Azərbaycan Xalq Cümhuriyyətinin maliyyə siyasəti

Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan tarixinin şanlı, eyni zamanda mürəkkəb və ziddiyyətli dövrünü təşkil edir. Azərbaycanda müstəqil dövlətin yaranması iqtisadiyyatın da tamamilə yenidən qurulmasını tələb edirdi. Lakin I Dünya müharibəsi, ikihakimiyyətlilik dövründə Cənubi Qafqazda baş alıb gedən anarxiya, hərc-mərclik, xalqın varidatının bolşevik-daşnak hökuməti olan Bakı Soveti və “Sentrokaspi” diktaturası tərəfindən talan edilməsi və nəhayət, müstəqil dövlət quruculuğu dövründə ölkənin xarici qoşunların təsiri altında olması nəticəsində iqtisadiyyatın dağılması hökuməti böyük çətinliklərlə qarşılaşdırmışdı. Hökumətin iqtisadiyyat sahəsində əsas vəzifəsi yalnız dağılmış təsərrüfat sahələrini bərpa etmək deyil, həm də yeni iqtisadi sistemin prinsiplərini müəyyənləşdirmək və həmin prinsiplər əsasında islahatlara başlamaq idi. Bu islahatlardan ən mühümü milli valyuta sahəsində atılacaq addımlar idi.

Azərbaycan Xalq Cümhuriyyəti hökuməti inflyasiyanın qarşısının alınması, inflyasiya şəraitində maaşların və pul tədavülünün tənzimlənməsi, milli valyutanın yaradılması istiqamətində mühüm tədbirlər görürdü.

Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin fəaliyyəti dövründə təqdim olunmuş 315 qanun layihəsindən 82-si Maliyyə Nazirliyi tərəfindən təqdim edilmişdi. Hökuməti ağır maliyyə vəziyyətini düzəltmək, maliyyə sistemini ciddi böhrandan xilas etmək üçün “Bakı bonu” adlanan yeni pullar buraxmağa vadar edirdi.

Bakı Sovetinin hakimiyyəti dövründə - 1918-ci ilin əvvəllərindən başlamış və 1918-ci ilin martın sonunadək buraxılmış Bakı bonları ilə əlaqədar hər hansı qayda-qanunun və heç bir hesabatın olmaması pul imkanlarının olmasına təminat vermirdi.

Həmin vaxt ölkədə 4 valyuta var idi: 1) Çar Rusiyası tərəfindən kəsilmiş rubllar; 2) Müvəqqəti hökumətin kəsdiyi rubllar; 3) Tiflisdə buraxılmış Zaqafqaziya bonları; 4) Bakı bonları. Bütün bu valyutalar qanuni ödəniş vasitəsi olaraq dövriyyədə idi.

Yaranmış şəraitlə əlaqədar olaraq F.Xoyski İstanbuldakı nümayəndə heyətinə Türkiyədə Azərbaycan bonlarının hazırlanmasını sifariş etməyi tapşırdı. Türkiyə Dəniz Nazirliyinin mətbəəsi bonların çapını öz üzərinə götürdü. Tezliklə 30 milyon bon (manat) kəsildi.

1918-ci ilin 22 sentyabrında respublikada pul dövriyyəsi məsələsi həll olunana qədər 10, 25 və 50 manatlıq Bakı şəhər pul nişanlarının buraxılması qərara alındı. Həmin pul nişanlarının buraxılması, dövriyyədən çıxarılması qaydaları müəyyən olunarkən, Bakı şəhər özünüidarə orqanının və keçmiş şəhər təsərrüfatı şurasının dövriyyədəki pul nişanları ilə əlaqədar qəbul etdiyi qaydalar əsas götürülürdü.

1918-ci il oktyabrın 9-da hökumət respublikada dövriyyədə olan pul nişanları üçün vahid məzənnə müəyyən etdi. Milli valyutanın dönərliyini təmin etmək məqsədilə hökumət Bakı bonu ilə digər valyutaların məzənnəsini aşağıdakı kimi müəyyən etmişdi. 1000 rubl (“karenka”, müvəqqəti hökumətin) – 1850 manat; 500 rubl (“romanovka”) - 1600 manat; 100 rubl (“romanovka”) - 350 manat; 1 funt-sterlinq- 310-315 manat; 1 dollar- 250 manat; 1 frank- 8-10 manat; 1 İtaliya lirəsi – 7 manat; 1 İran tüməni – 125-130 manat; 1 Türkiyə qızıl lirəsi – 390 manat; 1 rus qızıl rublu – 420 manat; 1 Nobel aksiyası – 16500 manat. 1919-cu il yanvarın 27-də Gürcüstanla birgə Cənubi Qafqaz nümunəli 40 milyon bon buraxılması qərara alındı (respublikanın hərəsi 20 milyon almalı idi). 1919-cu il martın 30-da hökumət mövcud pul nişanlarından əlavə, 100 manatlıq pul əsginaslarının yeni seriyasının buraxılmasına icazə verdi.

Cümhuriyyət hökuməti 1919-cu il 3 mart tarixli qərarı ilə Bakı bonlarının Cənubi Qafqaz bonlarına sərbəst dəyişdirilməsinə icazə verdi. 11 martdan etibarən isə bonların buraxılması bərpa olundu. Buraxılan pul nişanlarının Bakı xəzinədarlığında saxlanılması və uçotunun aparılması qaydası Hökumətin 1919-cu il 2 aprel tarixli qərarı ilə müəyyən edildi. 23 apreldən etibarən isə Bakı bonlarının Cənubi Qafqaz bonlarına sərbəst dəyişməsi ilə yanaşı, onların Azərbaycan bazarına buraxılmasına da icazə verildi.

Lakin sonrakı dövrdə inflyasiya daha da gücləndi. Bakı bonu kursunun funt-sterlinqə nisbətdə aşağı düşməsi məlumdur: 1919-cu ilin oktyabrında 1 funt-525 manat, noyabrın əvvəlində isə 720 manat oldu.

Buna görə də hökumətin maliyyə siyasətində başlıca vəzifəsi emissiyanı dayandırmaqdan, başqa mənbələr və üsullar tapmaqdan ibarət idi. 1919-cu il mayın 5-də parlament tələb olunan məbləğdə pul kəsilməsinə icazə verən qanun qəbul etdi və onu da bildirdi ki, parlamentin icazəsi olmadan əlavə kağız pul kəsmək olmaz. M.Ə.Rəsulzadə əhalidəki pulun dövriyyəyə cəlb edilməsi yollarından biri kimi daxili istiqraz buraxılmasını təklif etdi.

Təsadüfi deyildi ki, H.Z.Tağıyev 1919-cu ilin iyununda Baş nazir N.Yusifbəyliyə rəsmi müraciətində maliyyə və milli valyuta məsələlərinə diqqət yetirərək bu işdə qətiyyətli olmağı təklif edirdi.

Yaranmış vəziyyəti yaxşı başa düşən hökumət bu məsələni yalnız bank işinin təşkili ilə sıx əlaqədə təşkil edə bilərdi. Aydın olurdu ki, milli bank təsis edilməzsə, hökumət maliyyə sistemini yarada bilməyəcək. İlk əvvəldən bu məsələdə hökumət ingilis komandanlığından müəyyən mənada asılı vəziyyətə düşmüşdü. Azərbaycana gəldikdən sonra müttəfiqlərin komandanlığı faktiki olaraq bütün inzibati hakimiyyəti öz əlində cəmləşdirmiş, bir çox mühüm strateji obyektlərin maliyyələşdirilməsini milli hökumətin üzərinə qoymuşdu. İqtisadiyyatın mühüm sahələrindən biri olan bank sistemi ingilis komandanlığının nəzarəti altında idi.

İngilislər ölkədə bütün iri maliyyə əməliyyatlarının aparılmasında Rusiya Bankı Bakı şöbəsinin yeganə səlahiyyətli orqan kimi qalmasını təkid edir, alternativ layihələrlə razılaşmırdılar. Müttəfiq qoşunların komandanlığı açıq şəkildə bildirirdi ki, Paris sülh konfransında yeni yaranmış müstəqil dövlətlərin məsələsi həll edilənə qədər, Rusiya Bankının Bakı şöbəsi neytral müəssisə olaraq qalmalıdır.

Lakin hökumət bununla razılaşmamış, bankın müstəqil maliyyə qurumu kimi fəaliyyət göstərməsinin bildirmişdi. Bu məqsədlə hökumət Dövlət Bankının Bakı şöbəsinin statusu, Bank, komandanlıq və hökumət arasında qarşılıqlı əlaqələrin nizamlanması istiqamətində xüsusi müşavirələrin keçirilməsi praktikasını tətbiq etməyə başladı.

Nəhayət, 1919-cu ilin bütün yayı ərzində ali komandanlıqla hökumət arasında keçirilən müşavirə və danışıqların nəticəsində Milli bankın açılmasının zəruriliyini hər iki tərəf təsdiqləyib, razılığa gələ bildi.

1919-cu il avqustun 18-də müzakirəyə təqdim olunan qanun layihəsi 1919-cu il avqustun 23-də üçüncü oxunuşdan sonra qəbul olundu. Azərbaycan Dövlət Bankının məqsədi pul tədavülünü asanlaşdırmaq, habelə pul sistemini möhkəmləndirməkdən ibarət idi. İlk vaxtlar bankın əsas kapitalı 500 milyon, ehtiyat kapitalı isə 20 milyon idi. İndi bank kağız pul kəsmək üçün müstəsna hüquqa malik idi.

1919-cu il sentyabrın 18-də Dövlət Bankının nizamnaməsi təsdiqləndi və sentyabrın 30-da onun təntənəli açılışı oldu. 1919-cu il sentyabrın 1-dən fəaliyyət göstərən Gəncə bankı oktyabrın 25-də Dövlət Bankının şöbəsi statusunu aldı.

1919-cu il oktyabrın sonunda parlament 12 mərkəzi və 70 yerli əmanət kassaları, 200-ə qədər xırda kredit müəssisələrinin açılması haqqında qanun layihəsi qəbul etdi.

Dövlət Bankının, əmanət banklarının, xırda kredit və digər maliyyə strukturlarının təsis edilməsi maliyyə-kredit siyasətini möhkəmləndirdi, pul tədavülü üzərində nəzarəti gücləndirdi.

1919-1920-ci illərdə buraxılmış pul vahidlərinin adları Azərbaycan dilində manatla, rus dilində isə rubl ilə verilmişdir. Burada əsas məqsəd uzun illər Rusiya kağız pullarına öyrəşən əhalinin hələ də dövriyyədə qalan Rusiya rubluna nisbət tədricən yeni milli respublika puluna inamını qazanmaq idi. Azərbaycan Xalq Cümhuriyyətinin bu sahədəki iqtisadi siyasəti milli valyutanın beynəlxalq miqyasda tanınması ilə bağlı olunmuşdur. Məhz buna görə də Fransa hökumətinin dəstəyini hiss edərək (qismən də fransız dilinin o dövrdə beynəlxalq dil rolunu nəzərə alaraq), Cümhuriyyət 500 manatlıq pulların üzərində respublikanın və nominalın adlarını fransız dilində verməyi lazım bilmişdi.

1919-cu il avqustun 20-də hər biri 500 manat olmaqla yüz min ədəd və hərəsi əlli bilet olmaqla iki min seriyaya bölünmüş əlli milyon manatlıq uduşlu istiqraz buraxılmışdı. Biletlərin üzərində istiqraz buraxılması haqqında Qanundan iqtibas, uduşun miqdarı, qaydaları və müddəti (1920-1972) göstərilmişdir.

1919-cu il mayın 26-da hökumətin qəbul etdiyi qərarda köhnəlmiş pul nişanlarının ödənişə qəbul olunması və dəyişdirilməsinin qaydaları, habelə belə pul nişanlarını qəbul etməkdən boyun qaçıran xəzinədarlıq kassaları işçiləri barədə görüləcək inzibati tədbirlər ətraflı şəkildə göstərilmişdi. 1919-cu il noyabrın 8-dən etibarən bütün idarələrin dövlət kassalarına yalnız Azərbaycan Xalq Cümhuriyyətinin, habelə Bakı şəhər özünüidarə orqanı, şəhər təsərrüfat şurasının və Zaqafqaziya komissarlığının pul nişanlarını qəbul etmək icazəsi verilmişdi. 1919-cu il dekabrın 1-də parlamentinin qəbul etdiyi qanuna əsasən, Azərbaycan Xalq Cümhuriyyəti 600 milyon manat məbləğində pul nişanlarını buraxmaq haqqında icazə verdi. Bakı bonlarının buraxılması müstəqil dövlətin maliyyə-təsərrüfat işlərinin sahmana salınmasında və müstəqil maliyyə siyasətinin yeridilməsində əhəmiyyətli rol oynadı.

N.M.Süleymanov

Tarix elmləri doktoru,

Azərbaycan Dövlət İqtisad Universiteti

Humanitar fənlər kafedrasının professoru

Palitra.-2018.-29 sentyabr.-S.7.