cəlb etmişdir”.

Təəssüf ki, Cümə məscidi dövrümüzə qədər gəlib çatmayan abidələr siyahısındadır. Bəhs etdiyimiz hərbi-statistik xülasələrdə məscidə aid maraqlı və əhəmiyyətli məlumatdan dərhal sonra erməni məkri ilə yoğrulmuş mövqe həmişə olduğu kimi yenə özünü göstərir. Burada yazılır: “Ermənilər təsdiq edirlər ki, məscidin altında qədim xristian kilsəsinin qalıqları var. Kilsədən Ordubad çayına qədər yeraltı yol gedir” . Göründüyü kimi niyyət aydındır: imperiya məmurlarının xristian təəssübkeşliyi hissini alovlandırmaqla Azərbaycan mədəniyyətinin incisi kimi məscidin yerlə-yeksan olmasına nail olmaq. Həm də bu məkrli niyyət ermənilər və “ermənilik” üçün heçmünbit şəraitin olmadığı bir məkanda - Ordubadda baş verir. Elə bu səhifədə ermənilərin mənfur niyyətlərini (yeraltı yolu tapmaq üçün məscidi dağıtmaq) və özünü (imperiya məqsədlərini həyata keçirmək, xristian təəssübkeşliyinə sədaqətini ifadə etmək) təzib və ifşa etmək yolunu tutduğunun fərqinə varmayan müəllif yazır ki, 772 evdən ibarət olan Ordubad şəhərinin əhalisi 3.973 nəfərdir. Şəhərdə yalnız 36 erməni ailəsi olmuşdur ki, bunlar da məlum hadisələr zamanı İrandan köçürülmüşdür.

XIX əsrin ikinci yarısında məscid məktəblərinə bilərəkdən, bəzən də səthi yanaşmalar olsa da, bu tip tədris müəssisələrinin sayı ildən-ilə artır, geniş şəbəkəsi yaranırdı. Vaxtı ilə araşdırmalar apardığımız Ermənistan Mərkəzi Dövlət Tarix Arxivində saxlanılan 28 may 1862-ci il tarixdən-2 yanvar 1863-cü il tarixədək dövrü əhatə edən tədris hesabatından aydın olur ki, İrəvan şəhərində 12 məscid olmuşdur. Bu məscidlərdə aşağıda adları çəkilən mollaların dini rəhbər olduğu göstərilir: 1) Molla Məmməd Həsən oğlu; 2) Molla İbrahim (soy adı oxunmadı); 3) Molla Hüseyn Əhməd oğlu; 4) Molla Ələkbər Baba oğlu; 5) Molla Baba Qədir Abbas oğlu; 6) Molla Məşədi Hüseyn oğlu; 7) Molla Cəmil Rəfi oğlu; 8) Molla Səfər Həsənalı oğlu; 9) Molla Məmməd Məşədi Həsən oğlu; 10) Molla Əkbər Məmməd oğlu; 11) Molla İrza Mirzə Tağı oğlu; 12) Molla Xəlil Məhərrəm oğlu.

Məscıdlərin hər birinin yanında bir məktəb var idi. Bu məktəblərdə 221 şagird təhsil alırdı.

Arxiv sənədlərindən digər birində isə 1 yanvar 1868-ci ilə aid hesabatda göstərilir ki, İrəvan qəzasının məscid məktəblərində 309 nəfər şagird təhsil almışdır . Daha bir arxiv sənədində isə Naxçıvan qəzasında1869-cu ildə fəaliyyət göstərən məscid məktəblərdən bəhs olunur. Burada qəzadakı 14 məscid məktəbində 245 şagirdin təhsil aldığı qeyd edilir.

Bu dövrdə (XIX əsrin II yarısının başlanğıcında) məscidlərin artımı Naxçıvan qəzasında da müşahidə olunurdu. Kavkazskiy kalendar” təqvim nəşrində göstərilirdi ki, Naxçıvan şəhərindəki dörd məscid məktəbində əhalinin bütün təbəqələrindən olan uşaqlar təhsil alır . Ordubad şəhərində isə 5 məscid məktəbinin fəaliyyət göstərdiyı bildirilir.Mənbədə bu cəhət xüsusi olaraq qeyd olunurdu ki, Ordubadın mərkəzində həyətində bağı olanböyük eyvanlara malik 3 məscid şəhərin görünüşünə xüsusi gözəllik verir .

Qeyd edək ki, XIX əsrin 60-70 -ci illəri üzrə məscid məkrəblərinə aid illik hesabatların aparılması işinə nəzarət xeyli gücləndi. Bu məsələyə imperiya idarəçiliyinin ən yüksək dairələrində baxıldı və 29 iyun 1867- ci ilQafqazZaqafqaziya tədris hissəsi haqqında Nizamnamə” qaydalarında təsbit olundu. Nizamnamənin 11-ci maddəsinə “ “Qeyd”də göstərilirdi ki, Qafqazda Xristianlığın yayılması cəmiyyətinin nəzdində olan kilsə və monastrlar yanındakı məktəblər, eyni zamanda məscid məktəbləri quberniya və vilayətlərdəki məktəb direksiya və inspeksiyalarına tabe olmayan tədris müəssisələridir. Sonuncular (məscid məktəbləri) yerli polis idarələrinin tabeliyində qalır ki, məktəblər direksiyasının rəhbərləri onlar haqqında zəruri hesabatların hazırlanması üçün hər il statistik məlumatlar toplamağa borcludurlar.

 

(ardı var)

 

Vahid Rzayev

Pedaqogika üzrə fəlsəfə doktoru

 

Palitra  2018.- 6 sentyabr.- S.10.