“Ermənilər Qarabağ
abidələrinin öyrənilmədiyini deməklə
onları özününküləşdirmək istəyirlər”
“Müstəqil
Azərbaycanın ən ağrılı problemi
olan Dağlıq Qarabağ
problemi ölkə həyatının bütün sahələri ilə
yanaşı, milli mədəniyyətimizə
də zərbə vurub”
Tətbiqi Tədqiqatlar Fondu Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı, strategiya.az saytı ilə birgə “Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və onun nəticələri mövzusunda müzakirələrin təşkili” layihəsi çərçivəsində “Azərbaycanın işğal olunmuş ərazilərində tarixi mədəniyyət abidələrinin vəziyyəti və onun dünya ictimaiyyətinə çatdırılmasının problemləri” mövzusunda seminar keçirib. Seminarı açan strateqiya.az saytının baş redaktoru İbrahim Əliyev qeyd edib ki, müstəqil Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ problemi ölkə həyatının bütün sahələri ilə yanaşı, milli mədəniyyətimizə də zərbə vurub. Onun sözlərinə görə, işğal ərazisində olan tarixi mədəniyyət abidələrimiz vəhşicəsinə dağıdılır, onların mahiyyəti dəyişdirilir, tarixləri saxtalaşdırılır.
İ.Əliyev ermənilərin bu hərəkətləri ilə dünya ictimaiyyətini aldatmağa çalışdıqlarını və öz tarixlərini yeniləməyə cəhd etdiklərini söyləyib:
“Bu məsələnin diqqətdə saxlanılması və dünya ictimaiyyətinə çatdırılması bizim görməli olduğumuz vacib məsələlərdən biridir. Strategiya.az saytının Tətbiqi Tədqiqatlar Fondu ilə keçirdiyi bu tədbir də həmin məsələlərə həsr olunub”.
Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, bu gün torpaqlarımızın işğalı ilə yanaşı, maddi-tarixi abidələrimiz də işğal faktı ilə üz-üzə qalıb:
“Ermənilərin Azərbaycan abidələrini məhv etməsi vandalizmdir. Biz bu vandallıq faktını dünya ictimaiyyətinə çatdırmalıyıq. Dünya ictimaiyyəti Azərbaycanın Dağlıq Qarabağ problemi, eləcə də tarixi abidələri ilə bağlı həqiqətləri bilməlidir. Dünya bilməlidir ki, ermənilərin özlərini yazıq obrazında təqdim etməsi reallığa tam ziddir”.
Deputat əlavə edib ki, Azərbaycana gələn turistlərə də dağıdılmış abidələrimiz haqqında məlumat verilməlidir:
“Bu gün Azərbaycana
gələn turistlərin
sayı artır. Təbii
ki, biz məlum məsələyə görə
turistləri işğal
olunmuş ərazilərimizə
apararaq oradakı abidələrimizlə tanış edə bilmirik. Lakin biz dağıdılmış abidələrimizlə, ermənilərin
abidələrimizə göstərdiyi
münasibətlə bağlı
turistlərimizə lazımi
məlumatları verə
bilərik. Biz turistlərimizə Azərbaycanın
ən qədim yaşayış məskəni
olması, bunu sübut edən Azıx mağarası haqqında məlumat verə bilərik. Bunun üçün isə müxtəlif təbliğat
yollarından istifadə
edilə bilər".
“Ermənistan qoşulduğu
beynəlxalq konvensiyalara
əhəmiyyət verməyərək
abidələrimizdə qanunsuz
arxeoloji tədqiqatlar aparır”
Fəlsəfə doktoru Azad Zeynalov bildirib ki, bu
gün Azərbaycanın
onlarla abidəsi işğal altındadır. Onlardan biri
də ümumbəşər
tarixə malik olan, keçmiş
SSRİ məkanında ən
qədim insanların yaşayış məskəni
olan Azıx mağarasıdır.
Alim qeyd edib ki,
beynəlxalq konvensiyalara
görə, müharibə
gedən, münaqişə
zonalarında yerləşən
tarixi abidələrdə
arxeoloji tədqiqatlar aparıla bilməz:
"Təəssüf ki, Ermənistan qoşulduğu beynəlxalq
konvensiyalara əhəmiyyət
verməyərək, abidələrimizdə
qanunsuz arxeoloji tədqiqatlar aparırlar. Onlar xarici
ölkələrin alimlərini
də tədqiqatlara cəlb edirlər".
A.Zeynalov qeyd edib ki,
bu gün dünyaya Azərbaycan abidələri erməni abidələri kimi təqdim edilir. Onun sözlərinə
görə, erməni
alimləri də tədqiqat apardıqları
Azıx mağarasının
Azərbaycanın ərazisində
yerləşdiyini öz
məqalələrində və
elmi konfranslarda qeyd etmirlər.
AMEA-nın professoru Təvəkkül Əliyev
bildirib ki, sovet dövründə Qarabağ abidələri əsaslı şəkildə
öyrənilib: "Ermənilər
Qarabağ abidələrinin
öyrənilmədiyini deməklə
onları dünya ictimaiyyətinə tam yeni
formada təqdim etmək və özününküləşdirmək istəyirlər. Ermənilərin Azərbaycanın qədim abidələrində
tədqiqat aparmasının
əsas məqsədi
torpaqlarımıza olan
iddialarını elmi formada əsaslandırmaq istəyidir".
T.Əliyev əlavə edib ki, son vaxtlar Azərbaycanın apardığı
xarici siyasətin nəticəsi olaraq, xarici alimlər Qarabağdakı tədqiqatlara
cəlb olunmaqdan çəkinsələr də,
belə tədqiqatlar bəzi ərazilərdə
hələ də davam edir. Hazırda
Ağdam şəhərinin
9 km-liyində və Kəlbəcərdə ermənilər
tərəfindən arxeoloji
tədqiqatlar aparılır:
“Bütün bunlar
Azərbaycan abidələrinin
izlərini silməyə
yönəlib, ermənilər
özlərinin həmin
ərazilərdə olmalarını
əsaslandırmağa çalışırlar. Buna görə də bu məsələdə güclərin səfərbər
olunması, ermənilərin
əməllərinin ifşa
olunması günün
vəzifəsidir”.
Tədbirdə əyani materiallarla işğal altında yerləşən mədəniyyət
abidələrimizin vəziyyəti
əks etdirilib, erməni vandalizminin dağıdıcı nəticələri
göstərilib.
“Paşinyanın Moskva səfərində tapşırıqlar
veriləcək”
Yeri gəlmişkən, millət vəkili Azər Badamov deyib ki, Nikol Paşinyan çox ağır durumdadır: “Çünki hakimiyyətə gəlmiş Paşinyanın qarşısında Qərb kifayət qədər məsələlər qoyub. Bunlar, əsasən, Qərbin və ABŞ-ın siyasətini dəstəkləmək, Avropaya inteqrasiya olunmaq, Rusiyadan uzaqlaşmaqdır” (SİA). Onun sözlərinə görə, Paşinyan hakimiyyətə gələndən sonra qərbyönümlü kifayət qədər kadrını öz komandasına yerləşdirmişdir: “Bu da Paşinyanı Moskvanın qəzəbinə gətirib və ona görə də Putin Paşinyanla görüşməkdə israrlıdır. Ermənistanın bugünkü vəziyyəti çox ağır durumdadır və Rusiyasız yaşamaq imkanında deyil. Ermənistanın arteriyalarına vurulan qan Rusiyanın əlindədir. Ona görə də Paşinyan başını itirib və hansı istiqamətə gedəcəyini, kimdən yapışacağını bilmir. Paşinyanın Moskvaya səfərində bu məsələlərin müzakirəsi əsas mövzu olacaqdır. Moskva Paşinyanın siyasətini heç də xoşlamır. Ona görə də deyə bilərəm ki, Paşinyanı Moskvada ağır bir görüş gözləyir.
Düşünürəm ki, görüşdə müzakirə olunacaq məsələlərdən biri də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələ olacaq. Çünki sentyabrın 1-də Prezident İlham Əliyevlə görüşü zamanı Putin münaqişənin həllində Rusiya aktivliyini artıracağını demişdi. Düşünürəm ki, Paşinyanın Moskvaya səfərində tapşırıqlar veriləcəkdir. İndiki vəziyyətdə Paşinyanın Moskvanın dediyini etməkdən başqa, əlacı yoxdur və ona görə də münaqişənin nizamlanmasında dəyişikliklərin olacağını düşünürəm”.
“Rusiya dövləti Ermənistandakı vəziyyətdən narahatdır”
Politoloq Rasim
Musabəyov isə Rusiya prezidenti
Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvada
keçiriləcək görüşünə də
münasibət bildirib: “Bu
gün Rusiya dövləti
Ermənistandakı vəziyyətdən narahatdır. Putin özü üçün məsələyə bir aydınlıq gətirilməsini istəyir.
Amma konkret olaraq Paşinyana etimad və etibar etmir. Biz əbədi olaraq gözləmək fikrində deyilik ki, ermənilər
Azərbaycan torpağından çıxsın. Prezident İlham Əliyev bu məsələni də Rusiya
prezidentinin diqqətinə
çatdırıb. İndi istisna etmirəm ki, Rusiya tərəfindən müəyyən səylər
göstərilsin. Amma bununla
bağlı elə də böyük
ümidlərim yoxdur”.
Fuad Hüseynzadə
Palitra 2018.- 7 sentyabr.- S. 11.