Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...

 

Aşıq Səlcuq Şəhbazi: “Dastanı Aşıq Əsəd öz xətti ilə yazır verir şagirdi Aşıq Əvəzə. Bu dastan 1920-ci ildə baş verir. Aşıq Əsəd təxminən 1871-ci ildə Ağcaqışlaqda dünyaya göz açıb və 1944-cü ildə Ağcaqışlaqda dünyasını dəyişib. Aşıq Əvəz isə 1900-cü ildə Sarab şəhərində doğulub və 1983-cü ildə Tehranda vəfat edir. Aşıq Əvəz mənim ilk və son ustadım olub. Mən Aşıq Əvəz ilə 1978-ci ildə tanış oldum və 4 il Aşıq Əvəzə şagird oldum. Məndə olan dastanların hamısını ustadım mənə verib. Mən də ustadın əlyazma dastanlarının bir kitabını 1993-cü ildə əmanət verdim Sədnik Paşayevə, amma o kitabı mənə qaytarmadı”.

 

Məhəmmədxan Aşıq Hüseyn Bozalqanlını Xalxal mahalının Qarabulaq kəndinə oğlunun toyuna dəvət edir. Aşıq Hüseyn Bozalqanlı 3 şagirdi ilə gəlib Qarabulaqdakı toyda çox gözəl çıxış edir və bu səs bütün Xalxal mahalında yayılır. Camaat danışır ki, Məhəmmədxanın oğlunun toyunda yerdən-göydən xəbər verən bir aşıq gəlib. Bu xəbər Ağcaqışlaqlı Aşıq Əsədin də qulağına çatır. Ağcaqışlaqlı Aşıq Əsəd özünə sığışdıra bilmir ki, necə ola bilər dünyanın o başından bir aşıq durub gələ mənim ərazimdə həmişə çaldığım toyları çala, mən də qalam evdə. Ağcaqışlaqlı Aşıq Əsəd salamsız-kəlamsız bir məktub yazır şagirdi Aşıq Cəfərqulu ilə göndərir Qarabulaqda toy evinə və məktubu verirlər Aşıq Hüseyn Bozalqanlıya. Aşıq Hüseyn məktubu açıb baxanda görür ki, Aşıq Əsəddən bir hərbə-zorba məktub gəlib və onu bağlaşmağa dəvət edib. Aşıq Hüseyn Aşıq Əsəd haqqında eşitmişdi ki, çox savadlı bir aşıqdır və bilirdi ki, Ağcaqışlaqlı Aşıq Əsəd Aşıq Ələsgərin yanında bir neçə il şagird qalıb. Əsədin yükü Hüseyn Bozalqanlıya məlum idi. Bu məktubu oxuyandan sonra Aşıq Hüseyn Bozalqanlı çox halbahal olur və deyir ki, mənə bir çay gətirin. Amma Məhəmmədxan çox arif adam idi və Aşıq Hüseyn Bozalqanlını bu halda görəndə dinc qala bilmir. Qalxır ayağa, deyir ki, aşıq o məktub haradan gəlib və məktubda nə yazılıb? Aşıq Hüseyn Bozalqanlı istəmirdi bu məktubun məzmunundan kimsə xəbərdar olsun. Amma Məhəmmədxan bunu öyrənməmiş aşığı buraxası deyildi. Məhəmmədxan dedi: “Aşıq Hüseyn Bozalqanlı, o məktubda nə yazılıbsa, ya sən deməlisən, ya da məktub gətirən adamı çağırtdırıb özündən soruşacam. Mən sənin belə hala düşməyini sığışdıra bilmirəm”. Bu zaman Aşıq Hüseyn Bozalqanlı sazını götürüb ayağa qalxıb dedi: “Məhəmmədxan Ağcaqışlaqlı Aşıq Əsəd mənə bir salamsız-kəlamsız hərbə-zorba yazıb və mənə meydan oxuyub”. Məhəmmədxan dedi ki, aşıq, o məktubdakı şeiri eşitmək istəyirik. Bu zaman Aşıq Hüseyn Bozalqanlı görək Aşıq Əsəd Ağcaqışlaqlının yazıb göndərdiyi şeiri necə deyir:

 

SƏN

 

Aşıq Hüseyn, Bozalqandan gəlibsən,

Həddini bil, hüdudunu tanı sən.

Əsəd bilir, başqaları biləmməz,

Xalxalı mən gəzdim, Bozalqanı sən.

 

Düzdü ki, Xalxalda dayım qar olar,

Yolun azanlara atəş nar olar,

Bu mahalda sənə meydan dar olar,

Götürüb qaçarsan para canı sən.

 

Əsədin zərbindən düşərsən dağa,

Ayaq qoyamarsan Ağcaqışlağa,

Sən başda olsan da, sallam ayağa,

Qarışıq salarsan sübhlə danı sən.

 

Aşıq Hüseyn Bozalqanlı bu sözləri oxuyub qurtarandan sonra Məhəmmədxan əsəbləşərək dedi ki, bu Ağcaqışlaqlı Aşıq Əsəd bir ustad aşıqdı və həmişə də toylarımıza gətirmişik, amma niyə belə hərəkət edib mənim toyuma gələn aşığa belə sözlər yazıb, hərbə-zorba göndərib? Məhəmmədxan dedi: “Aşıq Hüseyn Bozalqanlı siz bir çay için, şagirdlərin məclisi davam etdirər və mənim sənə deyəsi bir neçə sözüm var”. Aşıq Hüseyn Bozalqanlı dedi: “Məhəmmədxan, ola bilər bu məktubu gətirən Aşıq Əsədin şagirdlərindən saz-söz adamı olar, ona bir vaxt verək. Sonra o qonağı yola salaq biz məclisi davam etdirək”. Aşıq Əsədin məktubunu gətirən adamı çağırdılar və onu məclisin lap baş tərəfində oturdular. Aşıq Hüseyn Bozalqanlı dedi ki, oğul, baxıram çox ədəb-ərkanlı və çox yer-yatağını bilən adamsan, gələndən bir həyalı qız-gəlin kimi oturub məni və məclisi dinləyirsən. Də görüm, sən Aşıq Əsədin nəyisən? Bu zaman Məhəmmədxan dedi: “Aşıq Hüseyn, bu məktubu gətirən aşıq və ustad Aşıq Əsəd Ağcaqışlaqlının şagirdidir və adı Cəfərqludur. Və gözəl şagird, yaxşı dastan danışan bir aşıqdı və onu da deyim ki, Aşıq Əsəd Ağcaqışlaqlı heç evlənməyib! Aşıq Hüseyn Bozalqanlı dedi: “Mən ustad Aşıq Əsədi çox eşitmişəm, o, göyçəli Aşıq Ələsgərin şagirdi olub və yaşı da mənimlə təxminən bir olmalıdır. Axı niyə evlənməyib?”. Aşıq Cəfərqulu dedi: “Aşıq Hüseyn, bu özü bir dastandır elə ustadımın bu evlənmədiyinə görə xalq mənim ustadım Aşıq Əsədə “Dədə Aşıq Əsəd” deyir”. Aşıq Hüseyn Bozalqanlı dedi ki, kaş yaxından Aşıq Əsəd ilə görüşəydim və tanış olaydım. Bu zaman Məhəmmədxan dedi: “Aşıq, istəyirsən məktubunun cavabını yaz şagirdi Aşıq Cəfərquludan göndər gəlsin, hələ bizim toyun iki ay da davamı olacaq. Çox aşıqlar dəvət eləmişəm, çoxları gələcək”. Bu zaman Aşıq Hüseyn Bozalqanlı dedi: “Məhəmmədxan, onda icazə verin mən Aşıq Əsədin məktubunun cavabını verim şagirdi aparsın versin. Sonra görək nə olacaq”. Bu zaman camaat dedi ki, Aşıq Hüseyn, sən Allah, nə cavab göndərirsən bizə oxu. Aşıq Hüseyn Bozalqanlı burada camaatın xahişin nəzərə alıb Aşıq Əsədin cavabını belə yazır:

 

HÜSEYNİN

 

Məni Məhəmmədxan dəvət eləyib,

Açılıb Xalxalda yazı Hüseynin.

Bir aydı dillərdə – dişlərdə gəzir,

Dastanı, söhbəti, sözü Hüseynin.

 

Əgər sən aşiqsən, mən də aşığam,

Nə olsun beş şəhər burdan uzağam.

Düzünü axtarsan, sənə qonağam,

Pulda-parada yox gözü Hüseynin.

 

Hüseyn Bozalqanlı deyir, ay balam,

Başsız sənətkara çox qalmaqalam,

Salamsız məktuba verirəm salam,

Çatacaq Əsədə sözü Hüseynin.

 

Bu sözləri eşidən camaat “əhsən” dedi və Aşıq Hüseyn məktubunu verdi Aşıq Əsədin şagirdi Aşıq Cəfərquluya. Aşıq Cəfərqulu məktubu götürüb ustadının evinə gəldi. Aşıq Cəfərqulu məktubu verdi ustadına və Aşıq Əsəd məktubu oxudu, gördü ki, Aşıq Hüseyn çox ədəb-ərkanla bunun məktubunun cavabını yazıb. Aşıq Əsəd dedi: “Cəfərqulu, danış görüm toyda neçə aşıq vardı?”. Aşıq Cəfərqulu dedi: “Ustad, ən azı, 400 qonaq vardı, bütün qonaqlar da xanlar, bəylərdilər və xanların, bəylərin çoxu öz aşıqlarını da gətirmişdilər. Amma Aşıq Hüseyn Bozalqanlı elə şirin danışıb oxuyurdu ki, hərə iki göz də borc alıb dörd güzlə Aşıq Hüseynin danışıb-oxumağına tamaşa edirdi”. Aşıq Əsəd dedi: “Şagirdləri kimlərdilər?”. Dedi: “Biri gəncəli Aşıq Məhərrəm və biri də Aşıq Hüseyn Şəmkirlinin oğlu Aşıq Çobandı, çox güclü səsə malikdir və onun oxuduğu bütün sözlər ya atası Aşıq Hüseyn Şəmkirlidən, ya da Aşıq Ələsgər Göyçəlidəndi. Aşıq Əsəd dedi: “Çox sağ ol. Aşıq Cəfərqulu, gedin istirahət edin, bu günlərdə sizinlə işim olacaq”. Cəfərqulu getdi, amma ilanvuran yatdı, Aşıq Əsəd yata bilmədi. Bir neçə gün fikir Aşıq Əsədi rahat qoymadı. Aşıq Əsəd 3 gündən sonra şagirdlərini götürüb Açaçıda Məhəmmədin oğlunun toyuna getdi və bir həftə toy məclisində başı qarışdı. Hələ heç nədən xəbəri yox idi. Beləcə, bu kənd-o kənddə toylarda başı qarışıb tamamilə Aşıq Hüseyni yaddan çıxmışdı.

Bunlar burda qalsın, sizə xəbər verim, Qarabulaqda Məhəmmədxandan. Məhəmmədxanın oğlunun toyunun qurtarmasına 15 gün qalırdı. Bir gün Aşıq Hüseyn Bozalqanlı dedi: “Məhəmmədxan, mənim məktubumdan bir xəbər olmadı. Aşıq Əsəd mənə meydan oxumuşdu, axı onu görməsəm, onun niyyətini bilməsəm, qorxuram, gedib orda-burda desin ki, mən Aşıq Hüseyn Bozalqanlını meydana çağırdım, meydanımdan qaçdı. Nə iş görə bilərsən, mən gedim onu görəm, ya Aşıq Əsəd gəlsin bura”. Məhəmmədxan dedi ki, Aşıq Hüseyn, mən Aşıq Əsədi toya dəvət etmişəm, narahat olma, o, 10 günə kimi toya gələcək. Məhəmmədxan və Aşıq Hüseyn yol gözləməkdə olsunlar, sizə xəbər verim Aşıq Əsəd Ağcaqışlaqlıdan. Aşıq Əsədin bir neçə öz yetirdiyi püxtə şagirdi vardı. Onlardan biri 21 yaşında Aşıq Polad və biri də Aşıq Əvəz idi ki, sazı çalmırdı, sazı danışdırırdı. Məxsusi şəkildə Aşıq Əvəz bu şagirdlərə xəbər vermişdi ki, bir ağır gün bizi gözləyir. Aşıq Əsəd dedi ki, bu toydan sonra gedin iki gün sizə dediyim sözləri bir daha vərəqləyib gəlin yanıma. Aşıq Əsədin şagirdləri bütün kitabları vərəqləməkdə olsunlar.

Sizə hardan xəbər verim Ağcaqışlaqlı Aşıq Əsəddən. Aşıq Əsəd gəlib evinə çatıb baxdı ki, bir məktub gəlib. Məktubu açıb oxuyanda gördü ki, Qarabulaqlı Məhəmmədxan oğlunun toyuna dəvət edib və 100 abbasıda pul göndərib. Bir neçə gündən sonra Aşıq Əsədin şagirdləri ustadı ilə birlikdə toy tarixinə 2 gün qalmış atlarını minib Ağcaqışlaqdan Qarabulağa yola getdilər. Aşıq Əsəd 2 şagirdi ilə gün batan zaman gəlib çatdı Qarabulağa. Baxdılar ki, 6 dənə toy çadırı qurulub, hər çadırdan saz, balaban, aşıq səsi buludlara qalxır. Aşıq Əsədi Qarabulaq camaatı çox yaxşı tanıyırdı. Aşıq Əsədi görən kimi atlarının üzəngilərindən tutdular, aşıqlar düşdü və çadırların birinə apardılar ki, o çadırda gəncəli Aşıq İbrahim ayaq üstə çalıb oxuyurdu və Aşıq Əsədə şagirdləri ilə yuxarı başda yer göstərdilər. Bunların daxil olduğu çadırda Aşıq İbrahim oxuyurdu. Bunlar çətinə düşdülər və Aşıq İbrahim gördü ki, 3 aşıq məclisin baş tərəfində oturdu, amma bu aşıqlara camaat çox baxır. Aşıq İbrahim yaxınlaşdı Aşıq Əsədə və şagirdlərinə bir dizini qatlayıb əl verib görüşəndən sonra dedi: “Mənə məclisdəkilərdən bir çoxu xahiş edib ki, bir neçə hava oxuyam. İcazə verin, mən sizə əvvəl ustadımdan bir “xoş gəldin” şeiri oxuyum, sonra mənə icazə verərsiniz əyləşim və siz məclisə zövq verərsiniz. Bu zaman Aşıq İbrahim ustadı Aşıq Hüseyn Bozalqanlıdan bir “xoş gəldin” şeirini belə söylədi.

 

SALAM

 

Məclisimə aşıq gəldi, onlara qəlbən salam,

Başda papaq, əlində saz, xoş gəldi mehman salam,

Nə gözəl bir vaxtda gəldiz, nur gətirdiz əlizdə

Qəlbimdəki eşq evindən, verirəm nurdan salam.

 

Məclisə ki aşıq gəldi, aşıq dursun ayağa,

Ustadlardan öyrənmişik, öyrədirik, ay ağa,

Bilən başda əyləşsin, aparmayın ayağa,

Yeni mehman hörmətinə, verirəm başdan salam.

 

Aşıq Hüseyn Bozalqanlı, qonağa hörmət gərək,

Göz dolandır, diqqət eylə, xalqa məhəbbət gərək,

Məhəbbətdən zərər gəlməz, məhəbbət qat-qat gərək.

Bir salamın salavatın, sahibi Quran salam.

 

Aşıq İbrahim bu sözlərdən sonra aşıqlardan izin alıb, məclisdə çalıb oxumaqda olsun, amma Aşıq Əsəd çox fikrə getdi ki, deyəsən, mən o hərbə-zorba məktubu göndərməkdə yaxşı iş görməmişəm. Belə bir sözü yazan Aşıq Hüseyn kamil bir aşıq olacaq. Bunun şagirdi belə olanda gör ustadı necədi. Aşıq Əvəz dedi: “Ay ustad, niyə belə pərişan hala düşdün?” Aşıq Əsəd dedi: “Fikrimi qatma, bu aşığın yükünü yoxlayıram”. Aşıq İbrahim narın-narın oxumaqdaydı, bir az Aşıq Əsədə yaxınlaşanda Aşıq Əsəd işarə eləyib dedi: “Aşıq, bir balaca mənə sarı gəl, bir sözüm var”. Aşıq İbrahim bir dizini verdi yerə dedi: “Ustad, buyurun”. Aşıq Əsəd dedi: “Aşıq, sənin adın nədi? Hansı ustada qulluq edibsən?”. Dedi: “Adım Aşıq İbrahimdi və bir neçə ustada qulluq etmişəm və 3 ildir Aşıq Hüseyn Bozalqanlıya şagirdlik edirəm”. Aşıq Əsəd dedi: “Aşıq, gözəl danışıq qabiliyyətin var və səsin də gözəldi, ustadından mənə bir ənbiya oxu. Aşıq İbrahim “Baş üstə, ustadım”, deyib Aşıq Hüseyn Bozalqanlıdan bir şeir oxudu”.

 

(ardı var)

 

Qeyd: Aşıq Hüseyn Bozalqanlının əldə olunan bu dastanın yazıya köçürülməsi prosesində dastan yazma ənənələrində qüsurlarımız olsa əziz oxucuların iradları bizim üçün əzizdir.

 

Dastanı təqdim etdi:

Mahmud Əyyublu

AAB-nin üzvü

 

Palitra.-2018.-15 sentyabr.-S.15.