Musiqili Teatrın mətbuat katibi: “Teatrı təbliğ etməli və yaşatmalıyıq”

 

“Bizim teatrla yaxından maraqlanan digər millətlərin nümayəndələri də öz heyranlıqlarını gizlətmirlər”

 

Fəridə Aslanova: “Evdə oturub televizorkompüter qarşısında tamaşaya baxmaqla teatrlarda sevimli aktyorları yaxından görmək, onlarla ünsiyyət qurmaq arasında böyük fərq var

 

Azərbaycan Dövlət Musiqili Teatrının mətbuat katibi Fəridə Aslanova ilə müsahibə

- Öncə oxuculara Azərbaycan Dövlət Musiqili Teatrının fəaliyyəti haqqında məlumat verərdiniz.

- Azərbaycan Dövlət Musiqili Teatrının 109 illik şərəfli bir tarixi var.

24 may 1910-cu ildə Bakıda, Nikitin qardaşlarının sirk binasında dahi bəstəkar Üzeyir Hacıbəylinin "Ər və arvadmusiqili komediyasının ilk tamaşasından sonra məhz Azərbaycanda Musiqili Komediya Teatrı təşəkkül tapdı. O gündən bu günə teatrın səhnəsində neçə-neçə aktyorlar püxtələşib, korifey sənətkarlara çevriliblər, oynadıqları rollarla tamaşaçıların ürəyində silinməz izlər qoyublar. “Azərbaycan Dövlət Musiqili Komediya Teatrı” “Azərbaycan Dövlət Musiqili Teatrı” adlandırılandan sonra kollektivimizin qarşısında daha geniş imkanlar yaranıb. Ölkə başçısının sərəncamı ilə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının binası 2011-2013-cü illərdə yenidən təmir olunub, maddi-texniki bazası gücləndirilib, səhnə quruluşu beynəlxalq standartlara uyğunlaşdırılıb.

Hazırda teatrın Azərbaycan və rus bölmələrində təcrübəli sənətkarlarla yanaşı, gənc aktyorlar da çalışır, yeni-yeni tamaşalar üzərində birlikdə işləyirlər.

- Qarşıda tamaşaçıları hansı səhnə əsərləri və ya tədbirlər gözləyir?

-           Musiqili Teatr respublikada yeganə teatrdır ki, hər yeni mövsüm başlayanda 4 aylıq repertuar planını öncədən açıqlayır. Artıq teatrın Bədii Şurası 2018-ci ilin sonuna qədər olan müddət üçün repertuar planını təsdiqləyib. Bu müddət ərzində teatrda təqribən 30 tamaşanın 60 dəfəyə yaxın nümayiş etdirilməsi nəzərdə tutulur. Yeni teatr mövsümünün açılışı 22 sentyabr saat 19:00-da dahi Üzeyir Hacıbəylinin ölməz sənət əsəri - "Arşın mal alanla oldu. Qarşıdakı dörd ay ərzində Musiqili Teatrın sevimli tamaşaçıları böyük gülüş ustası, Xalq artisti, "Şöhrət” ordenli Afaq Bəşirqızı, Xalq artisti, "Şöhrət” ordenli İlham Namiq Kamal, Xalq artisti Fatma Mahmudova, Əməkdar artistlər Novruz Qartal, Boris Qrafkin, Çingiz Əhmədov, Əzizağa Əzizov, Ələkbər Əliyev, Almaz Ələsgərli, Nahidə Orucova, Əkbər Əlizadə, Nərgiz Kərimova, Səidə Şərifəliyeva, Svetlana Bulax, Anton Ferştandt, aktyorlar Gülcahan Salamova, Nadir Xasıyev, Elçin İmanov, Gülnarə Abdullayeva, Nadejda Povelitsina, Firus Məmmədov, Möylə Mirzəliyev, Məhərrəm Qurbanov, Ülviyyə Əliyeva, Emil Heydərov, Elnarə Nağdəliyeva, Mehriban Zalıyeva, GültacHüseyn Əlililər, Əliməmməd Novruzov, Ağaxan Şərifov, Rəsmiyyə Nurməmmədova, Telnaz Hüseynova, Güldanə Əzimova, Yuliya Heydərova, Gülçöhrə Abdullayeva, Gülnarə Əzizova, gənc aktyorlar Ruslan Mürsəlov, Rauf Babayev, Əmrah Dadaşov, Eleanora Mustafayeva, Eleanora Mehdiyeva, Aydan Həsənova, Səmədzadə Xasıyev, Nicat Əli, Elməddin Dadaşov, Şaban Cəfərov, Nigar Qarayeva, Fərid Rzayev, Türkel Tariqpeyma, eləcə də kiçikyaşlı aktyorlar Atilla Məmmədov, Rahib Məmmədzadə, Hüseyn Nağıyev və başqalarının iştirakı ilə "Ər və arvad”, "O olmasın, bu olsun”, "Arşın mal alan” (Ü. Hacıbəyli), "Nuri-didə Ceyhun” (Əli Əmirli), "Mənim günahım” (İ.Əfəndiyev, Q.Qarayev), "Mən dəyərəm min cavana” (T.Vəliyeva, F.Sücəddinov), "Bankir adaxlı” (T.Vəliyeva, E.Sabitoğlu), "Qızıl toy” (O.Kazımi, R.Heydər), "Baladadaşın toy hamamı” (Elçin), "Molla Nəsrəddinin beş arvadı" (İ.Sadıqov, tərcümə edən D.Mustafayev), "Toya bir gün qalmış” (Ə.Səmədli), "Qodonun intizarında” (F.Qarayev, S.Bekket), "999-cu gecə” (F.Əmirovun musiqiləri və “Min bir gecə” nağıllarının motivləri əsasında), "Hacı Qara” (M.F.Axundzadə), "Amerikalı kürəkən” (R.Mirişli, M.Haqverdiyev), "Kimdir müqəssir?” (Ə.Haqverdiyev), "Talelər qovuşanda” (R.Hacıyev) və s. tamaşaları izləyə biləcəklər. Habelə rusdilli tamaşaçılar üçün "Silva” (İ.Kalman), "Qafqazlı qardaşqızı” (R.Hacıyev), "Qızıl Cücə” (V.Ulanovski, V.Orlov) tamaşaları nümayiş olunacaq.

Teatr kollektivi, həmişə olduğu kimi, balaca teatrsevərləri də diqqətdə saxlayır və onların zövqlərini oxşayan "Bremen musiqiçiləri və Pen” (C.Barri, Qrimm qardaşları), "Meşə çaqqalsız olmaz” (Ə.Səmədli), "Qırmızı papaq” (E.Sabitoğlu, Y.Şvarts), "Dəcəl çəpişlər” (O.Zülfüqarov, R.Heydər), "Yatmış gözəl və cırtdanlar” (Ş.Pero, səhnələşdirən A.Sadıqov), habelə rus dillində "Qızıl cücə” (V.Ulanovski, V.Orlov), "Düyməcik” (H.K.Andersen), "Qoğalın macəraları” (Rus xalq nağılı) və başqa tamaşaları nümayiş etdirəcək.

Qeyd edək ki, yaxın günlərdə teatrın rus truppasının aktyorlarının hazırladığı "Bir dəfə Bağdadda” (E.Sabitoğlu, V.Kolmanovski) tamaşasının premyerası nəzərdə tutulur.

Bundan başqa, 4 ay ərzində Musiqili Teatrda bir çox beynəlxalq layihələrin həyata keçirilməsi və tamaşaçı auditoriyası ilə “dəyirmi masa” ətrafında söhbətlər, görüşlər, sənət ustalarının yubiley və anım günlərinin keçirilməsi də planlaşdırılır.

Bəli, Musiqili Teatrda yeni mövsüm başlayır. Teatrın bir-birindən maraqlı tamaşalarına baxmaq istəyirsinizsə, afişaları izləyin.

-Musiqili Teatrı digər teatrlardan fərqləndirən hansı cəhətlər var?

-           Musiqili Teatrın o biri teatrlardan ən böyük fərqi odur ki, burada çalışan aktyorların geniş səs imkanları var, başqa teatrlarda bu tələb olunmaya da bilər. Repertuar seçimi genişdir. Teatrımızın təmirdən sonrakı görünüşü fərqlidir, əsl nağıllar aləmini xatırladır.

-Teatrda kollektivin yaradıcılıq uğurlarını sıralamaları üçün kifayət qədər şərait yaradılıbmı? Kollektiviniz tamaşaçılardan razıdırmı?

-           Əlbəttə, yaradıcı heyətin uğurlarını saymaqla bitməz, onlar hər zaman istər respublika, istərsə də xarici ölkələrdə təşkil olunan müsabiqə və festivallarda iştirak edir, qalib gəlirlər. Tamaşaçılarımıza gəlincə isə əminliklə deyə bilərəm ki, həftə sonları onların ən sevimli məkanı Musiqili Teatrdır. Bu həmişə belə olub və belə də olacaq. Çünki teatr rəhbərliyi, yaradıcı heyət işləri düzgün qurur və tamaşaçılara yüksək xidmət göstərmək fəaliyyətinə məsuliyyətlə yanaşır.

-Ümumiyyətlə, teatrınızın əsas tamaşaçıları, əsasən, hansı yaş təbəqəsindən olur?

-           Demək olar ki, 3-4 yaşlarından başlayaraq hər yaş qrupundan tamaşaçılarımız var. Sevə-sevə gəlirlər. Bizim teatrla yaxından maraqlanan digər millətlərin nümayəndələri də öz heyranlıqlarını gizlətmirlər.

-Bəzən deyirlər ki, teatra sovet dönəmində olduğu kimi, tamaşaçı ilgisi yoxdur. Necə düşünürsünüz, ilbəil tamaşaçı sayı, diqqəti artır, ya azalır?

-           Düzünü desəm, mən belə yanaşma tərzinə birmənalı baxmıram. Demək olar ki, elm-texnikanın sürətli inkişafı bir yandan işlərimizi asanlaşdırsa da, bir yandan da tənbəlləşdirir. Evdə oturub televizorkompüter qarşısında tamaşaya baxmaqla teatrlarda sevimli aktyorları yaxından görmək, onlarla ünsiyyət qurmaq arasında böyük fərq var. Canlı ifaları görmək adama tam başqa zövq verir... Teatr binamız Bakının ən görkəmli məkanında, Dənizkənarı Bulvarla üzbəüz yerləşir. Teatra gələrkən bir az yol qət eləmək, dəniz havası udmaq, tamaşadan zövq almaq insanın həm səhhətinə xoş təsir edir, həm də ruhuna qida verir.

-Heç özünüz hansısa rolda yer almaq istəmisinizmi? Teatrı həyatınızın bir hissəsi saymaq olarmı?

-Mən bundan əvvəl Zaqatalada Mədəniyyət sahəsində çalışmışam. Orada fəaliyyət göstərən Xalq Teatrında, hətta həvəskar aktyor kimi yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Vicdanın hökmü” tamaşasında Ana obrazını canlandırmışam”. Tamaşaçıların dediyinə görə təsirli alınıb. Musiqili Teatrda isə heç vaxt aktyor kimi oynamağı düşünmürəm. Peşəkar aktyorların rollarından zövq alıram. Onlar neçə illərdir ki, özlərini bu sənətə fəda ediblər. Belə məsuliyyəti heç vaxt daşımağa cürətim olmaz.

-Sosial şəbəkələrdə aktivsiniz, sizin maraq dairənizin geniş olduğu çox aydın görünür. Bəs, sizi teatra çəkən nədir?

-           Uşaq vaxtlarımdan teatra çox böyük marağım var. Teatrla sanki nəfəs alıram. Məktəb illəri və tələbəlik illərimdə qısa həcmli ssenarilərdə rol oynamışam. Hələ uşaq vaxtlarımda rayonumuza gələn teatr truppalarının çıxışlarına çox böyük həvəslə baxırdım. Teatr Azərbaycanın milli sərvətidir. Onu təbliğ etməli və yaşatmalıyıq. Bu istiqamətdə indi tutduğum mövqedən çıxış edərək əlimdən gələni edirəm.

-“Facebook” və “Instagramsosial hesablarınızdakı şəkillərdən da görürəm ki, qeyri-adi əl işləri düzəltmək kimi hobbiniz var. İncəsənətin bu sahəsi sizə teatrda çalışmağa mane olmur ki?

-           Mən uzun müddət əl işləri ilə hobbi kimi məşğul olmuşam və məqsədim insanların tullantı hesab etdiyi əşyalara 2-ci həyat vermək, “ekoloji təmizliyə çağırış”, təkrar istehsalın faydalarını aşılamaqdır. Respublika səviyyəli festivallarda əl işlərimdən nümunələr nümayiş olunub, Zaqatalada isə bir neçə dəfə “Tullantıdan Sənətə” adlı fərdi sərgim keçirilib, çox maraqla qarşılanıb.

-Sonda tamaşaçılara sözünüz, təklifiniz və ya iradınız.

-           Sözüm odur ki, uşaqlarınıza teatrı sevdirin, hər halda, mobil telefonda oynadıqları yorucu oyunlardan daha faydalıdır. Övladlarınızın daha sağlam düşüncə sahibləri olmağını istəyirsinizsə, onlara şərait yaradın, teatrlara gəlsinlər. Bəlkə, hansısa tamaşadan aldığı yüksək təəssürat onu gələcəyin dahisinə çevirəcək. Teatr başqa aləmdir. Teatr cəmiyyətin güzgüsüdür. Teatr mədəniyyətdir. Teatr həyatdır. Qoy, teatr hər kəsin həyat tərzinə çevrilsin. Əsas budur.

 

Tural Tağıyev

 

Palitra  2018.- 27 sentyabr.- S.13.