Bədii əsərdə yer
alan qəhrəmanlar tarix
səhnəsində tez-tez
xatırlanır
Şeir də insan kimi ömür yaşayır. Bir çox şeir yazılan zaman oxucusunu itirirsə, bəziləri əbədi yaşayır. Haqlı olaraq müdriklər deyirlər ki, şair ölər, sözü qalar. Sözdür insanı dünyada yaşadan, adını tarixə yazan. Bu gün də insanlar sözə yüksək qiymət verir və gözəl poeziya incilərini oxuyurlar. Poeziya da insana qida kimi zəruri olan bir nemətdir. Tarix göstərir ki, sözə qiymət verən hökmdarlar hər zaman xatırlanır. Daha doğrusu, bu cür adil hökmdarların saraylarında mütəfəkkir şairlər yaşamış və ciddi əsərlər yaradaraq dünya ədəbiyyatını zənginləşdirmişlər. Həqiqətən, bədii əsərlərdə yer alan qəhrəmanlar, hökmdarlar tarix səhnəsində tez-tez xatırlanır. Bu gün yaradıcılığına müraciət etdiyimiz şairlərdən biri də Yusif Nəğməkardır. Yusif Nəğməkarın şeirləri daha musiqi dilinə yaxındır. Onun şeirlərində nəğmə var. İndi isə şairin yaradıcılığından seçdiyimiz şeirlərini təqdim edirik:
Yusif Nəğməkar 1955-ci ildə Beyləqan rayonunda anadan olub. ADPU-nin Filologiya fakültəsində ali təhsil alıb. Bir müddət Beyləqan rayonunda pedaqoji fəaliyyətlə məşğul olub. 1984-cü ildə “Gənclik” nəşriyyatında “Sazın işığında” adlı ilk kitabı işıq üzü görüb. 1986-cı ildə “Yazıçı” nəşriyyatında növbəti “Bilsəydim ayrılıqdır” kitabı çap olunub. 30 may 1977-ci ildə Rəsul Rzanın Yusif Nəğməkar haqqında yazdığı “Təsadüfi” adlı məqaləsi ilə ədəbiyyata təqdim olunub. Bir sıra mükafatlara layiq görülüb.
SÖZ VAXTI
Ayrıldım zaman şərtindən,
Sanma həsrət çəkmədim.
Vaxtsız qovruldum hərdən,
Oduma sədd çəkmədim…
Günlər düşdü araya,
Mənə düşmədi günlər…
Karvan yol vaxtı səhraya
Üz tutub, məqam ünlər…
Ömür-qayıq, vaxt-avar;
Çəkə bilən mətindir.
Vaxtsız dedim vaxta var –
Bu da qəbahətimdir!..
Zaman ac…
doyurmadım,
Anı yandırıb-yaxdım.
Vaxta vaxt ayırmadım,
Sözümün vaxtı-vaxtım…
Görünmür sözün düzü…
Təb taxtında hüzürəm…
İtikdir vaxtın sözü…
Söz vaxtını gəzirəm!..
TƏZƏ ŞEİR
Təzə şeir, qəlb
közlərim
Çağlar verdi səni mənə.
Qəmli,
nisgilli gözlərim
Ağlar
verdi səni
mənə.
Səni
yazdım yamaclara -
Tam təşnələr, tam aclara ...
Daşlar
döndü umaclara;
Yoxlar verdi səni
mənə.
Bax nə aha, nə dağlara,
Tapdım
bəhanə dağlara;
Qalxdım şahanə dağlara,
Dağlar
verdi səni
mənə.
Heyrətimsən qaya rəfdə,
Yazıldın çiçək hərfdən,
Yarandın sərtlə zərifdən;
"Oxx!.."lar
verdi səni mənə!
YOL VER,
KEÇİM GÖZƏLLİK
Ayaq atmağa qoymursan,
Qalıb yatmağa qoymursan,
O behiştlik qucağında
Batıb qalmağa qoymursan,
Yol ver, keçim, gözəllik
Gözlərin- qara zəncirin,
Hər gülüşün- yüz xəncərin.
Izin ver, gedim, dincəlim,
Yol ver, keçim, gözəllik.
Bu, nə inad, bu, nə cəngi?!
Od yağdırdın,
bir az səngi.
Burax məni, “ərəbzəngi”-
Bu, ayağım, bu, üzəngi...
Yol ver, keçim,
Toplayıb tərtib etdi:
Mahmud Əyyublu
AAB-nin üzvü
Palitra.-2018.-20 sentyabr.-S.15.