Ərkyana söhbət
(Hekayə)
Qonşum ərzaq dükanı açmışdı və adını da “Qold” qoymuşdu. Bir gün dükana gedib qonşumla ərkyanə söhbət elədim.
- Qonşu, dükanın qapısının üstündə yazdırdığın bu “qold” sözü nə deməkdir?
- İngiliscə, qızıl deməkdir.
- Hər gün neçə ingilislə alver edirsən?
- Hələ indiyə kimi üzlərini görməmişəm.
- Yekə kişisən, onların üzlərini görmürsənsə, onlarla alver etmirsənsə, niyə dükanın adını ingiliscə yazdırıbsan?
- O, firmanın adıdır, ona görə.
- Dedim axı, yekə kişisən, sən firmanın özünü satırsan,
yoxsa onun məhsulunu?
- Əlbəttə... məhsulunu.
- Məgər sən ərzaq dükanında qızıl satırsan?
- Yoox! ... Gördüyün kimi, ərzaq
satıram.
- Onda niyə dükanının adını
“Qold” qoyubsan? “Qold”-qızıl deməkdirsə, sən də qızıl satmırsansa, kimi aldadırsan: özünü,
yoxsa alıcıları?!
- Yox ey, heç
kimi aldatmıram... İndi moddu da, hamı
öz dükanının
adını xarici dildə yazdırır.
Söhbətin bu yerində təmkinim pozuldu və özümü saxlaya bilməyib səsimi ucaltdım:
- A kişi, sənin
modun da, dəbin də başına dəysin. Bu dükanın adını
öz dilimizdə yazdır ki, hamı bilsin nə satırsan. Əclafam, bir də bu dükana
gəlib səndən
bir qəpiklik mal alsam! Gözlə, üzünü görmədiyin xaricilərlə
alver elə.
Evə qayıdarkən
düşünürdüm ki, görəsən, belə dar düşüncəli
“modabaz” insanlar günahkardır, yoxsa elə hamımız?
Ağasəf İmran
Palitra 2018.- 26 sentyabr.- S.15.