Şirindil Alışanlı: “Nəzm yığnağına öz təxəllüslərini pərçim edib şeiri hörmətdən salırlar”

 

Müsahibimiz AMEA-nın Ədəbiyyat İnstitutunun XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri filologiya elmləri doktoru, professor, tənqidçi-ədəbiyyatşünas Şirindil Alışanlıdır.

 

- Şirindil müəllim, ötən əsrin yetmişinci illərinin ikinci yarısından ədəbi-tarixi prosesin şahidi və iştirakçısı olmusunuz. Şübhəsiz, bugünkü ədəbiyyatımız XX əsr, o cümlədən klassik mənəvi sərvətlərimizin əsasında yaranıb. Bu zaman hüdudlarında ədəbi varisliyi necə dəyərləndirərdiniz?

- Əsli-kökü, tarixi yaddaşı olmayan xalq olmadığı kimi, onun ədəbiyyatı, mədəniyyəti də yoxdur. Hətta yaxın əsrlərin tarixi ədəbi prosesinin inkişaf özəlliklərinə nəzər salsaq, fasiləsiz yaşam haqqı olan ədəbi norma, janr, obrazlı dil ənənələrinin mövcudluğunu görərik. Ədəbi fikirdə də qabarma və çəkilmələr olub və olacaqdır. Lakin bədii düşüncənin elə daxili qanunauyğunluqları formalaşıb ki, bunlar mənəvi mədəniyyətin mövcudluq daşıyıcılarıdır. Onu inkar etmək zahirən mümkündür. Əslində isə yüz illər boyu formalaşmış estetik dəyərlərdən kənar nə indiki, nə də gələcək ədəbiyyatın mövcudluğunu təsəvvür etmirəm. Sivilizasiyalar yaranır, tarixin səhnəsindən çıxır, lakin onların yaratdığı mənəvi sərvətlər müxtəlif biçimdə gündəmə gəlir.

- Siz bir müddət Ədəbiyyat nəzəriyyəsi bölməsinin, Tarixi poetika şöbəsinin və on ildən artıqdır ki, XX əsr (sovet dövrü) ədəbiyyatı şöbəsinin müdirisiniz. Bunlar vəzifə keçidləridir, yoxsa elmi maraqyaxud tədqiqat predmeti ilə bağlı olmuşdur?

- Mənim nəşr olunmuş kitablarımla, 1976-cı ildən dövri mətbuatda çıxan yazılarımla tanış olsanız, şahidi olacaqsınız ki, dediyiniz problemlər mənim yazılarımda biri digərini tamamlayan amillərdir. Ədəbi-tarixi təcrübəyə əsaslanmayan nəzəri qənaətlər yaşamadığı kimi, nəzəriyyəsiz də ədəbiyyat tarixi klassik təzkirəçilikdən forma, ifadə etibarilə fərqlənməyəcək. Gəlin, əvvəlcə XX əsr (sovet dövrü) ədəbiyyatının xalqımızın mənəvi mədəniyyətinin inkişafındakı xidmətlərinə ötəri nəzər salaq. Əvvəla, sovet sivilizasiyası bəşər tarixində böyük elmi-texniki göstəriciləri ilə mövcud olduğu kimi, mədəniyyətin bütün sahələrində, o cümlədən ədəbiyyat sahəsində də dünya klassikasına çevrilmiş əsərlər və adlarla kifayət qədər zəngindir. Bunları sadalayıb vaxtınızı almaq istəmirəm. İstərdim ki, humanitar sahəyə gələnlər, heç olmasa, yaxın tarixi dövrü öyrənsinlər. XX əsr SSRİ ərazisində yaşayan digər xalqlar kimi, bizimdüçar olduğumuz qanlı faciələrlə yanaşı, sözün həqiqi mənasında böyük mədəni inqilab sayəsində bugünkü ədəbi dilimiz, məhz XX əsrdə toplanıb yüksək tirajla nəşr edilmiş folklor irsimiz, teatr və dramaturgiya ənənələrimiz, dünya arenasına layiq poetik irsimiz var. Layiqli tərcüməsini tapsa, XX əsr lirikamızın min illər boyu yaşamaq haqqı olan poetik inciləri dünya ədəbi fikrini zənginləşdirən bədii faktlara çevrilərdi.

Bu gün klassik sənətkarlarımız, o cümlədən XX əsr ədəbiyyatımızın faktları yeri oldu-olmadı inkar edilir. Buna münasibətiniz necədir?

Bilirsiz, ilk növbədə klassik ədəbi irsi özünüonu dəyərləndirməyin nəzəri problemlərini öyrənmək lazımdır. Son iyirmi beş ilin tarixi təcrübəsi buna kifayət qədər imkan yaradır. İnkar edənlər özlərini də inkar edirlər. M.F.Axundzadəsiz, M.Cəlilsiz, M.Ə.Sabirsiz, Ə.Haqverdiyevsiz, S.Vurğunsuz, S.Rəhimovsuz, R.Rzasız, M.Müşfiqsiz bugünkü ədəbiyyat mövcud deyil. Bu zəngin ədəbi irs inkarçıların bədii yaddaşıdır, bu klassiklər olmasaydı nəyi inkar edərdilər və nəyin fonunda formalaşardılar, əgər bu baş tutubsa. Klassik ədəbi irsin, o cümlədən XX əsr ədəbiyyatının sənət meyarları baxımından seçilməsini, dəyərləndirilməsini fərdlərin, kiçik zaman kəsiyinin diqtə etdiyi populist meyarların sərəncamına buraxmaq olmaz. Ədəbi inkarçılıq böyük klassiklərin timsalında da olmuşdur. Tarix hər şeyi öz yerinə qoymuş, lakin bu inkarçılığa görə o böyük şəxsiyyətlər ədəbiyyat tarixindən silinməmişlər. Bu məqamda tənqidçi-ədəbiyyatşünasın rolu danılmazdır. Füzulini inkar edən M.F.Axundzadənin arqumentlərinin ədəbi fikrin tərəqqisi fonunda obyektiv araşdırılması mənasında ədəbiyyatşünas klassiklərimizin gördüyü işin nəticəsi bu günün ədəbi-elmi dərsləridir.

Digər bir məsələyə də toxunmaq istərdim. Alternativ fikir demək, əgər varsa, bunu bacarmaq, onun arxasında durmaq həmişə çətin olub. Bütün zamanlarda hər bir ədəbiyyat adamı fərdi zövq və ədəbi-ictimai qənaətlər sahibidir. Necə deyərlər, yekdil fikir ancaq məzarstanda olur.

Bizim istəyimizdən asılı olmayaraq ədəbi düşüncənin elə qatları var ki, ondan "yaxa qurtarmaq" mümkün deyil. Ədəbi fikirmilli genetik yaddaşdır, onun ağrılarına məlhəm olmaq, onun köklərini, səbəblərini səbirlə, təmkinlə, tarixi proseslərin fonunda qiymətləndirmək lazımdır.

- Sizcə, bu gün aşıq poeziyasına folklor deyib, israr edənlər nə qədər haqlıdırlar?

- Birdəfəlik nəzərə almaq lazımdır ki, tarixən aşıq sənəti (aşıq poeziyasını nəzərdə tutmuram) sinkretik fenomendir, ədəbi-mədəni hadisədir. Bu böyük sənət ümumən türk dünyasının mənəvi sərvətidir. Onun ortaq dəyərləri olduğu kimi, fərdiləşmiş cəhətləri də ortadadır. Musiqi, teatrallıq (bütün elementləri ilə), söz, üstəgəl xalqla ən yaxın ünsiyyət yaratmağa rəvac verən bədii forma zənginliklərinin kökündə konkret fərdlərin yaratdığı, digərlərinin inkişaf etdirdiyi folklorlaşma prosesi gedibbunu heç kim inkar etmir. Lakin aşıq poeziyası, aşıq şeri anlayışı bu ortaq sinkretik təfəkkür məkanında fərdiləşən bir hadisədir. Bunun yüzilliklər boyu yaranmış nümunələri var. Milli poetik dəyərlərin də əsas yarandığı ünvan, onun estetik daşıyıcısıdır. Qurbani, A.Tufarqanlı, Xəstə Qasım, Sarı Aşıq, Aşıq Alı, A.Ələsgər, A.Şəmşir kimi klassiklər tarixi ədəbi şəxsiyyətlərdir. Bu ədəbi irsi folklor hesab etməyin yaxın tarixi məqamlarda iki qeyri-məqbul, xoşagəlməz nəticəsini görmüşəm. Əvvəla, folklora, onun tükənməz dəyərlərinə qeyri-ciddi yanaşma mövcud olub. Folklorla məşğul olanların bir çoxu nağıldan, dastandan bu janrların zahiri görüntülərinə bənzər danışıb və yazıblar. Digər tərəfdən milli ədəbi fikrin, poetik təkamülün inkişafında, məsələn, M.P.Vaqifin, M.V.Vidadinin, Q.Zakirin formalaşmasında göstərdiyim adların yerinə yetirdiyi tarixi missiya kifayət qədər dəyərləndirilməyib. Aşıq poeziyası "Azərbaycan ədəbiyyatı tarixi" çoxcildliklərində folklor kimi təqdim olunub, bununla da bu böyük sərvətin tarixi ədəbi prosesdəki rolu bir növ kənarda qalıb. Təəssüf ki, bu proses indidavam edir. Bu gün nəşr olunan ədəbiyyat tarixində Aşıq Ələsgərin yeri hardadır? Uzaq tarixi keçmişdə, folklora, əfsanəyə çevrilmiş təsəvvürlərdə, yoxsa XIX əsrin poetik prosesinə yön verən ədəbi-bədii gedişatda? Özünüz nəticə çıxarın. Yanlış formalaşmış qənaətləri elmi dövriyyədən kənarlaşdırmağın çətinlikləri də çoxdur. Vaxt var idi, S.Vurğunu aşağılamaq üçün ona "aşıq-şair" deyirdilər. Bu da indiki inkarçılıq formalarına bənzər yaxın tarixi ədəbi dövrün yaramaz faktlarındandır. Aşıq poeziyasına nihilist münasibətin digər bir səbəbi də aşıqlara verilən, daha doğrusu, onların "boyuna biçilən" ictimai məddahlıq ənənəsidir. Bu məqamda poeziyanı ritorika əvəz edir. Hər ifaçı Aşıq Ələsgər olmaq iddiasına düşür. Nəzm yığnağına öz təxəllüsünü pərçim edib şeri-sərvəti hörmətdən salır.

– Müstəqillik dövrü ədəbiyyatının hansı problemlərini müşahidə edirsiniz? Bu dövrün ədəbi nümunələrindən hansıları xatırlayırsınız?

İctimai-siyasi mühitin dəyişimini ədəbi fikirlə eyniləşdirmək olmaz. Ötən əsrin 20-ci illərində müxtəlif ədəbi məktəblərə mənsub yazıçılar yazıb yaradırdılar. Yeni ictimai gerçəkliyin M.Cəlil, Ə.Haqverdiyev, H.Cavid irsinə təsiri zahiri səciyyə daşıyırdı. Onlar öz estetik ideallarına sadiq idilər. Müstəqillik illərində yazarlarımızın çoxu inersiya ilə yazırdılar. Bu gün modernizmin müxtəlif qollarına mənsubluqlarını elan edənləri bunu öz yazıları ilə sübut edə bilmədilər. Çünki bunun ictimai-fəlsəfi və estetik əsasları ortada yoxdurolmayacaq da. Milli ədəbi fikrə, az qala, bir əsr əvvəl mövcud olmuş "izmləri" süni şəkildə yamsılamaq ədəbi fikrin inkişafına yeni heç nə əlavə etmədi. Müstəqillikdən gözlədiklərinə çatmayanlar, Qarabağ faciəsi ədəbiyyatda bədbin ovqat yaratdı.

Konkret əsərlərə və adlara gəldikdə Elçinin "Baş" romanını, Elçin Hüseynbəyli və Şərif Ağayevin nəsri, M.Yaqub və Məmməd İsmayılın son şeirləri mükəmməl ədəbi nümunələr kimi yadımda qalıb.

Şirindil müəllim, müasir ədəbi tənqid və ədəbi proses haqqında nə deyərdiz?

– Ədəbiyyatşünaslıq sahəsində yeni nəşrlər, xüsusən, qadağan olunmuş əsərlər və müəlliflər haqqında yazılanlar yeni ədəbiyyat tarixləri üçün zəmin hazırlayır. Lakin ədəbiyyatşünaslığın özü də nəzəri cəhətdən sanki axtarış aparmır, mövcud nəzəri qənaətlərdən uzağa getmir.

Ədəbi tənqidi izləməyə çətinlik çəkirəm. Hazırda heç bir ədəbi-estetik meyar gözlənilmir. "Muzdur" ədəbiyyatşünaslar olduğu kimi, "muzdur tənqidçilər" mətbuat bolluğunda ədəbi əxlaqa sığmayan bir ab-hava yaradıblar. Bu bəladan qurtarmağın yeganə yolu namuslu, professional tənqidçi nəsli yetişdirməkdir. Bunu həyata keçirmək isə daha çətin problemdir.

– Keçmişdə olduğu kimi, bu gün də bölgələrdə ciddi ədəbiyyat yaranır. Bu barədə nə deyərdiz?

– Tarixən formalaşmış ədəbi mühitlər, ədəbi mübahisələr olub. Öz tarixi missiyasını da yerinə yetirib. Bu gün elektron informasiya vasitələri elə şərait yaradıb ki, ədəbiyyatı artıq mərkəzə və bölgələrə ayırmaq öz aktuallığını itirib. Ən uzaq bölgədə yaşayıb-yaradan yazarın ədəbi dövriyyəyə gəlməsi üçün heç bir problem yoxdur. Yetər ki, yaxşı əsərlər yaransın.

Şirindil müəllim, bugünkü ədəbiyyatımızın vəziyyəti və gələcəyi haqqında nə deyərdiz?

– Ədəbiyyat bu gün real gerçəklikdən, real insanın problemlərindən sanki uzaq düşüb. Tarixin müxtəlif yöndən yozumları həmişə özünü doğrultmur. Gələcək isə gələcəyin işidir. Bu gün dünya ədəbi prosesi ilə ünsiyyət, yaxınlıq, qarşılıqlı bəhrələnmə mənasında imkanlar çoxalıb. Böyük klassiklər yetirmiş bir xalqın dünya ədəbiyyatına böyük töhfələr verəcəyinə həmişə inamım olub.

 

Söhbəti qələmə aldı:

Mahmud Əyyub

 

Palitra.-2018.-25 yanvar.-S.13.