Pərvanə Zəngəzurlunun şeirləri ürəkaçan poetik incilərdir

 

Pərvanə Hüsü qızı Mustafayeva (Zəngəzurlu) 1958-ci ildə Qafan rayonunun Acıbac kəndində doğulub. 1980-ci ildə M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikumunu (indiki adı:Azərbaycan Dövlət Pedaqoji Kolleci) bitirib. Yaradıcılığa gənc yaşlarından başlayıb. 2000-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 2002-ci ildən "Aşıq Pəri" məclisinin, 2003-cü ildən "Məhsəti" məclisinin üzvüdür. Pərvanə Zəngəzurlunun sözlərinə yazılmış, aşıq və müğənnilər tərəfindən oxunan mahnılardan ibarət 6 audio diski işıq üzü görüb. 2013-cü ildə AYB-nin təltif etdiyi prezident təqaüdünə layiq görülüb. 2013-cü ildən "Aşıq Pəri" məclisinin rəhbəridir.

 

 

Xanım şairələrin poeziyası olduqca maraqlıdır. Aşıq poeziyası üslubunda yazan xanım şairələrdən biri də Pərvanə Zəngəzurludur. Onun yaradıcılığı bir ədəbi-tənqidçi kimi məni hər zaman düşündürür. “Facebooksosial şəbəkəsindən Pərvanə xanımın yaradıcılığını ciddi izləyirəm. Şairənin şeirləri ürəkaçan poetik incilərdir. Pərvanə xanım ustadlıq yolunda addımlayan bir xanım şairədir. Onun şeirlərində ciddi nəzəri qaydaları görmək mümkündür. Şeirlərdə işlənən fikirlər yerli-yataqlı işlənir və beləcə də, şeirin məzmunu şairənin şeirlərində hər zaman qorunur. Belə ki, Pərvanə Zəngəzurlunun yaradıcılığında forma və məzmun qüsurlarına rast gəlmək olmur. Qeyd edim ki, şairənin yaradıcılığında ciddi bədii təsvir və ifadə vasitələri işlənib. Şeirlərdə ictimai məfkurə əsas rol oynayır və ictimai mövzuda şeirləri də çoxluq təşkil edir. Şübhəsiz ki, Vətən mövzusunda olan şeirləri yaradıcılığının əsas hissəsindən birini tutur. Məhəbbət, ailə-məişət, təlim-tərbiyə və digər səpkili mövzular xanım şairənin yaradıcılığında ciddi təşkildə hiss olunur. Bu mövzuların isə hər biri ayrılıqda bir kitabda tədqiq olunası sahələrdir. İndi isə şairə Pərvanə Zəngəzurlunun yaradıcılığından seçdiyimiz şeirləri oxuculara təqdim edək:

 

Məni

(təcnis)

 

Könül verdim, yar eşqindən yarıyam,

Salmadı bir dəfə o, yada məni.

biləydim vəfasızın yarıyam,

Dəyişdi əğyara, o, yada məni.

 

Yazı yazan tərsə yazdı yazımı,

Qış eylədi baharımı, yazımı.

Qismət verdi qələmimi, yazımı,

Bəlkə, röyalardan oyada məni.

 

Bu gülşəndən pay düşübdü gülə ?

Dərdi olan ağlaya , gülə .

Namərd dedim dərdə baxıb gülənə,

Etdi göz yaşında oy, ada məni.

 

Dağ-daş ağlar çevriləndə söz ünə,

Saf eşqimə vəfasızın sözü ?

Ya uyub aldanıb əğyar sözünə,

Bir divanə sanır o ya da məni.

 

Pərvanə, sən yanağında yaşa bax,

Qocalırsan, ötüb-keçən yaşa bax.

Sərvətindi pak niyyətin, yaşa, bax,

Qurban edin təmiz oy ada məni.

 

 

Ömrüm

 

Bulanıq sel kimi kükrəyib, daşıb,

Büllur bulaq kimi süzülən ömrüm.

Bir zaman yanırdın həyat eşqilə,

İndi qor altından sozalan ömrüm.

 

Şair könlüm zirvələrə ucalıb,

Namərdlərdən, nakəslərdən öc alıb.

Arzular cavandır, özü qocalıb

Elin yaddaşına yazılan ömrüm.

 

Sayı yox neçə kəs sınaqdan keçib,

Cəhrədə əyrilib, daraqdan keçib,

Deyəsən, mənimki yamaqdan keçib,

Tikilə-tikilə nazilən ömrüm.

 

İçində gizlədib ağrını, dərdi,

Xain zərbələrə sinəsin gərdi.

Nakəsə tuş gəldi, gördü namərdi,

Nadan tənəsindən əzilən ömrüm.

 

Çox əzablar çəkdi bəlalı başı,

Bəzən zəhərə çevrildi aşı,

Qayçısı küt oldu, dərzisi naşı

Cərrahlar əlində büzülən ömrüm.

 

Kim anlayıb bu dünyanın işini,

Vədəsiz gətirir qarlı qışını.

İldən-ilə Pərvanənin yaşını,

Çoxalda-çoxalda azalan ömrüm.

 

 

Şairəm

 

Bir neçə cümləni düzüb alt-alta,

Özünü öyür ki, mən şairəm.

Cümləsini bütöv yaza bilməyən,

Aləmə yayır ki, mən şairəm.

 

Deyən gərək xam xəyallar eləmə,

Xeyri yoxdur car çəksən aləmə.

Hayıf işlətdiyin kağız-qələmə,

Adını qoyur ki, mən şairəm.

 

Qələmi, kağızı işlədib boşa,

Bircə misrası da gəlməyir xoşa.

Mənasız kəlmələr düşülmür başa,

Özünü sayır ki, mən şairəm.

 

Şair demək olmaz hər yazan kəsə,

Yazdığı kəlmələr haqdan gəlməsə.

Tülkü aslan ilə girərək bəhsə,

Döşünə döyür ki, mən şairəm.

 

Sel olmaz ki, dərələrin daşması,

Mənasızdı kükrəməsi, coşması.

Bilinməyir gəraylısı, qoşması,

Hamıya deyir ki, mən şairəm.

 

qədər yol verib bax, hədyanlara,

Baxıb qiymət verin siz insanlara.

Əsl şair baxıb bu nadanlara,

Başına döyür ki, mən şairəm?

 

 

Könlümün

 

Nadanların, namərdlərin əlindən,

Yanıbdı bağrının başı könlümün.

Dostu düşmənindən seçə bilməyir,

Allaha qalıbdı işi könlümün.

 

Kim can söyləyibsə ona inanıb,

Saxta, yalanlara yaman aldanıb.

Kənardan baxanlar bəxtəvər sanıb,

İçinə axıbdı yaşı könlümün.

 

Dağlarının gədiyinə varmadan,

Kol dibindən tər bənövşə dərmədən,

Pərvanə doyunca bahar görmədən,

Deyəsən, yetişib qışı könlümün.

 

 

DEYİŞMƏ

 

PƏRVANƏ ZƏNGƏZURLU

 

Dostlar, bircə an da giley etməyək,

Bu qoca dünyadan, ulu dünyadan.

Dünya mənim deyən çox nadanların,

Vədəsiz üzüldü əli dünyadan.

 

AQİL KƏNGƏRLİ

 

Düz dedin, ay bacım, nadan insanın,

Qurtarmır fitnəsi, feli dünyadan.

Beşəlli tutaraq, sovurur qanın,

Sanki yapışıbdır zəli dünyadan.

 

Pərvanə Zəngəzurlu

 

Kimisi sözünü deyib gedəcək,

Şöhrətin aləmə yayıb gedəcək,

Kimsə aparmadı, qoyub gedəcək,

Yığdığı dövləti, pulu dünyadan.

 

Aqil Kəngərli

 

Kimini ucaltdı dağın başına,

Kiminin zəhəri qatdı aşına.

Kiminin əməyi getdi boşuna,

Diriykən köçübdür ölü dünyadan.

 

Pərvanə Zəngəzurlu

 

Sanmayın hər işə qadirdir insan,

Ələnib seçilir yaxşıyla yaman,

Əgər hökm edərsə ulu yaradan,

Yarımçıq qırılar yolu dünyadan.

 

Aqil Kəngərli

 

Görürsən xeyirə üstün gəlib şər,

İblisə, şeytana uymuşdur bəşər,

Hər gün bir qədər tökülər, düşər,

Dəymişi qalmışkən kalı dünyadan.

 

Pərvanə Zəngəzurlu

 

Günaha bataraq, suç eyləyibdi,

Çoxu öz ömrünü puç eyləyibdi,

Vədəsi gələndə köç eyləyibdi,

Ağıllı dünyadan, dəli dünyadan.

 

Aqil Kəngərli

 

Neçə ki, ömrünü verməmiş bada,

İnsan ad qazana fani dünyada,

Əməli qalacaq, düşəcək yada,

Getsə bir ovuc külü dünyadan.

 

17 dekabr 2014

 

 

Toplayıb tərtib etdi:

Mahmud Əyyublu

AAB-nin üzvü

 

Palitra 2018.- 26 sentyabr.- S.15.