Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...

 

(əvvəli ötən sayımızda)

 

Bu sözlərdən sonra Məhəmmədxanın adamlarından biri məclisə daxil olub dedi: “Aşıq Əsəd Ağcaqışlaqlı bu məclisdədi?” Aşıq Əsəd ayağa qalxıb dedi: “Mənəm Aşıq Əsəd”. Qasid dedi: “Məhəmmədxan sizi aşıqlar çadırına dəvət edir, buyurun təşrif gətirin. Mən sizi aparım, Məhəmmədxan sizi gözləyir”. Bunlar gəlməkdə olsunlar, sizə Aşıq Hüseyn Bozalqanlıdan xəbər verim. Aşıq Hüseyn şagirdi Aşıq Çobanla Məhəmmədxanın uzaqdan gələn xan və bəy qonaqlarının çadırında oxuyurdu. O çadırda Ərdəbil şəhərinin valisi və Zəncan xanlarından bir neçəsi öz aşıqları ilə oturub Aşıq Hüseynin danışdığı “Abbas və Gülgəz” dastanına qulaq asırdılar. Amma Aşıq Hüseyn Bozalqanlının xəbəri yox idi ki, Məhəmmədxan Aşıq Əsəd Ağcaqışlaqlını bu məclisə dəvət edib. Aşıq Hüseyn şirin danışmaqda idi ki, Məhəmmədxan ayağa qalxıb dedi: “Aşıq Hüseyn, məclisimizə Aşıq Əsəd təşrif gətirir”. Aşıq Əsədin adını eşidən xan və bəylər çönüb çadırın qapısından baxanda gördülər Aşıq Əsəd başında şagirdləri ilə içəri gəldi. Hamı Aşıq Əsədin ayağına qalxdı və bu zaman Aşıq Hüseyn saz əlində yaxınlaşdı Aşıq Əsədə və əl verib görüşdülər. Məhəmmədxan Aşıq Əsədə çadırın yuxarı başında yer göstərdi və Aşıq Əsəd şagirdləri ilə oturdu. Aşıq Hüseyn heç nə demədən dastanın davamına başladı. Gecəyarıya qalmış Məhəmmədxan dedi: “Aşıq Hüseyn, camaat şam yeməyi yeməyib, dastan burada dayansın”. Məhəmmədxan Aşıq Hüseynə məclisin yuxarı başında yer göstərəndə Ərdəbil xanı Səfdər xan aşığı Aşıq Tağıya dedi: “Mənim yanımda Aşıq Hüseynə və şagirdinə yer verin”. Aşıq Tağı ayağa qalxdı, Aşıq Hüseynin sazını alıb torbasına saldı, ağzını bağladı və aparıb bir guşəyə dayayanda, Aşıq Əsəd yerindən qalxıb dedi: “Səfdər xan aşığın sazını əlindən alıb, torbasına salıb bağlamaq çox pis məna daşıyır. Xahiş edirəm, Aşıq Hüseynin sazı bağlanmasın”. Aşıq Əsədin bu sözünə məclis üzvləri, xanlar, bəylər əl çaldılar və bu zaman Aşıq Əsəd ayağa qalxıb dedi: “Xan sağ olsun, bilmirəm sizin xəbəriniz var, ya yox, Məhəmmədxan, ya Aşıq Hüseyn sizin qulluğunuza çatdırıblar, ya yox. Mən Aşıq Hüseyn Bozalqanlıya bir şeir göndərmişdim və əsəbi, qəzəbli şeir yazdığıma görə də peşman olmuşam. Amma Aşıq Hüseyn də mənə cavab yazıb. Buna görə də hər ikimiz bu toyun aşığı və qonağı sayılırıq. Mən elə hesab edirəm ki, Aşıq Hüseynin sazının bağlanıb torbasına qoyulması bundan sonra bağlanan sazın aşığına vaxt və meydan verməmək sayılır və bu iş aşıqlar arasında çox sayğısızlıq hesab olar. Axı biz ustadlarımızdan belə dərs almışıq”. Bu sözü eşidən camaat bir daha Aşıq Əsədə əl çaldı. Səfdər xan dedi: “Aşıq Əsəd, deməli, belə olur ki, bu gün məclisimizdə iki ustad aşıq bir-birinə hərbə-zorba yazıblar. Mən xahiş edirəm yemək gəlməmişdən siz bir-birinizlə bir daha əl verib öpüşüb-görüşün, amma şam yeməyindən sonra sizin bir-birinizə yazdığınız sözləri eşitməliyik. Xanın ağzından sözləri qurtaran kimi, iki ustad aşıq qalxıb bir-biri ilə bir daha öpüşüb görüşdü və oturub yemək yedilər. Şam yeməyi qurtarandan sonra Məhəmmədxan dedi: “Səfdər xan, icazə verin bu gecə iki ustadımız istirahət eləsin, ustadların şagirdləri bu gecə məclisimizi davam etsinlər, sabah axşam ustadlar qabaq-qabağa oxusunlar”. Səfdər xan dedi: “Xan sağ olsun, bu daha gözəl olar. Bəli, bu gecə qonaq aşıqlar və xanların, bəylərin gətirdikləri aşıqlar növbə ilə oxudular. Məclis başa çatdı, hərə gedib öz otağında istirahət elədi. Amma bu gecə nə Aşıq Əsəd yata bilir, nə Aşıq Hüseyn. Sabah açılır, bütün camaata xəbər çatır ki, bu axşam Aşıq Əsəd Ağcaqışlaqlı ilə Aşıq Hüseyn Bozalqanlı bağlaşacaqlar. Bu xəbəri eşidən bütün xanlar, bəylər, şəhər camaatı, toya dəvət olan qonaqlar aşıqlar olan çadırda gəlib otururlar ki, aşıqları dinləsinlər. Bu zaman Aşıq Əsəd şagirdləri ilə gəlib məclisdə əyləşmişdi. Baxdılar ki, Aşıq Hüseyn də şagirdlərilə məclisə daxil oldu. Aşıq Əsəd şagirdlərilə qalxdılar Aşıq Hüseynin və şagirdlərinin ayağına. Aşıq Əsəd öz yerini verir Aşıq Hüseynə və aşıq bundan çox şad olur, amma Aşıq Hüseynə məclisin başqa yerində yer açırlar. Aşıq Hüseyn şagirdlərilə oturub çay içir. Bu zaman camaat bir-birinin üzünə baxır və heç kimdən bir səs çıxmırdı. Sükut məclisə hakim oldu. Bu zaman Məhəmmədxan qalxdı ayağa dedi: “Səfdər xan, keçən gecə söz verdik ki, bu gecə iki ustad aşıqlarımız qalxıb ayağa məclisimizdə olan qonaqlara zövq versinlər. İndi mən xahiş edirəm ustadlarımız qalxsınlar. Camaat aşıqları dinləməyə gəlib”. Səfdər xan dedi: “Məhəmmədxan, əgər düzünü danışsaq, keçən gecə belə qərara gəldik ki, bu iki ustad bir-birinə yazdıqları şeirləri oxusun. Məhəmmədxan dedi: “Bəli xan, tam elə olub”. Səfdər xan dedi: “Heç ehtiyac bilmirik bu iki ustad bir-birilə bağlaşsın. Bizə yetər ki, elə ustadlar bir-birinə yazdıqlarını oxuyub əyləşsinlər və başqa aşıqlar məclisimizi davam etsinlər”. Məhəmməd xan dedi: “Bizim məclisimiz hamısı saz-söz sərraflarıdır və aşıqlarımız da hamısı bizim toyun həm aşığı, həm də qonağıdır. İndi məclis necə istəyir elə edəsiniz”. Bu zaman Səfdər xan ayağa qalxıb dedi: “Məhəmmədxan, bu toyun neçə qoyun xərci var, mən verəcəm. Bu mənim nəmərim və aşıqlarımıza da hərəsinə bir yaxşı köhlən at və 5 qoyun hədiyyə edəcəm. İndi aşıqlarımız qalxsınlar ayağa”. Bu zaman Məhəmmədxan dedi: “Səfdər xan, bizim Miyanə mahalının Ağcaqışlaq kəndində doğulub, boya-başa çatmış ustad aşığımız Aşıq Hüseyn Bozalqanlıya bir şeir göndərib, icazə verin ustad Aşıq Əsəd o sözləri oxusun, sonra Aşıq Əsədin cavabını Aşıq Hüseyn Bozalqanlıdan eşidək. Səfdər xan dedi: “Bu daha gözəl olar. İndi Aşıq Əsəddən xahiş edirik buyursun, növbə Aşıq Əsədindi”. Aşıq Əsəd istədi sazını çıxartsın, Açaçı xanı Memarıyan xan dedi: “Məhəmmədxan, icazə ver mənim çox sevdiyim və mahalımızın ustad aşığı Aşıq Əsədin nəmərini və saz açmasını mən verim”. Bu zaman Məhəmmədxan dedi: “Aşıq Əsəd, 15 qoyun və üç atlas Buxara parçasından aşıq geyimi sənə və şagirdlərinizə verdim və elə bu qədərdə Aşıq Hüseyn Bozalqanlıya. Buyur, sazını aç, məclisimizi işıqlandır”. Bu zaman Aşıq Əsəd sazını açıb zilini zil və bəmini bəm, sinəsində müstəhkəm götürüb, görək Aşıq Hüseynə yazdığı şeiri necə deyir:

Aşıq Hüseyn, Bozalqandan gəlibsən,

Həddini bil, hüdudunu tanı sən.

Əsəd bilir başqaları biləmməz,

Xalxalı mən gəzdim, Bozalqanı sən.

Bu sözləri oxuyan Aşıq Əsəd sözləri dilcavabıda açan kimi Aşıq Hüseyn ayağa qalxıb dedi: “Məhəmmədxan, icazə verin, mən bir daha toy adamların və məclisimizdə əyləşən xanları, bəyləri təbrik edim və icazə versəniz aşıq qaydalarını yerində işlədək. İndi ki, Aşıq Əsəd məni hərbə-zorba ilə qarşıladı, mən də cavabını verim, sonra birini Aşıq Əsəd desin, birini də mən. Bax belə davam etsin və sonra növbə mənə verilsin. Mən qabağa düşdüm, Aşıq Əsəddən sualım və bağlamam olacaq”. Bu sözü eşidən Məhəmmədxan Aşıq Əsədə işarə elədi və qaşınnan, gözünnən çağırdı ki, “gəl yanıma”, Aşıq Əsəd gəldi, Məhəmmədxan dedi: “Aşıq Əsəd, sən bizim mahalın ustad aşığısan, sənin qədrini mən heç kimə vermərəm, belə olsa, Aşıq Hüseynin cavabını verə bilərsən? Əgər verə bilməsən, başımız aşağı olar. Əgər cavab verə bilməsən, mən indidən aranı qarışdırım”. Aşıq Əsəd dedi: “Xan sağ olsun, narahat olma, mən Aşıq Hüseyn Bozalqanlının yükünü bilirəm, o da mənim yükümü bilir. Mən özümə arxayın olmasaydım bura gəlməzdim”. Bu zaman Məhəmməd xan arxayın oldu. Aşıq Əsəd dedi: “Aşıq Hüseyn, sözümə cavab vermək istəyirsənsə, buyurun meydana”. Burda Aşıq Hüseyn Bozalqanlı götürüb belə cavab verir:

Məni Məhəmməd xan dəvət eləyib,

Açılıb Xalxalda yazı Hüseynin.

Bir aydı dillərdə - dişlərdə gəzir,

Dastanı, söhbəti, sözü Hüseynin.

Bu sözlərdən sonra Aşıq Hüseyn keçib çadırın yuxarı başında dayandı. Sözü verdi Aşıq Əsəd Ağcaqışlaqlıya. Aşıq Əsəd belə dedi:

Düzdü ki, Xalxalda daim qar olar,

Yolun azanlara atəş nar olar.

Bu mahalda sənə meydan dar olar,

Götürüb qaçarsan para canı sən.

Bu sözlər Aşıq Hüseyn Bozalqanlıya toxunan bir söz oldu və məclis ixtişaşlandı, bəzi qonaqların xoşuna gəlmədi, amma Aşıq Hüseyn məclislər görmüş və ustad bir aşıq idi, heç özünü pis vəziyyətə qoymadı və dedi: “Aşıq Əsəd, qulaq as, cavabını verim, məclisin sərrafları qiymət versinlər. Götürüb Aşıq Hüseyn belə cavab verir:

Əgər sən aşiqsən, mən də aşığam,

Nə olsun, beş şəhər burdan uzağam.

Düzünü axtarsan, sənə qonağam,

Pulda-parada yox gözü Hüseynin.

Bu sözləri eşidən məclis üzvləri belə ədəb-ərkana bəh-bəh dedilər və bərk əl çalaraq “Aşıq Hüseyn” dedilər. Amma Aşıq Əsəd hiss elədi ki, məclis əhli Aşıq Hüseyn Bozalqanlıya yaxşı qiymət verir. Aşıq Əsəd istədi yazıb göndərdiyi sözün son bəndini dəyişib başqa bir bənd desin ki, həm Aşıq Hüseynin xoşuna gəlsin, həm məclis üzvlərinin. Amma öz-özünə dedi: “Bu sözləri mən göndərmişəm, Aşıq Hüseyn oxuyub, burda sözləri dəyişsəm Aşıq Hüseynə yaxşı olmaz. Bəlkə, sözümə yazdığı cavabı tez dəyişə bilməz, onda mən də pis olaram. Yenə mən pis sayılsam yaxşıdı ki, qonaq aşıq pis olmasın”. Belə fikirdən götürüb yazdığı məktubun son sözünü belə dedi:

Əsədin zərbindən düşərsən dağa,

Ayaq qoyamarsan Ağcaqışlağa.

Sən başda olsan da, sallam ayağa,

Qarışıq salarsan sübhlə danı sən

Aşıq Əsəd bu sözləri dilcavabı açıb deyəndən sonra Aşıq Hüseyn dedi: “Çox sağ ol, Aşıq Əsəd. Yaxşı ki, qonağa hörmət qoydun, amma qulaq as gör nə deyirəm”:

Hüseyn Bozalqanlı deyir, ay balam,

Başsız sənətkara çox qalmaqalam.

Salamsız məktuba verirəm salam,

Çatacaq Əsədə sözü Hüseynin.

Bu sözlərdən sonra hamı əl çaldı və Məhəmmədxan dedi: “Hər iki ustad aşığımızın sazına nəmər verin və aşıqlarımız otursunlar, bir çay içib qəlyan çəksinlər və şagirdləri məclisi davam etdirsinlər”. Aşıq Hüseyn dedi: “Məhəmmədxan sağ olsun, belə olmaz, atalar deyiblər “adın nədir Rəşid, birin de, birin eşit”. İndi icazə verin mən Aşıq Əsəddən bir qıfılbənd soruşum və onun cavabını desin və məclisimiz də bizə qiymət versin”. Hamı əl çaldı və iki ustad aşıq qarşı-qarşıya dayandı. Burada götürüb görək Aşıq Hüseyn Bozalqanlı Aşıq Əsəd Ağcaqışlaqlıdan nə soruşur və Aşıq Əsəd nə cavab verəcək.

 

(ardı var)

 

Qeyd: Aşıq Hüseyn Bozalqanlının əldə olunan bu dastanının yazıya köçürülməsi prosesində dastanyazma ənənələrində qüsurlarımız olsa, əziz oxucuların iradları bizim üçün əzizdir.

 

Dastanı təqdim etdi:

Mahmud Əyyublu

AAB-nin üzvü

 

Palitra.-2018.-18 sentyabr.-S.15.