“Ermənistan sülh istəyirsə, erməni əsgəri qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxmalıdır”

Aprelin 8-də Beynəlxalq Mətbuat Mərkəzində “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə Kəlbəcər rayonunun Ağdaban kəndinin işğalının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Ağdaban faciəsi ilə bağlı videoçarx nümayiş olunub.

Tədbiri birliyin sədr müavini Həbib Misirov açaraq Ağdaban faciəsi barədə məlumat verib. Qeyd edib ki, uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır. Tarixən Azərbaycan xalqının başına gətirilən genosid əməlləri tarixin qaranlıq səhifələrindən üzə çıxarılır, barələrində açılmış cinayət işləri ilə öz hüquqi dəyərini qazanır.

Ağdaban qətliamının təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş cinayət adlandıran natiq deyib: “1992-ci il aprelin 7-dən 8-nə keçən gecə erməni silahlı birləşmələrinin hücumu nəticəsində Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə yandırılıb, insanlar misli görünməmiş qəddarlıqla qətlə yetirilib. İşğal zamanı 779 sakinə dəhşətli işgəncələr verilib, 90-100 yaşlı 8 qoca, 2 uşaq, 7 qadın diri-diri odda yandırılıb, 12 nəfər vəhşicəsinə şikəst edilib, 33 sakin xüsusi amansızlıqla qətlə yetirilib. Ermənilərin mədəni irsimizə qarşı törətdikləri vandalizm siyasətinin davamının daha bir təzahürü kimi şair Ağdabanlı Qurbanın və klassik aşıq şeirinin ustadlarından olan Dədə Şəmşirin əlyazmaları məhv edilib”.

Vurğulanıb ki, Ağdabanda körpələrin, qadınların qəddarlıqla öldürülməsi, əsirlərin dırnaqlarının, meyitlərin gözlərinin çıxarılması, baş dərisinin soyulması, burun və qulaqlarının kəsilməsi, bir sözlə, insanlığın məhvinə yönəldilmiş əsl soyqırımı aktının törədilməsi faktlarının dünyaya yayılmasında, fotoşəkillərin, videogörüntülərin beynəlxalq ictimaiyyətə çatdırılmasında Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük xidmətləri olub.

Tədbirdə professor Şahlar Əsgərov, şair Adil Cəmil və başqaları Ağdaban faciəsindən, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri misli görünməmiş vəhşiliklərdən söhbət açıblar. Gəncləri Vətən uğrunda mübarizədə mərd və dönməz olmağa çağıran natiqlər işğal altında qalan bütün Azərbaycan torpaqlarının, o cümlədən Kəlbəcərin tezliklə düşməndən azad ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına əminliklərini ifadə ediblər.

“Azərbaycan Ordusu hazırdır”

Dünyada elə bir dövlət yoxdur ki, onun ordusu sülhə hazırlaşsın. Orduların vəzifəsi sülhə yox, məhz müharibəyə hazır olmaqdır.

Bunu Trend-in sorğusuna cavab olaraq Ermənistanın müdafiə naziri David Tonoyanın Azərbaycanın hərbi-siyasi rəhbərliyinin ordunu sülhə hazırlamaqla bağlı dediyi fikri şərh edərkən Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.

V.Dərgahlı deyib ki, ordunun funksiyası daim müharibəyə hazır olmaqla ölkənin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün qorunması, habelə təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsidir:

"Ali Baş Komandanımızın bəyan etdiyi kimi Ermənistan sülh istəyirsə, erməni əsgəri qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxmalıdır.

Ermənistanın hərbi-siyasi rəhbərliyi birdəfəlik anlamalıdır ki, yalnız torpaqlarımızı işğaldan azad etdikdən sonra Ordumuz sülh haqqında düşünə bilər. İndiki şəraitdə isə Azərbaycan Ordusu sülhə yox, müharibəyə hazırdır”.

Tarix İnstitutu soyqırımı faktları barədə video paylaşıb

Erməni-daşnak quldurları türk-müsəlman xalqlarına qarşı Şimali və Cənubi Azərbaycanda, Şərqi Anadoluda və Mərkəzi Asiyada soyqırımları törədiblər.

Trend xəbər verir ki, 1918-ci ildə Azərbaycan xalqına qarşı kütləvi soyqırımı cinayəti həyata keçirmiş “26 Bakı komissarları” adlandırılan cinayətkar qrupun fəaliyyəti ilə bağlı Tarix İnstitutunda aparılmış tədqiqatlar nəticəsində çoxsaylı yeni faktlar aşkar olunub.

2009-cu ilin yanvar ayında Prezident İlham Əliyevin göstərişi ilə Bakı şəhərinin Sahil bağındakı “26-lar”a məxsus məzarlar şəhər qəbristanlığına köçürülərkən məzarlıqda 26 deyil, 23 cəsədin qalığı aşkar olunduqdan dərhal sonra Tarix İnstitutunda xüsusi elmi-tədqiqat qrupu yaradılmış və elmi araşdırmalara başlanılmışdır.

Yeni aşkar olunmuş arxiv sənədləri sübut edir ki, sovet tarix elminə ən ardıcıl bolşeviklərdən biri kimi daxil edilən Şaumyan əslində erməni millətçilərinin ən ifrat və ən iri terrorçu təşkilatı olanDaşnaksütyun” partiyasının üzvü olmuşdur. O, “Daşnaksütyun” partiyasının Bakı komitəsinin üzvü idi.

Arxiv araşdırmaları zamanı Şaumyanla bağlı aşkar olunmuş bir sənəd xüsusi maraq doğurur. Bu sənəd təkzibolunmaz surətdə sübut edir ki, Anastas Mikoyan kimi Şaumyan da “26-lar” sırasında güllələnməyib. Həmin sənəddən məlum olur ki, “26 Bakı komissarları”nın güllələnməsindən sonra, yəni 1918-ci il sentyabrın 20-dən oktyabrın 1-dək 10 gün ərzində Şaumyana Krasnovodsk həbsxanasında qida verilib. Maraqlıdır ki, qida verilən məhbusların adları və soyadlarının siyahısında Şaumyandan sonra adı göstərilən ikinci məhbus Mikoyandır.

“Ermənilər tərəfindən nifrətin körüklənməsi AŞ PA-nın səylərinə ciddi zərbə vurur

 

Ermənilər tərəfindən nifrətin körüklənməsi Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) öz işini demokratik təşkilatın işi kimi təqdim etmək səylərinə ciddi zərbə vurur. Trend-in məlumatına görə, bunu AŞ PA-nın yaz sessiyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

O bildirib ki, son zamanlar regionda çoxlu dəyişikliklər müşahidə olunur: “Amma bir şey dəyişmir – erməni həmkarlarımız tərəfindən nifrətin körüklənməsi. Bu, işimizi demokratik təşkilatın işi kimi təqdim etmək səylərimizə ciddi zərbə vurur”.

AŞ PA-nın işi barədə məruzədən danışan S.Seyidov qeyd edib ki, bu məruzə Azərbaycandakı müsbət dəyişiklikləri əks etdirmir:

“Assambleyanın işi barədə məruzələrin müzakirələri zamanı mən xatırlamıram ki, bizim region kimi regionlarda və Azərbaycanda bir sıra mənfi proseslərə toxunulmasın. İndi isə Azərbaycanda bir çox müsbət hallar baş veribbunu məruzədə göstərmək lazımdır. Nümunələr gətirim: birincisi, Assambleyada tez-tez İlqar Məmmədov barədə danışırdıq. O, məhkum olunmuş bir şəxs idibu yaxınlarda Ali Məhkəmə ona qarşı irəli sürülən bütün ittiham və şübhələri aradan qaldırdı. Bu, Avropa İnsan Haqları Məhkəməsinin qərarına tam uyğundur. İkincisi, bir müddət əvvəl Azərbaycan Prezidenti əfv sərəncamı imzalayıb və bu gün burada danışılan bir çox məsələlər artıq mövcud deyil. Bu Assambleyada tez-tez adını eşitdiyimiz siyahıda olan 60-dan çox şəxs azad edilib. Və üçüncü nümunə: qısa müddət əvvəl Azərbaycan Prezidenti ölkənin məhkəmə sistemində vacib islahat planı ilə bağlı xüsusi fərman imzalayıb. Bu, Avropa Şurasının dəyərlərinə tam uyğundur. Bu nümunələrdən heç biri məruzədə əksini tapmayıb. Axı bu, çox vacib sənəddir”. Qeyd edək ki, AŞ PA-nın yaz sessiyası aprelin 8-12-də Strasburqda keçirilir.

Fuad Hüseynzadə

Palitra 2019.- 9 aprel.- S.11.