Aşıq Hüseyn Bozalqanlının “Xalxal
səfəri” dastanı belə başlayır...
Aşıq Səlcuq
Şəhbazi:
“Dastanı
Aşıq Əsəd öz xətti ilə
yazır verir şagirdi
Aşıq Əvəzə. Bu dastan
1920-ci ildə baş verir. Aşıq Əsəd təxminən
1871-ci ildə Ağcaqışlaqda
dünyaya göz açıb və
1944-cü ildə Ağcaqışlaqda
dünyasını dəyişib.
Aşıq Əvəz isə
1900-cü ildə Sarab
şəhərində doğulub
və 1983-cü ildə
Tehranda vəfat edir. Aşıq Əvəz mənim
ilk və son ustadım
olub. Mən Aşıq Əvəz ilə 1978-ci ildə tanış oldum və 4 il Aşıq Əvəzə şagird oldum. Məndə olan dastanların
hamısını ustadım
verib. Mən də ustadın
əlyazma dastanlarının
bir kitabını
1993-cü ildə əmanət
verdim Sədnik Paşayevə, amma o kitabı mənə qaytarmadı”.
(əvvəli
ötən sayımızda)
Aşıq Hüseyn Bozalqanlı
bir neçə qıfılbəndi Aşıq
Əsəddən soruşandan
sonra Məhəmmədxan
qalxdı ayağa dedi: “Camaat, iki ustad aşığımız
bu gecə bizə çox zövq verdi.
Biz hamımız bilirik ki, aşıq
aşıqla bağlaşa
da bilər, bağlaşmaya da. Aşıqlarımız həmişə qan bağlayan və dava-dalaş yatırdan olublar. Ola bilər bundan
artıq iki ustadın bir-birinə suallarında verilən sözlərdə çatışmazlıq
olar və hamımız peşman olarıq. İcazə verin, ustad aşıqlarımız bir-birilə
öpüşüb görüşsün
və bundan sonra aşıqlarımızın
biri bir dastan danışsın, hamımız dastana qulaq asaq”. Bu zaman Memarıyan xan ayağa qalxıb dedi: “Məhəmməd xan, belə olmaz, Aşıq Hüseyn Bozalqanlı düşdü
qabağa Aşıq Əsədə sual verdi, qıfılbənd
soruşdu, cavabını
da aldı. Amma bir vaxt da
Aşıq Əsədə
verilmədi ki, Aşıq Əsəd də bir qıfılbənd
Aşıq Hüseyndən
soruşsun. Haqq-ədalət belə olmalıdı”.
Bu zaman Aşıq Əsəd dedi: “Xan sağ olsun,
Aşıq Hüseyn hamımızın qonağıdı
və mən daha heç bir sual verməyə
ehtiyac bilmirəm”.
Aşıq Hüseyn dedi: “Yox, aşıq, elə hesab edirəm ki, sənin burda dostun və istəyənin çoxdu və mən də səni bir kamal ustad
gördüm. Mən hazıram
sənin sualına cavab verəm. Sən otursan da, mən
razı olmaram, indi meydan sənindi”.
Bu zaman hamı
əl çaldı ki, aşıqlar bir daha da
bağlaşsınlar. Burda Aşıq Əsəd Ağcaqışlaqlı
görək Aşıq
Hüseyn Bozalqanlıya
nə sual verir:
Aşıq Əsəd Ağcaqışlaqlı
...
Tanrı
üzümüzə iki
dər açıb,
Biri peyğəmbərdi , birin də
sən de.
O iki qapını döyən xar olmaz,
O necə bir dərdi?
Birində sən de.
Aşıq Hüseyn Bozalqanlı ...
Kamalına, biliyinə yetişdim,
Aşıq Əsəd, sənə çox bərəkallah.
Sualına cavab verim dəstbədəs,
Hər iki dərin də savabı Allah.
Aşıq Əsəd Ağcaqışlaqlı ..
Kamaldan danışdın, ay kamil
ustad,
Aşığa, şairə kim eylər imdad?
İki şəhər vardı əzəldən bərbad,
Biri paslı
ürək, birin sən de.
Aşıq Hüseyn Bozalqanlı ...
Deyim ki, bir Kürəm
coşqun bir çayam,
Bir kamil sənətkar qarşısındayam,
Şakirəm haqqıma hədsiz
razıyam,
Biri də hərzə göz vallahi billah.
Aşıq Əsəd Ağcaqışlaqlı
...
Aşıq Əsəd deyir,
pirimsən ağa,
Səni
götürərəm Ağcaqışlağa,
Fəxr
edərəm sənə
şagird olmağa,
Qabiləm öyrənəm birin də sən de.
Aşıq Hüseyn Bozalqanlı ...
Sənətdə kamilsən, dolub
daşırsan,
Ədəbə heyranam həlminə
qurban,
İntizarındadı gözlər Bozalqan,
Qonaq gəl Hüseynə, ustad, inşallah.
Bu iki ustadın deyişmələri qurtaran
kimi məclisə bir şur və
həyəcan gəldi
ki, məclis üzvləri hamısı
ayağa qalxıb əl çaldı. Bu zaman Açaçı xanı
Məhəmməd xan
ayağa qalxıb dedi: “Məhəmmədxan
şərbət gətirtdi
hamı içib sərxoş oldu”. Bu iki ustad şagirləri
ilə Məhəmmədxanın
oğlunun toyunu başa çatdırdılar
və Aşıq Hüseyn Bozalqanlı şagirdləri ilə 3 gün Ağcaqışlaqda
Aşıq Əsədə
qonaq olur və ayrılıb gedəndə Aşıq Hüseyn bir quru çörək və bir az
da duz götürüb
gedir.
Qeyd: Aşıq Hüseyn Bozalqanlının əldə
olunan bu dastanının yazıya köçürülməsi prosesində
dastanyazma ənənələrində
qüsurlarımız olsa,
əziz oxucuların iradları bizim üçün əzizdir.
Dastanı təqdim
etdi:
Mahmud Əyyublu
AAB-nin üzvü
Palitra.-2018.-19 sentyabr.-S.15.