Qəzəl şairlərin ən az müraciət etdiyi sahədir

 

Əlizadə Əjdər Cəbrayıl oğlu 1953-cü ildə Ağdam şəhərində anadan olub. Yazıları “Trud”, “İnşaatçı”, “Xalq”, Ağdamın “Lenin Yolu” qəzetlərində dərc olunmuş, oçerk və reportajları Ağdam Yerli Radio Verilişləri Redaksiyasında mütəmadi səsləndirilmişdir. “İki Sahil” qəzetində 4 il çalışmışdır. 2001-ci ildən “KirpiSatira Yumor Jurnalında Felyeton şöbəsinin redaktorudur. 1983-cü ildən SSRİ Jurnalistlər İttifaqının, 1993-cü ildən isə Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Həsən bəy Zərdabi adına Diplom və “Qızıl Qələm” Fəxri Media Mükafatı laureatıdır. Tikinti sahəsində Səmərələşdirici təkliflər müəllifidir. “Sevgibir dünyadır” adlı sevgi şeirləri kitabının müəllifidir. “Qəzəllər” müəllifin sayca ikinci kitabıdır.

Qəzəl klassik ədəbiyyatın ən öndə gedən janrlarından biridir. Qəzəl, ədəbiyyatın janrlarından biri kimi, şairlər tərəfindən ən az müraciət olunan sahədir. Burada kəskin fikir səsləndirməyimizə baxmayaraq, el ədəbiyyatını tədqiq etdikcə bu nəticəyə gələ bilərik. Xalq ədəbiyyatının ən mühüm qollarından biri olan aşıq poeziyasında biz qəzəllərə çox az-az rast gəlirik. Ancaq ədəbiyyatımızda gözəl qəzəlləri ilə şöhrət tapan Məhəmməd Füzuli, Əlağa Vahid və digər qəzəlxanlarımız mövcud olubdur. Bu gün də həmin ənənə davam etməkdədir. Gözəl qəzəllər müəllifi olan Əjdər Əlizadənin seçmə qəzəllərini təqdim edirik:

 

 

GƏLİR

 

Eşqə düşmüş bu könül şövq ilə meydanə gəlir,

Sevgimin xatirinə mərd ilə mərdanə gəlir.

 

Bu da bir ayrıca fənddir sevən aşiqlərdə,

Seçilir başqalarından belə fərzanə gəlir.

 

Tər gülüm, tər çiçəyim, məst eləyir ətri ilən,

Yayılır hər tərəfə hər yerə, hər yanə gəlir.

 

Can evim çox sevinir, vəslinə yetdikdə gülün,

Qəlbin artır fərəhi həm dinə, imanə gəlir.

 

Bülbüləm, yetdim axır, mən gülümə, sevgilimə,

Durdurun Əzrayılı, güllü gülüstanə gəlir.

 

Xar ilən etməmişəm sorğu-sual, çoxdur işim,

Canı almaq diləyiynən əcəlim canə gəlir.

 

Əjdərəm, içməmişəm, mey-məzədən çox uzağam,

Fatihə söyləməyə molla da məstanə gəlir.

 

19.09.2018

 

NEYÇÜN, NƏDƏN?

 

Hər etdin yarə etdin, dilbərim, neyçün, nədən?

Qəlb için sən yarə etdin, dilbərim, neyçün, nədən?

 

Gecə-gündüz həsrətindən xəstə düşdüm, bilmədin,

Can evim viranə etdin, dilbərim, neyçün, nədən?

 

Dərdimin dərmanını bu xəstə canə qıymadın,

Yarı sən biçarə etdin, dilbərim, neyçün, nədən?

 

Eşqə düşmüş aşiqin zülmünlə aldın canını,

Günlərin qapqarə etdin, dilbərim, neyçün, nədən?

 

Bülbülün ah-naləsin saldın nəzərdən, sevmədin,

Nifrətin gülzarə etdin, dilbərim, neyçün, nədən?

 

Güldən ötrün gör nələr çəkmiş o bülbül, zar olub,

Qeybətin ol xarə etdin, dilbərim, neyçün, nədən?

 

Əjdərin yanmış külün səpdin düzə, fərq etmədən,

Közlərin min parə etdin, dilbərim, neyçün, nədən?..

 

18.09.2018

 

YETİBDİR

 

Şükr eyləyirəm, can dediyim canə yetibdir,

Bülbül ürəyim güllü gülüstanə yetibdir.

 

Mey içməmişəm qətrə qədər, bəs niyə ruhum,

Neyçünsə şux dilbərə məstanə yetibdir.

 

Könlüm quşu pərvaz elədi yarını görcək,

Damla hərisi fərz elə ümmanə yetibdir.

 

Həsrətli günüm arxada qalmış, gözəldir,

Ol şux mələyim əhd ilə peymanə yetibdir.

 

Atəşdə yanan aşiqə döndüm, düşünürdüm,

Şəm`in oduna şövq ilə pərvanə yetibdir.

 

Çox-çox sevinir, gör necə fərzanədir eşqim,

Zövqüm belə bir gözləri ceyranə yetibdir.

 

Əjdər, sənə rişğənd eləyir bir belə əğyar,

Zənn eyləmirəm, düşmənin irfanə yetibdir.

 

16.09.2018

 

 

Qan elədin sən

 

Pişvazıma gəldin, gecəmi dan elədin sən,

Bədbin günümü sanki, firəvan elədin sən.

 

Nazınla məni bəxtəvər etdin, gözəl afət,

Hər kirpiyini qaşına peykan elədin sən.

 

Yadlar da həsəd eylədi xoşbəxt günümüzçün,

Beynin niyə çöndü, məni peşman elədin sən.

 

Meyl eylədin axır nədən əğyarə, səbəb ?

Saf eşqimizi fitnəyə qurban elədin sən.

 

Vəslin dadını sən sonacan dadmadın, ey gül,

Öz aşiqini xeyli pərişan elədin sən.

 

Günlərlə üzə çıxmadın, ey işvəli ceyran,

Öz yarını peyvəstə nigaran elədin sən.

 

Küsmüş kimi birdən çəkilib gendə dayandın,

Son şansımızı qanına qəltan elədin sən.

 

Əjdər yenə hicran qəminə oldu giriftar,

Getdin, gözəlim, könlümü al qan elədin sən.

 

11.09.2018

 

 

Sən olaydın

 

Ey gül, mənim istəkli nigarım sən olaydın,

Candan da əziz sevgili yarım sən olaydın.

 

Meysiz, məzəsiz bir gecə mehman ola bilsən,

Xoşhal oluban çeşmi xumarım sən olaydın.

 

Qəm çəkməyə qoyma gözəlim, minnətin olsun,

Bülbül kimiyəm, tər gülüzarım sən olaydın.

 

Həsrət məni yıxmış, yenə gəl könlümü dindir,

Mizrab mən olum, nəğmeyi tarım sən olaydın.

 

Gəl sənlə gəzək, düzdə çiçəklər açıb indi,

Yüksəkliyə çıxsam da vüqarım sən olaydın.

 

Hər hökmünə mən müntəzir ollam, bunu bil sən,

Mən çox diləyərdim sər(i)darım sən olaydın.

 

Bağban oluban sevgi bağında gəzir Əjdər,

Haqdan yaranan bağü-baharım sən olaydın.

 

06.09.2018

 

 

İNCİDİ MƏNDƏN

 

Yarəb, niyə bəs nazlı nigar incidi məndən,

Bir söz deməmiş, sevgili yar incidi məndən.

 

Söz verdi ki, ta qəbrə qədər dilbərim olsun,

Öz aşiqini eylədi xar, incidi məndən.

 

Çox gözləmişəm ol məhi ömrün payızında,

Qış fəsli gələn güllü bahar incidi məndən.

 

Güllər gözəli valeh edibdir məni çoxdan,

Ol arizi al, çeşmi-xumar incidi məndən.

 

Dildar seçim etdi dəli divanələr içrə,

Zindanə salıb etdi şikar, incidi məndən.

 

Heç gülmədi könlüm o qara zülfü sevəndən,

Bəxş etdi mənə naleyi-zar, incidi məndən.

 

Hicran qəmi sarmış yenə cismini, Əjdər,

Yar qədri bilən bir xiridar incidi məndən.

 

11.06.2018

 

 

Toplayıb tərtib etdi:

Mahmud Əyyublu

AAB-nin üzvü

 

Palitra.-2018.-22 sentyabr.-S.15.