Dopdolu bu dünya kəmdi gözümdə ... “

 

Bu dəfə şeirlərini təqdim etdiyimiz şair Etibar Vəliyevdir. Etibar Vəliyev 1963-cü il may ayının 16-da Lənkəran rayonunun Ləj kəndində anadan olub. Burada səkkizillik kənd məktəbini bitirdikdən sonra 1978-1981-ci illərdə Bakı Plan-Uçot Texnikumunda təhsil alıb. 1981-ci ildən Lənkəran rayonunun “Lənkəran çaysovxozunda fəhlə işləyib. Hərbi xidməti borcunu 1981-1983-cü illərdə yerinə yetirib. Tərxis edildikdən sonra yenə sovxozda fəhləlik edib. Lənkəran rayonununPuşkin”, “Oktyabrın 60 illiyi” sovxozlarında iqtisadçı və 1988-1998-ci illərdə Lənkəran “5 ¹-li çay fabriki”ndə baş mühasib işləyib. Bu müddət ərzində Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında qiyabi təhsil alıb. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 9 saylı region üzrə Dövlət Əmək Müfəttişliyində baş məsləhətçi-baş əmək müfəttişi işləyir. Ədəbi fəaliyyətlə XX əsrin 70-ci illərindən məşğul olur. Dövri mətbuatda və almanaxlarda şeirləri vaxtaşırı dərc edilir. İlk şeiri indiki “Lənkəran” qəzetində çap olunub. “Görüşə gəl”, “Baxmağa dəyər”, “Mənim Duyğum” adlı şeirlər kitabının müəllifidir. “Məşəl” ədəbi-bədii, elmi-publisistik jurnalın məsul katibidir. “Qızıl Qələm” və Azərbaycan Jurnalistlər Birliyinin “Həsən bəy Zərdabi” fəxri media mükafatlarına layiq görülüb. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

 

KÖNLÜNÜ ALIB GEDƏSƏN

 

Qarşından bir gözəl keçə,

Xəyala dalıb gedəsən.

Sonra da gül camalına,

Könlünü salıb gedəsən.

 

Talehinlə barışasan,

Söhbətinə qarışasan.

Şirin-şəkər danışasan,

Könlünü alıb gedəsən.

 

Bəxtin açılsın, ay lələ,

Belə məqam düşməz ələ.

Söhbətin ona xoş gələ,

Yadında qalıb gedəsən.

 

Gəlib yanında qalasan,

Onun qadasın alasan.

İlləri yola salasan,

Sonra qocalıb gedəsən.

30.12.2017

 

 

DÜNYA GÖZÜM BOYDADI

 

İçimdə bir mən yatır,

O mən özüm boydadı.

Dünya gördüyüm boyda,

Dünya gözüm boydadı.

 

Tarda muğam, şur yanır,

İçimdə bir nur yanır.

Baxma odum gur yanır,

Yaram közüm boydadı.

 

Dağlar düzdən yuxarı,

Şaxta buzdən yuxarı.

Səbir üzdən yuxarı,

Səbrim dözüm boydadı.

 

Bu dünya özü boyda.

Ocağı közü boyda.

Hər adam sözü boyda,

Boyum sözüm boydadı.

25.12.2017

 

 

GEDƏSƏN

 

Dərd əlindən bulud kimi

Boşalıb, dolub gedəsən.

Özün özünə ağlayıb,

Saçını yolub gedəsən.

 

Bir gün düzələsən yola,

Yaşın ötə, ömür dola.

ağrı, acı ola,

Gül kimi solub gedəsən.

 

Cütlüklər verə qol-qala,

Qonaq gələ, mağar dola,

Ölüm toy kimi ola,

Sən hazır olub gedəsən.

 

Məclis ola, yas olmaya,

Göz ağlaya, yaş olmaya,

Qalası miras olmaya,

Varını bölüb gedəsən.

 

Halını pozma, ay lələ.

Son qonağın gələr hələ.

Qapına Əzrail gələ,

Üzünə gülüb gedəsən.

 

Hər gün Xuda günü gələ,

Bir gün vida günü gələ,

Ruhun cuda günü gələ,

Sonra da ölüb gedəsən.

11.12.2017

 

 

 

GÖZÜMDƏN DÜŞÜR

 

Gözüm hər şeydən uca,

Göydə, asimandadı.

Ən uca dağ başında,

Çəndədi, dumandadı.

Gözlərimdə hər var,

Düşə bilər bir anda.

Göylərdə topa-topa,

Buludlar toqquşanda,

Şimşək gözümdə çaxır,

Yağış gözümdən düşür.

 

Gözlərim ürəyimin,

Görünən aynasıdı.

Mənim qəlbimi didən,

Məzlumun göz yaşıdı.

Yuxum ərşə çəkilir,

Onu qəmli görəndə.

Eşqi nakam olanı,

Gözü nəmli görəndə.

Gözlərimə yaş gəlir,

Damla gözümdən düşür.

 

Sevgi başımın tacı,

Ürəyin cövhəridi.

Ömrümün gecələri,

Açılan səhəridi.

Sevginin işiğından,

Gözümə nur saçılır.

Yumuram gözlərimi,

Bəzən gözüm açılır.

Xəyanəti görəndə,

Sevgi gözümdən düşür.

 

Biz Adəm övladıyıq,

Dost olaq, qardaş olaq.

Dərdimizi bölüşək,

Qoruyaq sirdaş olaq.

İnsanı tanımadım,

Hələ mən bu yaşımda.

Kəm görmək istəmədim,

Dostumda, tanışımda.

Hiylə, kələk görəndə,

İnsan gözümdən

Elə bil ki, bu dünya,

Bir gözünü bağlayıb.

 

Ədaləti, haqqı da,

Bağlı gözdə saxlayıb.

Bu səbəbdən dünyada,

Nahaq qanlar tökülür.

Gözümüzün önündə,

Haqqın evi sökülür.

Ədalət pozulanda,

Dünya gözümdən düşür.

12.02.2016

 

MƏNİ SEVƏ BİLƏRSƏNMİ?

 

Əyər sənə könül versəm,

Məni sevə bilərsənmi?

Gah ağlasam, gah da gülsəm,

Məni sevə bilərsənmi?

 

Qışa bənzər yazım olsa,

Kökdən düşən sazım olsa,

Bir ədalı nazım olsa,

Məni sevə bilərsənmi?

 

Üzüyümə qaş bağlasam,

Gözlərimi yaş bağlasam,

Ürəyimə daş bağlasam,

Məni sevə bilərsənmi?

 

Mən sözə məftun adamam,

Qururlu, mətin adamam,

Bir az da çətin adamam,

Məni sevə bilərsənmi?

 

Əhdim, ilqarım düz olsa,

Yaşım əlli, ya yüz olsa,

Əlim, ürəyim buz olsa,

Məni sevə bilərsənmi?

07.11.2017

 

 

MƏNDƏ QALIB

 

Hara getdin, a zalım?

Yarağın məndə qalıb.

Saçlarına çəkdiyin,

Darağın məndə qalıb.

 

Ağlayıram, gülürəm,

Göz yaşımı silirəm.

Deməsən bilirəm,

Marağın məndə qalıb.

 

Kor olmuşam tüstümə,

Qayıt, məni küsdürmə.

Yetən gəlir üstümə,

Sorağın məndə qalıb.

 

Sənsən məni qandıran,

Qələmimi sındıran,

Sən gecələr yandıran,

Çırağın məndə qalıb.

27.10.2017

 

 

YARAŞMIR

 

İçim qəm ağlayır, üzüm gülmür.

Bizə bu ayrılıq yaraşmır, gülüm.

Sənsiz çıxan günəş gözümə düşmür,

Bizə bu ayrılıq yaraşmır, gülüm.

 

Dopdolu bu dünya kəmdi gözümdə.

İçmişəm, sərxoşam, qəmdi gözümdə,

Bir az ağlamışam nəmdi gözümdə,

Bizə bu ayrılıq yaraşmır, gülüm.

 

Bağban vurulubdu bağ çiçəyinə,

Mahnı qoşulubdu çiçəyinə,

Yenə qovuşubdu dağ çiçəyinə,

Bizə bu ayrılıq yaraşmır, gülüm.

 

Babamın babası Vəli gedibdi,

Atamın babası Əli gedibdi,

Ömrümə qaldı, əlli gedibdi,

Bizə bu ayrılıq yaraşmır, gülüm.

10.10.2017

 

BƏHANƏ

 

Dünya yalan dünyadı, burda adəm oğlunun

Ölümü həqiqətdir, doğuşu bəhanədir.

Hər xəstəlik, hər mərəz ölümə səbəb deyil,

Əcəl tamam olubsa, naxoşu bəhanədir.

 

Ağacın barı yoxsa, bağın günahı yoxdu.

Ağa qara düşübsə, ağın günahı yoxdu.

Çətin zirvə yolunda dağın günahı yoxdu.

Enişdə büdrəyənə yoxuşu bəhanədir.

 

Ömür telə bağlıdı, kəsildı, el apardı,

Yerdə qasırğa oldu, deyirlər, yel apardı.

bilim, yağış yağdı, bilim, sel apardı,

Göydən yağan leysanı, yağışı bəhanədir.

 

Deyirlər, yanğın olub, oduna köz dəyibdi,

Ürəyi qırılıbsa, qəlbinə söz dəyibdi.

bilim, gözə gəlib, bilim, göz dəyibdi.

Göygözün, bədnəzərin baxışı bəhanədir.

 

Bu dünyanın əvvəli, həm sonu yazılıb.

İnsanın hər əməli, səsi, ünü yazılıb.

İnsan doğulan günü, gedən günü yazılıb.

Bu taleyin, bu bəxtin naxışı bəhanədir.

12.10.2017

 

Şeirləri toplayıb təqdim etdi:

Mahmud Əyyublu

AAB-nin üzvü

 

Palitra.-2018.-25 sentyabr.-S.15.