Orfoqrafiya qaydaları ilə bağlı təkliflərə əlavə

Əsgər İlkin.

Müstəqil dil kimi ana dilimizin özünün tarixi ənənələrə söykənən fonetik sistemi, zəngin lüğət tərkibi, orijinal qrammatik strukturu vardır. Müstəqilliyi şərtləndirən zəruri amillərdən biri də yazıdır.

Şifahi nitqə nisbətən dil tarixinin sonrakı inkişaf mərhələsində meydana çıxan yazı onun inkişafı dilimizin yaşaması, inkişaf etməsi, təşəkkül tapması kimi məsələlərdə mühüm rola malikdir. Bu baxımdan qədim tarixi köklərə malik olan xalqımızın qədim yazı mədəniyyəti, yazı ənənələri mövcuddur. Şübhəsiz ki, yazı mədəniyyətinin inkişaf edib formalaşması, bir ənənəyə çevrilməsi, dildə sabitləşməsi bilavasitə orfoqrafiya qaydaları ilə bağlıdır. Orfoqrafiya qaydaları da sabit əsasən dəyişməz olmalıdır.           

Orfoqrafiya qaydaları hamının məcburi surətdə riayət etməli olduğu qaydalardır. Buna görə bu qaydaları elə düzəltmək lazımdır ki, işlədənlər könülsüz, şüursuz məcburiyyət hissi ilə yox, könüllü məcburiyyət hissi duyaraq işlətmiş olsunlar. Yəni dilin düzgün yazı qaydalarını müəyyənləşdirərkən həmin dildə danışan millətin ümumiləşdirilmiş olduğu ədəbi tələffüz normalarını, daha doğrusu, ədəbi tələffüz zövqünü nəzərə almaq zəruridir. Belə olarsa, verilmiş orfoqrafiya qaydalarının hamı tərəfindən məqbul sayılıb, bəyənilib asanlıqla mənimsənilib işləniləcəyinə tam əminlik yaranır. Həm belə qaydalar tez sabitləşir uzun müddət yaşaya bilər”. (Əbdüləzəl Dəmirçizadə)                                

Bu mənada orfoqrafiya lüğətinin VII nəşri üçün tövsiyə olunmuş orfoqrafiya qaydalarının çap olunmazdan əvvəl ictimaiyyətin müzakirəsinə təqdim olunması çox yaxşı bir haldır. Əlbəttə, bu, dilimizin, xüsusən yazılı nitqimizin inkişafı istiqamətində atılmış çoxsaylı mühüm addımlardan biri kimi dəyərləndirilməlidir. 

Hələlik 69 bənddən ibarət olan lüğətdə çapı üçün tövsiyə olunan orfoqrafik qaydaların müzakirəyə verilməsi onu göstərir ki, Azərbaycan dilinin orfoqrafiya lüğətinin VII nəşri öz tutumuna, elmiliyinə, sanbalına, dəqiqliyinə görə əvvəlki nəşrlərdən əsaslı şəkildə fərqlənəcəkdir. Bu cəhətdən elmi arqumentlərlə əsaslandırılmış  hər bir  təklifin, hər bir fikrin dəyərləndirilməsinin  yazı qaydalarının sabitləşməsində böyük rol oynayacağını düşünürük. Məhz buna görə müzakirəyə təqdim olunmuş orfoqrafiya qaydaları haqqında əlavə təkliflərimizi təqdim etməyi zəruri hesab edirik. Orfoqrafiya qaydaları haqqında təkliflərimiz aşağıdakılardan ibarətdir:

 

1.    Layihənin 1-ci bəndində göstərilir: “Azərbaycan dilinin lüğət tərkibində əksəriyyət təşkil edən milli sözlərin bir çoxu deyildiyi kimi yazılır”. Təklif edirik ki, bu cümləAzərbaycan dilinin lüğət tərkibində çoxluq təşkil edən milli sözlərin böyük əksəriyyəti deyildiyi kimi yazılırşəklində verilsin.

2.    LayihəninMürəkkəb sözlərin yazılışıbölməsində göstərilir ki (42-ci bənd), tərkibində -anti hissəciyi olanmürəkkəb sözlərbitişik yazılır. Əslində, -anti qoşulduğu sözdə əksilik, ziddiyyət məzmunu yaradan rus-avropa mənşəli ön şəkilçidir. Yəni qoşulduğu söz mürəkkəb deyil, düzəltmə olur. Məs.: antifaşist, antidemokrat s.

3.    Bitişik yazılan mürəkkəb sözlər bölməsində (“b” bəndində) belə bir qayda verilib: “eyni feil kökünün təkrarı a, ha bitişdiricilərinin vasitəsilə yaranan mürəkkəb isimlər: gəlhagəl, qaçaqaç, tutatut, vurhavur s. (bitişik yazılır—İ.Ə.)

Qeyd: Sözün kökü kar samitlə bitdikdə a, cingiltili samitlə bitdikdə isə ha bitişdiricisi yazılır”. Lakin lüğətdə öz əksini tapmışgethaget” (səhifə 258)  sözü bu qayda ilə ziddiyyət təşkil edir. Ona görə qayda üzərində müəyyən düzəlişlər aparılsa, daha uğurlu olar.

4.    Layihənin 45-ci bəndində yazılır ki, “birhecalı qoşmalar ( -can, -cən, -dək, -tək ) aid olduqları sözə bitişik yazılır: dağacan, evəcən, küçəyədək, quştək”. Yaxşı olardı ki, qaydaşəkilçiləşmiş birhecalı qoşmalar ( -can, - cən, -dək,) aid olduqları sözə bitişik yazılır  formasında verilsin. Xas”, “təkkimi birhecalı qoşmalar isə ayrı yazılsın. Məs.: şirə xas, quş tək s.

5.    Təkliflərimizdən biri ondan ibarətdir ki,  ay adlarının düzgün yazılışı haqqında bir bənd əlavə olunsun. Düzdür, 58-ci bənddə belə bir qayda verilib: Aşağıdakı mürəkkəb adların tərkibində olan sözlərin ancaq birincisi böyük hərflə yazılır:                                                     

a) məşhur tarixi gün bayram adlarında: İyirmi yanvar (20 Yanvar), Qurban bayramı, Səkkiz mart ( 8 Mart ), Novruz bayramı s.

Lakin bu qayda düzgün olsa da, dəqiq deyil. Orfoqrafiya qaydaları sabit olmalı, bir sözün bir neçə formada yazılışına imkan verməməlidir. Təsəvvür edin ki, “21 Fevral Beynəlxalq Ana dili Günü”, “9 Noyabr Bayraq Günü”, “18 Oktyabr Müstəqillik Günükimi mürəkkəb adlarda ay adları böyük yazıldığı halda, “27 dekabr 2017-ci il”, “15 mart 2017-ci ilkimi birləşmələrdə kiçik yazılır. Bir neçə cümləyə nəzər salaq: 1) 18 Oktyabr xalqımızın tarixində əlamətdar günlərdən biridir. 2) 18 oktyabr tarixində məktəbimizə yoxlama gəlmişdir. 3) 18 oktyabr 2017-ci il s. Göründüyü kimi, bir sözün iki yazılış forması meydana çıxır ki, bu da orfoqrafiya qaydalarına ziddir. Buna görə orta məktəbdə şagirdlər yoxlama imla, yoxlama inşa yazanda ay adlarınının ilk hərfini  gah böyük, gah da kiçik yazırlar. Təklifimiz ondan ibarətdir ki, ay adlarının hamısının ilk hərfi ya böyük, ya da kiçik hərflə yazılsın. Ancaq biz ay adlarınınilk hərfinin böyük yazılmasının tərəfdarıyıq. Məs.: Yanvar, Fevral, Mart, Aprel, May, İyun, İyul, Avqust, Sentyabr, Oktyabr, Noyabr, Dekabr.

6.    Təkliflərimizdən biri abraviatura qaydaları ilə bağlıdır. Hesab edirik ki, ixtisarlarla bağlı qaydalar yenilənməli, müəyyən əlavə düzəlişlər aparılmalıdır. Demək olar ki, orfoqrafiya lüğətinin çap olunmuş bütün nəşrlərində bu məsələyə münasibət eyniyyət təşkil edir. Hətta misallar belə eynidir. İxtisarların növləri haqqında məlumat aydın verildiyindən izahata ehtiyac duymuruq. Bu məsələ ilə bağlı təkliflərimiz bunlardan ibarətdir.                                                                                                a)  təklif edirik ki, qısaltmalar zamanı istifadə olunan qrafik işarələrin sırasına drop — əyri xətt (/) əlavə olunsun.Drobun funksiyası, texniki cəhətdən işlənmə arealı məqamları daha çoxdur. Bu işarədən Azərbaycan dilində,  xüsusən sözlərin ixtisarı zamanı geniş istifadə olunur. Abreviatura qaydalarından bəhs edən dilçilik ədəbiyyatında, demək olar ki,  drobun (əyri xəttin) qısaltmalardakı rolu haqqında heç deyilmir. Adətən tərkibində "kiçik", "baş" s. kimi sözlər olub  rütbə, dərəcə, vəzifə bildirən söz birləşmələrinin ixtisarı zamanı drobdan istifadə olunur.

Məsələn:                                                                  

 

kiçik çavuş - k/çavuş                                                                          

 

kiçik gizir - k/gizir                                                                           

 

baş çavuş - b/çavuş                                                                         

 

baş əsgər - b/əsgər                                                                           

 

baş leytenant - b/leytenant                                                              

 

baş gizir - b/gizir                                                                           

 

baş laborant - b/laborant                                                                         

 

baş müəllim - b/ müəllim                                                                       

 

baş mühasib - b/mühasib s.

 

b) bənddə verilir ki, “sözün orta hissəsinin düşməsi ilə yaranan ixtisarlar defislə yazılır: d-r (doktor), z-d (zavod) və s.” Lakin dil faktları göstərir ki, bu qaydadan təkcə sözdə yox,  həm də II və III növ təyini söz birləşmələrinin yazılışında  tətbiq olunur. Xüsusən də ödəmə terminallarının, kassa aparatlarının, poçtların verdiyi qəbzdə bu daha çox müşahidə olunur. Məs.: Nərimanov rayonu —Nərimanov r-nu, Xəzər rayonu—Xəzər r-nu, Bakı şəhəri—Bakı ş-ris. Layihədə ixtisarların bu formalarına münasibət bildirilib qaydalarda müvaviq düzəlişlər aparılsa, daha yaxşı olar. Bundan başqa, əməli yazı növlərinin bəzi növlərində də söz birləşmələrinin göstərilən şəkildə yazılışına  təsadüf olunur.

7.    Layihənin 68-ci maddəsində belə bir bənd var: “Durğu işarələri (tire, defis, mötərizə, dırnaq işarələri və s.) yeni sətrə keçirilmir”. Burda durğu işarələri adı altında verilmişdefisdurğu işarəsi deyil, orfoqrafik işarədir. Bundan başqa, durğu işarələri sintaktik kateqoriya olduğu halda, defis morfoloji kateqoriyadır.

Palitra  2018.- 17 yanvar.- S.6.